Decisions

07.06.19 AR CM 1,5,18,61 və 65 m. AR Konstitusiyasının 148 m. və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair

7 iyun 2019-cu il                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Teyyub Muxtarov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov və böyük məsləhətçisi Kəmalə Paşayevanın,

ekspert Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədovun,                 

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev,  Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Mürvət Həsənov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin qrup rəhbəri Emil Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

  İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN   ETDİ:

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, cəza təyin edilərkən xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınmasının mümkünlüyü baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyasının (bundan sonra – Minsk Konvensiyası) müvafiq maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə N.Məhərrəmov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hökmündən N.Məhərrəmovun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermişlər. Apellyasiya şikayətində hökmün dəyişdirilməsi, məhkum barəsində Cinayət Məcəlləsinin 65.3-cü maddəsinin tətbiq edilməsi, apellyasiya protestində isə hökmün ləğv edilməsi, məhkuma məhkəməyə verildiyi ittiham həcmində Cinayət Məcəlləsinin müvafiq  maddələri ilə təqsirli bilinərək cəza təyin edilməsi xahiş olunmuşdur.

Apellyasiya protestinin əsas dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunvericiliyinin tələblərinə uyğun olmayaraq, N.Məhərrəmovun Rusiya Federasiyası ərazisində törətmiş olduğu cinayət əməlinə görə məhkum olunması faktının cinayətin residivinin yaranma əsası hesab edilərək cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması, məhkumun bu səbəbdən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsi ilə bağlı olmuşdur.

Gəncə Apellyasiya Məhkəməsi cəza təyin edilərkən xarici dövlətin ərazisində qəsdən törədilmiş cinayət əməlinə görə məhkum olunmuş şəxsin məhkumluğunun nəzərə alınıb-alınmaması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı yarandığından qanunvericiliyin yuxarıda qeyd edilən maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı cinayətlərin residivi anlayışının və ictimai təhlükəlilik dərəcəsinin, cinayət işləri sahəsində beynəlxalq əməkdaşlığın formalarının və cinayət icraatında beynəlxalq müqavilələrin tətbiq olunmasının əsaslarının açıqlanmasını zəruri hesab edir.

Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivinin anlayışı verilmişdir. Həmin maddəyə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar).

Qeyd olunmalıdır ki, müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətlərinin koordinasiyası böyük əhəmiyyət kəsb edir. Bu sahədə ədalət mühakiməsinin əsas prinsiplərini müəyyən edən beynəlxalq hüquq normalarının davamlı inkişafı və texniki tərəqqinin nailiyyətləri belə əməkdaşlığı daha da əlçatan edir.

Cinayət işləri sahəsində əməkdaşlığın mahiyyəti, əsasən, bir dövlətin səlahiyyətli orqanlarının sorğusu əsasında digər dövlətin müvafiq orqanlarının müəyyən hərəkətləri, o cümlədən sorğu verən dövlətin ərazisində həyata keçirilən cinayət təqibi və ya məhkəmələrində baxılan işlər ilə əlaqədar müəyyən prosessual hərəkətləri həyata keçirməsindən ibarətdir.  

Cinayət işləri üzrə ədalət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın üç əsas formasını qeyd etmək olar:

Onun ənənəvi forması şəxslərin cinayət təqibi və ya hökmün icrası məqsədi ilə verilməsidir (ekstradisiya);

İkinci forma istintaq və ya digər prosessual hərəkətlərin həyata keçirilməsi haqqında verilən sorğuların cavablandırılmasıdır (məsələn, dindirmə, axtarış və sübutların əldə edilməsinə yönələn digər hərəkətlərin həyata keçirilməsi, prosessual sənədlərin verilməsi və s.);

 Üçüncü forma isə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzanın çəkilməsi üçün verilməsidir. 

Bununla yanaşı, əməliyyat-axtarış sahəsində olan fəaliyyət, eləcə də məhkəmə hökmlərinin qarşılıqlı tanınması və icra edilməsi də cinayət prosesi çərçivəsində  beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Beynəlxalq hüquqi yardımın hüquqi əsasları  beynəlxalq müqavilələrlə və ya iştirakçı dövlətlərin cinayət-prosessual qanunvericiliyi  ilə yaranır.

Cinayət işləri üzrə beynəlxalq əməkdaşlığın çərçivələri bir sıra beynəlxalq müqavilələr ilə müəyyən edilmişdir. Onların sırasında “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyası (Strasburq, 20 aprel 1959-cu il), "Ekstradisiya haqqında" Avropa Konvensiyası (Strasburq, 13 dekabr 1957-ci il) kimi sənədləri qeyd etmək olar. MDB çərçivəsində hüquqi yardım sahəsində əməkdaşlığın həyata keçirilməsinə yönələn mexanizmlərdən biri   22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyadır.

Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (Konstitusiyanın 12-ci maddəsinin II hissəsi).

Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir (Konstitusiyanın 148-ci maddəsinin II hissəsi).

“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir. Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir.

Bununla yanaşı, “Normativ hüquqi aktlar haqqında”  Azərbaycan Respublikasının Konstitusiya Qanununun 23.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.

Azərbaycan Respublikasının 2 oktyabr 2017-ci il tarixli Qanunu ilə qoşulduğu 23 may 1969-cu il tarixli “Müqavilələr hüququ haqqında Vyana Konvensiyası”nın 11-ci maddəsinə görə, dövlətin müqavilənin onun üçün məcburiliyinə razılığı imzalama, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma, yaxud razılaşdırılan istənilən digər vasitə ilə ifadə oluna bilər.

Dövlət beynəlxalq müqaviləni ratifikasiya etməklə öz üzərinə beynəlxalq öhdəlik götürür və buna görə də həmin öhdəliyi vicdanla yerinə yetirməlidir. Bu öhdəlik maddi və prosessual xarakterli olmaqla səlahiyyətli dövlət orqanlarından müvafiq qanuni hərəkətlərin edilməsini tələb edir.

Gəncə Apellyasiya Məhkəməsinin müraciətində qeyd edilmiş Minsk Konvensiyasına dair aşağıdakılar göstərilməlidir.

Minsk Konvensiyası Azərbaycan Respublikasına münasibətdə 11 iyul 1996-cı il, Rusiya Federasiyasına münasibətdə isə 10 dekabr 1994-cü il tarixində qüvvəyə minmişdir. Daha sonra 7 oktyabr 2002-ci il tarixində MDB iştirakçısı olan dövlətlər eyniadlı Kişinyov Konvensiyasını qəbul etmişlər. Həmin Konvensiyanın 120-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə, 1993-cü il 22 yanvar tarixli Minsk Konvensiyası bu Konvensiyanın iştirakçısı olan dövlətlər arasında öz qüvvəsini itirir. Bu Konvensiyanın iştirakçısı olan dövlətlər və onların iştirakçısı olan, barələrində bu Konvensiya qüvvəyə minməyən dövlətlər arasındakı münasibətlərə Minsk Konvensiyasının tətbiqi davam edir.

Rusiya Federasiyası Kişinyov Konvensiyasını ratifikasiya etmədiyindən onunla Azərbaycan Respublikası arasında münasibətlər Minsk Konvensiyası ilə tənzimlənir.

Minsk Konvensiyasının 76-cı maddəsində qeyd olunmuşdur ki, Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş verməsindən asılı olmayaraq nəzərə alırlar.

Minsk Konvensiyasına 28 mart 1997-ci il tarixində Protokolla əlavə edilmiş 76.1-ci maddəyə əsasən,  şəxsin xüsusilə təhlükəli residivist hesab edilməsi, cinayətin təkrar törədilməsi, şərti məhkum etmə, hökmün icrasının təxirə salınması və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı vəzifələrin pozulması faktının müəyyən edilməsi kimi məsələlərin həlli zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri keçmiş SSRİ-nin və onun tərkibinə daxil olmuş ittifaq respublikalarının məhkəmələrinin (tribunallarının), həmçinin Razılığa gələn Tərəflərin məhkəmələrinin çıxardığı hökmləri tanıya və nəzərə ala bilərlər.

Lakin qeyd olunmalıdır ki, yuxarıda göstərilən Protokol Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməmişdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

Konstitusiyanın 63-cü maddəsinin V hissəsinə əsasən, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət Məcəlləsinin 1.3-cü maddəsinə görə, cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.  Həmin Məcəllənin qanunçuluq prinsipi adlanan 5.1-ci maddəsinə müvafiq olaraq, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.

Cinayət hüququnda cinayətlərin residivi anlayışına daxil edilmiş əvvəllər məhkum olunmuş şəxs anlayışı, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan və cinayət qanunu ilə nəzərdə tutulan cəza təyin edilmiş şəxsi ehtiva edir. Belə ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.

Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən həmin Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

Konstitusiyanın və Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan normalarının mənası baxımından belə nəticəyə gəlmək olar ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni  qüvvəyə minmiş ittiham hökmü olmalıdır.

Bu baxımdan xarici dövlətlərin məhkəmə hökmlərinin Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tanınması və nəzərə alınması qaydasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 521-ci maddəsində xarici dövlətlərin məhkəmələrinin hökmlərinin icrası qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar.

Azərbaycan Respublikasının da daxil olduğu MDB ölkələrinin təcrübəsinə nəzər yetirdikdə isə cinayətlərin residivi müəyyən edilərkən xarici dövlətlərin məhkəmələri tərəfindən çıxarılmış hökmlərin tanınması və nəzərə alınmasının müxtəlif qaydada həyata keçirildiyini müşahidə etmək olar. Məsələn, bəzi dövlətlərin (Ukrayna, Özbəkistan, Qırğızıstan və s.) Cinayət Məcəllələrində cəza təyin edilərkən xarici dövlətlərin məhkəmələri tərəfindən çıxarılmış hökmlər üzrə yaranmış məhkumluqların nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir.

Moldova Respublikasının Cinayət Məcəlləsinin 34-cü maddəsinin 4-cü bəndinə görə, residivin müəyyən edilməsi zamanı Moldova Respublikasının müvafiq məhkəmə instansiyası tərəfindən tanınmış xarici dövlətin qüvvəyə minmiş ittiham hökmləri nəzərə alınır.

Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 34-cü maddəsində isə göstərilmişdir ki, şəxsin xüsusilə təhlükəli residivist kimi tanınması məsələsinə baxılarkən xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğu nəzərə alına bilər.

Beləliklə, qloballaşma prosesləri, əhalinin miqrasiyasının fəallaşması, transmilli cinayətkarlığın artması və s. faktorların təsiri altında dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətinin əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayətlərin residivi məsələsi həll edilərkən xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının cinayət və cinayət-prosessual qanunvericiliyində müəyyən edilməsi məqsədəuyğun olardı.

Belə ki, hüquqi müəyyənlik prinsipi azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu umumi hüquq prinsipindən irəli gələrək  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsin vəziyyətini ağırlaşdıran və cəza təyini zamanı əhəmiyyət kəsb edən cinayət qanununun müvafiq müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərar).

Müraciətdə qaldırılan digər məsələ işə baxan məhkəmənin ittiham aktında  göstərilməyən ağırlaşdırıcı halları cəza təyin edərkən nəzərə alması və buna uyğun cəzaçəkmə müəssisəsinin növünü seçməsinin mümkünlüyü ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən məhkəmənin həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir.

Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur.

Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz.

Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında, habelə  təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandıraraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır.

Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı).

Törədilmiş cinayət əməlinə görə irəli sürülmüş ittiham daxilində cəza təyin edilməsi isə qanunverici tərəfindən məhkəmənin səlahiyyətinə aid edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin məzmununa uyğun olaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza təyin edir.

Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsasları Cinayət Məcəlləsinin Ümümi hissəsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göründüyü kimi, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümümi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir.

Beləliklə, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar.

Belə tələb həmçinin Cinayət-Prosessual Məcəlləsinin 140.0.5-ci maddəsindən irəli gəlir. Həmin maddəyə görə, cinayət prosesi gedişində təqsirləndirilən şəxsin məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi yalnız məhkəmə hökmünün surətinin əvvəlcədən əldə edilməsi və tədqiqi ilə müəyyən edilə bilər.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə, Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir;

- Müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətlərinin və cinayət işləri üzrə dövlətlərarası əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində təkmilləşdirilməsi  Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir.

2. Müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətlərinin və cinayət işləri üzrə dövlətlərarası əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                              Fərhad Abdullayev