Decisions

27.05.19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin  istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair 

27 may 2019-cu il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,                                                                         

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Mübariz Yolçiyevin,

mütəxəssislər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin kiçik hüquqşünası Günay Mahmudova və Azərbaycan Banklar Assosiasiyası ekspert qrupunun sədri, vəkil Qorxmaz Ağayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:     

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”  2018-ci il 31 may tarixli Qərarında (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarı) əks olunmuş “borc vermək vəd edildikdə vəd edən borc verməyi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa hər hansı şərt qoymadan öhdəsinə götürür və yalnız Mülki Məcəllənin 746-cı maddəsində nəzərdə tutulan halda borc verməkdən imtina edə bilər” hüquqi mövqenin istehlak kreditlərinə şamil olunub-olunmamasına aydınlıq gətirilməsini xahiş etmişdir.

Müraciətdən məlum olur ki, V.Həmidova Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit xətti müqaviləsi üzrə limitin bərpası barədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki,  bank tərəfindən kredit limitinin azaldılması Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun deyildir.

Müraciətdə qeyd olunur ki, bankla borcalan arasında bağlanmış müqaviləyə əsasən, kredit xətti müqaviləsinin məbləğinin kreditor tərəfindən birtərəfli qaydada (məsələn, bankın siyasətinin və ya bazar şəraitinin dəyişməsi (devalvasiya və s.) nəticəsində müştərinin ödəmə qabiliyyətinin pisləşəcəyi gözlənilərsə və s.) azaldılmasının mümkün olması kredit risklərinin çevik və səmərəli idarə edilməsini təmin etmiş olar.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin şərh edilməsi üçün, ilk növbədə, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş bəzi hüquqi mövqelərin açıqlanmasını zəruri hesab edir.

Kredit xətti müqavilələri bank müştərilərinin rahatlığını təmin etmək, maliyyə xidmətlərinə çıxış imkanlarını sadələşdirmək məqsədi daşıyır. Bu cür müqavilələrə görə, bank müştərinin müraciətinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qaydada onun kredit müraciəti üzrə tədbir görməyi öhdəsinə götürür. Kredit xətti müqaviləsinin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərinin təşkilidir.

Kredit xətti müqaviləsinin tətbiqi beynəlxalq təcrübədən irəli gəlməklə bank sektorunda müştərilərin maliyyə resurslarına effektiv çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Kredit xəttinin açılması nəticəsində müştəri daha qısa zamanda bankdan kredit ala bilir, həmçinin müqavilədən irəli gələn faiz öhdəliyi müştəri tərəfindən kredit götürüldükdən sonra və istifadə olunmuş məbləğə münasibətdə əmələ gəlir.

Tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən,  iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.         

Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Banklar haqqında” Qanun)  ilə müəyyən edilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə verilən borc pul vəsaitidir.

Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. 

Müraciətdə göstərilən kreditin növləri ilə əlaqədar qeyd edilməlidir ki, mülki qanunvericilikdə kreditlərin növlərə ayrılması birbaşa nəzərdə tutulmasa da, bank kreditlərinin istehlak, daşınmaz əmlak və biznes kreditləri kimi formaları fərqləndirilir.

Belə ki, “Banklar haqqında“ Qanunun 32.1.2-ci maddəsinə görə, banklar kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növlərini müəyyən etməklə öz fəaliyyətlərini qura bilərlər.

Habelə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 30 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş  “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar)  2.1.4-cü bəndinə görə,  istehlak krediti  sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.

İstehlak kreditləri üzrə münasibətlər kreditorla borcalan arasında bağlanan müqavilə əsasında yaranmaqla kredit müqaviləsinə dair ümumi qaydalara əsaslanır.

Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında kredit müqaviləsinin, bir qayda olaraq, konsessual müqavilələrə aid edildiyini, müqavilə üzrə hüquq və öhdəliklərin isə müqavilənin qüvvəyə mindiyi (imzalandığı) andan əmələ gəldiyini göstərmişdir. Həmin Qərara görə, kredit xətti müqaviləsinin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Mülki Məcəllənin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Borc verməyi vəd etmək dedikdə, kreditorun hər hansı şərt qoymadan ilk tələblə borc alana borc predmetini (pulu) təqdim etməsi başa düşülür. Borc vermək vəd edildikdə vəd edən borc verməyi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa hər hansı şərt qoymadan öhdəsinə götürür. Belə ki, Mülki Məcəllənin 746-cı maddəsinə görə, borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun.

Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarının tələblərindən çıxış edərək kreditin növlərini fərqləndirməmiş və bank tərəfindən kreditin verilməsindən imtina edilməsinin mümkünlüyünü Mülki Məcəllənin 746-cı maddəsinə uyğun olaraq yalnız borclunun əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olması ilə məhdudlaşdırmışdır.

Qeyd olunmalıdır ki, qanunverici borc verənin əmlak mənafeyinin pozulmasının qarşısını almaq, mülkiyyət hüququnun müdafiəsini təmin  etmək məqsədilə kreditora kredit risklərinin monitorinqini həyata keçirmək, borclunun maliyyə vəziyyətinə nəzarət etmək səlahiyyəti vermişdir.

Qaydaların 2.1.1-ci bəndinə görə, kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə ilə müəyyən olunmuş şərtlərdə icra edə bilməməsi nəticəsində itkinin yaranması riskidir.

Qaydaların 10-cu bəndinə görə, bank tərəfindən kredit risklərinin monitorinqi məqsədilə aşağıdakılar həyata keçirilir:

- borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyi təhlil edilir;

- borcalanın və emitentin öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışı izlənilir;

- iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülür;

- mövcud olduqda borcalanın, kontragentin və emitentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiyməti izlənilir;

- kredit tələbinin təyinatı üzrə istifadə edilməsi yoxlanılır.

Həyata keçirilən monitorinq tədbirləri nəticəsində borclunun əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olması müəyyən edilərsə, bank Mülki Məcəllənin 746-cı maddəsinə uyğun olaraq borc verməkdən imtina edə bilər.

Borclunun əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olması isə onun ödəmə qabiliyyətinin aşağı düşməsidir və bu, iş yerinin itirilməsi, əmək haqqının azaldılması, borclunun əmlakı üzərinə həbs qoyulması, başqa kreditlərin götürülməsi nəticəsində borc yükünün artması,kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallarda, habelə qanunvericiliyə uyğun olaraq müqavilədə nəzərdə tutulmuş digər hallarda baş verə bilər.

Bank tərəfindən birtərəfli qaydada kreditin məbləğinin azaldılması və kredit şərtlərinin dəyişdirilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.4-cü maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə vəd olunmuş işi dəyişmək və ya ondan imtina hüququ verən müddəalar, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olduğu halda (dəyişiklik edilməsi şərti) etibarsız sayılır.

Əvvəlcədən müəyyənləşdirilmiş müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinin qanunla məhdudlaşdırılmasının əsas məqsədi ondan ibarətdir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və  hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Kredit müqavilələri də bir qayda olaraq, standart şərtli müqavilələrdən olub, əvvəlcədən bank tərəfindən müəyyən edilmiş şərtlərlə istehlakçıya təklif olunduğundan, vətəndaş (fiziki şəxs) tərəf kimi bu müqavilələrin məzmununa təsir etmək imkanına malik olmur. Belə olan halda isə istehlakçı ilə bağlanan kredit müqaviləsinin şərtlərinin sonradan bank tərəfindən birtərəfli qaydada dəyişdirilməsi istehlakçı hüquqlarının qanunla müəyyən edilmiş qaydada pozulmasına gətirib çıxara bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən, müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Mülki Məcəllənin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                              Fərhad Abdullayev