Decisions

28.08.00 «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında»

Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə dair

28 avqust 2000-ci il                                                                                        Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin mudiri Ş.Əliyevin,

Azərbaycan Respublikası Milli Məclis Aparatının rəhbəri S.Mirzəyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqədar “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2000-ci il tarixli, 1/614 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Ş.Əliyev və S.Mirzəyevin çıxışlarını dinləyib, konstitusiya işinin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N  E T D İ:

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaranan və seçkilərin elan edilməsi gününə azı 6 ay qalanadək müvafiq icra hakimiyyəti orqanından müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi alan, seçkilərdə iştirak etmək niyyətində olan siyasi partiya Mərkəzi Seçki Komissiyasında qeydə alınır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə şamil edilməsinə dair müvafiq şərhin verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmişdir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin rəsmi mətni vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, cəmiyyətin inkişafı yeni normativ hüquqi aktların, o cümlədən qanunların qəbul edilməsinə və ya dəyişdirilməsinə ehtiyac yaradır. Ümumi qaydaya görə qəbul olunmuş normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur və həmin aktlar yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Göstərilən qayda hüquq subyektləri arasında münasibətlərdə sabitlik, hüquq qaydasının möhkəmliyinə inam yaradır. Bununla belə normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi də istisna olunmur. Bir qayda olaraq şəxsin hüquqi vəziyyətini yaxşılışdıran, onun hüquq və azadlıqlarını daha yüksək səviyyədə müdafiə edən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində öz əksini tapmışdır. Həmin normaya uyğun olaraq hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir və qəbul olunan normativ hüquqi aktlara, o cümlədən «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının Qanununa da şamil olunur. Həmin Qanunun 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaranan və seçkilərin elan edilməsi gününə azı 6 ay qalanadək qeydiyyat şəhadətnaməsi alan, seçkilərdə iştirak niyyətində olan siyasi partiya Mərkəzi Seçki Komissiyasında qeydə alınır. «Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikasının 12 avqust 1995-ci il tarixli Qanununun 34-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, seçkilərdə iştirak etmək üçün seçkilərə ən geci 70 gün qalmış qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçən siyasi partiyalar (siyasi partiyaların bloku) seçkidə iştirak edə bilərlər.

Yuxarıda göstərildiyi kimi eyni hüquqi münasibətlərin qanunvericilikdə fərqli tənzimlənməsi «Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq şərh edilməsi zərurətini yaradır.

Azərbaycan Respublikası Prezidentinin sorğusunda qaldırılan məsələ seçkilərdə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquq və təminatların bərqərar olunmasına yönəlmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 65, 66, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A  A L I R:

1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin müddəaları yalnız bu Qanunun qüvvəyə minməsindən sonra Azərbaycan Respublikası qanunvericiliyinə uy­ğun olaraq yaranan və müvafiq icra hakimiyyəti orqanından müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi alan siyasi partiyalara şamil edilir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz. 

Sədrlik edən                                                                                         Xanlar Hacıyev