AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində
nəzərdə tutulmuş “gün” anlayışına dair
14 fevral 2019-cu il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə mayoru Fərəc Sayılov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın,
ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Kəmalə Nəzərovanın,
mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 333-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektlərinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmələri və ya üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmələri halları üzrə həmin maddədə göstərilən “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərh edilməsini xahiş etmişdir.
Sorğu onunla əsaslandırılmışdır ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulan cinayətin subyektlərinin hərbi hissəni özbaşına tərk etmə və ya xidmət yerinə vaxtında gəlməmələrinin günlərlə hesablandığı hallarda onların əməllərinə cinayət hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə təcrübəsində ziddiyyətlər yaranmışdır. Belə ki, məhkəmələr tərəfindən əksər hallarda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 2005-ci il 18 iyul tarixli Qərarına istinad edilərək hərbi qulluqçular hərbi hissəni və ya xidmət yerini tərk etdikləri və xidmət yerinə gəlmədikləri andan növbəti gün eyni saatadək olan müddət 1 gün kimi hesablanmaqla Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilirlər.
Lakin bəzi məhkəmələr bu müddətin hesablanması ilə bağlı fərqli mövqeyə əsaslanaraq göstərmişlər ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində müddətlər saatlarla deyil, günlərlə göstərildiyinə görə, həmin maddədə nəzərdə tutulmayan vaxt ölçüsü kimi saata istinad edilməsi və şəxsin cinayət məsuliyyətinə günün deyil, saatın keçməsi ilə bağlı cəlb edilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə ziddir. Bu halda məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 202.1-ci maddəsinə istinad edərək belə nəticəyə gəlirlər ki, cinayət mühakimə icraatı zamanı həmin Məcəllə ilə müəyyən edilmiş müddətlər saatlar, günlər, aylar, illərlə hesablanır və Cinayət Məcəlləsinin 333-cü maddəsində göstərilən müddət günün bitməsi və növbəti günün başlaması kimi gecə saat 12:00-dan sonra hesablanmalıdır.
Göstərilənlərə əsasən sorğuverən hesab edir ki, məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına cinayət-prosessual qanunvericiliyinə istinad olunmaqla cinayət hüquqi qiymət verilməsi həmin maddənin tətbiqi sahəsində ziddiyyətlər yaradır.
Sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Cinayət Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməlin törədilməsi ilə hərbi qulluq keçmənin qanunla müəyyən edilmiş qaydalarına qəsd edilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində intizamın aşağı səviyyəyə düşməsinə, ordunun döyüş qabiliyyətinin zəifləməsinə səbəb olur. Qeyd olunan cinayətin obyekti hərbi xidmət keçmənin qanunvericiliklə müəyyən edilmiş qaydasıdır. Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti aşağıdakı əlamətlərdən ibarətdir:
- hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və üzrlü səbəb olmadan öz xidməti yerinə vaxtında gəlməmə;
- həmin əməlin 3 gündən artıq, lakin 10 gündən çox olmamaqla davam etməsi, yaxud həmin əməllərin 3 gündən az olsa da, 6 ay ərzində təkrar törədilməsi.
Göstərilən cinayətin obyektiv cəhətinin zəruri əlamətlərindən biri özbaşına tərk etmənin və ya vaxtında gəlməmənin müddətləridir. Qeyd olunan əməllərin cinayət məsuliyyətinə səbəb olması üçün özbaşına tərk etmə və ya vaxtında gəlməmə 3 gündən 10 günədək olmalı, yaxud 3 gündən az olsa belə, 6 ay ərzində təkrar törədilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində göstərilən cinayətin subyektlərinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmələri və ya üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmələri halları üzrə həmin maddədə göstərilən “gün” anlayışının hansı müddətləri ehtiva etməsinin dəqiq müəyyən edilməsi həmin cinayətin obyektiv cəhətinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun düzgün müəyyən olunmaması həmin əməlin cinayət məsuliyyətinə səbəb olub-olmamasının araşdırılmasında səhv nəticələrə gətirib çıxara bilər.
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsi ilə bağlı bir neçə qərar qəbul edərək mühüm hüquqi mövqelər formalaşdırmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 26 oktyabr tarixli Qərarında göstərmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinin birinci hissəsində göstərilən şəxslər öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə cinayət məsuliyyəti daşıyırlar.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 2005-ci il 18 iyul tarixli Qərarında bu maddənin obyektiv cəhətini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, həmin maddədə göstərilən müddətlərin əvvəli hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi andan və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə müəyyən edilmiş müddətdə gəlmədiyi vaxtdan hesablanır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında da göstərildiyi kimi, həmin maddələrin dispozisiyasında əməlin müəyyən müddət ərzində təkrar törədilməsi hərbi hissəni özbaşına tərk etmə cinayətinin obyektiv cəhətinin tərkib əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə cinayət məsuliyyəti o zaman yaranır ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməmə müddəti üç gündən artıq, lakin on gündən çox olmasın, yaxud üç gündən az olsa da, eyni əməllər altı ay ərzində təkrar törədilmiş olsun.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində göstərilən “gün” anlayışı şərh edilərkən məhz həmin Məcəllənin vəzifə və prinsipləri, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bu maddə ilə bağlı Qərarlarında formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli Qərar).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli; Brumarescu Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar).
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiq edən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsində “gün” anlayışına açıqlama verilmədiyi üçün bu anlayışa izah vermək məqsədi ilə həmin qanunvericiliyə daha yaxın olan və cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edən Cinayət-Prosessual Məcəlləsinə müraciət olunmalıdır.
Bununla bağlı qeyd olunmalıdır ki, cinayət qanunvericiliyi onun qarşısında duran üç vəzifəni müəyyən edir. Bu, ilk növbədə, cinayət qanunvericiliyində göstərilən obyektləri cinayətkar qəsdlərdən qorumaq; sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək; cinayətlərin qarşısını almaqdır. Həmin vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.
Cinayət-prosessual qanunvericiliyi isə cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin prosedurlarını müəyyən edir (Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi).
Cinayət-Prosessual Məcəlləsinin təyinatı cinayət hesab edilən hər bir hadisənin açılmasına, cinayət törətmiş şəxslərin ifşa və məhkum edilməsinə, təqsirsiz şəxslərin təqib və məhkum edilməsinin qarşısının alınmasına xidmət edir. Başqa sözlə, Cinayət- Prosessual Məcəlləsi cinayət hüquq normalarının tətbiq edilməsi üçün prosessual vasitələri müəyyən edir.
Cinayət-Prosessual Məcəlləsinin normaları Cinayət Məcəlləsinin normalarına dəyişikliklər və ya düzəlişlər edə bilməz, onlar yalnız Cinayət Məcəlləsinin normalarının reallaşdırılmasına istiqamətlənməlidir. Buna görə, normalar arasında kolliziyalar müəyyən edildikdə, ilk növbədə, Cinayət Məcəlləsinin müvafiq normalarının müddəaları aydınlaşdırılmalı, daha sonra isə Cinayət-Prosessual Məcəlləsinə müraciət edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarı).
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarındakı yanaşma belə nəticəyə gəlməyə imkan verir ki, Cinayət Məcəlləsində nəzərdə tutulmayan hər hansı anlayışın cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş açıqlaması Cinayət Məcəlləsinin məqsəd və vəzifələrinə, prinsiplərinə, eləcə də hüquqi müəyyənlik prinsipinə uyğun gəldiyi halda cinayət hüquq normasının tətbiqi zamanı nəzərə alına bilər.
Cinayət-Prosessual Məcəlləsinin 202-ci maddəsində prosessual müddətlərin hesablanması qaydasından bəhs olunur. Həmin maddəyə əsasən, cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır.
Göründüyü kimi, qanunverici bu maddədə gün anlayışının başlanğıcını və qurtarmasını 24 saat (sutka) çərçivəsində müəyyən etmişdir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsində “gün” anlayışının izahı verilmədiyi üçün həmin Məcəllənin 333-cü maddəsində göstərilən “gün” anlayışı məhz cinayət-prosessual qanunvericiliyində işlədilən 24 saatlıq müddət (sutka) mənasında başa düşülməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində göstərilən müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanmalıdır (məsələn, hərbi qulluqçu öz hərbi hissəsini səhər saat 9:00-da tərk etdikdə tərk etmənin bir günü növbəti gün səhər saat 9:00-da bitir). Belə yanaşma Cinayət Məcəlləsinin məqsəd və vəzifələri, prinsipləri ilə ziddiyət təşkil etmir, hüquqi müəyyənlik prinsipindən irəli gəlir və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqelərinə uyğundur.
Konstitusiya Məhəməsinin Plenumu Konstitusiyanın Preambulasını rəhbər tutaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində qeyd olunan “gün” anlayışına belə şərh verilməsi ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq və hərbi intizamı möhkəmləndirmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltmək məqsədinə xidmət etmiş olur.
Konstitusiyanın Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədi ilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir.
Konstitusiyanın IV fəslində nəzərdə tutulan vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin I hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi riayət olunmaması cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin pozulması ilə nəticələnir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir.
Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir.
Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır.
1. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev