Decisions

25.07.18 Davud Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

25 iyul 2018-ci il                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Davud Bağırovun nümayəndəsi Azər Quliyevin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Turqay Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Şikayətdən və ona əlavə edilmiş materiallardan görünür ki, D.Bağırov Qırğızıstan Respublikasının vətəndaşı Merim Beyşekeyeva ilə 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi nikaha daxil olmuş və birgə nikahdan onların 2012-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Ceyla adlı qızları dünyaya gəlmişdir.

M.Beyşekeyeva 2015-ci ildə Dubay şəhərində məhkəməyə müraciət edərək D.Bağırova qarşı boşanma haqqında iddia qaldırmışdır. Dubay şəhəri birinci instansiya məhkəməsinin 6 iyun 2016-cı il tarixli qərarı ilə onların arasında nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaq üzərində qəyyumluq məhkəmə qərarı çıxarılan andan ataya verilmiş, iddiaçıya yaşaması üçün birdəfəlik ödəniş edilməsi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia tələbləri (aliment) rədd edilmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Apellyasiya Məhkəməsi 17 noyabr 2016-cı il tarixində birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, yetkinlik yaşına çatmayan uşaq üzərində qəyyumluğun iddiaçıya verilməsi, uşağın iddiaçıya qaytarılması, aliment ödənişlərinin, qəyyumluq üzrə xərclərin, mənzil xərclərinin, nikah xərclərinin ödənilməsi və s. barədə qərar qəbul etmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarında qismən dəyişiklik edilmiş, alimentin tutulması, qəyyuma mənzil üçün ödənişlərin verilməsinin uşağın anasına verilməsi anından icra olunması, nikah xərclərinin nikahın ləğv olunması haqqında qəti qərar çıxarıldıqdan və ya uşağın anasına faktiki təhvil verilməsi anından tutulması, tərəflərin üzərinə müştərək qaydada iki instansiyanın məhkəmə rüsumlarını ödəmək vəzifəsi qoyulmuşdur. Qalan hissələrdə şikayət təmin olunmamışdır.

M.Beyşekeyeva nümayəndəsi A.Əfəndizadə vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) vəsatət verərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasını və məcburi icra edilməsini xahiş etmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadı ilə vəsatət təmin olunmuş, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi qərara alınmışdır.

Bundan sonra D.Bağırov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə  (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab edilməsini xahiş etmişdir.

Ərizəçi hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyası işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 462, 467 və 471-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın  25, 26-cı maddələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.

Həmçinin ərizəçi şikayətində qeyd etmişdir ki, tanınmaya təqdim edilmiş Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ona vaxtında təqdim edilmədiyindən, həmin qərarda olan tərcümə nöqsanları barədə məhkəməyə etiraz verə bilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. 

Beynəlxalq hüquqda insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən qərəzsiz və ədalətli müdafiə edilməsi insanın ayrılmaz və toxunulmaz hüququ kimi müəyyən edilir. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

Konstitusiyanın 129-cu maddəsinin I hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərar).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına görə məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli, Stanova Bolqarıstana qarşı iş üzrə 19 yanvar 2017-ci il tarixli qərarlar).

Bir sıra hallarda xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik ola bilər. Məhkəmə prosesinin xarici ölkədə həyata keçirildiyi və onun icrasının Azərbaycan Respublikasında nəzərdə tutulduğu halda belə, həmin icraat dövlətin beynəlxalq öhdəlikləri ilə yanaşı, ədalət mühakiməsinə dair Konstitusiyanın əsas prinsiplərinə uyğun həyata keçirilir.

Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrası qaydaları Mülki Prosessual Məcəllənin 47-50-ci fəsilləri ilə tənzimlənir.        

Mülki prosessual qanunvericilik xarici dövlətin məhkəmə qətnamələrinin icrası və tanınması ilə əlaqədar həmin qətnamələri iki qrupa bölür:

- icrası tələb olunmayan qətnamələrin tanınması;

- məcburi icrası tələb olunan qətnamələrin tanınması.

Xarici məhkəmələrin Azərbaycan Respublikasında tanınan, icrası tələb olunmayan qətnamələri Mülki Prosessual Məcəllənin 459-cu maddəsində sadalanmışdır. Xarici məhkəmələrin icrası tələb olunan qətnamələrinin tanınması və icra edilməsi şərtləri isə Mülki Prosessual Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

Göründüyü kimi, mülki prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir:

-  Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda;

-  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda;

- qarşılıqlı anlaşma əsasında.

Mülki Prosessual Məcəllənin 458.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli Qanunu ilə təsdiq edilmiş “Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin (bundan sonra – Müqavilə) 21-ci maddəsinin d bəndinə görə, sorğu edilən Tərəfin qüvvədə olan hər hansı qanununu pozan tələbləri təsbit edirsə və ya onun konstitusion qaydaları, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət yaradırsa, qərar tanınmır və ya icra edilmir. Müqavilənin 22-ci maddəsinə əsasən isə qərarın tanınması və ya icrası ilə bağlı prosedurlar sorğu edilən Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

Mülki Prosessual Məcəllənin 464-cü maddəsinə müvafiq olaraq, xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosessual qanunvericiliyin və Müqavilənin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin sözügedən məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır.

Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi).

Konstitusiyanın qeyd edilən normaları insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən, Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər.

Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

Ailə Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Həmin Məcəllənin 150.2-ci maddəsinə görə, Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması zamanı həll edilməsi tələb olunan məsələlər açıqlanır. Məcəllənin 22.2-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

1) boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

2) uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

3) ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

4) ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır.

Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yasına çatması ilə məhdudlaşır.

Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir.

Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin III hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin II hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarda M.Beyşekeyevaya alimentin və qəyyumluğa görə xərclərin ödənilməsinin Azərbaycan Respublikasının ailə qanunvericiliyinə zidd olması nəzərə alınmamışdır. Bu isəMüqavilənin 21-ci maddəsinin d bəndinə, Mülki Prossesual Məcəllənin 462 və 465.1.5-ci maddələrinə görə həmin qərarın tanınmasından imtina edilməsi üçün əsasdır.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, məhkəmə, ilk növbədə, Mülki Prosessual Məcəllənin 458.1 və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir (H.Babayevin şikayəti üzrə 2017-ci il 16 mart tarixli və F.Bayramovun şikayəti üzrə 2017-ci il 20 iyul tarixli qərarlar).

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli  həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı).   

Ərizəçinin tanınmaya təqdim edilmiş məhkəmə qərarının ona vaxtında təqdim edilmədiyindən məhkəməyə etiraz verə bilməməsi dəlili ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Bu konstitusiya prinsipləri daha geniş şəkildə müvafiq prosessual qanunvericilikdə öz əksini tapmışdır.

Mülki Prosessual Məcəllənin 6-cı maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

İş üzrə məhkəmə baxışının prinsiplərinə gəldikdə isə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi).

Mülki Prossesual Məcəllənin  472.1-ci maddəsinə görə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə, açıq məhkəmə iclasında baxılır.

Göründüyü kimi, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı buna hüququ olan şəxslər tərəfindən verilmiş etiraz həmin qətnamənin tanınması barədə məsələni Mülki Prossesual Məcəllənin 469-cu maddəsində müəyyən edilmiş sadələşdirilmiş qaydada həll etməyi istisna edir.

Bu isə məhkəmə tərəfindən çəkişmə və prossesual hüquq bərabərliyi prinsiplərinə əməl edilməklə, tanınmaya təqdim edilmiş məhkəmə aktının rəsmi tərcümə olunmuş surətinin təqdim edilməsini tələb edir.   

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən irəli gələn məhkəmələrin ədalətli qərar qəbul etmək vəzifəsinə riayət edilməsi üçün Mülki Prosessual Məcəllənin 134-cü maddəsinin müddəaları yuxarıda göstərilən konstitusiya prinsiplərinin tələbləri baxımından təfsir olunmalı, Ali Məhkəmə isə xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə baxarkən işdə iştirak edən şəxslərə tanınmaya təqdim edilmiş məhkəmə aktının rəsmi tərcumə olunmuş surətini və onun tanınmasına etirazı rəsmi qaydada verməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarda M.Beyşekeyevaya alimentin və qəyyumluğa görə xərclərin ödənilməsinin Azərbaycan Respublikasının ailə qanunvericiliyinə zidd olması nəzərə alınmamış, bununla da Müqavilənin 21-ci maddəsinin d bəndinə, Mülki Prossesual Məcəllənin 462 və 465.1.5-ci maddələrinə uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir. Bununla yanaşı Ali Məhkəmənin Mülki Kollegiyası Konstitusiyanın və prosessual qanunvericiliyin tələblərinə baxmayaraq, D.Bağırova tanınmaya təqdim edilmiş məhkəmə qərarının tərcümə olunmuş surətini təqdim etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 5 oktyabr 2017-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 462 və 472-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:                                                               

1.           Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 5 oktyabr 2017-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462 və 472-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.           Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.           Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.           Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                                    Fərhad Abdullayev