Decisions

20.07.17 F.Bayramovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

F.Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

20 iyul 2017-ci il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Fariz Bayramovun nümayəndəsi Adil İsmayılovun,

ekspert Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əlizadə Məmmədovun,

mütəxəssis Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq  idarəsinin qrup rəhbəri Azər Cəfərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında F.Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin nümayəndəsinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

F.Bayramov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 8 noyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Apellyasiya Məhkəməsinin (bundan sonra – Dubay Apellyasiya Məhkəməsi) 30 may 2016-cı il tarixli qərarı ilə “Triada General Trading” LLC və F.Bayramovun üzərinə birlikdə, iddiaçı “Skiddaw” LTD şirkətinə borcun geri qaytarılması, 23 iyul 2015-ci il tarixindən tam ödəniş bitənədək illik 9 faiz olmaqla cərimə, məhkəmə rüsumu və xərclərinə görə 1000 dirhəm məbləğində pul ödəmək öhdəlikləri qoyulmuşdur.

“Skiddaw” LTD şirkəti və Səbinə Həsənli arasında bağlanmış 27 may 2016-cı il tarixli müqaviləyə əsasən, “Skiddaw” LTD şirkətinin “Triada General Trading” LLC şirkətindən və F.Bayramovdan bütün maddi tələb hüquqları S.Həsənliyə ötürülmüşdür.

Bundan sonra, S.Həsənli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatət verərək, Dubay Apellyasiya Məhkəməsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınmasını və məcburi icra olunmasını xahiş etmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərardadı ilə S.Həsənlinin vəsatəti təmin edilmiş, Dubay Apellyasiya Məhkəməsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınması və məcburi qaydada icra edilməsi qərara alınmışdır.

F.Bayramov konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 138.3, 465.1.2, 466.0.1, 466.0.2, 467.2 və 476.0.1.2-ci maddələri düzgün tətbiq edilməmişdir.

Ərizəçi hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərarı ilə onun Konstitusiyanın 29-cu maddəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

İnsan haqları sahəsində beynəlxalq standartlarda insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən müstəqil, qərəzsiz və ədalətli müdafiə edilməsi onların ayrılmaz və toxunulmaz hüququ kimi müəyyən edilir. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”  Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir.

Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.

Konstitusiyanın 129-cu maddəsinin I hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərar).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına görə məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli, Stanova Bolqarıstana qarşı iş üzrə 19 yanvar 2017-ci il tarixli Qərarlar).

Bir sıra hallarda xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik ola bilər. Məhkəmə prosesinin xarici ölkədə həyata keçirildiyi və onun icrasının Azərbaycan Respublikasında nəzərdə tutulduğu halda belə, həmin icraat dövlətin beynəlxalq öhdəlikləri ilə yanaşı, ədalət mühakiməsinə dair Konstitusiyanın əsas prinsiplərinə uyğun həyata keçirilir.

Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrası qaydaları Mülki Prosessual Məcəllənin 47-50-ci fəsilləri ilə tənzimlənir.        

Mülki prosessual qanunvericilik xarici dövlətin məhkəmə qətnamələrinin icrası və tanınması ilə əlaqədar həmin qətnamələri iki qrupa bölür:

- icrası tələb olunmayan qətnamələrin tanınması;

- məcburi icrası tələb olunan qətnamələrin tanınması.

Xarici məhkəmələrin Azərbaycan Respublikasında tanınan, icrası tələb olunmayan qətnamələri Mülki Prosessual Məcəllənin 459-cu maddəsində sadalanmışdır. Xarici məhkəmələrin icrası tələb olunan qətnamələrinin tanınması və icra edilməsi şərtləri isə Mülki Prosessual Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

Göründüyü kimi, mülki prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir:

·  Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda;

·  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda;

·  qarşılıqlı anlaşma əsasında.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

Qeyd olunan maddədə göstərilən “qarşılıqlı təminatlandırılma” Azərbaycan Respublikası ilə xarici dövlət arasında ikitərəfli beynəlxalq müqavilənin, yaxud hüquqi yardım haqqında çoxtərəfli sazişin (konvensiyanın) iştirakçısı olmalarını ifadə edir.

Xarici dövlətlə Azərbaycan Respublikası arasında hüquqi yardım haqqında ikitərəfli beynəlxalq müqavilə olmadıqda və ya Azərbaycan Respublikası ilə xarici dövlət,  qətnamələrin tanınmasını və icrasını nəzərdə tutan çoxtərəfli beynəlxalq müqavilənin iştirakçısı deyillərsə, Azərbaycan Respublikasında həmin xarici dövlətin məhkəmə qətnamələrinin tanınması və icrası qarşılıqlı anlaşma prinsipinə riayət edilməklə həyata keçirilir. Bu prinsipə görə, xarici dövlətin məhkəmə qətnaməsi Azərbaycan Respublikasında o şərtlə tanınır və icra edilir ki, həmin xarici dövlət də Azərbaycan Respublikası məhkəmələrinin qərarlarını tanısın və icra etsin.

Mülki Prosessual Məcəllənin 465-ci maddəsində isə xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsinin aşağıdakı halları müəyyən edilmişdir:

- işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;

- işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;

- eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;

- qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə;

- qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;

- xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, məhkəmə, ilk növbədə, Mülki Prosessual Məcəllənin 458.1 və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan sonra həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Babayevin şikayəti üzrə 16 mart 2017-ci il tarixli Qərarı).

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli Qanunu ilə təsdiq edilmiş “Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin (bundan sonra – Müqavilə) 1-ci maddəsinin 1-ci bəndinə görə, Tərəflərdən birinin vətəndaşları digər Tərəfin ərazisində həmin Tərəfin vətəndaşları kimi eyni hüquqi müdafiədən istifadə edirlər və digər Tərəfin ədliyyə orqanlarına həmin Tərəfin öz vətəndaşları kimi eyni şərtlərlə müraciət etmək hüququna malikdirlər.

Şikayətdən və iş materiallarından məlum olur ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası vəsatəti təmin edərkən, Mülki Prosessual Məcəllənin 458.1, 458.2 və 462-ci maddələrini, Müqavilənin 4, 20 və 21-ci maddələrini, “Xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə” Birləşmiş Millətlər Təşkilatının 10 iyun 1958-ci il tarixli Nyu-York Konvensiyasını (bundan sonra – Nyu-York Konvensiyası)  və “Arbitraj, təsərrüfat və iqtisad məhkəmələrinin qətnamələrinin Birlik iştirakçısı olan dövlətlərin ərazilərində qarşılıqlı icrası qaydaları haqqında” Sazişi tətbiq etmişdir.

 Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin Müqaviləni tətbiq edərkən nəzərə almamışdır ki, Müqavilənin 21-ci maddəsinin f bəndinə görə, əgər qərar qiyabi şəkildə çıxarılıbsa və iştirak etməyən tərəf öz ölkəsində tətbiq edilən qaydalara uyğun olaraq vaxtında məhkəməyə çağırılmamışdırsa, qərar tanınmır və ya icra edilmir.

Eyni zamanda, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün əsasları müəyyən edən  Mülki Prosessual Məcəllənin 465.1.2-ci maddəsinə görə, işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa, bu, məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsindən imtina etməyə əsas verir.

Mülki Prosessual Məcəllənin 466.0.1-ci maddəsinə uyğun olaraq, məhz tanınmanı istəyən tərəf xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti ilə bərabər, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənədi də ərizəsinə əlavə etməlidir.

F.Bayramovun Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına təqdim etdiyi vəsatətinin dəlilləri ondan ibarət olmuşdur ki, onun Dubay Apellyasiya Məhkəməsində iş üzrə keçirilən məhkəmə prosesində iştirakı təmin edilməmiş, eləcə də həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarın üzərində qanuni qüvvəyə minməsini təsdiq edən qeyd aparılmamışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə bu dəlillərə hüquqi qiymət verməmiş, yalnız Müqavilənin 20 və 21-ci maddələrinin müddəalarını sadalamaqla kifayətlənmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Mülki Prosessual Məcəllənin 466.0.1-ci maddəsinə uyğun olaraq, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə baxdıqda, ilk növbədə, xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənədin olub-olmamasını yoxlamalı olduğu halda, bunu etməmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli  həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).   

Həmçinin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası belə nəticəyə gəlmişdir ki, Dubay Apellyasiya Məhkəməsinin 30 may 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və məcburi qaydada icra edilməsi üçün vəsatət Nyu-York Konvensiyasına uyğun olaraq verilmişdir.

Bu Konvensiyanın tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, Nyu-York Konvensiyası ümumi məhkəmə aktlarının qarşılıqlı tanınmasını deyil, yalnız mübahisə tərəflərinin razılığı əsasında seçdikləri xarici arbitraj (iqtisadi) məhkəmələrinin qətnamələrinin qəbulu və icrasını nəzərdə tutur. Məhz bu səbəbdən, Nyu-York Konvensiyasına istinad olunması və xarici ümumi məhkəmələr tərəfindən qəbul edilən aktların icrası, ilk növbədə, aidiyyət baxımından mümkünsüzdür. 

Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Mülki Prosessual Məcəllənin 465.1.2 və 466.0.1-ci maddələrini tətbiq etməyərək, xarici məhkəmə qərarının tanınması və icra edilməsi üçün əsasların olub-olmamasını tam araşdırmamış, həmin qərarı məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verən halların mövcudluğuna diqqət yetirməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Dubay Apellyasiya Məhkəməsinin 30 may 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 458, 462 və 465-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Apellyasiya Məhkəməsinin 30 may 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 8 noyabr 2016-cı il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458, 462 və 465-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                          Fərhad  Abdullayev