Decisions

12.06.17. M.Muradov və digərlərinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

12 iyun 2017-ci il                                                                                        Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Mübariz Muradovun nümayəndəsi Ağaveys Şahverdinin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

M.Muradov və digərləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, M.Muradov, İlham Məsiyev və “Avtouniversal firması” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Avtouniversal firması” MMC) Elşən Vəlibəyova qarşı onun “Avtouniversal firması” MMC-nin təsisçiliyindən çıxarılması və pul tələbi ilə məhkəməyə müraciət etmişlər.

E.Vəlibəyov öz növbəsində məhkəməyə müraciət edərək M.Muradov, İ.Məsiyev və “Avtouniversal firması” MMC-yə qarşı onun təsisçilikdən azad edilməsinə dair ərizənin etibarsız hesab edilməsi, borc, dividend məbləği və onların faizlərinin ödənilməsi barədə qarşılıqlı iddia qaldırmışdır.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar M.Muradov və İ.Məsiyevin iddiası qismən təmin edilmiş, E.Vəlibəyov “Avtouniversal firması” MMC-nin təsisçiliyindən çıxmış hesab edilmişdir. İddianın qalan hissəsi və E.Vəlibəyovun qarşılıqlı iddiası təmin edilməmişdir.

Həmin qətnamədən E.Vəlibəyov və “Avtouniversal firması” MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2015-ci il tarixli qətnaməsi ilə “Avtouniversal firması” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, E.Vəlibəyovun apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – onun “Avtouniversal firması” MMC-nin təsisçiliyindən çıxmış hesab olunmasına dair hissədə ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 17 sentyabr 2015-ci il tarixli qərarı ilə E.Vəlibəyovun kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borc, dividend və onların faizlərinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qətnaməsi ilə E.Vəlibəyovun M.Muradov, İ.Məsiyev və “Avtouniversal firması” MMC-yə qarşı borc, dividend və onların faizlərinin ödənilməsi barədə iddia tələbləri rədd edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 6 may 2016-cı il tarixli qərarı ilə E.Vəlibəyovun kassasiya şikayəti qismən təmin edilərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə E.Vəlibəyovun apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi E.Vəlibəyovun M.Muradov, İ.Məsiyev və “Avtouniversal firması” MMC-yə qarşı borc, dividend və onların faizlərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və həmin iddia tələbi təmin olunmamışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarı ilə E.Vəlibəyovun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən,  E.Vəlibəyovun M.Muradov, İ.Məsiyev və “Avtouniversal firması” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi borcun tutulması və dividendin ödənilməsi hissəsində təmin olunmuş, faiz borcunun tutulması hissəsində isə təmin olunmamışdır.

M.Muradov və digərləri konstitusiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 87.1, 90-1.1, 90-1.2, 90-1.3, 90-1.3.1 və 90-1.3.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmişdir.

Ərizəçilər hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarı ilə onların Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir.

Hüquqi şəxsin yaradılmasının və müvafiq fəaliyyətinin həyata keçirilməsinin konstitusiya əsaslarını Konstitusiyanın 58-ci (birləşmək hüququ) və 59-cu (azad sahibkarlıq hüququ) maddələrinin müddəaları təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, hüquqi şəxs kommersiya və ya qeyri-kommersiya təşkilatı (ictimai birliklər, fondlar və s.) növlərində yaradıla bilər.

Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər (Mülki Məcəllənin 43.5-ci maddəsi).

Mülki qanunvericilikdə kommersiya hüquqi şəxsləri arasında xüsusi yer məhdud məsuliyyətli cəmiyyətlərə ayrılmışdır. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır (Mülki Məcəllənin 87.1-ci maddəsi).

Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.

Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

Həmin Məcəllənin 90-1.1 və  90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır.

Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz:

- əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə;

-  əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa.

Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.

İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi  “Avtouniversal firması” MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin onun iştirakçıları arasında bölüşdürülməsinə, E.Vəlibəyovun mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə cəmiyyətə müraciət etməməsinə, mənfəətin cəmiyyətin iştirakçıları arasında bölüşdürülməsi məsələsinə cəmiyyətin ümumi yığıncağında baxılmamasına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, E.Vəlibəyov tərəfindən irəli sürülmüş borc, dividend və faizlərin ödənilməsi tələbləri əsassızdır.

Eyni zamanda, E.Vəlibəyov borcun xalis mənfəətdən ayrılmış dividend olmasını iddia etsə də, həmin borcun hansı mənbədən yaranmasını müəyyən etmək, eləcə də onun həqiqiliyini yoxlamaq mümkün olmadığından və tələbin həmin hissədə əsaslı olmasına dair heç bir mötəbər yazılı sübut təqdim edilmədiyindən, məhkəmə onun qarşılıqlı iddia tələblərinin mübahisələndirilən hissədə əsassız olması qənaətinə gəlmişdir.

Lakin iş üzrə yeni qərar qəbul etmiş kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 87.1, 90-1.1, 90-1.2, 90-1.3 və digər maddələrini tətbiq edərək iddianı  dividendlərin ödənilməsi hissəsində təmin etmişdir.

Həmçinin mülki işdən görünür ki, məhkəmələr tərəfindən “Avtouniversal firması” MMC-nin fəaliyyəti nəticəsində əldə olunmuş mənfəətdən E.Vəlibəyova ödənilməli olan dividend məbləğinin müəyyən olunması ilə əlaqədar iki dəfə - 18 yanvar 2011-ci il tarixli ekspert rəyi və 11 mart 2015-ci il tarixli müstəqil auditor rəyi alınmışdır. Dividendin məbləğinin müəyyən olunması ilə əlaqədar həmin rəylər arasında fikir ayrılığı mövcud olsa da, məhkəmələr bu məsələyə hüquqi qiymət verməmişlər. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

Beləliklə, kassasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə yeni qərar qəbul edilərkən, işin mülki qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun həll edilməməsi ərizəçilərin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına (E.Vəlibəyovun iddia etdiyi pul vəsaitinin cəmiyyətin əmlakı, mənfəəti sayılmaması, həmin məbləğin cəmiyyətin maliyyə hesabatlarında göstərilməməsi, E.Vəlibəyova pul vəsaitinin ödənilməsinin cəmiyyətin nizamnaməsinə uyğun həyata keçirilməməsinin nəzərə alınmaması və s.) təkrarən hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin məhkəmə iclasında müəyyən edilmiş həqiqi halları və iş üzrə toplanmış sübutlar üzrə səhv nəticəyə gəlmişdir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmanın hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.

Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Həmin Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-cu il, 28 fevral 2012-ci il, 18 fevral 2014-cü il və 3 oktyabr 2016-cı il tarixli qərarlarında da öz əksini tapmışdır.

Mülki işin materiallarından göründüyü kimi, borcun ödənilməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, E.Vəlibəyovun tələb etdiyi borcun hansı mənbədən yaranmasını müəyyən etmək, eləcə də onun həqiqiliyini yoxlamaq mümkün olmamışdır. Həmin məhkəmə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, E.Vəlibəyov borc tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir.

Lakin kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək  bu məhkəmə tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə başqa nəticələrə gəlmiş və son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur.

Mülki prosessual qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qənaətinə gəldikdə, bir qayda olaraq, Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən qərar ləğv edilməklə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə düzgün qətnamənin qəbul edilməsinə təsir göstərən hər hansı boşluğun aşkar edilməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini istisna edir.

Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət etməmiş və iş üzrə tətbiq edilən maddi hüquq normalarının düzgün şərh edilməməsi nəticəsində M.Muradov və digərlərinin Konstitusiyanın  29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, M.Muradov və digərlərinin E.Vəlibəyova qarşı təsisçilikdən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Mübariz Muradov və digərlərinin Elşən Vəlibəyova qarşı təsisçilikdən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə,  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci  maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                  Fərhad Abdullayev