Decisions

25.11.16 K.Abbasovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

25 noyabr 2016-cı il                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim),  Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Kamal Abbasov və onun nümayəndəsi Vüqar Məmmədovun,

cavabverən orqanın nümayəndəsi  Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi Fəridə Cabbarlının iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq  konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu     

MÜƏYYƏN  ETDİ:

  Şikayətdən və iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – Yasamal Rayon Məhkəməsi) 21 aprel 2014-cü il tarixli qiyabi qətnaməsi ilə Rafiq Həsənov və digərlərinin Kamal Abbasova qarşı pul tələbinə dair iddiaları təmin edilmiş, borcun iddiaçılara ödənilməsi qət edilmişdir.

Yasamal Rayon Məhkəməsinin 5 sentyabr 2014-cü il tarixli qərardadı ilə  K.Abbasovun həmin məhkəmənin 21 aprel 2014-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilib işə mahiyyəti üzrə baxılmasına dair ərizəsi təmin edilməmişdir.

K.Abbasovun qiyabi qətnamənin ləğv olunması, həmin qətnamənin ləğvi üçün məhkəməyə ərizə verilməsi müddətinin bərpa olunması ilə bağlı şikayətlərinə dəfələrlə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılmış və müvafiq qərardadlar qəbul olunmuşdur.

Bundan sonra K.Abbasov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 21 aprel 2014-cü il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasını xahiş etmişdir. Məhkəmənin 3 avqust 2015-ci il tarixli qərardadı ilə K.Abbasovun vəsatəti təmin edilməmiş, qiyabi qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

Yasamal Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli qərardadı ilə  həmin məhkəmənin 3 avqust 2015-ci il tarixli qərardadından K.Abbasov tərəfindən verilmiş şikayət təmin olunmamışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2015-ci il tarixli qərardadı ilə K.Abbasovun apellyasiyaşikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 3 avqust 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 21 yanvar 2016-cı il tarixli qərarı ilə K.Abbasovun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

K.Abbasov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının  Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

K.Abbasov konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsində R.Həsənov və digərlərinin ona qarşı pul tələbinə dair işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, bildirişlər ona və nümayəndəsinə səhv ünvana göndərilmiş, ünvan tam olmadığına görə həmin bildirişlər geri qaytarılmış, məhkəmə onun iştirakını təmin etmədən 21 aprel 2014-cü il tarixdə qiyabi qətnamə çıxarmışdır.

Ərizəçi şikayətində həmçinin göstərir ki, qiyabi qətnamənin surəti ona və nümayəndəsinə rəsmi qaydada verilməmişdir. Yasamal Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli qiyabi qətnaməsinin surətinin rəsmi qaydada təqdim edilməsi üçün ərizəçi 3 mart 2015-ci il tarixdə həmin məhkəməyə müraciət etmiş və 6 mart 2015-ci il tarixdə qiyabi qətnamənin surəti ona rəsmi qaydada təqdim olunmuşdur. Ərizəçinin qiyabi qətnamənin ləğv olunması barədə ərizənin verilməsi üçün müddətin bərpasına dair 10 mart 2015-ci il tarixli vəsatəti təmin edilməmiş, qiyabi qətnamənin ləğv olunması barədə ərizəsi geri qaytarılmışdır.

K.Abbasovun qənaətinə görə, məhkəmələr işə baxarkən mülki prosessual qanunvericiliyin tələblərini pozaraq qiyabi qətnamənin rəsmi qaydada ona təqdim olunduğu tarixi deyil, qətnamədən faktiki olaraq 18 avqust 2014-cü il tarixdən məlumatlı olmasını əsas götürmüşlər.

 Ərizəçi hesab edir ki, prosessual müddətin ötürülməməsinə baxmayaraq, qiyabi qətnamənin ləğvi barədə ərizəsinə baxmaqdan imtina edilməsi, qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsinin təmin edilməməsi nəticəsində onun məhkəməyə müraciət etmək və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.

Ərizəçi işə baxılarkən məhkəmələr tərəfindən Konstitusiyanın 60, 71, 125, 129-cu maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9, 134, 135, 138, 146, 147, 238, 240, 241, 244, 253, 416-cı maddələrinin tələblərinin pozulduğunu qeyd edir.

Konstitusiya Məhkəməsinin Plenumu mülki işin mahiyyətinə toxunmadan, Konstitusiya, mülki prosessual qanunvericilik normalarının tətbiqi və iş üzrə prosessual qaydalara riayət olunması ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.     

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi  təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələri) .

Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir.

Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

 Mülki Prosessual Məcəllənin  9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Mülki Prosessual Məcəllənin 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini və məhkəmə aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi üsulları nəzərdə tutulmuşdur. Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada  təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq  yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

Ərizəçinin əsas dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, bildirişlər ona və nümayəndəsinə səhv ünvana göndərilmiş və ünvan tam olmadığına görə həmin bildirişlərin geri qaytarılmasına baxmayaraq qiyabi qətnamə qəbul edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir.

Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə 20 noyabr 2008-ci il, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərarları).

Tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi)  qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur.

Eyni zamanda, qanunvericilikdə lazımi qaydada xəbərdar edilməmənin hüquqi nəticələri aydın şəkildə əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsi nəticəsində onların məhkəmə prosesində iştirak etməmələri tərəflərin bərabərliyi, çəkişmə prinsipinin təmin edilməsinə, digər tərəfdən isə işlərə ədalətlə və ağlabatan müddətdə baxılmasına mane olur.

Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 241.5-ci maddəsinin tələbinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir.

Mülki Prosessual Məcəllənin 243 və 244-cü maddələrinə görə, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır.

Göründüyü kimi, mülki prosessual qanunvericilik qətnamənin məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində rəsmi qaydada təqdim edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Qətnamənin rəsmi qaydada təqdim olunmaması prosessual pozuntu hesab edilir.

Şikayətdən və iş materiallarından görünür ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 243-cü maddəsinin tələbinə əməl edilməyərək, K.Abbasova qiyabi qətnamənin surəti rəsmi qaydada təqdim olunmamış, həmin qətnamə cavabdehin mülki işin materiallarında olan dəqiq ünvanına deyil, səhv ünvana göndərilmişdir. Ünvanın tam olmadığı göstərilərək qətnamənin surəti poçt tərəfindən məhkəməyə geri qaytarılmışdır.

Qeyd olunmalıdır ki, qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Belə ki, qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən hal Mülki Prosessual Məcəllənin 135.2 və 135.3-cü maddələrində göstərilən şəxslər tərəfindən imzalanmış qəbzin və ya sənədin kötüyünün  işə əlavə edilməsidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir çox qərarlarında oxşar məsələlərlə bağlı hüquqi mövqelər əks olunmuşdur.

“Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında  Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır.

“Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya  nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi  belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur.

“Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın  6-cı  maddəsinin  məqsədləri  və  təyinatından  irəli gəlir.  6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır.  Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin  şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər.

Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir.

Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu  (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir.

Bir sıra qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, həmin mövqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qiyabi qətnamə çıxaran məhkəmələr həmin qətnamədən şikayətə məhkəmələrdə baxılması üçün bütün qanuni vasitələrdən istifadə etməli, şikayətin müddətinin ötürülməsinin üzrlü olub-olmamasını dəqiqliklə araşdırmalı və yalnız bundan sonra hər hansı nəticəyə gəlməlidirlər.

Hazırki işdə qiyabi qətnamənin rəsmi qaydada 6 mart 2015-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qiyabi qətnamənin ləğv olunması barədə ərizəsi geri qaytarılmış, qiyabi qətnamənin ləğv olunması barədə ərizənin verilməsi üçün müddətin bərpasına dair vəsatəti və qiyabi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Nəticədə cavabdeh qiyabi qətnamədən şikayət etmək və öz hüquqlarını müdafiə etməkdən məhrum edilmişdir.

Birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvlər apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmış, K.Abbasovun qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin üzrsüz səbəbdən ötürülməsi və qiyabi qətnamədən daha əvvəllər məlumatlı olması əsas gətirilərək təmin edilməmişdir.

Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə Mülki Prosessual Məcəllənin 134, 135, 243 və 244-cü maddələrinin tələblərinin pozulması ilə baxılmışdır.

Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.                                

Ali Məhkəmənin Mülki Kollegiyası isə K.Abbasovun kassasiya şikayətinə baxarkən, mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək, qiyabi qətnamənin surətinin 6 mart 2015-ci ildə rəsmi qaydada təqdim olunduğunu nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Onu da nəzərə almaq zəruridir ki, hüquq və azadlıqların inzibati qaydada və məhkəmədə müdafiəsinin konstitusiya təminatlarını genişləndirmək, hüquqların müdafiəsi mexanizmlərini təkmilləşdirmək, iş üzrə tərəflərin məhkəmə prosesində iştirakını təmin etmək məqsədilə Konstitusiyanın 60-cı maddəsinə III hissə əlavə edilmişdir. Həmin maddəyə əsasən, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

  Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416 və 418.1-ci maddələrinə uygun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi        

QƏRARA  ALDI:

1. R.Həsənov və digərlərinin K.Abbasova qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.  İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə  yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                              Fərhad Abdullayev