Decisions

16.11.16 F.Şirinovun şikayəti üzrə AR Ali Məhkəməsinin MK-nın 29/12/15-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

16 noyabr 2016-cı il                                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Fərhad Şirinov və onun nümayəndəsi Hafiz Həsənovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr  2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

F.Şirinov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “OON” şirkəti cavabdeh F.Şirinova qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, “OON” şirkəti ilə “Azal” Səhmdar Kommersiya Bankı arasında 16 sentyabr 2005-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən “OON” şirkətinə kredit ayrılmışdır. Kredit müqaviləsi həmin vaxt “OON” şirkətinin rəhbəri olmuş F.Şirinov tərəfindən imzalanmışdır. Kredit müqaviləsinin təminatı üçün 16 sentyabr 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən A.Əfəndiyevin mülkiyyətində olan mənzil girov qoyulmuşdur. F.Şirinov həmin krediti şirkətin hesabına mədaxil etmədən özünə götürmüş və kreditin ödənilməsi üçün heç bir tədbir görməmişdir. Sonradan “Azal” Səhmdar Kommersiya Bankı məhkəməyə müraciət edərək A.Əfəndiyevin mülkiyyətində olan mənzilin açıq hərracda satılmasını tələb etmiş və buna görə də A.Əfəndiyev həmin krediti öz hesabına bağlamışdır. Bundan sonra A.Əfəndiyev Zaqatala Rayon Məhkəməsinə müraciət edərək banka ödədiyi 66498,70 manat borcun “OON” şirkətindən alınıb ona ödənilməsini tələb etmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qətnaməsi ilə A.Əfəndiyevin iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və “OON” şirkəti A.Əfəndiyevə borcu tam ödəmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı “OON” şirkətinin cavabdeh F.Şirinova qarşı “pul tələbinə” dair iddiası rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “OON” şirkətinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmişdir.

 Ali Məhkəmənin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarı ilə  F.Şirinovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

F.Şirinov Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının  29 dekabr 2015-ci il tarixli qərarı ilə onun  Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulduğunu qeyd etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin I, II, III və IV hissələri).

Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.

Bununla yanaşı, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması da göstərilmişdir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında pozulmuş hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Şikayətdən və iş materiallarından görünür ki, mübahisəyə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsini “OON” şirkətinin rəhbəri kimi  F.Şirinov imzalasa da, borc öhdəliyi “OON” şirkətinin üzərinə düşmüşdür. “OON” şirkəti F.Şirinovun krediti şirkətin hesabına mədaxil etmədən özünə götürdüyünü və həmin kreditin ödənilməsi üçün hər hansı bir tədbir görmədiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Yeganə Şirinova (cavabdehin bacısı) izahatında F.Şirinovun kredit müqaviləsi əsasında götürdüyü pulu şirkətin hesabına köçürmədiyini və nağd şəkildə A.Əfəndiyevə verdiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin izahat əsasında belə qənaətə gəlmişdir ki, F.Şirinov qulluq mövqeyindən sui-istifadə edərək kredit müqaviləsi əsasında götürdüyü məbləği “OON” şirkətinin hesabına keçirməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məbləğ F.Şirinovdan alınaraq ”OON” şirkətinə verilməlidir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu mövqeyi ilə kassasiya instansiyası məhkəməsi də razılaşmışdır.

F.Şirinovun “OON” şirkətinin rəhbəri kimi məsuliyyət daşıması ilə əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hüquqi şəxs üçün baş vermiş mənfi nəticələr öz-özlüyündə hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsiz olmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riski nəticəsində baş verə bilər.

Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskini aşmadığı halda o, hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz.

Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.

Əgər iddiaçı hüquqi şəxs adından çıxış edən şəxsin vicdansız və (və ya) düşünülməmiş hərəkətləri (hərəkətsizliyi) nəticəsində ziyanın vurulması barədə sübutlar təqdim edərsə, bu halda hüquqi şəxs adından çıxış edən şəxs öz hərəkətlərinə (hərəkətsizliyinə) izah verə və zərərin yaranma səbəbi (məsələn, əlverişsiz bazar şəraiti, kontragentin vicdansız hərəkətləri, qəzalar, təbii fəlakətlər və sair hadisələr) haqqında müvafiq sübutlar təqdim edə bilər.

Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığı aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs:        

- öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya  qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa;

- hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa.

Əlverişsiz şərtlərlə bağlanmış müqavilə dedikdə, qiyməti və digər şərtləri eyni şəraitdə bağlanan analoji müqavilələrin qiyməti və (və ya) digər şərtlərindən hüquqi şəxs üçün əhəmiyyətli dərəcədə pisə doğru fərqlənən müqavilələr başa düşülür.

Hüquqi şəxs adından çıxış edən şəxs əlverişsiz müqaviləni hüquqi şəxsin maraqlarına daha böyük ziyanın vurulmasının qarşısını almaq məqsədilə bağladığını sübuta yetirdikdə də məsuliyyətdən azad olunur.

Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-peşəkarlığı və məntiqsizliyi aşağıdakı hallara əsasən sübuta yetirilmiş sayılır. Əgər hüquqi şəxs adından çıxış edən şəxs:

- ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə;

- qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə;

- müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin onun vəzifə səlahiyyətlərinə nə dərəcədə daxil olub-olmamasına qiymət verməli, hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş həmin şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-peşəkarlığına və (və ya) vicdanlı, məntiqli olmasına dəlalət edən halları araşdırmalıdırlar.

Lakin işə baxan məhkəmələr F.Şirinovun “OON” şirkəti adından çıxış edərək kredit müqaviləsi imzalamasının onun vəzifə səlahiyyətlərinə nə dərəcədə daxil olub-olmaması, həmin müqavilə üzrə pulun bank tərəfindən ona hansı əsaslarla verilməsi və sair məsələlərə qiymət verməmişlər.

Apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehi təmsil edən nümayəndənin izahatına istinad edərək iddianı təmin etməsi məsələsinə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Məhkəmədə nümayəndələrin xüsusi səlahiyyətlərinin dairəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 74.2-ci maddəsində sadalanmışdır.

Nümayəndənin xüsusi səlahiyyətlərinə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi kimi ən mühüm hərəkətlərin edilməsi aiddir.

Nümayəndə etibarnamədə göstərilmədiyi halda xüsusi səlahiyyətlərdən hər hansı birini həyata keçirərsə, bu təmsil olunan şəxs üçün heç bir  hüquqi nəticə yaratmayacaq.

Digər tərəfdən iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı hesab edərək qəbul edə bilməz. Etiraf hər bir halda məhkəmə tərəfindən yoxlanılmalıdır və aşağıdakılar aşkar olunduqda etirafın qəbul edilməsindən imtina edilməlidir:

- faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;       

- faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;

- faktın  etirafı yanılma təsiri nəticəsində baş verdikdə.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehi təmsil edən nümayəndənin izahatına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmişlər. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bu da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “OON” şirkətinin cavabdeh F.Şirinova qarşı pul tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 29 dekabr  2015-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə bərpa olunmalıdır.

İşin yeni məhkəmə baxışına göndərilməsi məsələsi həll olunarkən o, məhz Konstitusiya Məhkəməsi tərəfindən hüquq və azadlıqların pozulduğu müəyyən olunmuş məhkəmə instansiyasına qaytarılmalıdır. Bu zaman məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. “OON” şirkətinin cavabdeh F.Şirinova qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                     Fərhad Abdullayev