Decisions

21.10.16 AR MM 965.2.2-ci maddəsinin AR Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

21 oktyabr 2016-cı il                                                                                  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rafael Qvaladze, Rövşən İsmayılov, İsa Nəcəfov, Mahir Muradov, Ceyhun Qaracayev (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyevin,

mütəxəssis Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfəz Məhərrəmovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 25 iyul 2016-cı il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun  yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –  Mülki Məcəllə) 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun  yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, Mülki Məcəllənin 965.2-ci maddəsində hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinmə ardıcıllığı sadalanmışdır. Həmin Məcəllənin 965.2.2-ci maddəsinə görə, ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir.

Sorğuda qeyd olunur ki, göstərilən maddədə “əmək haqqı” ifadəsinin “işdənçıxma müavinətlərinin” ifadəsindən sonra yazılması, bu ifadəyə “və” bağlayıcısı ilə birləşməsi belə bir anlama əsas verir ki, həmin maddədə istifadə olunan “əmək haqqı” ifadəsi “işdənçıxma” sözünə aiddir.

Bu isə sorğuverənin qənaətinə görə, əmək müqaviləsi ilə işləmiş şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsini nəzərdə tutduğu halda əmək müqaviləsi ilə işləyən şəxslərə əmək haqqının ödənilməsini ehtiva etmir. Təcrübədə belə hüquqi qeyri-müəyyənliyin yaranması işləyən şəxslərin  hüquqlarının effektiv müdafiəsinə mane olur və nəticədə sosial ədalət prinsipi pozulur.

Sorğuverən hesab edir ki, Mülki Məcəllənin 965.2.2-ci maddəsi əmək müqaviləsi ilə işləyən şəxslərə əmək haqqının ödənilməsini ehtiva etmədiyindən Konstitusiyanın 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddələrinin I və III hissələri ilə uyğunsuzluq təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğu ilə bağlı Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və əmək qanunvericiliyinin bəzi normaları nəzərdən keçirilməlidir.

Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun  sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq  normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da əks olunmuşdur. Insan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin 2-ci bəndində, Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan eyni əmək üçün bərabər haqq almaq hüququ təsbit olunmuşdur.

Avropa Sosial Xartiyasında və Əmək haqqının mühafizəsi haqqında Beynəlxalq Əmək Təşkilatının 95 saylı Konvensiyasında işçilərin əmək haqqı almaq hüquqlarının heç bir ayrı-seçkilik qoyulmadan mühafizə edilməsi xüsusilə vurğulanmışdır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

 Əmək Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən, əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində əmək haqqının anlayışı verilmişdir. Həmin maddəyə əsasən əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsi ilə əməyin ödənilməsinin təminatları da nəzərdə tutulmuşdur. Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur.

Əmək qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslərə əmək haqqının ödənilməsində heç bir fərq qoyulmamışdır.

Qeyd olunduğu kimi, Mülki Məcəllənin 965-ci maddəsində hesabdan pul vəsaitinin silinməsinin növbəliyindən bəhs olunur. Məcəllənin 965.1-ci maddəsinə müvafiq olaraq, hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.

 Həmin Məcəllənin 965.2-ci maddəsi isə hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi ardıcıllığını müəyyən edir.

Qeyd olunan maddədə birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər, habelə alimentlərin tutulması haqqında tələblər (965.2.1-ci maddə); ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi (965.2.2-ci maddə); üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər (965.2.3-cü maddə); dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödənişlər (965.2.4-cü maddə); beşinci növbədə başqa pul tələbləri (965.2.5-ci maddə); altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri (965.2.6-cı maddə) üzrə hesabdan silmə həyata keçirilir.

Göründüyü kimi, qanunverici bu maddədə pul vəsaitinin silinməsinin növbəliyini müəyyən edərkən dövlətin sosial ədalət prinsipinə əsaslanaraq ödəniləcək məbləğin ilk növbələrdə şəxslərin tələblərinin təmin olunmasını nəzərdə tutmuşdur. Qanunverici bu ardıcıllığı müəyyən edərkən hətta dövlət büdcəsinə olan ödənişlərdən və digər dövlət və bələdiyyə ödənişlərindən də şəxslərə olan ödənişləri üstün tutmuşdur.

Bu baxımdan sorguverənin qeyd etdiyi kimi Mülki Məcəllənin mübahisələndirilən norması heç bir halda əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslər arasında fərq qoyaraq əmək müqaviləsi ilə işləmiş  şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ikinci növbədə, əmək müqaviləsi ilə işləyən şəxslərə isə əmək haqqının beşinci növbədə ödənilməsini nəzərdə tuta bilməz.

Əks hal dövlətin sosial ədalət prinsipinin pozulmasına və əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslər arasında ayrı-seçkiliyə səbəb olar.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür.

Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin öhdəlikləri yaranmalıdır.

Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı iş üzrə 25 mart 1999-cu iI tarixli Qərar, № 31107/96, § 54).

“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103).

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 25-ci maddəsinin tələbləri baxımından Mülki Məcəllənin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdənçıxmış şəxslərə müavinət və əmək haqqının ödənilməsini nəzərdə tutur.

- Bu Qərarın nəticə hissəsinin birinci bəndində göstərilən əsaslara görə, Mülki Məcəllənin 965.2.2-ci maddəsi Konstitusiyanın 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1.  Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdənçıxmış şəxslərə müavinət və əmək haqqının ödənilməsini nəzərdə tutur.

2.  Bu Qərarın nəticə hissəsinin birinci bəndində göstərilən əsaslara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.  Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                               Fərhad    Abdullayev