Decisions

21.07.16 T.Nəbiyevin şikayəti üzrə AR AM qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

21 iyul 2016-cı il                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

Elməddin Hüseynovun katibliyi ilə,

ərizəçi Tofiq Nəbiyevin nümayəndəsi Hidayət Süleymanovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında T.Nəbiyevin şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜ Ə Y Y Ə N    E T D İ:

T.Nəbiyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin (bundan sonra – Məhkəmə Tərkibi) 9 fevral 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçılar İsmayıl İsmayılov və Güldanə Quliyevanın “JMR” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “JMR” MMC) qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiaları qismən təmin edilərək, “JMR” MMC ilə İ.İsmayılov və G.Quliyeva arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilə ləğv edilmiş, iddiaçıların xeyrinə “JMR” MMC-dən  cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 560.000 ABŞ dolları cərimə, 14.000 ABŞ dolları dəbbə pulu, cəmi 574.000 ABŞ dolları məbləğində pulun, 5 il 7 ay 9 gün ərzində banka illik 10,4 faizlə depozit qoyacağı təqdirdə əldə edəcəyi 426.000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsi qanini qüvvəyə minmişdir.

T.Nəbiyev Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – Ali Məhkəmə) ərizə ilə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. T.Nəbiyev ərizəsini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra cavabdeh “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Muğanbank” ASC) ilə İ.İsmayılov arasında 6 oktyabr 2005-ci il tarixində bağlanmış depozit müqaviləsini əldə etmiş və həmin müqaviləyə əsasən, iddiaçıların “JMR” MMC-dən aldıqarı pul vəsaitini illik 3 faizlə depozitə qoymaları ona məlum olmuşdur. Ərizəçi hesab etmişdir ki, həmin müqavilə məhkəməyə məlum olsaydı 574.000 ABŞ dolları məbləğində pula görə cavabdehdən illik 10,4 faiz deyil, 3 faiz pul tutulmalı idi.

Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

Məhkəmə Tərkibi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən illik 10,4 faizlə pul tutulmasının müəyyən edilməsi işə baxan məhkəmə tərəfindən sübutlara verilən qiymətlə bağlı olduğundan və hesablanmış pulun illik 3 faizlə depozitə qoyulması barədə 6 oktyabr 2005-ci il tarixli müqavilədən asılı olmadığından ərizəçinin təqdim etdiyi hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 432.2.1-ci maddəsinə əsasən, işə əvvəllər baxılarkən məlum olmayan həlledici material hesab edilə bilməz.

T.Nəbiyev Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Tərkibi tətbiq edilməli olan Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsini tətbiq etməmişdir.

Ərizəçi hesab edir ki, Məhkəmə Tərkibinin qeyd olunan qərardadı ilə onun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir:

-  məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə;

-  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;

-  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;

-  həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

Mülki Prosessual Məcəllənin 433-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumu baxır.

Mülki Prosessual Məcəllənin 432.2-ci maddəsində qeyd olunan əsaslardan hər hansı biri mövcud olduqda və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair təqdim edilən ərizə həmin Məcəllənin 434 və 435-ci maddələrinin tələblərinə cavab verdikdə, o, işlə birlikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılır.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə əsaslanaraq bir daha qeyd edir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılmasına qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədi daşıyır.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından köklü surətdə fərqlənir. Belə ki, bu icraatda işə baxılmanın əsasını məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması deyil, qərar qəbul edilərkən işin nəticəsinə köklü surətdə təsir edəcək və iş üçün xüsusi əhəmiyyət kəsb edən halların mövcudluğu təşkil edir.

Nəzərə alınmalıdır ki, ərizəçiyə məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab edilir ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırılmasının daha ədalətli aparılmasına xidmət etsin.

İşə baxılarkən məlum olmayan həlledici materiallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar kimi qəbul olunmalıdır. Məsələn, məhkəmə qərarı ilə miras əmlak qanun üzrə vərəsələr arasında bölündükdə və həmin qərar qanuni qüvvəyə mindikdən sonra miras əmlak barədə vəsiyyətnamənin tapılması yeni açılmış hal kimi məhkəmə qərarının ləğvinə səbəb ola bilər.

Göründüyü kimi, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunla ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı.

T.Nəbiyev Ali Məhkəmənin Plenumuna müraciətini Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsi ilə əsaslandırmasına baxmayaraq, Məhkəmə Tərkibi 6 oktyabr 2005-ci il tarixli depozit müqaviləsinin həlledici material kimi qəbul edilib-edilməməsini əsaslandırmamış, öz qərardadında yalnız birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticəni təkrarlamaqla kifayətlənmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsi məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsini bu növ ərizələrə baxılması üçün müstəqil əsas kimi nəzərdə tutmuşdur.

Belə ki, 6 oktyabr 2005-ci il tarixli depozit müqaviləsinin movcudluğu barədə məlumatın olmaması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə əsassız faizlərin hesablanması haqqında T.Nəbiyevin dəlillərinə Məhkəmə Tərkibi hüquqi qiymət verməmiş, həmin müqavilənin işə əvvəllər baxılarkən məlum olmayan həlledici material kimi qəbul edilməsi məsələsini tam və hərtərəfli araşdırmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyinə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayətinə dair 16 iyul 2013-cü il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisələndirilən məhkəmə aktı qüvvəyə mindikdən sonra əldə olunmuş 6 oktyabr 2005-ci il tarixli depozit müqaviləsinin yeni açılmış və iş üzrə həlledici hal hesab edilib-edilməməsinə Məhkəmə Tərkibi tərəfindən Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməmiş və işin bu xüsusiyyətlərinə diqqət yetirilməmiş, nəticədə T.Nəbiyevin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçılar İ.İsmayılov və G.Quliyevanın “JMR” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. İsmayıl İsmayılov və Güldanə Quliyevanın “JMR” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                                  Fərhad  Abdullayev