AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
2016-cı il iyunun 18-də
keçirilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə
Azərbaycan Respublikasının Milli
Məclisinə təkrar seçkilərin nəticələrinə dair
5 iyul 2016-cı il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim),
Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov,
katibi Arifə Muxtarova və üzvü Almas Qəhramanlının,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov və həmin
kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin,
mütəxəssislər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və
Gülnar Əhmədovanın iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq
olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasından daxil olmuş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2016-cı
il iyunun 18-də keçirilmiş təkrar seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın
məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun
çıxışını, ekspertlər E.Nəsirov və S.Əliyevin rəyini, mütəxəssislər U.Həmidova və
G.Əhmədovanın arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası
Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə uyğun olaraq 2015-ci il
noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 2015-ci il 17 noyabr tarixli 50/342 saylı qərarı
ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər etibarsız hesab edilmişdir.
“90 saylı Ağdaş seçki
dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin
təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12
aprel tarixli 1948 nömrəli Sərəncamına əsasən 2016-cı il iyunun 18-də həmin
seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər
keçirilmişdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 86-cı maddəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
171.1-ci və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
54.3-cü maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin
yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin
ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə
seçki komissiyasının protokolunu (onlara əlavə edilən sənədlərlə birlikdə) 2016-cı
il 30 iyun tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim
etmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi təqdim olunmuş sənədlərin Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğunluğunu yoxlayarkən aşağıdakıları müəyyən
etmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisinə təkrar seçkilər üzrə səsvermənin ümumi
yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı
il 29 iyun tarixli protokoluna əsasən:
1) seçici siyahılarına
daxil edilmiş seçicilərin ümumi sayı - 40 203;
2) səsvermədə iştirak
edən seçicilərin sayı - 23 292;
3) səsvermə keçirilmiş
seçki məntəqələrinin sayı - 40;
4) səsvermənin baş
tutmadığı seçki məntəqələrinin sayı - 0;
5) səsvermənin nəticələri
etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 0;
6) deputat seçilmiş
namizədin sayı - 1.
Beləliklə, təkrar
seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının protokolundan görünür ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə
səsvermənin nəticələri etibarlı hesab edilmiş və deputat seçilmiş namizəd müəyyən
olunmuşdur.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən, protokollar seçki komissiyasının
həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının
həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki
Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının
iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə - azı 12 üzvün səs
çoxluğu ilə qəbul edilir.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmiş təkrar seçkilər üzrə səsvermənin
ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
protokolundan görünür ki, bu sənəd Mərkəzi Seçki Komissiyasının 18 həlledici səs
hüquqlu üzvlərindən 18-i tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 171.3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün müvafiq mütəxəssisləri
cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
54.4-cü maddəsinə uyğun olaraq, Şəki Apellyasiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası
Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin
pozulması ilə əlaqədar daxil olmuş şikayət və ərizələr haqqında məlumatları tələb
etmişdir.
Ekspert qismində cəlb
edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının baş müəllimi E.Nəsirovun və həmin kafedranın dosenti S.Əliyevin rəyindən
görünür ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli
Məclisinə təkrar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 2016-cı il 29 iyun tarixli protokolu və ona əlavə olunmuş
sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3, 108.2,
108.3, 169.3 və 169.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilmişdir.
Mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın arayışına görə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi 90 saylı Ağdaş seçki
dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinə
dair sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3 və
108.2-ci maddələrinə uyğun tərtib edilmişdir. Yoxlanılmış sənədlərdə nöqsanlar
səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.
Şəki Apellyasiya Məhkəməsi 2016-cı il 4 iyul tarixli 42/9 saylı məktubla
bildirmişdir ki, həmin məhkəməyə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar
seçkilərlə bağlı şikayət daxil
olmamışdır.
Bakı Apellyasiya Məhkəməsinin
2016-cı il 4 iyul tarixli 5D-127/2016 saylı məktubuna əsasən, 2016-cı il iyunun
18-də keçirilmiş 90 saylı Ağdaş seçki
dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə bağlı
məhkəməyə cəmi 4 ərizə daxil olmuş, bunlardan 2 iş üzrə iddia mümkün
sayılmamış, 3 iş üzrə ərizə təmin edilməmişdir. İddia mümkün sayılmayan 1 iş
üzrə qərardad kassasiya qaydasında ləğv edilmiş və yeni apellyasiya baxışına
qaytarılmışdır. Təkrar apellyasiya baxışında ərizə təmin edilməmişdir. Həmin qərardan
şikayət verilməmişdir.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin 2016-cı il 4 iyul tarixli 2-360/16 saylı məktubundan görünür
ki, bu məhkəməyə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə təkrar seçkilərlə bağlı 4 şikayət daxil olmuş, onlardan 3 iş
üzrə apellyasiya instansiyası məhkəməsinin qərarları dəyişdirilmədən
saxlanılmış, 1 iş üzrə həmin məhkəmənin qərardadı ləğv edilmişdir.
Azərbaycan Respublikası
Prokurorluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı
2016-cı il 4 iyul tarixli 01/783 saylı məktubunda göstərilmişdir ki, 90 saylı
Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar
seçkilərlə əlaqədar prokurorluq orqanlarına cəmi 1 müraciət daxil olmuş və həmin
müraciət aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına
göndərilmişdir.
Yuxarıda göstərilənləri
nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər üzrə səsvermənin
ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
2016-cı il 29 iyun tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci
maddələrinin tələblərinə uyğun olduğundan, 2016-cı il iyunun 18-də
keçirilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə təkrar seçkilərin nəticələri təsdiq edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63,
65, 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikasının Milli Məclisinə təkrar seçkilər üzrə səsvermənin ümumi
yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı
il 29 iyun tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci
maddələrinin tələblərinə uyğun hesab edilsin.
2. 2016-cı il iyunun
18-də keçirilmiş 90 saylı Ağdaş seçki
dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələri
təsdiq edilsin.
3.
Qərar elan olunduğu andan qüvvəyə minir.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad
Abdullayev