Decisions

07.03.16 Q.İbadovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası  Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  

7 mart 2016-cı il                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçilər Qədir İbadovun nümayəndəsi Kamandar Nəsibovun və Sevinc Hacıyevanın,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdir müavini Hüseynxan Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Q.İbadovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN   ETDİ:

  Qədir İbadov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Q.İbadov Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Müşfiq Hacıyevə, Güldənə Hacıyevaya, Bakı şəhəri 6 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə iddia qaldırmışdır.

Q.İbadov iddiasını onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, N.Paşayev küçəsi 17A ünvanında yerləşən 3 otaqlı evi müvafiq sənədləri olmadan almışdır. Həmin evi yaşayış üçün bir qədər yararlı vəziyyətə gətirdikdən sonra Q.İbadov qızı Sevinc Hacıyevanı ailəsi ilə birlikdə ora köçürüb birgə yaşamışlar. 2005-ci ildə isə mübahisəli evə mülkiyyət hüququ verən sənəd almışdır. Sonradan mülkiyyətində olan evi sökdürüb yerində 2 mərtəbəli yeni bina inşa etdirmişdir. Həmin ərəfədə ağır xəstəliyə tutulduğundan yeni binanın sənədləşdirilməsi işini apara bilməmiş və bu işin yerinə yetirilməsini onunla birlikdə yaşayan kürəkəni M.Hacıyevə (S.Hacıyevanın əri) həvalə etmişdir.

24 aprel 2011-ci il tarixində Bakı şəhəri 6 saylı Notariat Kontorunda Q.İbadov həyat yoldaşı G.İbadovanın razılığı ilə ona məxsus bütün əmlakının idarə edilməsi barədə kürəkəni M.Hacıyevin məsləhəti ilə ona etibarnamə vermişdir. Bundan sonra M.Hacıyev onun etibarından sui-istifadə edərək həmin evi onun xəbəri olmadan öz anası Şirvan şəhərində yaşayan G.Hacıyevaya bağışlamış və axırıncının adına çıxarış alınmışdır. Mübahisəli evin bağışlanmasını o, yalnız 2013-cü ilin sentyabr ayında G.Hacıyevanın iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsində qızı S.Hacıyevanın həmin evdən çıxarılması barədə işə baxılarkən xəbər tutmuşdur. Həmin vaxt üçüncü şəxs qismində  prosesə qoşulub qarşılıqlı iddia vermək istəsə də, onun vəsatətləri təmin edilməmiş və o məcbur qalaraq Bakı şəhəri Nizami rayon Məhkəməsində hazırkı iddianı qaldırmışdır.

Q.İbadov qeyd etmişdir ki, 2011-ci ildən ağır diabet və xərçəng xəstəliyinə tutulmasından və etibarından sui-istifadə edərək kürəkəni M.Hacıyev yeni tikilmiş evin sənədlərinin alınması üçün onu tanıdığı notariat kontoruna aparmış və orada ona bir neçə sənədi imzalatmışdır. Lakin Q.İbadovun M.Hacıyevə verdiyi etibarnamənin məzmunundan və onun 50 il müddətinə verilməsindən xəbəri olmamışdır.

Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7 mart 2014-cü il tarixli qətnaməsi ilə Q.İbadovun M.Hacıyevə və digərlərinə qarşı etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra –  Bakı Apellyasiya Məhkəməsinin MK) 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və Q.İbadovun iddiası təmin edilmişdir. 

Ali Məhkəmənin MK-nın 28 noyabr 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 9 fevral 2015-ci il tarixli qətnaməsi ilə Q.İbadovun apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Q.İbadovun həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin MK-nın 16 iyul 2015-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi MK-nın 9 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İşə baxan məhkəmələr iddianı rədd edərkən öz mövqelərini onunla əsaslandırmışlar ki, Q,İbadov M.Hacıyevə bütün əmlakı üzərində sərəncam vermək hüququ verən etibarnamə vermiş və həmin etibarnamənin aldadılma təsiri altında verilməsini məhkəmədə sübuta yetirə bilməmiş, eləcə də Q.İbadovun etibarnaməni ləğv etdirmək üçün yetərincə zamanı olsa da, o, bunu etməmişdir. Bununla yanaşı Q.İbadovun arvadı mübahisəli evin bağışlanmasına, dəyişdirilməsinə və satılmasına etiraz etməməsi barədə notariat kontoruna ərizə vermişdir.

Q.İbadov Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin MK-nın 16 iyul 2015-ci il tarixli qərarının Konstitusiyaya və  Azərbaycan Respublikasının qanunlarına uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir.

Ərizəçi hesab edir ki, işə məhkəmələrdə obyektiv baxılmamış və işin halları düzgün araşdırılmamış, tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 339 və 359.1-ci maddələrinin tətbiq edilməməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.3, 417.2, 418.2 və 418.3-cü maddələrinin tələblərinə riayət edilməməsi nəticəsində onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti,  xüsusi mülkiyyət və  bələdiyyə mülkiyyəti növündə ola bilər.

Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.  Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu normasının əhəmiyyəti ondan ibarətdir ki, bu norma əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilsə də, eyni zamanda konstitusiyada təsbit edilmiş vətəndaşların digər hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, hazırkı işin düzgün həll edilməsi üçün məhkəmələr tərəfindən tətbiq olunan və tətbiq edilməli olan qanunvericilik normaları nəzərdən keçirilməlidir.

Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.

Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.  Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.

İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli evə dair etibarnamə verilərkən Q.İbadov (təmsil olunan) M.Hacıyevə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və M.Hacıyevin özünün maraqları daxilində deyil, Q.İbadovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.

Lakin işə baxan məhkəmələr tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələrdə mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş  hüquqların bərpasının təmin edilməsi və s. tətbiq edilməlidir.

Mülki Məcəllənin  6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir.

Qeyd olunmalıdır ki, Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələri).

Konstitusiyanın bu müddəalarına uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsiplərinə əsasən, müzakirə etdiyi dəlillərlə,  onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Lakin məhkəmələr Konstitusiyanın və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq, mülki işin hallarını, işdə olan dəlilləri mülki prosessual qanunvericiliyə uyğun olaraq araşdırmamış onlara düzgün hüquqi qiymət verməmişlər.

 Belə ki, işdə olan 28 fevral 2014-cü il tarixli yerində müayinə aparılması haqqında protokoldan görünür ki, birinci instansiya məhkəməsi mübahisəli evə yerli baxış keçirmiş, lakin bu prosessual hərəkəti Mülki Prosessual Məcəllənin 202-ci maddəsinin tələblərinə uyğun aparmamışdır. Belə ki, məhkəmə işdə iştirak edən şəxslərin, ekspertlərin, mütəxəssislərin yerli müayinə keçirilməsində iştirak etmələrinin təmin edilməsi üçün lazımi tədbirlər görməmişdir. Eyni zamanda, müayinə zamanı mübahisəli evin hər hansı bir çertyoju, çəkilmiş videoyazıları, fotoşəkillərı protokola əlavə edilməmişdir. Bununla yanaşı, mübahisə olduğu halda məhkəmə yerində müayinə aparılması zamanı mübahisəli evin sökülüb yerində yeni bina inşa olunması məsələsinə səthi yanaşaraq araşdırmamış və buna qətnamədə hüquqi qiymət verməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Q.İbadov tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət edir. Bu göstəriş iddia hüququnun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.

Lakin hazırkı mülki iş üzrə məhkəmələr işin hallarını və təqdim olunan sübutları qanunvericilikdə müəyyən edilmiş qaydada tam və hərtərəfli araşdırmadan Q.İbadovun tələblərinə dair pozulmuş hüquqların müdafiəsilə bağlı iddia müddətinin keçməsi qənaətinə gəlmişlər.  

Bununla yanaşı qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mühüm əhəmiyyət kəsb edən bağışlama müqaviləsinin predmetini hansı evin təşkil etdiyini müəyyən etməmişlər.

Belə ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.  Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,  Apellyasiya Məhkəməsinin MK Mülki Məcəllənin 666.1-ci maddəsini düzgün təfsir etməyərək bağışlama müqaviləsinin yalnız hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılması tələbinə əhəmiyyət verməmişdir.

Mülki qanunvericilik eyni zamanda bağışlamanın etibarlılığının bir neçə məcburi şərtini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 668.1 və 668.1.3-cü maddələri bağışlama müqaviləsinin etibarlılığını daşınar əşyaların bağışlanması zamanı hədiyyə verənin əşyanı (əmlakı) hədiyyə alana verməsi ilə şərtləndirir.

İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Badamdar qəsəbəsi N.Paşayev küçəsi 17A ünvanında ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 68 kv.m olan 3 otaqlı mübahisəli evin (bağışlama müqaviləsinin predmeti) mövcud olub-olmaması sübutlar əsasında müəyyən olunmamışdır. Həmin evin yerində isə 2 mərtəbəli yeni binanın inşa edilməsi müəyyən olunmuşdur. Belə olan halda M.Hacıyev tərəfindən imzalanan bağışlama müqaviləsinin predmetinin mövcud olmaması və bu müqavilənin yalnız görünüş üçün bağlanması dəlillərinə də qiymət verilməmişdir.

Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri).

Beləliklə, Mülki Məcəllənin 337.2, 337.3, 337.4, 340.1, 666.1, 668.1 və 668.1.3-cü maddələrinin tələblərinə görə predmeti olmayan bağışlama müqaviləsi etibarlı sayıla bilməz və bağlandığı andan yalan və əhəmiyyətsiz əqd hesab olunmalıdır.

Bütün göstərilənlərə baxmayaraq Q.İbadovun kassasiya şikayətinə baxan Ali Məhkəmənin MK-nın 16 iyul 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmış, onun kassasiya şikayəti isə təmin edilməmişdir.  

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.  Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.

Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin  337.2, 337.3, 666.1, 668.1, 668.1.3-cü maddələrinin düzgün tətbiq edilməməsinə və prosessual hüquq normalarının tələblərinə əməl olunmamasına baxmayaraq, Ali Məhkəmənin MK Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinin tələbinə əməl etməmiş və həmin məhkəmənin qətnaməsini ləğv edib işi yeni baxışa göndərməmişdir. Bu da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövgeyinə görə, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir.

Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə məhkəmələr təfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir.

Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırılması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan,  ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il,  M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il  tarıxli Qərarları).

Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 16 iyul 2015-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416, 417.1.3 və 418-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada  və müddətdə yenidən baxılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işlə əlaqəli olan Sevinc Hacıyevanın şikayətini də konstitusiya məhkəmə icraatında nəzərdən keçirmişdir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 

Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Güldənə Hacıyevanın cavabdeh S.Hacıyevaya qarşı Bakı şəhəri Badamdar qəsəbəsi N.Paşayev küçəsi 17A ünvanında yerləşən evə (hazırkı iş üzrə mübahisəli ev) köçürülməsi və S.Hacıyevanın uşaqları ilə birlikdə həmin evdən çıxarılması barədə iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8 aprel 2014-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, S.Hacıyevanın evdən çıxarılması hissəsində iddia təmin edilməmişdir.

Ali Məhkəmənin MK-nın 5 sentyabr 2014-cü il tarixli Qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia S.Hacıyevanın uşaqları ilə birlikdə evdən çıxarılması hissəsində təmin olunmuşdur.

S.Hacıyeva öz növbəsində Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin MK-nın 5 senyabr 2014-cü il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu Qərara uyğun olaraq Mülki Prosessual Məcəllənin tələbləri əsasında “etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılıb ləğv edilməsinə dair” hazırkı işə baxıldıqdan və mübahisə üzrə yekun qərar qəbul edildikdən sonra, S.Hacıyeva Ali Məhkəmənin MK-nın 5 sentyabr 2014-cü il tarixli qərarını mülki prosessual qanunvericiliyə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında mübahisələndirməyə haqlıdır.   

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Qədir İbadovun Müşfiq Hacıyevə və digərlərinə qarşı “etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılıb ləğv edilməsinə dair” mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarıxli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc olunduğu qündən qüvvəyə minir.

3.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qazeti”, “ Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz

   Sədr                                                                         Fərhad Abdullayev