Decisions

20.04.15 G.Həsən-zadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 02/04/14 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN  

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

20 aprel 2015-ci il                                                                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun,

ərizəçi Gövhər Həsən-zadənin nümayəndəsi Habil İsgəndərovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdir müavini Hüseynxan Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

G.Həsən-zadə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətverərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29 və 60-cı maddələrinəvə Azərbaycan Respublikasının qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, G.Həsən-zadə ilə İlham Əskərovun birgə nikahından 19 avqust 2003-cü il təvəllüdlü Nilgün Əskərzadə anadan olmuşdur. Aralarındakı nikah 24 may 2005-ci il tarixində pozulmuşdur. Sonradan İ.Əskərov Sevda Əskərova ilə nikaha daxil olmuşdur. 11 oktyabr 2012-ci il tarixdə İ.Əskərov vəfat etmişdir.

G.Həsən-zadə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan N.Əskərzadənin İ.Əskərovun vərəsəsi kimi tanınması, Bakı şəhəri Bül-Bül prospekti ev 65B ünvanında yerləşən 11 saylı mənzilə və iki ədədavtomobilin hər birinə onun 1/3 hissədə payının tanınması və miras əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İ.Əskərovdan miras qalan avtomobillərin hər birinə vərəsə kimi S.Əskərovanın 5/6 hissədə, N.Əskərzadənin 1/6 hissədə miras payları tanınmış, iddia ərizəsi qalan hissədə rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı G.Həsən-zadənin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasənN.Əskərzadəİ.Əskərovun vərəsəsi tanınmış,İ.Əskərovdan miras qalan avtomobillərin hər birinə vərəsə kimi S.Əskərovanın 5/6  hissədə, N.Əskərzadənin 1/6 hissədə paylarımüəyyən edilmiş, iddia ərizəsi qalan hissədə rədd edilmişdir.

Ali MəhkəməninMK-nın 2 aprel 2014-cü il tarixli qərarı ilə G.Həsən-zadənin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133, 1146, 1147, 1151, 1162, 1193, 1243, 1245, 1261 və 1274-cü maddələri düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9, 14, 77, 88, 218.3, 372.4, 372.5, 416, 417 və 418-ci maddələrinin tələblərinə əməl edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat yaradır. Bu maddənin geniş şərhinə əsasən vərəsəlik hüququ vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da zəmanət yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib çıxmağı nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.(Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci ilvə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları).

Vərəsəlik hüququölmüş şəxsə (miras qoyana) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə keçməsinə hüquqi zəmanət verir. Bu hüquq miras qoyanın öz əmlakına dair sərəncam vermək hüququnun (vəsiyyət üzrə), həmin şəxs vəsiyyətnamə qoymadığı halda qanun üzrə vərəsəlik hüququnun, vərəsələrin isə miras payını əldə etmək hüququnun həyata keçirilməsinə təminat verir.

Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir(Mülki Məcəllənin 1153-cü maddəsi).

Qeyd olunan maddələrdə göstərilənlərə aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və s. aid etmək olar.

Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

Bu mənada miras qoyanın miras əmlakına daxil olan əmlakın həcminin, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejiminin (ümumi mülkiyyət rejimi) müəyyən edilməsi vərəsəlik institutunun vacibaspektlərindən biridir.

Vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir.

Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

Beləliklə, ümumi mülkiyyətə dair ər-arvad bərabər hüquqlara malikdirlər.Ümumi birgə mülkiyyətə sərəncam verilməsi mülkiyyətin bölünməsi, payların müəyyən edilməsi yolu ilə həyata keçirilə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi əsasları və qaydaları isəAilə Məcəlləsinin 36-cı maddəsində təsbit olunmuşdur.

Qeyd edilməlidir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləriçıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən mübahisəli mənzilin birgə mülkiyyət hesab edilib-edilməməsi hissəsində işə baxılarkəngöstərilən maddi hüquq normalarının müddəaları nəzərə alınmamış, cavabdeh S.Əskərova ilə miras qoyan İ.Əskərov arasında birgə nikah dövründə əldə edilmiş əmlaklara dair hər hansı sazişin, nikah müqaviləsinin və ya digər formada razılaşmanın mövcud olmamasına müvafiq hüquqi qiymət verilməmişdir. Lakin məhkəmələröz qətnamələrində hər hansı maddi hüquq normasını tətbiq etmədən, birgə nikah dövründə əldə olunmuş daşınar əmlakı birgə mülkiyyət, daşınmaz əmlakı isə birgə olmayan mülkiyyət kimi qiymətləndirmişlər.Bu isə vərəsə kimi N.Əskərzadənin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

Göstərilənlərlə yanaşı,G.Həsən-zadə konstitusiya şikayətində məhkəmələr tərəfindən mülki işə baxılarkən mülki prosessual qanunvericiliyin bir sıra normalarının pozulduğunu qeyd etmişdir.   

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalətbərpa edilsin(Konstitusiya Məhkəməsi Plenumunun S.Mahmudovanın şikayəti üzrə 1noyabr 2013-cü il tarixli Qərarı).Habelə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallara diqqət yetirilməsi həmin halların prosessual qanunvericiliyə uyğun müəyyən edilib-edilməməsindən irəli gəlir. Həmçinin, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər.(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli Qərarı).   

Bu mənada qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı mübahisə elə həll olunmalıdır ki, həmin işlə əlaqəli olan digər iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Bu baxımdan,mülki prosessual qanunvericilikdə bir sıra hüquqi prosedurlar nəzərdə tutulmuşdur.

Belə ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı,  Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır.Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər.

Qeyd olunmalıdır ki,  mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.

Belə ki, S.Əskərоvaiddia tələbinə dairetirazınıonunla əsaslandırmışdır ki, o, 16 may 2009-cu ildə miras qoyan İ.Əskərovla rəsmi nikaha daxil olmuş, nikaha daxil olanadək İ.Əskərovun evi olmamış və onlar kirayədə yaşamışlar.Bundan sonraS.Əskərоvaözünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsindəki mənzili 23 noyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında 91500 manata satmış, 18 iyul 2012-ci il tarixində isə Bakı şəhəri, Bül-Bül prospektində yerləşən 65B saylı evin 11 saylı mənzilini alqı-satqı yolu ilə almışdır.

Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədəişin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi  aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, birinci instansiya məhkəməsi miras əmlaka mübahisəli mənzilin daxil olmaması barədə S.Əskərova tərəfindən təqdim edilən etirazı əsas götürmüş, əks tərəfin bununla əlaqədar irəli sürdüyü dəlillərə əhəmiyyət verməmiş və nəticədə Mülki Prosessual Məcəllənin76, 77, 88 və 89-cu maddələrinin tələbləri ilə uzlaşmayan 4 iyun 2013-cü il tarixli qətnamə qəbul etmişdir.

Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan  istifadə edir. Həmin Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Apellyasiya instansiyası məhkəməsi ərizəçi tərəfindən birinci instansiya məhkəməsində irəli sürülən və apellyasiya şikayətində təkrarlanan dəlilləri müzakirə etməmiş, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərinə zidd olaraq gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyayaqarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar).

Mülki Prosessual Məcəllənin kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Maddi hüquq normalarına gəldikdə isə Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə görə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bu maddəyə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Lakin Ali Məhkəmənin MK qərarında gəldiyi nəticəni heç bir maddi hüquq norması ilə əsaslandırmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 2 aprel 2014-cü il tarixli qərar qəbul etmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, G.Həsən-zadənin S.Əskərovaya qarşı, yetkinlik yaşına çatmayan N.Əskərzadənin 11 oktyabr 2012-ci il tarixdə vəfat etmiş atası İ.Əskərovun vərəsəsi kimi tanınması və miras əmlakda onun 1/3 hissədə payının tanınması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 2 aprel 2014-cü il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu  

QƏRARA ALDI:

1. Gövhər Həsən-zadənin Sevda Əskərovaya qarşı, yetkinlik yaşına çatmayan Nilgün İlham qızı Əskərzadənin 11 oktyabr 2012-ci il tarixdə vəfat etmiş atası İlham Əskərovun vərəsəsi kimi tanınması və miras əmlakda onun 1/3 hissədə payının tanınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

Sədr                                                                                 Fərhad  Abdullayev