Decisions

09.07.14 M.Xocalıyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 iyun 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 4 iyun 2013-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

9 iyul 2014-cü il                                                                                              Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun,

ərizəçi Məhər Xocalıyevin nümayəndəsi Ülvi Yusifovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN   ETDİ:

Şəmkir rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Şəmkir rayonu Qasımalılar Bələdiyyəsinin (bundan sonra – Qasımalılar Bələdiyyəsi) cavabdeh Məhər Xocalıyevə və qeyrilərinə qarşı torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, torpaqdan istifadə hüququna dair şəhadətnamənin, icarə müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələblərinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə cavabdeh M.Xocalıyevin qarşılıqlı iddiası təmin edilərək, Qasımalılar Bələdiyyəsinin 8 may 2008-ci il tarixli 5 saylı və 5 fevral 2011-ci il tarixli 4 saylı qərarları etibarsız hesab edilmiş, M.Xocalıyevin icarəyə götürdüyü 5,38 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi (bundan sonra – DƏDRX-in Şəmkir Ərazi İdarəsi) tərəfindən verilmiş Daşınmaz əmlakın texniki pasportunda və 19,220 ha torpaq sahəsinə dair DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlar üzrə sərhədi müəyyən olunmuşdur.

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  (bundan sonra – Gəncə Apellyasiya Məhkəməsinin MK) 18 yanvar 2013-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Qasımalılar Bələdiyyəsinin iddia tələbi təmin edilmiş, torpaq icarəsi müqaviləsi və M.Xocalıyevin hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilmiş, M.Xocalıyevin qarşılıqlı iddiası təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 4 iyun 2013-cü il tarixli qərarı ilə M.Xocalıyevin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 158.1.2, 158.4, 375.2-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 8, 9, 14, 82.3, 88, 417 və 418-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – TM) 84-cü maddəsinin 1, 3, 4-cü bəndləri, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyələrin statusu haqqında” Qanun) 48-ci maddəsinin 4-cü bəndi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 11.3 və 11.9-cu maddələri düzgün tətbiq edilməmişdir.

Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 25, 26 və 60-cı maddələrində təsbit olunmuş hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın  59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanlarının və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırarsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar.

Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qasımalılar Bələdiyyəsinin 9 fevral 2005-ci il tarixli 1 saylı qərarı ilə həmin Bələdiyyənin mülkiyyətində olan 25 ha örüş sahəsi M.Xocalıyevə icarəyə verilmişdir.

Şəmkir rayon Məhkəməsinin 11 may 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı S.Musayevin cavabdehlər M.Xocalıyevə və Qasımalılar Bələdiyyəsinə qarşı həmin Bələdiyyənin 9 fevral 2005-ci il tarixli 1 nömrəli qərarının və icarə müqaviləsinin, Torpaqdan istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və digər tələbinə dair iddiası qismən təmin edilmiş, Bələdiyyənin qərarı və icarə müqaviləsi 0,40 ha hissədə ləğv edilmiş, M.Xocalıyevin istifadəsinə verilmiş örüş sahəsinin 24,6 ha torpaq sahəsi olan hissədə isə qüvvədə saxlanılmışdır.

İş üzrə iddiaçı S.Musayev tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2007-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin MK-nın 30 mart 2008-ci il tarixli qərarı ilə təmin edilməmişdir. 

Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra Qasımalılar Bələdiyyəsinin 8 may 2008-ci il tarixli 5 saylı qərarı ilə mübahisəli torpaq sahəsinin M.Xocalıyevə icarəyə verilməsini təsdiq edən 9 fevral 2005-ci il tarixli 1 saylı qərarı ləğv edilmişdir.

Bundan sonra M.Xocalıyevin müraciəti əsasında Qasımalılar Bələdiyyəsinin 16 dekabr 2009-cu il tarixli 1 nömrəli qərarı ilə həmin topraq sahəsi onun icarəsinə verilmişdir. Lakin Qasımalılar Bələdiyyəsi 5 fevral 2011-ci il tarixli 2 saylı qərarı ilə özünün 16 dekabr 2009-cu il tarixli qərarını ləğv etmişdir.

İşə baxmış apellyasiya və kassasiya instansiyası məhkəmələri “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinad edərək Qasımalılar Bələdiyyəsi tərəfindən 8 may 2008-ci il tarixli 5 saylı və 16 dekabr 2009-cu il tarixli 1 saylı qərarların ləğv edilməsini və M.Xocalıyevin istifadəsinə verilmiş mübahisəli torpaq sahəsinin geri alınmasını qanuni hesab etmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

Mövcud qanunvericiliyə əsasən bələdiyyələr öz səlahiyyətləri çərçivəsində, onlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyini təmin edən və hüquqi nəticələrinə görə fərqlənən müvafiq normativ hüquqi aktlar və qeyri-normativ aktlar (qərarlar) qəbul edə bilərlər.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd kimi müəyyən edilmişdir. Həmin Konstitusiya Qanununun 4.1.6-cı maddəsinə əsasən normativ xarakterli aktların sırasına yerli özünüidarə orqanlarının qərarları da daxil edilmişdir.  

Qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan topraqların icarəyə verilməsi haqqında qeyri-normativ aktlar (qərarlar) qəbul edirlər.

Bələdiyyələrin qeyri-normativ aktları (qərarları) fərdi-birdəfəlik və fərdi-müəyyən xarakter daşıyır, hüquqi faktlar və hüquq normaları əsasında qəbul olunmuş, konkret şəxsin (fiziki və ya hüquqi şəxsin) hüquqlarını, vəzifələrini və hüquq məsuliyyətinin həddini müəyyən edən normatətbiqedici (hüquqtətbiqedən akt, hüququn tətbiq edilməsi üçün aktlar) sənəddir. Onlar normayaratma fəaliyyətinin (hüquq normalarının müəyyən edilməsi ilə əlaqədar fəaliyyətin) deyil, yerli özünüidarə orqanlarının normatətbiqetmə fəaliyyətinin (hüquq normasının tətbiq edilməsi sahəsində fəaliyyətin) nəticəsi olan rəsmi sənədi ifadə edirlər.

Bununla yanaşı, mövcud qanunvericilikdə bu növ aktların ləğv olunması qaydası maraqlı şəxslərin mülki hüquqlarının və qanuni mənafelərinin pozulub-pozulmaması ilə əlaqəlidir.

Belə ki, MM-in 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

  Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən hazırkı işə münasibətdə nəzərə alınmamışdır ki, TM-in XV fəslində  torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normalar təsbit edilmişdir.

İcarə münasibətləri, bir qayda olaraq, MM-in müddəaları əsasında tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici tərəfindən 11 dekabr 1998-ci il tarixdə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq icarəsi haqqında” Qanun) qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsində qeyd olunur ki, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.

TM-in 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir. Həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir.

TM-in 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. TM-in 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli “Torpaq icarəsi haqqında” Qanunun müddəalarında da öz əksini tapmışdır. Bu Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarı əsasında pozula bilər. Həmin Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli Qərarında “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 2-ci bəndinin “bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər” müddəası ilə bağlı göstərilmişdir ki, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz.

 Beləliklə, mübahisəli torpaq sahəsinin M.Xocalıyevə icarəyə verilməsi barədə Qasımalılar Bələdiyyəsinin əvvəlki qərarlarının Bələdiyyənin özü tərəfindən ləğv edilməsini qanuni hesab edərkən, məhkəmələr yuxarıda istinad olunan maddi hüquq normalarını düzgün tətbiq və şərh etməmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu Qasımalılar Bələdiyyəsinin 8 may 2008-ci il tarixli 5 saylı qərarı ilə həmin Bələdiyyənin 9 fevral 2005-ci il tarixli 1 saylı qərarının ləğv edilməsi məsələsinə münasibətdə qeyd edir ki, bu qərarın məzmunundan məlum olduğu kimi onun qəbul edilməsinin əsasını məhz qanuni qüvvəyə minmiş və icraya yönəlmiş Şəmkir rayon Məhkəməsinin 11 may 2007-ci il tarixli qətnaməsi təşkil edir. Belə olan halda Konstitusiyanın 145-ci maddəsində və “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci bəndində müəyyən edilmiş qaydadan fərqli olaraq, bu növ qərarların qəbul edilməsi bələdiyyənin həyata keçirilən inzibati – hüquqi fəaliyyəti ilə, yəni səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsi ilə deyil, məhz müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına yönəlmişdir.  

Nəzərə alınmalıdır ki, Konstitusiyanın 129-cu maddəsinin I və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Göründüyü kimi, Şəmkir rayon Məhkəməsinin 11 may 2007-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli topraq sahəsinin M.Xocalıyevə icarəyə verilməsinin qanuni olub-olmamasına müvafiq hüquqi qiymət verilmişdir.     

Lakin göstərilənlərə əsaslanaraq apellyasiya və kassasiya instansiyaları məhkəmələri MPM-in 82.3-cü maddəsini tətbiq etməmiş, mübahisəli torpaq sahəsinin M.Xocalıyevin qanuni istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən bunu sübut etməkdən azad olunan hal kimi qiymətləndirməmişlər.  

 Eyni zamanda, kassasiya instansiyası məhkəməsi bununla bağlı ərizəçinin dəlillərinin əsassız olduğunu onunla əsaslandırmışdır ki, Şəmkir rayon Məhkəməsi tərəfindən baxılan mülki iş üzrə iddia tələbləri məhz cavabdeh qismində iştirak etmiş M.Xocalıyevə yönəlmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin iddia tələbləri M.Xocalıyevlə yanaşı, mülki iş üzrə cavabdeh qismində iştirak etmiş Qasımalılar Bələdiyyəsinə də qarşı irəli sürülmüşdür.

 MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı omayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. 

M.Xocalıyevin şikayətində göstərilən digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiqi məsələsi xüsusi əhəmiyyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır.

 Ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır.

Mülki proses qarşılıqlı iddia institutu vasitəsilə dispozitivlik və çəkişmə prinsipləri əsasında mübahisədə öz mövqeyini müdafiə etmək üçün cavabdeh tərəfi prosessual hüquqlar məcmusu ilə təmin etmişdir.

 MPM-in 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

  Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələb və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır.

  Qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır ( MPM-in 82-ci maddəsi).

  Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ilkin və ya qarşılıqlı iddia tələbləri işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Qarşılıqlı iddia ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilməsi mümkündür.

MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia (qarşılıqlı iddia) hüququndan istifadə edirlər.

İddiaçının cavabdeh tərəfindən müddətin ötürülməsinə dair ərizəsinin məhkəmə tərəfindən qəbul olunması və qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair vəsatətin təmin edilməsi halında mülki məhkəmə icraatının prinsipləri pozulmuş olur, cavabdehin müdafiə üsulu isə qeyri-bərabər qaydada məhdudlaşdırılır (prosessual hüquqlar məhdudlaşdırılır). Cavabdeh yalnız passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Belə passiv müdafiə isə cavabdehin pozulmuş hüquqlarını müdafiə edə bilməməsinə, bununla da mülki mühakimə icraatının prinsiplərinin pozulmasına gətirib çıxarır.

İddia müddətinin keçməsinə dair ərizə vermək hüququnu həyata keçirərkən iddiaçı, məhkəmə tərəfindən yalnız ilkin iddianın baxılmasının mümkünlüyünə çalışır. Yalnız ilkin iddiaya baxılması isə bərabərlik və tərəflərin hüquq bərabərliyi prinsiplərinin pozulmasına səbəb olur. Bundan əlavə, iddiaçının bu cür vəsatətinin təmin olunması onun cavabdehlə müqayisədə daha üstün mövqeyə malik olmasına gətirib çıxarır.

Lakin Gəncə Apellyasiya Məhkəməsi cavabdeh M.Xocalıyevin Qasımalılar Bələdiyyəsinin 8 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə, iddiaçı tərəfindən bu məhkəmə instansiyasına təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəni əsas götürərək iddia müddətini tətbiq etmişdir. Bu isə Konstitusiyada və Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.

MPM-in kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

M.Xocalıyevin kassasiya şikayəti əsasında mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmamasına lazımi diqqət yetirməmiş, nəticədə MPM-in 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 4 iyun 2013-cü il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüququnun pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Şəmkir rayonu Qasımalılar Bələdiyyəsinin cavabdeh M.Xocalıyevə və qeyrilərinə qarşı torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, torpaqdan istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 4 iyun 2013-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və MPM-in 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA   ALDI:

1. Şəmkir rayonu Qasımalılar Bələdiyyəsinin cavabdeh M.Xocalıyevə və qeyrilərinə qarşı torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, torpaqdan istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 iyun 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                               Fərhad Abdullayev