Decisions

04.07.14 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair

4 iyul  2014-cü il                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov və İsa Nəcəfovdan ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq elmləri doktoru Mövsüm Mövsümovun,        

mütəxəssis Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231.4-cü maddəsinin həmin Məcəllənin 4.1-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60, 127-ci maddələri baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz rayon Məhkəməsinin 3 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə F.Bayramovanın B.Alxasova və T.Alxasovaya qarşı evdən çıxarılma barədə iddiası təmin edilmişdir. 

 Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Xaçmaz rayon məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə B.Alxasov və T.Alxasovanın F.Bayramovaya qarşı mübahisəli yaşayış evinin tikintisinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilərək, F.Bayramovadan Alxasovların xeyrinə 7586 manat ödənilməsi qət edilmişdir. Bu qətnamə də qanuni qüvvəyə minmişdir.

Birinci instansiya məhkəməsinin 3 sentyabr 2012-ci il tarixli qətnaməsinin icrası gedişində Alxasovlar qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Xaçmaz rayon məhkəməsinin 19 dekabr 2013-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Göstərilən qərardaddan verilən şikayət isə həmin məhkəmənin 30 dekabr 2013-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

Xaçmaz rayon məhkəməsinin 30 dekabr 2013-cü il tarixli qərardadından Alxasovlar Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər.

Sumqayıt Apellyasiya Məhkəməsi müraciətində göstərmişdir ki, MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

Həmin Məcəllənin 231.4-cü maddəsinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Müraciət edənin qənaətinə görə MPM-in qeyd olunan normalarının tətbiq edilməsi məsələsində fikir ayrılığı mövcuddur. Bəzi hakimlər bu növ qərardadlardan hər iki tərəfin apellyasiya şikayəti vermək hüququnun olması ilə razılaşsalar da, digərləri maddədəki “qətnamənin icrasına möhlət verilməsi” ifadəsinə əsaslanaraq, xüsusilə də “möhlət verilməsi” müddəasını hərfi mənada şərh edərək yalnız ərizənin təmin olunması hallarında belə hüququn yaranmasında israrlıdırlar.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.

MPM mülki məhkəmə icraatının ümumi qaydalarını, o cümlədən icraatın prinsiplərini və şərtlərini, işdə iştirak edən şəxsləri və mülki prosesin digər iştirakçılarını, onların hüquq və vəzifələrini müəyyən etməklə yanaşı,  ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, məhkəmə aktlarının qəbulu və icrası, onlardan şikayət verilməsi, bu şikəyətlərə baxılması qaydasını tənzimləyir.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2-ci maddəsi). Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi).

Birinci instansiya məhkəmələrində işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. Birinci instansiya məhkəməsində mülki məhkəmə icraatı məhkəmə baxışı həyata keçirildikdən sonra yekunlaşdırılır. Bu icraat, bir qayda olaraq, işi mahiyyəti üzrə həll edən qətnamənin və ya icraata xitam verilməsi haqqında qərardadın qəbulu ilə sona çatır. Məhkəmə baxışında həmçinin digər növ məhkəmə aktı – qərardad qəbul oluna bilər.

Məhkəmə qərardadı işi mahiyyəti üzrə həll etməyən, lakin məhkəmə və ya hakimin iddianı icraata qəbul etmək, iddianı baxılmamış saxlamaq, icraatı dayandırmaq, ona xitam vermək  və MPM-də nəzərdə tutulmuş digər hüquqi səlahiyyətlərindən istifadə olunmasını rəsmiləşdirən məhkəmə aktıdır. 

Məhkəmə    tərəfindən    ayrıca    akt   şəklində   qəbul   edilmiş   qərardaddan

MPM-də göstərilmiş hallarda işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər (MPM-in 267.1 və 267.2-ci maddələri).

Beləliklə, yuxarıda qeyd olunduğu kimi, MPM iddia və ya digər növ  ərizələrin verilməsi, onların məhkəmə icraatına qəbul edilməsi, işlərə baxılması, məhkəmə aktlarının çıxarılması, həmin aktların icrası, onlardan şikayət  verilməsi və məhkəmə aktlarına yenidən baxılması ilə bağlı məhkəmələrin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının bütün hərəkətlərini prosessual baxımdan tənzimləyir.

Məhz bu prosessual hərəkətlərin məcmusu, habelə məhkəmə, tərəflər və ya mülki prosesin digər iştirakçılarının prosessual hüquq və vəzifələri mahiyyətcə mülki məhkəmə icraatını təşkil edir.

Mülki məhkəmə icraatında birinci və ya apellyasiya instansiyası məhkəmələrində qəbul olunan bütün məhkəmə aktları qüvvəyə mindikdən sonra icraya yönəldilir.

Ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır.

Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri)

“İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər.

Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir.

Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir.

Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir.

Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılmasını, həmçinin onların icrasına möhlət verilməsini də nəzərdə tutmuşdur.

MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər.

Bununla yanaşı, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

 Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun.

Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə:

- möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz);

- möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz;

- icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz.

Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ  məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.

Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin II hissəsi, 127-ci maddəsinin IV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır.

Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında  əsaslandırmalıdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).

Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35).

Qeyd olunmalıdır ki, MPM-də məhkəmələr tərəfindən işin mahiyyəti üzrə qəbul edilmiş qətnamə və qərarlardan və ya işi mahiyyəti üzrə həll etməyən, ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan tərəflərin şikayət verməsinin mümkünlüyü heç bir istisna halı müəyyən edilmədən təsbit olunmuşdur. Belə ki, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada mülki işlər üzrə məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri verilə bilər. Qanunverici tərəfindən məhkəmə aktlarından şikayət verilməsini tənzimləyən belə bir qaydanın müəyyən edilməsi qanunsuz və əsassız çıxarılmış məhkəmə aktlarının, o cümlədən qətnamələrin ləğv edilməsinə və ya dəyişdirilməsinə imkan yaradır, hər bir mübahisənin hüquq və ədalət əsasında həllinə təminat verir.

İnsan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş, hüquq və azadlıqların məhkəmə təminatını, məh­kəməyə təkrar müraciət etmək hüququnu və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtlərini müəyyənləşdirən Konstitusiya müd­dəaları mühüm əhəmiyyət kəsb edir (Konstitusiyanın 60, 71 və 127-ci maddəri).

Belə ki, Konstitusiyanın 127-ci maddəsinin IV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu konstitusiya müddəası hər kəsin hüquq və azadlıqlarının yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyaları məhkəmələrində də müdafiəsinə təminat verir. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

Məhkəmə qərarından şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi, həmçinin belə möhlətin verilməsindən imtina edilməsi barədə qərardadlardan tərəflərin şikayət vermək hüququ təmin edilməli, MPM-in 231.4-cü maddəsinin müddəaları isə tərəflərdən hər hansı birinin şikayət vermək hüququnu məhdudlaşdıran norma kimi qəbul edilməməlidir.

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, MPM-in 231.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin olunub-olunmamasından asılı olmayaraq, işdə iştirak edən şəxslərin məhkəmə qərardadından şikayət vermək hüququnu ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin olunub-olunmamasından asılı olmayaraq, işdə iştirak edən şəxslərin məhkəmə qərardadından şikayət vermək hüququnu ehtiva edir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                        Fərhad Abdullayev