Decisions

25.02.14 O.Gərəkməzlinin şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

O.Gərəkməzlinin  şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli  qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

25 fevral 2014-cü il                                                                                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Oqtay İsa oğlu Gərəkməzlinin,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Mayis Əliyevin,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında O.Gərəkməzlinin şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

Cavabverən tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi işin baxılma tarixi və yeri barədə qabaqcadan xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

İnzibati işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, O.Gərəkməzli 1980-1987-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununa (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) əsasən O.Gərəkməzliyə 2003-cü ildə əmək pensiyası təyin edilmişdir.

Sonradan “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 8 oktyabr 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin vəzifə maaşının 25 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı və “Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə Ali Məhkəmənin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə verilməsi müəyyən edilmişdir.     

O.Gərəkməzli həmin əlavələr nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Yasamal rayon şöbəsinə müraciət etmişdir.

DSMF-nin Yasamal rayon şöbəsinin imtina cavabından sonra O.Gərəkməzli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təyin edilmiş pensiyanın miqdarının dəyişdirilərək yenidən hesablanması barədə iddia qaldırmışdır.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 yanvar 2012-ci il tarixli qərarı ilə O.Gərəkməzlinin iddiası təmin edilmış və onun əmək pensiyasının 1 noyabr 2010-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsi DSMF-nin Yasamal rayon şöbəsinə həvalə edilmişdir. 

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin İİK) 11 aprel 2012-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İİK) 25 iyul 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nin 11 aprel 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin İİK-nin 26 dekabr 2012-ci il tarixli  qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə nəzərə alınmaqla, O.Gərəkməzlinin əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qərara alınmışdır. Lakin həmin qərarda Ali Məhkəmənin hakimlərinin vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının O.Gərəkməzlinin pensiyası yenidən hesablanarkən əlavə edilməsi nəzərdə tutulmamışdır.

Ali Məhkəmənin İİK-nin 13 mart 2013-cü il tarixli qərarı ilə iddiaçı O.Gərəkməzlinin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İİK-nin 26 dekabr 2012-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır.

O.Gərəkməzli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmənin İİK-nin 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci və altıncı hissələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 20.1.4 və 20.7-ci maddələri düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) tətbiq edilməli olan bir sıra normaları tətbiq edilməmişdir.

Həmçinin O.Gərəkməzli şikayətində belə mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin olmadığını qeyd etmiş və Ali Məhkəmənin bir neçə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının surətlərini Konstitusiya Məhkəməsinin Plenumuna təqdim etmişdir.

Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 25 və 60-cı maddələrində təsbit olunmuş bərabərlik hüququ, habelə hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin I və II hissələri, 128-ci maddəsinin I və II hissələri).

Bununla əlaqədar olaraq dövlət  hakimə və onun peşəkarlığına  yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun  fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il, 29 aprel 2003-cü il və 18 iyul 2008-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə də onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.

Hakimlərin statusunun konstitusiya–hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.

“Hakimlərin Statusuna dair Avropa Xartiyasının” 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.

Beləliklə, hakimlərin sosial müdafiəsinə yönələn pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq məqsədilə Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların tərkib hissəsidir.

Konstitusiyanın 25-ci maddəsinin I  hissəsinə görə, hamı  qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar  ayrı-seçkilik xarakteri daşıyır.       

Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur.

Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı).        

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

Konstitusiya şikayətinə əlavə olunmuş Ali Məhkəmənin qeyd olunan qərarlarından göründüyü kimi, eyni statusda olan sabiq hakimlərə əmək pensiyası hesablanması məsələsində fərqli yanaşmalara yol verilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində ərizəçinin Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 131-ci maddəsinin I hissəsinin, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 77-ci maddəsinin I hissəsinin müddəalarına əsasən kassasiya instansiyası məhkəməsi hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasının məhkəmə təcrübəsini formalaşdırmalıdır. 

Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Belə ki, bu konstitusiya təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə, məhkəmə aktı qanunsuz hesab edilə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarı; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

Avropa Məhkəməsi hüquqi məsələlərə dair vahid məhkəmə təcrübəsinin vacibliyinə toxunaraq qeyd etmişdir ki, milli məhkəmələrin təcrübəsində sabitliyi təmin edən mexanizm olmadıqda, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələyə dair məhkəmə təcrübəsində dərin və davamlı fərqlər qeyri-müəyyənlik yaratmış və məhkəmə sisteminə qanunun aliliyinə əsaslanan dövləti səciyyələndirən amillərdən biri olan ictimai etimadı azaltmış olur (Padararu Rumıniyaya qarşı iş üzrə 01 dekabr 2005-ci il tarixli qərar, § 98).    

İnzibati Prosessual Məcəllənin 96.10-cu maddəsində kassasiya instansiyası məhkəməsinin bütün hallarda öz qərarını əsaslandırmağa borclu olduğu müəyyən edilmişdir. Bu tələb, həmçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Həmin Məhkəmənin presedent hüququna görə Konvensiyanın 6-cı maddəsinin müddəası məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir (Juez Albizu İspaniyaya qarşı iş üzrə 10 noyabr 2009-cu il tarixli qərar, § 21).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli; Garsiya Ruiz İspaniyaya qarşı iş üzrə 21 yanvar 1999-cu il tarixli; Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarları).

Lakin Ali Məhkəmənin İİK-nin 25 iyul 2012-ci il tarixli qərarında iş üzrə tətbiq olunan maddi hüquq normalarının hüquqi məzmunu düzgün şərh edilməmiş və həmin normaların necə başa düşülməli olması aydın formada izah edilməmişdir.

Eyni zamanda, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin İİK-nin 26 dekabr 2012-ci il tarixli qərarında həqiqətə nail olmaq üçün prosessual qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, əksinə heç bir hüquqi əsas göstərmədən O.Gərəkməzliyə yalnız “Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ali Məhkəmənin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavələrin şamil edilməsi nəticəsinə gəlmişdir.

İnzibati prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. (İnzibati Prosessual Məcəllənin 91, 96.5-ci maddələri).

O.Gərəkməzlinin kassasiya şikayəti əsasında ikinci dəfə inzibati işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə lazımi diqqət yetirməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 91, 96.5-ci maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

Bu isə öz növbəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati iş üzrə Ali Məhkəmənin İİK-nin 13 mart 2013-cü il tarixli qərarı Konstitusiyanın 25-ci maddəsinə, 60-cı maddəsinin I hissəsinə və İnzibati Prosessual Məcəllənin 91 və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Oqtay Gərəkməzlinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı təyin edilmiş pensiyanın miqdarının dəyişdirilərək yenidən hesablanması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                     Fərhad Abdullayev