Decisions

03.05.12 Ə.Ə.Nəsibovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 15/04/11 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan  Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

3 may 2012-ci il                                                                                                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

 məhkəmə katibi İsmayıl İsmayılovun,

 ərizəçinin nümayəndələri Zaur Niftəliyev və Azər Tağıyevin,

 cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Günel Əliyevanın iştirakı ilə,

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Mülki işin materiallarından və şikayətdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə Gündüz Şahverdiyevin Əsgər Nəsibova və qeyrilərinə qarşı əqdin etibarlı hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair iddiası rədd edilmişdir.

 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Sumqayıt Apellyasiya Məhkəməsinin MK) 05 mart 2010-cu il tarixli qətnaməsi ilə G.Şahverdiyevinapellyasiya şikayəti təmin olunmamış və qətnamə dəyişdirilmədənsaxlanılmışdır.

 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 30 iyun 2010-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması ücün həmin məhkəməyə göndərilmişdir.

 Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 19 noyabr 2010-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia təmin olunmuşdur. Qeyd olunan qətnamə Ali Məhkəmənin MK-nın 15 aprel 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədənsaxlanılmışdır.

 Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2011-ci il tarixli qərardadına əsasən Ə.Nəsibovanın əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.

 Ə.Nəsibovun hüquqi varisi ərizəçi Əsmət Nəsibova (Sərdərova) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətdə qeyd etmişdir ki, atasının mülkiyyətçisi olduğu mənzili üç il müddətinə kirayəyə verməsi, onun savadsızlığından istifadə edilərək etibarnamə alınması, hazırda bütün ailə üzvlərinin həmin mənzildə pasport qeydiyyatında olmaları və iddia müddətinin buraxılması məsələlərinə məhkəmələr tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Habelə ərizəçi iş üzrə apellyasiya instansiyası məhkəməsinin qeyri-obyektiv araşdırma nəticəsində qəbul etdiyi qətnamənin 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – əvvəlki MM) 230-cu maddəsinin tələbinə zidd olduğunu, həmin qətnamənin Ali Məhkəmənin MK tərəfindən əsassız olaraq qüvvədə saxlanıldığını və bununlada onun və ailə üzvlərinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29, 43, 60-cı maddələrində və 71-ci maddəsinin I hissəsində, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit olunmuş hüquq və təminatlarının pozulduğunu göstərmişdir.

 Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, G.Şahverdiyev iddiasını belə əsaslandırmışdır ki, Ə.Nəsibov onunla mülkiyyətində olan iki otaqlı mənzilin alqı-satqısına dair razılığa gəlmiş və Sumqayıt şəhəri, 3 saylı Dövlət Notariat kontorunda G.Şahverdiyevə etibarnamə vermişdir. Ə.Nəsibovun arvadı M.Nəsibova mənzilin satılmasına yazılı formada etiraz etməmişdir. G.Şahverdiyev mənzilin müqabilində Ə.Nəsibova 4000 ABŞ dolları ödəmiş, əvəzində Ə.Nəsibov mənzilin sənədlərini ona verərək ailəsi ilə birgə evdən çıxmış, lakin iş yeri üzrə ev növbəsini itirməmək üçün mənzildə pasport qeydiyyatında qalmalarını ondan xahiş etmişdir. G.Şahverdiyev 2001-ci ilədək həmin mənzildə yaşamış, sonra yaxın qohumu T.Eminova kirayəyə verərək Moskva şəhərinə köçmüş, 2008-ci ildə isə xəbər tutmuşdur ki,T.Eminovməhkəmə qətnaməsinə əsasən mənzili öz mülkiyyətinə keçirmişdir. Lakin həmin məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilmişdir. Bundan sonra G.Şahverdiyev hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

 İddianı rədd edən birinci instansiya məhkəməsi və bu məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamış apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri aktları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə istinad edərək onunla əsaslandırmışlar ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, mübahisəli mənzilin mülkiyyətçisi Ə.Nəsibov tərəfindən iddiaçı G.Şahverdiyevin adına yalnız üç il müddətinə etibarnamə verilmiş, etibarnamənin müddəti bitmiş və həmin müddət ərzində G.Şahverdiyev mübahisəli mənzillə bağlı heç bir hərəkət etməmiş, eləcədə Ə.Nəsibovun adından heç bir əqdbağlamamışdır.

 G.Şahverdiyevinkassasiya şikayəti üzrə işə baxan Ali Məhkəmənin MK apellyasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki MM-in 43-cü maddəsinin tətbiq edilməli olması qənaətinə gələrək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2009-cu il tarixli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytarmışdır.

 İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin MK MPM-in 420-ci maddəsinə əsaslanaraq qəbul etdiyi 19 noyabr 2010-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli qətnaməsini ləğv edərək G.Şahverdiyevin iddiasının təmin edilməsi, onunla Ə.Nəsibov arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və G.Şahverdiyevin mübahisəli mənzilə mülkiyyət hüququnun tanınmasını qət etmişdir.

 Ali Məhkəmənin MK 15 aprel 2011-ci il tarixli qərarı ilə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır.

 Ə.Nəsibovanın şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

 Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

 Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

 Konstitusiya və beynəlxalq müqavilələrin normalarından irəli gələn və onu inkişaf etdirən mülki qanunvericilik mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

 Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

 Hazırki iş üzrə tərəflər arasında münasibətlər 1997-ci ildə yarandığından mübahisənin həlli də əvvəlki MM-in normaları ilə tənzimlənməlidir. Əvvəlki MM-in 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır.

 Eyni zamanda, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər.

 Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən normanın tələbini nəzərə almamış, Ə.Nəsibovun 1977-ci il təvəllüdlü, yetkinlik yaşına çatmış qızı Zeynəb Nəsibovanın mübahisəli mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq mənzilin satılmasına dair onun razılığının alınmamasına diqqət yetirməmişdir.

 Eləcə də, Sumqayıt Apellyasiya Məhkəməsinin MK cavabdehin əqdirəsmiləşdirməkdən yayınması məsələsini araşdırmayaraq ona hüquqi qiymət verməmiş və mübahisəni əvvəlki MM-in 43-cü maddəsi əsasında həll etmişdir.

 Həmin maddənin I hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsiəqdinetibarsızlığına səbəb olur. Əvvəlki MM-in 39-cu maddəsinin mahiyyətinə görə evin alqı-satqı müqaviləsi əqddir və belə əqdlərin notariat formasının məcburiliyi həmin Məcəllənin 230-cu maddəsində təsbit olunmuşdur.

 Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin II hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.

 Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir.

 Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir.

 Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır:

 - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli;

 - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;

 - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

 Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

 Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

 Buna baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin MK hazırki iş üzrə əvvəlki MM-in tətbiq edilməli olan normalarını tətbiq etməmiş, 43-cü maddəsini isə düzgün şərh etməyərək G.ŞahverdiyevləƏ.Nəsibov arasında alqı-satqı müqaviləsini bağlanmış hesab etmişdir.

 Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər.

 Bununla yanaşı, işə baxan məhkəmələr iddia müddəti institutunun mülki işin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almamış və nəticədə qanunun tələbinə uyğun olmayan qərar qəbul etmişlər.

 Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

 Həmin norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır və şəxsin öz hüquqlarını və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz.

 Əvvəlki mülki qanunvericilik iddia müddətləriilə bağlı birmənalı qaydalar müəyyənləşdirmişdi. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfin hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmirdi. Iddia müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa bütün tələblərə şamil edilirdi.

 İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi əvvəlki MM-in 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən etməsini nəzərə almamışdır. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

 Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar 30 iyun 2005-ci il tarixli, R.Salamovun şikayəti ilə əlaqədar 30 oktyabr 2007-ci il tarixli, V.Ozerovun şikayəti üzrə15 aprel 2011-ci il tarixli və s. Qərarları).

 Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

 İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33).

 Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan əvvəlki MM-in 73, 77, 78, 82 və 230-cu maddələrini tətbiq etməmiş, həmin Məcəllənin 43-cü maddəsini isə düzgün şərh etməmişdir.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 416, 417.1.3 və 418.1-ci maddələri).

Lakin Ali Məhkəmənin MK Sumqayıt Apellyasiya Məhkəməsinin MK tərəfindən yuxarıda qeyd olunan normaların pozulmasına əhəmiyyət verməmiş, 15 aprel 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 19 noyabr 2010-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamaqla, əvvəlki MM-in 43, 73, 77, 78, 82, 230-cu və MPM-in 416, 417 və 418-ci maddələrinin tələblərinə əməl etməmişdir.

Eyni zamanda, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətində bu xarakterli mübahisələrlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun İ.Rəcəbovun işi üzrə formalaşdırdığı hüquqi mövqeyinin mövcudluğunu göstərməsinə baxmayaraq şikayətin bu dəlilinə heç bir qiymət verməmişdir.

Göründüyü kimi, mülki işə təkrar baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan normaların pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Ə.Nəsibovun Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququ və 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu normanın mənasına görə şəxsin məhkəmə müdafiəsi hüququ hər hansı bir çərçivə ilə məhdudlaşdırıla bilməz və bu bütün məhkəmə instansiyalarına aiddir.

 İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

 Beləliklə, Konstitusiyanın, beynəlxalq hüquqi aktların tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə məhkəmə müdafiəsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.

 Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, G.ŞahverdiyevinƏ.Nəsibova və qeyrilərinə qarşı əqdin etibarlı hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi iddiasına dair iş üzrə Ali Məhkəmənin MK-nın 15 aprel 2011-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərarda əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. G.Şahverdiyevin Ə.Nəsibova və qeyrilərinə qarşı əqdin etibarlı hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinskiraboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                                        Fərhad Abdullayev