Decisions

02.04.12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı

maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

02 aprel 2012-ci il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Ceyhun Qaracayev, Rövşən İsmayılov, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Şamil Rzaquliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Məleykə Bayramovanın,

mütəxəssis Qasım Rəhimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı  maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu və Gəncə Apellyasiya Məhkəməsinin müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

 Azərbaycan Respublikası Prokurorluğu (bundan sonra – Prokurorluq) sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəasının, həmin Məcəllənin 60-cı maddəsinin “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəasının, törədilməsinə görə daha ciddi cəza növü olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlər üzrə CM-in 60-cı maddəsinin tətbiq olunub-olunmamasının mümkünlüyünün şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, CM-in 59.1.9-cu maddəsində “könüllü gəlib təqsirini boynuna alma” cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərdə tutulmuşdur. Cinayət qanununda “könüllü gəlib təqsirini boynuna alma” müddəasınınistifadə edilməsinə baxmayaraq onun anlayışı CM-də, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (bundan sonra – CPM) açıqlanmamışdır. “Könüllü gəlib təqsirini boynuna alma” müddəasına cinayət mühakimə icraatında tez-tez, lakin fərqli hallar üzrə istinad edildiyindən onun mahiyyətinin aydınlaşdırılmasına ehtiyac vardır. Belə ki, bəzən cinayət əməlini onu tanıyan şəxslərin və ya aşkar surətdə çoxsaylı insanların qarşısında törədən, ibtidai araşdırma orqanına cinayətin onun tərəfindən törədilməsi məlum olan, habelə axtarışda olan şəxsin özünü hüquq-mühafizə orqanlarına təqdim etməsi məhkəmələr tərəfindən könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilərək yüngülləşdirici hal kimi cəza təyini zamanı nəzərə alınır.

 Sorğuda qeyd olunur ki, məhkəmələr müəyyən hallarda CM-in 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallardan birinin olması ilə kifayətlənirlər. Sorğuverənin mülahizəsinə görə CM-in 59.1.9-cu maddəsində “və ya” bağlayıcısından istifadə edilmədiyindən həmin maddənin cəzanı yüngülləşdirən hal kimi tətbiqi üçün könüllü gəlib təqsirini boynuna almış şəxsin cinayətin açılmasına, onun iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi də zəruri şərt kimi qəbul olunur. Belə hallar CM-in 60-cı maddəsinin bu qaydada tətbiqinin mümkünlüyünü şübhə altına alır.

Sorğuda həmçinin CM-in Xüsusi hissəsinin maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan xüsusilə ağır cinayət törətmiş şəxslərə münasibətdə həmin Məcəllənin 60-cı maddəsinin tətbiq edilib-edilməməsi məsələsinin şərh olunması da xahiş olunur. Sorğuverən hesab edir ki, ömürlük azadlıqdan məhrum etmə cəzası müddətsiz cəza növü olduğundan CM-in 60-cı maddəsinin həmin şəxslərə şamil olunub-olunmaması  qanunvericilikdə birmənalı həllini tapmamışdır.

Eyni zamanda, Gəncə Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətdə CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan “könüllü gəlib təqsirini boynuna alma” və həmin Məcəllənin 60-cı maddəsində göstərilən “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 57, 60 və 71-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş S.Qasımov qisas almaq məqsədilə aralarında yaranmış mübahisə zəminində S.Xəlilovu qətlə yetirmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2011-ci il tarixli hökmü ilə S.Qasımov CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hökmdən verilən apellyasiya şikayətinə baxarkən CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan “könüllü gəlib təqsirini boynuna alma” və həmin Məcəllənin 60-cı maddəsində nəzərdə tutulan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəalarının şərh edilməsinə zərurət olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, göstərilən müddəaların eyni cür başa düşülməməsi və müxtəlif qaydada tətbiq edilməsi məhkəmə təcrübəsində fikir ayrılıqlarına səbəb olur.

 Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda və müraciətdə qaldırılan məsələlərin düzgün həll edilməsi üçün cəzanın təyin edilməsinin ümumi əsasları kimi cəzanı yüngülləşdirən və ağırlaşdıran halların cinayət  və cinayət-prosessual hüquqi baxımdan araşdırılması  zəruridir.

CM-in vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir (CM-in 2-ci maddəsi). 

CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

 Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

 Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.

Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.

Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır.

CM-in 59.1.9-cu maddəsində “könüllü gəlib təqsirini boynuna alma” cəzanı yüngülləşdirən hallardan biri kimi müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur.

Nəzərə alınmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma hər bir konkret halda səmimi peşmançılıqla birbaşa bağlı olmasa da, şəxsin özünü istintaq və təhqiqat orqanına könüllü təqdim etməsi, törədilmiş və ya hazırlanan cinayət yaxud onda iştirakı barədə düzgün məlumatlar verməsi müəyyən dərəcədə onun səmimiliyinin göstəricisidir. Şəxsin könüllü gəlib təqsirini boynuna almasının səmimi peşmançılıq, təqsirin etirafı və ya öz davranışının qınanması halları ilə də müşayiət olunması istisna edilmir.

Xüsusilə vurğulanmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır.  Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, CM-in 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən yüngülləşdirici hal kimi könüllü gəlib təqsirini boynuna alma yalnız təqsirkarın özünün etiraf etdiyi cinayətlərlə əlaqədar olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu könüllülük meyarı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərə istinad edilməsini zəruri hesab edir.

Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında könüllülüyü şəxsin öz təşəbbüsü ilə əlaqələndirmiş və ona edilən hər hansı bir təsirin (psixi və ya fiziki) qeyri-qanuni olması qənaətinə gəlmişdir.

Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, könüllülük özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, “...CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar.”

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası şəxsin azad, könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir:

·  cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması;

·  cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması;

·   hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması;

·   hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması;

·  açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır);

·        cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi.

Konstitusiya Məhkəməsinin Plenumu könüllü gəlib təqsirini boynuna alma barədə şəxsin hərəkətinin cinayət-prosessual qaydada rəsmiləşdirilməsinin həyata keçirilməsini tənzimləyən CPM-in bir sıra müddəalarının təhlilini zəruri hesab edir.

CPM-də cinayət işinin başlanmasına səbəb kimi müxtəlif subyektlərdən (fiziki, hüquqi şəxslər və vəzifəli şəxslər) və kütləvi informasiya vasitələrindən cinayət hadisəsi barədə daxil olmuş məlumatlar göstərilmişdir.Belə ki, CPM-in 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 204.7-ci maddəsinə görə isə 204.1, 204.2, 204.4 və 204.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar könüllü gəlib təqsirini boynuna alma halında cinayət işinin başlanması üçün əsaslardan biri hesab edilir.

Göründüyü kimi, könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır.

Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, konüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırıb müəyyən etməlidir.

Sorğuda qaldırılan digər məsələ, yəni cinayət törətmiş şəxsin istintaq və ya təhqiqat orqanına könüllü gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edib təqsirini boynuna alması, lakin cinayət mühakimə icraatının sonrakı mərhələlərində törətdiyi cinayət əməlini etiraf etməməsinə görə məhkəmə tərəfindən onun könüllü gəlib təqsirini boynuna alması faktının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə bağlıdır.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət mühakimə icraatının sonrakı mərhələlərində şəxsin törətdiyi cinayət əməlini etiraf etməməsi könüllü gəlib təqsirini boynuna almanın cəzanın təyin edilməsi zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə nəticələnməməlidir. Könüllü təqsirini boynuna alma cinayət törətmiş şəxs tərəfindən təzyiqsiz və şüurlu şəkildə edilən hərəkətdir. Buna görə də, icraatın sonrakı mərhələlərində şəxsin öz ifadələrini etiraf etməməsi, məhkəmələr tərəfindən könüllü gəlib təqsirini boynuna almanın cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməməsi üçün əsas ola bilməz.

Həmçinin nəzərə alınmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma istintaq hərəkəti olmadığından (CPM-in 134-cü maddəsi) və CPM-in 124.2-ci maddəsində göstərilən sübutlara aid edilmədiyindən yalnız cinayət haqqında verilmiş məlumat hesab edilə bilər (CPM-in 204-cü maddəsi). Bu halda şəxsin təqsirli olub-olmaması həmin məlumata əsasən deyil, iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən müəyyən edilməlidir. Digər tərəfdən isə şəxsin yalnız ilkin etirafı onun cinayətin törədilməsində təqsirli olmasına dəlalət etmir və həmin etiraf sübutlarla təsdiq edilməlidir.

Beləliklə, cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması cinayət-prosessual qanunvericilikdə sübut kimi deyil, cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı öz təqsirini inkar etməsi həmin halın cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinə mane olmur.

Sorğu və müraciətdə şərh edilməsi xahiş olunan CM-in 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan yüngülləşdirici hallardan birinin olmasının kifayət edib-etməməsi və ya hər iki maddədə göstərilən halların birlikdə olması məsələsi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında qanunverici tərəfindən hər hansı bir ictimai münasibətlərin tənzimlənməsinə dair normativ-hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Sözügedən prinsiplər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun 8-ci maddəsində normayaratma fəaliyyətinin əsas başlanğıcları kimi təsbit olunmuşlar.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir.

  Bu umumi hüquq prinsipindən irəli gələrək,  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsin vəziyyətini yüngülləşdirən və cəza təyini zamanı əhəmiyyət kəsb edən cinayət qanununun müvafiq müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır.

CM-in 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların hər biri təqsirin fərqli formalarını, müxtəlif növ cinayətləri xarakterizə edir. Belə ki, CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan hallar daha çox təqsirin qəsd formasında, iştirakçılıqla törədilən cinayətləri, CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan hallar isə bir qayda olaraq, ehtiyatsızlıqdan törədilən cinayətləri səciyyələndirir. Buradan aydın olur ki, qanunverici CM-in 60-cı maddəsinin tətbiqi üçün CM-in 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan halların mütləq qaydada məcmu halında mövcud olmasını şərtləndirmir, təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq bu maddələrdə nəzərdə tutulan halların müstəqil olaraq tətbiqini də mümkün edir.

Nəzərə alınmalıdır ki, məsələ ilə əlaqədar Ali Məhkəmə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 5-ci bəndində qeyd etmişdir ki, “Qanunun mənasına görə CM-in 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər”.

 Sorğuda qaldırılan digər məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur.

Lakin cəza təyini zamanı CM-in 60-cı maddəsini tətbiq edərkən hakim, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməli, nümayiş etdirdiyi humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmamalıdır.

Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddələri).

Yuxarıda qeyd olunduğu kimi, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir.

CM-də müstəsna cəza növü olan ömürlük azadlıqdan məhrum etmə cəzası yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə nəzərdə tutulmuşdur (CM-in 100.2, 103, 105, 108, 116, 120.2, 274-cü və s. maddələri). Bu növ cəza, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin xüsusilə yüksək olması və cinayət törədənin şəxsiyyəti nəzərə alınaraq islah olunma ehtimalı az olan şəxslərə təyin edilir.

Lakin bu halda da qanunverici şəxsiyyətin ləyaqətini əsas götürərək azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdikdən sonra ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun cəzasına yenidən baxılma imkanını təsbit etmişdir (CM-in 57.3-cü maddəsi).

CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi bu cəza növü təyin edildiyi gündən müddətsiz olduğundan və bununla da cəza müddətinin dörddə üçünün hesablanmasının imkansız olması səbəbindən mümkün deyildir.

Eyni zamanda, CM-in Xüsusi hissəsinin maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası ilə yanaşı nəzərdə tutulmuş daha yüngül cəza növü (azadlıqdan müəyyən müddətə məhrum etmə və s.) təyin edilən zaman CM-in 60-cı maddəsi tətbiq edilə bilməz. Belə ki, həmin maddələrin sanksiyasında daha ciddi cəza növü məhz ömürlük azadlıqdan məhrum etmə cəzası olduğundan bu növdə cəzanın dörddə üçünün hesablanması da qeyri-mümkündür.     

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunvericiliyinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsinə dair müddəası təkmilləşdirilməli, CM-in 60-cı maddəsinin ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan maddələrə münasibətdə tətbiq edilməsinə dair qeyri-müəyyənlik qanunverici orqan tərəfindən aradan qaldırılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

- CM-in 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir.

- Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

-  CM-in 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur.

- Ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlər üzrə CM-in 60-cı maddəsinin tətbiq olunması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı nəzərə alınması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir.

2. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur.

4. Ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq olunması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı nəzərə alınması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

5.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

6. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədr                                                                       Fərhad Abdullayev