Decisions

22.02.12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

66.5-ci maddəsinin şərh edilməsinə dair

22  fevral 2012-ci il                                                                                                     Bakı şəhəri


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Ceyhun Qədimovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Həsən Mansurovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin 4 noyabr 2011-ci il tarixli müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim Kamran Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

 Bakı şəhəri Xəzər rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət  Məcəlləsi) 66.5-ci maddəsində nəzərdə tutulan “hökm çıxarıldıqdan sonra”, “hökm çıxarılmazdan əvvəl” və “məhkumun” ifadələrinin mənasının açıqlanması baxımından həmin maddənin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs A.Muxtarov Xəzər rayon məhkəməsinin 26 yanvar 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinmiş, lakin barəsində həmin hökm qanuni qüvvəyə minənədək Cinayət Məcəlləsinin 178.2.2 və 132-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir.

Müraciətedənin fikrincə, məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin mənasına görə şəxsin məhkum sayılması üçün onun barəsində çıxarılmış ittiham hökmü qanuni qüvvəyə minməlidir.      

 Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin VIII hissəsinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

Bu hüquq əməlin törədildiyi zaman qanunda cinayət kimi nəzərdə tutulmasının imperativliyi ilə yanaşı, həmin cinayətin törədilməsinə görə cəzanın və onun təyin edilməsi qaydalarının da qanuna müvafiq olması tələbini ehtiva edir. Analoji hüquq “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 7-ci maddəsində də öz əksini tapmışdır. 

Qeyd edilən müddəa ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, cinayət hüququ daxil olmaqla istənilən hüquqi sistemdə, hüquq normasının nə qədər aydın ifadə edilməsindən asılı olmayaraq, məhkəmə təfsirinin qaçılmaz elementi vardır. Şübhə doğuran məsələlərin aydınlaşdırılması və dəyişən hallara adaptasiya üçün daim zərurət olacaq. Əslində, məhkəmə hüquqyaradıcılığı vasitəsilə cinayət hüququnun proqressiv inkişafı Konvensiyaya Tərəf Dövlətlərdə hüquqi ənənənin artıq möhkəmlənmiş və zəruri hissəsidir. İrəli gələn nəticənin hüquq pozuntusunun mahiyyətinə uyğun gəlməsi və ağlabatan şəkildə gözlənilən olması şərtilə, Konvensiyanın 7-ci maddəsi baxımından işdən işə məhkəmə təfsiri vasitəsilə cinayət məsuliyyəti qaydalarının ardıcıl aydınlaşdırılması mümkündür (Moiseyev Rusiyaya qarşı, 09 oktyabr 2008-ci il, 62936/00, § 234).

Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyindən belə məlum olur ki, qanunun aydın olması yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Həm Konstitusiyadan, həm də Konvensiyadan irəli gələn hər kəsin qanunsuz cəzalandırılmamaq hüququnun müstəsna əhəmiyyəti isə bu sahəyə aid cinayət-hüquqi qaydaların təfsirindən xüsusi dəqiqliyi və aydınlığı tələb edir.

Bu baxımdan qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.  

Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir.

Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.”

Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.”

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I :

 1. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.   

Sədr                                                                   Fərhad Abdullayev