AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci
maddəsinin şərh edilməsinə dair
13 dekabr 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze və İsa Nəcəfovdan ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının müdir əvəzi, hüquq üzrə fəlsəfə doktoru Rüfət Göyüşovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Xəzər rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Bakı şəhəri Xəzər rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1203.1-ci maddəsinin həmin Məcəllənin 1137, 1139 və 1176-cı maddələri ilə əlaqəli şəkildə şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Müraciətdə göstərilir ki, Fəridə Əzimova Xəzər rayon məhkəməsinə Esmira Əzimova və digərlərinə qarşı iddia ərizəsi ilə müraciət edərək 2008-ci il 10 oktyabr tarixində vəfat etmiş oğlu Tahir Əzimovun və onun vərəsələrinin, 2009-cu il 05 fevral tarixində vəfat etmiş oğlu Vahid Əzimovun və onun vərəsələrinin və 1966-cı il təvəllüdlü qızı Reyhan Əzimovanın gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüquqlarından məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə iclasında F.Əzimovanın nümayəndəsi Zemfira Əsgərova (Əzimova) vəsatət qaldıraraq Mülki Məcəllənin 1203.1-ci maddəsinin həmin Məcəllənin 1137, 1139 və 1176-cı maddələri ilə əlaqəli şəkildə şərh edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xəzər rayon məhkəməsinin 2011-ci il 14 iyun tarixli qərardadı ilə vəsatət təmin olunmuş, iş üzrə icraat dayandırılmış və bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır.
Müraciətdə qeyd olunur ki, F.Əzimovanın fikrincə iş üzrə cavabdehlər onun qanun üzrə vərəsələri sayılsalar da, onlarla münasibətləri qeyri-səmimidir, cavabdehlər onu incidir, ona qarşı məhkəməyə əsassız iddialar və hüquq-mühafizə orqanlarına şikayətlər verirlər. F.Əzimova hesab edir ki, vərəsələrinin niyyəti onun mülkiyyətində olan əmlakı ələ keçirməkdir. Buna görə də cavabdehlər gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüquqlarından məhrum edilməlidirlər. F.Əzimova iddia tələbini Mülki Məcəllənin 1193, 1203.1 və 1203.2-ci maddələri ilə əsaslandırmışdır.
Beləliklə, Xəzər rayon məhkəməsi qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Lakin məcburi pay mütləq xarakter daşımır. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən miras qoyan məcburi pay almaq hüququndan məhrumetməni hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.1-ci maddəsinin tələbinə görə, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
Müraciətdə qeyd edilir ki, “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” dedikdə, Mülki Məcəllənin 1137-ci maddəsində göstərilən məhkəmə qaydasında ləyaqətsiz vərəsə qismində tanınma faktı başa düşülür. Lakin Xəzər rayon məhkəməsi hesab edir ki, bu tələb Mülki Məcəllənin 1203.1-ci maddəsində tam aydın göstərilmədiyindən həmin maddənin Məcəllənin 1137, 1139 və 1176-cı maddələri ilə əlaqəli şəkildə Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinə ehtiyac var.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.
Ailə və əmlak hüquq normalarının xüsusiyyətlərini özündə əks etdirən vərəsəlik hüquq institutu öz inkişaf yolunu hələ Roma hüququndan başlamışdır. Belə ki, Roma hüququ torpaq sahəsinə fərdin mülkiyyət hüququnu tanımırdı. Torpaq sahəsi hər hansı bir ailəyə və yaxud nəslə məxsus olan mülkiyyət hesab olunurdu və ailə başçısının ölümü həmin torpaq sahəsinin sahibsiz qalması ilə nəticələnmirdi, dəyişən isə yalnız torpaq sahəsindən istifadə edənlər olurdu.
Bununla yanaşı, ölmüş şəxsə məxsus əmlakın sahibsiz qalması cəmiyyətin və iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərən amillərdən biri olardı. İqtisadi münasibətlərin iştirakçılarının vəziyyəti ödəmə qabiliyyəti ilə müəyyən olunur və bu səbəbdən də ödəmə qabiliyyətinin sabitliyi təsadüfi hadisələrdən, eləcə də, şəxsin ölümündən asılı olmamalıdır. Bu baxımdan cəmiyyətin və iqtisadi münasibətlərin inkişafı ölən şəxsin borcu ilə onun əmlakının birləşməsinə gətirib çıxarmışdır. Belə ki, əmlakı vəsiyyət üzrə qəbul edən şəxs ölən şəxsin borcları üçün cavabdehlik daşımalı idi. Bu prinsipə əsaslanaraq vəsiyyət üzrə əmlakın vərəsələrə keçməsi qaydası universal xarakter almış, bununla da əmlak təsadüfi şəxslərə deyil, məhz qabaqcadan məlum olan yaxın qohumlara və ya vəsiyyət edən tərəfindən müəyyənləşdirilən şəxsə keçirdi.
Vərəsəlik hüquq institutunun formalaşdığı ilk dövrlərdə vərəsəlik hüququnun yalnız bir növü məlum idi - qanun üzrə vərəsəlik. Ölən şəxsin əmlakının varisliyi bu şəxsin iradəsi ilə dəyişdirilə bilməzdi. Roma hüququnda bu qayda “solus deus heredem facere potest, non homo” (insan deyil, yalnız tanrı varis yarada bilər) kimi ifadə olunurdu.
Tayfa və qəbilə münasibətləri zəiflədikcə vərəsəlik münasibətləri də fərdiləşməyə başlamışdır. Bu prosesin ilk formaları atanın öz oğulları arasında miras əmlakın bölüşdürülməsində, eləcə də vərəsələrə çatası əmlakdan vəsiyyət tapşırıqlarının (leqatlar) (xeyriyyə məqsədləri üçün vəsiyyətin edilməsi) yaranmasında özünü göstərirdi.
Bütün bu amillər müasir vərəsəlik institutunun formalaşmasına öz təsirini göstərmişdir. Belə ki, vəsiyyət azadlığı qanun əsasında vərəsəlik hüquq institutunda mövcud olan məhdudiyyətlər ilə yanaşı mülkiyyət üzərində sərəncam azadlığı və müqavilə azadlığı ilə bərabər inkişaf etmişdir.
Roman-alman hüquq sisteminə üstünlük verən ölkələrdə vərəsəlik hüquq institutu bu ənənələrin təsiri altında inkişaf etmişdir. Eyni zamanda vəsiyyət azadlığını məhdudlaşdıran məcburi pay almaq hüququ əksər ölkələrin hüquq sistemlərində yer almışdır.
Bu hüquq sisteminə aid əksər ölkələrdə məcburi payın miqdarı bütün varislər üçün eyni həcmdə müəyyən olunsa da, bəzi ölkələrin qanunvericiliyində bu payın miqdarı fərqli müəyyən olunmuşdur. Belə ki, Almaniya qanunvericiliyinə əsasən vərəsəlikdə məcburi pay hamı üçün eyni (qanuni payın yarısı), İsveçrə qanunvericiliyində isə məcburi payın həcmi enən xətt üzrə qohumlar üçün qanun üzrə onlara çatası payın 3/4-ü, valideynlər üçün 1/2-i, qardaş, bacılar üçün 1/4-i olaraq müəyyən edilmişdir. Fransanın mülki qanunvericiliyinə görə miras qoyanın sərbəst vəsiyyət edə biləcəyi əmlak şəxsin bir uşağı olduğu halda bütün əmlakının yarısını, iki uşaq olduqda 1/3-ni, üç və daha çox uşaq olduqda isə 1/4-ni təşkil edir.
Roma hüququnun prinsipləri əsas götürülərək əksər Avropa ölkələrinin qanunvericiliyində üzrlü səbəblər olduğu halda miras qoyanın istəyi ilə mirasda məcburi pay hüququndan məhrumetmə qaydası müəyyən olunmuşdur. Ölkələrin bəzilərində məhrumetmə üçün ciddi əsasların olması tələb olunsa da (məsələn, Almaniya və İsveçrə) digərlərində (məsələn, Rusiya və Qazaxıstan) isə bunu əsaslandırmağın zəruriliyi xüsusi olaraq qanunvericiliklə müəyyən olunmamışdır.
Belə ki, Almaniya Mülki Nizamnaməsinin 2333§-da müəyyən olunan qaydaya əsasən miras qoyan özündən sonra gələnləri (yəni yaxın qohumlarını) miras əmlakdan aşağıdakı hallardan biri mövcud olduqda məhrum edə bilər: əgər varis miras qoyanın, onun həyat yoldaşının və ya digər varisin həyatına qəsd edərsə; vərəsə qəsdən miras qoyana və yaxud onun həyat yoldaşına münasibətdə sərt rəftar edərsə (bu o halda qəbul olunur ki, vərəsə miras qoyan şəxsin nəslinin nümayəndəsi olsun); vərəsə miras qoyana və yaxud onun həyat yoldaşına münasibətdə cinayətdə və yaxud hər hansı digər hüquqa zidd əməldə təqsirli sayılarsa; vərəsə miras qoyanın saxlanılması ilə əlaqədar qanunla onun üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozarsa; vərəsə miras qoyanın iradəsinə zidd olaraq şərəfsiz və əxlaqsız həyat sürərsə.
Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1119-cu maddəsinə görə isə vəsiyyət edən öz istəyinə uyğun olaraq öz əmlakını istənilən şəxsə vəsiyyət edə bilər, vərəsələrin miras əmlakda paylarını istədiyi kimi müəyyən edə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və yaxud da hamısını heç bir səbəb göstərmədən miras əmlakdan məhrum edə bilər. Eyni zamanda icra edilmiş vəsiyyətnaməni ləğv edən və yaxud dəyişdirən qaydaları müəyyən edən digər sərəncamlar verə bilər. Bununla yanaşı, Rusiya mülki qanunvericiliyi vəsiyyət edənin vəsiyyət azadlığını onun yetkinlik yaşına çatmayan uşaqlarının, əmək qabiliyyəti olmayan yaxın qohumlarının və sair şəxslərin mirasda məcburi pay almaq hüququ ilə məhdudlaşdırır.
Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu və bu institutun ayrılmaz tərkib hissəsi olan vərəsəlikdə məcburi pay hüququ Roman-alman hüquq sisteminə aid ölkələrin qanunvericiliyi ilə oxşar qaydada həll edilmişdir.
Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.
Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir.
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir.
Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur.
Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir.
Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər.
Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.
Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir.
Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur.
Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev