Decisions

29.11.10 2010-cu il noyabrın 7-də keçirilmiş dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

2010-cu il noyabrın 7-də keçirilmiş dördüncü çağırış Azərbaycan Respublikası

Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair

29 noyabr 2010-cu il                                                                                   Bakı şəhəri

  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibləri İ.İsmayılov və V. Zeynalovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini  Ş.Əliyev, katibi N.Məmmədov, üzvləri F.Cavadov, R.İbrahimov, V.Kazımova, Q.Orucov, A.Tağıyev, İ.Məmmədov, N.Nadirov, T.Cəfərova, T.Həsənov, A.Qurbanov, A.Qəhrəmanlı, O.Hümbətli, M.Rəhimov, G.Aslanlı və  A.Muxtarovanın,  

ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirov və həmin kafedranın dosent əvəzi M.İsmayılovun,

mütəxəssislər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il noyabrın 7-də keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər F.Babayev və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası  Mərkəzi Seçki Komissiyasının sədri M. Pənahovun, Komissiyanın sədr müavini Ş.Əliyevin, katibi N. Məmmədovun, üzvü G.Aslanlının çıxışlarını, ekspertlər E.Nəsirov və M.İsmayılovun rəyini, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın arayışını  dinləyib, müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu    

M Ü Ə Y Y Ə N  E T D İ :

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir.

Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən normalarının tələblərinə uyğun olaraq «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2010-cu il tarixli 1083 saylı sərəncamı ilə yeni çağırışın deputat seçkiləri 2010-cu ilin noyabrın 7-nə təyin edilmiş və həmin gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyən edilir («Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsi). Bu qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Mərkəzi Seçki Komissiyası tərəfindən  təqdim olunmuş sənədlərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsi).

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri 22 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunluğunu yoxlayarkən aşağıdakıları müəyyən etmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair 2010-cu il 22 noyabr tarixli protokoluna əsasən:

         1  Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 4.928.594 (dörd miliyon doqquz yüz iyirmi səkkiz min beş yüz doxsan dörd);

         2  Səsvermədə iştirak edən seçicilərin sayı – 2.442.365 (iki milyon dörd yüz qırx iki min üç yüz altmış beş);

3    Dairə seçki komissiyaların sayı – 125 (bir yüz iyirmi beş) ;

4 Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı – 125 (bir yüz iyirmi beş);

5  Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 125 (bir yüz iyirmi beş);

6 Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı – 0 (sıfır);

7     Səsvermənin baş tutmadığı seçki dairələrinin sayı – 0 (sıfır);

8 Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı – 46 (qırx altı) olmuşdur.

Beləliklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunları haqqında 2010-cu il 22 noyabr tarixli protokolundan göründüyü kimi səsvermənin nəticələri etibarlı hesab edilmiş bütün 125 seçki dairəsi üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.  

Bununla belə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 noyabr 2010-cu il tarixli 67/685 saylı qərarı ilə 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 6 seçki məntəqəsi; 21 noyabr 2010-cu il tarixli 67/687 saylı qərarı ilə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə 6 seçki məntəqəsi; 20 noyabr 2010-cu il tarixli 66/648 saylı qərarı ilə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 5 seçki məntəqəsi; 20 noyabr 2010-cu il tarixli 66/645 saylı qərarı ilə 107 saylı Qazax seçki dairəsi üzrə 5 seçki məntəqəsi; 21 noyabr 2010-cu il tarixli 67/684 saylı qərarı ilə 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 5 seçki məntəqəsi; 21 noyabr 2010-cu il tarixli 67/667 saylı qərarı ilə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 3 seçki məntəqəsi; 20 noyabr 2010-cu il tarixli 66/664 saylı qərarı ilə 57 saylı Kürdəmir seçki dairəsi üzrə 3 seçki məntəqəsi; 19 noyabr 2010-cu il tarixli 65/628, 65/631, 65/632 saylı; 20 noyabr 2010-cu il tarixli 66/658; 21 noyabr 2010-cu il tarixli 67/673, 67/676, 67/688, 67/689 saylı qərarları ilə müvafiq olaraq 85 saylı Şamaxı, 10 saylı Binəqədi üçüncü, 47 saylı Minqəçevir, 15 saylı Yasamal birinci, 40 saylı Kəpəz ikinci(Gəncə), 31 saylı Suraxanı ikinci, 26 saylı Sabunçu birinci, 64 saylı Sabirabad ikinci, 84 saylı Füzuli, 88 saylı Göyçay seçki dairələrinin hər birində bir seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. Üç seçki məntəqəsi üzrə nəticələr dairə seçki komissiyaları tərəfindən etibarsız hesab edilmişdir.  

Göstərilən seçki dairələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən az olduğundan seçki dairələri üzrə seçkilərin nəticələri baş tutmuş hesab edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən seçki komissiyalarının protokolları seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3–si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə  Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 22 noyabr tarixli protokolundan və protokolun təsdiq olunmasına dair Mərkəzi Seçki Komissiyasının 2010-cu il 22 noyabr tarixli qərarından göründüyü kimi, bu sənədləri Mərkəzi Seçki Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən 17 imzalamışdır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının materialları Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün ekspert və müvafiq mütəxəssisləri cəlb etmiş, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir. 

Ekspertlər E.Nəsirov və M.İsmayılovun rəyinə görə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 22 noyabr  tarixli protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğundur.

Mütəxəssis U.Həmidova və G.Əhmədovanın arayışından göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair 2010-cu il 22 noyabr tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2 və 108.2-ci maddələrinə uyğun tərtib edilmiş, həmin sənədlərdə hər hansı düzəlişlərin aparılması müəyyən olunmamışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sorğularına cavab olaraq Sumqayıt, Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi bildirmişlər ki, 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələri ilə əlaqədar həmin məhkəmələrə şikayətlər daxil olmamışdır.

Bakı şəhər Apellyasiya Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli 5D-164/10 saylı və 27 noyabr 2010-cu il tarixli 5D-169/10 saylı məktublarından göründüyü kimi, dördüncü çağırış Milli Məclisi deputatlarının seçkiləri ilə bağlı 178, o cümlədən seçkilərin nəticələri ilə əlaqədar 76 ərizə və şikayət daxil olmuşdur. Seçkilərin nəticələri ilə əlaqədar daxil olmuş şikayətlərdən 2 geri qaytarılmış, 74 rədd olunmuşdur. 

Azərbaycan Respublikası Ali Məhkəməsi 25 və 26 noyabr 2010-cu il tarixli məktubları ilə bildirmişdir ki, kassasiya qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı 70 iş daxil olmuşdur. Bunlardan 66 iş namizədliyin qeydə alınmaması, 4 iş isə seçkilərin nəticələri ilə əlaqədar olmuşdur. Seçkilərin nəticələrinə dair kassasiya şikayətləri təmin olunmamışdır.

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı 25 noyabr 2010-cu il tarixli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar qanun pozuntularına yol verilməsi ilə bağlı Baş Prokurorluğa 89 müraciət daxil olmuşdur.

Həmin müraciətlərin araşdırılması nəticəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə edilməsi, səsvermənin gedişinə maneəçilik törədilməsi, seçki bülletenlərinin zor tətbiq edilməklə götürülməsi ilə bağlı bir cinayət işi başlanılmış, qalan müraciətlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 22 noyabr tarixli protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun olduğundan, seçkilərin nəticələri təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun  54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

Q Ə R A R A  A L D I :

1. 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 22 noyabr tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin  100.2, 100.12, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.

2. Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il  noyabrın 7-də keçirilmiş

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur,

3 saylı Babək-Kəngərli-Naxçıvan,

4 saylı Naxçıvan şəhər,

5 saylı Şahbuz-Babək,

6 saylı Culfa-Babək,

7 saylı Ordubad-Culfa,

8 saylı Binəqədi birinci,

9 saylı Binəqədi ikinci,

10 saylı Binəqədi üçüncü,

11 saylı Qaradağ,

12 saylı Qaradağ-Binəqədi-Yasamal,

13 saylı Xəzər birinci,

14 saylı Xəzər ikinci,

15 saylı Yasamal birinci,

16 saylı Yasamal ikinci,

17 saylı Yasamal üçüncü,

18 saylı Nərimanov-Nizami,

19 saylı Nərimanov birinci,

20 saylı Nərimanov ikinci,

21 saylı Nəsimi birinci,

22 saylı Nəsimi ikinci,

23 saylı Nəsimi-Səbail,

24 saylı Nizami  birinci,

25 saylı Nizami ikinci,

26 saylı Sabunçu birinci,

27 saylı Sabunçu ikinci,

28 saylı Sabunçu üçüncü,

29 saylı Səbail,

30 saylı Suraxanı birinci,

31 saylı Suraxanı ikinci,

32 saylı Suraxanı üçüncü,

33 saylı Xətai birinci,

34 saylı Xətai ikinci,

35 saylı Xətai üçüncü,

36 saylı Xətai dördüncü,

37 saylı Nizami birinci (Gəncə),

38 saylı Nizami ikinci (Gəncə),

39 saylı Kəpəz birinci (Gəncə),

40 saylı Kəpəz ikinci (Gəncə),

41 saylı Sumqayıt  birinci,

42 saylı Sumqayıt ikinci,

43 saylı Sumqayıt üçüncü,

44 saylı Sumqayıt-Abşeron,

45 saylı Abşeron,

46 saylı Şirvan,

47 saylı Mingəçevir,

48 saylı Yevlax,

49 saylı Yevlax-Mingəçevir,

50 saylı Qobustan-Xızı-Sumqayıt,

51 saylı Qusar,

52 saylı Quba,

53 saylı Quba-Qusar,

54 saylı Şabran-Siyəzən,

55 saylı Xaçmaz şəhər,

56 saylı Xaçmaz kənd,

57 saylı Kürdəmir,

58 saylı Hacıqabul-Kürdəmir,

59 saylı Salyan,

60 saylı Salyan-Neftçala,

61 saylı Neftçala,

62 saylı Saatlı,

63 saylı Sabirabad birinci,

64 saylı Sabirabad ikinci,

65 saylı Saatlı-Sabirabad-Kürdəmir,

66 saylı Biləsuvar,

67 saylı Cəlilabad şəhər,

68 saylı Cəlilabad kənd,

69 saylı Cəlilabad-Masallı-Biləsuvar,

70 saylı Masallı şəhər,

71 saylı Masallı kənd,

72 saylı Yardımlı-Masallı,

73 saylı Lənkəran şəhər,

74 saylı Lənkəran kənd,

75 saylı Lənkəran-Masallı,

76 saylı Lənkəran-Astara,

77 saylı Astara,

78 saylı Lerik,

79 saylı İmişli,

80 saylı İmişli-Beyləqan,

81 saylı Beyləqan,

82 saylı Ağcabədi,

83 saylı Ağcabədi-Füzuli,

84 saylı Füzuli,

85 saylı Şamaxı,

86 saylı İsmayıllı,

87 saylı Ağsu-İsmayıllı,

88 saylı Göyçay,

89 saylı Göyçay-Ağdaş,

90 saylı Ağdaş,

91 saylı Ucar,

92 saylı Zərdab-Ucar,

93 saylı Bərdə şəhər,

94 saylı Bərdə kənd,

95 saylı Tərtər,

96 saylı Goranboy-Naftalan,

97 saylı Goranboy-Ağdam-Tərtər,

98 saylı Şəmkir şəhər,

99 saylı Şəmkir kənd,

100 saylı Şəmkir-Daşkəsən,

101 saylı Göygöl-Daşkəsən,

102 saylı Samux-Şəmkir,

103 saylı Gədəbəy,

104 saylı Gədəbəy-Tovuz,

105 saylı Tovuz,

106 saylı Tovuz-Qazax-Ağstafa,

107 saylı Qazax,

108 saylı Ağstafa,

109 saylı Balakən,

110 saylı Zaqatala,

111 saylı Zaqatala-Balakən,

112 saylı Qax,

113 saylı  Şəki şəhər,

114 saylı Şəki kənd birinci,

115 saylı Şəki kənd ikinci,

116 saylı Qəbələ,

117 saylı Oğuz-Qəbələ,

118 saylı Ağdam şəhər,

119 saylı Ağdam kənd,

120 saylı Cəbrayıl-Qubadlı,

121 saylı Laçın,

122 saylı Xankəndi,

123 saylı Kəlbəcər,

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd,

125 saylı Zəngilan-Qubadlı

seçki  dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.

3. Qərar elan  olunduğu andan qüvvəyə  minir.

4.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs  tərəfindən  ləğv  edilə,  dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                               Fərhad Abdullayev