AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair
29 oktyabr 2010-cu il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov, Sona Salmanova və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri 1 saylı Bakı yerli İqtisad məhkəməsinin hakimi Qurban Abbasovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Etibar Məmmədovun və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı İdris İsayevin,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 1 saylı Bakı yerli iqtisad məhkəməsinin müraciəti əsasında 1997-ci il 18 fevral tarixli “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
“Aksessuar Ticaret ve Sanayi LTD Şti” müəssisəsi iddia ərizəsi ilə 1 saylı Bakı yerli İqtisad məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinə qarşı Aktın (aktda göstərilən məcburi dövlət sosial sığorta haqqının başqa məqsədlər üçün istifadə olunmasına görə maliyyə sanksiyası istisna olmaqla) və cərimə protokollarının etibarsız hesab edilməsini xahiş etmişdir.
Mübahisəyə məhkəmədə baxılması zamanı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının tətbiqi ilə əlaqədar fikir ayrılığının mövcud olduğu müəyyən edilmişdir. Həmin müddəada mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya müqaviləsi olduğu halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulmuşdur.
1 saylı yerli İqtisad məhkəməsinin müraciətində bildirilir ki, normanın mətnində göstərilən “hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında” maliyyə sanksiyasının pozuntu törətmiş subyektin bütövlükdə fəaliyyət dövrünün hər ayı üçün tətbiq edilməsi sığortaedənin hüquqlarını pozur. Buna əsaslanaraq, məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) həmin müddəanın şərh olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsinin III hissəsinə müvafiq olaraq hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüququn təminatı hər bir şəxsin əmək fəaliyyəti dövründə işəgötürənlər tərəfindən məcburi qaydada sığortalanması və müvafiq məcburi sığorta haqlarının ödənilməsi ilə bağlıdır (məcburi dövlət sosial sığorta forması).
Sosial sığorta sahəsində yaranan münasibətlər, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna müvafiq olaraq məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sosial sığorta münasibətləri üzrə sığorta iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçıları sığortaçı təşkilatda uçota durmalıdırlar və məcburi sosial sığorta haqqı ödəməlidirlər. Məcburi dövlət sosial sığorta haqqı sığortalanmaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. (“Sosial sığorta haqqında” Qanunun 2, 8, 13 və 14 maddələri)
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 2-ci bəndinə əsasən isə işəgötürən hər bir işçinin onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir.
Göründüyü kimi, qanunverici işçinin məcburi sıgortalanmasının təmin edilməsini işəgötürənin vəzifəsi kimi müəyyən etməklə, ilk növbədə işçinin gələcəkdə Konstitusiyada təsbit olunmuş sosial təminat hüququndan, xüsusən də həmin hüququn tərkib hissəsi olan pensiya hüququndan istifadə etməsinə zəmanət vermiş olur.
“Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulan maliyyə sanksiyası sığortaedənin işçilərinin sayının gizlədilməsinə, yəni əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya müqaviləsi olduğu halda hesabatdan gizlədilməsinə görə tətbiq olunur. Sözügedən maddədə nəzərdə tutulan maliyyə sanksiyaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiq edilir.
Nəzərə alınmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun ilkin redaksiyasında işçilərin sayının gizlədilməsinə görə sanksiya nəzərdə tutulmurdu. 2000-ci il 24 oktyabr tarixində bu Qanuna edilmiş dəyişikliklər nəticəsində 21-ci maddənin birinci hissəsinin səkkizinci abzasında sığortaedənlər tərəfindən işçilərin sayının gizlədilməsi qanunverici tərəfindən pozuntu kimi qiymətləndirildi. Həmin abzasın yeni redaksiyasında “hər işçiyə görə - sığortaedənin fəaliyyət dövrünün hər ayı üçün ölkə üzrə əvvəlki ilin orta aylıq əmək haqqının 50% məbləğində cərimə” nəzərdə tutuldu.
“Sosial sığorta haqqında” Qanuna 2006-cı il 28 noyabr tarixində edilən dəyişikliklərlə “sığortaedənlər” anlayışının əhatə etdiyi subyektlərin konkret dairəsi müəyyən edildi. Qanunun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında “sığortaedilənlərin” sözü “mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatları, onların filial və nümayəndəliklərinin” sözləri ilə əvəz edildi.
2007-ci il 06 noyabr tarixli dəyişikliklərə əsasən Qanunun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulan sanksiya “şərti maliyyə vahidinin 50 misli miqdarı” kimi müəyyən edildi. Sözügedən abzasa 2008-ci il 02 iyun tarixdə edilən dəyişikliklərə və bu maddənin hal-hazıra kimi qüvvədə olan redaksiyasının tələblərinə görə “hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında” maliyyə sanksiyası nəzərdə tutulmuşdur.
Hüquq tətbiqetmə təcrübəsində “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasına əsasən sığortaedənin yarandığı vaxtdan başlayaraq bütün fəaliyyət dövrünün hər ayı üçün və ya yalnız hüquq pozuntusunu törətdiyi dövrə görə məsuliyyət daşıması ilə əlaqədar qeyri-müəyyənlik yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qanunvericilik normasının düzgün təfsiri üçün, ilk növbədə, Konstitusiyada təsbit olunmuş bərabərlik və mülkiyyət hüquqları, o cümlədən, Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik prinsipi nəzərə alınmalıdır.
Hüququn müxtəlif sahələrinin normaları Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır.
Konstitusiyanın 25-ci maddəsində bəyan edilən bərabərlik prinsipi insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli qaydada eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Həmin maddənin V bəndində nəzərdə tutulur ki, dövlət orqanları və hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilməlidir. “Hakimiyyət səlahiyyətlərinin daşıyıcıları” dedikdə, əsasən dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxsləri başa düşülür. Onlar eyni faktiki hallara malik olan işlərdə eyni qərarlar qəbul etməli və bu qərarı qəbul edərkən hər hansı şəxsə (fiziki və ya hüquqi şəxsə) qarşı yalnız bərabərlik hüququnu rəhbər tutaraq yanaşmalıdır.
Bu baxımdan, hüquq və vəzifələrlə bağlı barəsində qərarlar qəbul edilən hər bir subyekt hüquq qarşısında bərabər imkanlara malikdir. Tərəflərin hüquq qarşısında bərabərliyi prinsipi eyni qaydada sosial sığorta sahəsində yaranan münasibətlərə də şamil edilməlidir.
Məhz bundan irəli gələrək qanunverici “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsində sosial sığorta subyektlərinin hüquq bərabərliyini sosial sığortanın əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin II hissəsi). Bu Konstitusiya normalarından irəli gələrək qanunvericilik aktlarında mülkiyyət hüququnun və onun təminatlarının əsassız məhdudlaşdırılması yolverilməzdir.
Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
Mütənasiblik prinsipinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur.
Mülkiyyət hüququnun bu cür müdaxilələrdən müdafiəsi ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ikinci hissəsi birinci cümlədə əksini tapmış prinsip baxımından şərh edilməlidir. Bundan irəli gələrək, müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının qorunması tələbləri arasında “ədalətli tarazlığa” nail olmalıdır. Bu tarazlığa nail olmaq öhdəliyi 1 saylı Protokolun 1-ci maddəsinin bütövlükdə strukturunda və buna görə, həm də ikinci hissədə əks olunur: istifadə olunmuş vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında mütənasibliyin səbəbli əlaqəsi olmalıdır. Bu tələbə riayət olunub-olunmamasının müəyyən edilməsinə münasibətdə Məhkəmə qəbul etmişdir ki, həm məcburi vasitələrin seçilməsində, həm də məcburi tədbirin tətbiqi nəticələrinin sözügedən qanunun məqsədinə nail olunması üçün ümumi maraqlar baxımından əsaslı olub-olmamasının qiymətləndirilməsində Üzv Dövlət geniş mülahizə sərbəstliyinə malikdir. Müvafiq tədbirlə mənafelərinə toxunulmuş şəxs fərdi və həddən artıq yükə məruz qaldığı halda, tələb olunan tarazlığa nail oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Depalle Fransaya qarşı iş üzrə 29.03.2010-cu il tarixli Qərarında bildirilir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır – (§ 83). Məhkəmənin digər işi Zvierzinski Polşaya qarşı 19.06.2001-cu il tarixli Qərarında bildirilir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir - (§ 71).
Venesiya Komissiyasının Konstitusiya ədalət mühakiməsi üzrə Birgə Şurasının 6-cı iclasında mütənasiblik prinsipi müzakirə edilərkən, qeyd olunmuşdur ki, mütənasiblik müəyyən dərəcədə “daha çox” və “daha az” anlayışlar arasında formalaşan amildir. Mütənasiblik prinsipinin əsas məqsədi hüquqla vəzifə, öhdəliklə mülkiyyət, məqsədlə vasitələr arasında vahid məxrəci yaratmaqdır. Ona görə inzibati orqan tərəfindən görülən tədbirlərin həcmi ehtiyac və lazımlılıq tələbatı ilə qiymətləndirilməlidir və belə mübahisəli məsələləri konstitusiya presedent hüququ vasitəsi ilə həll etmək olar.
Beləliklə, mülkiyyət hüququnun toxunulmazlığı və mütənasiblik prinsipinin qorunması baxımından dəyən zərərlə tətbiq olunan sanksiya arasında səbəbli əlaqənin tarazlığı təmin edilməlidir. “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş maliyyə sanksiyası mahiyyətcə, sığorta edənin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilədir. Bu müdaxilə əhalinin sosial təminatının və əmək münasibətləri iştirakçılarının hüquq və maraqlarının qorunmasına yönəlmişdir. Lakin həmin normada nəzərdə tutulmuş maliyyə sanksiyasının sığortaedənin bütün fəaliyyət dövründən hesablanaraq tutulması qeyri-mütənasiblik kimi qiymətləndirilə bilər. Belə ki, bu, son nəticədə sığortaedənin işçilərinin sayının gizlədilməsinə görə əldə etdiyi vəsaitlə yanaşı, pozuntu ilə əlaqədar olmayan dövrdə qanuni əsaslarla əldə edilmiş gəlirdən də məhrum olunmasına səbəb ola bilər.
Bu hal isə ümumiyyətlə maliyyə sanksiyaları institutunun məqsədlərinə uyğun deyil. İnzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyan inzibati tənbeh – məsuliyyət tədbirindən fərqli olaraq, maliyyə sanksiyalarının təyinatı məcburi dövlət ödənişlərinin yerinə yetirilməməsi və ya layiqincə yerinə yetirilməməsi nəticəsində dövlət büdcəsinin məruz qaldığı əmlak itkilərini bərpa etməkdən ibarətdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsinin 2002-ci il 08 aprel tarixli qərarında da ifadə olunmuşdur.
Nəzərə alınmalıdır ki, analoji hüquq münasibətlərini tənzimləyən digər qanunvericilik müddəalarında işəgötürənlərə qarşı cəzalandırıcı (cərimə) və ya bərpaedici (maliyyə sanksiyası) xarakterli tədbirlər bir qayda olaraq dəqiq məbləğlərlə və ya pozuntu ilə əlaqədar olan fəaliyyət dövrünə mütənasib olaraq müəyyən edilir (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsi və s.).
Müzakirə edilən məsələyə dair müqayisəli təhlil məqsədi ilə müxtəlif ölkələrin təcrübəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bir sıra xarici ölkələrin (Almaniya, Xorvatiya, Slovakiya, Cənubi Afrika Respublikası) qanunvericiliyində işçilərin gizlədilməsinə görə sığortaedənə inzibati qaydada konkret məbləğ həcmində maliyyə sanksiyası tətbiq olunur.
Eyni zamanda Azərbaycan Respublikasının hüquq sisteminə daha yaxın olan bir sıra postsovet ölkələrin (Ukrayna, Latviya, Qazaxıstan, Moldova) qanunvericiliyində məcburi sığorta haqlarının ödənilməməsinə görə məsuliyyət birmənalı müəyyən olunaraq, hüquq pozuntusu törədilən dövrə görə sığortaedənin təqsirinə mütənasib müəyyən edilmişdir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulan sığortaedənin fəaliyyət dövrü sığortaedənin bütün fəaliyyət dövrünü deyil, həmin abzasda göstərilən pozuntuya yol verildiyi dövrü ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I :
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulan sığortaedənin fəaliyyət dövrü sığortaedənin bütün fəaliyyət dövrünü deyil, həmin abzasda göstərilən pozuntuya yol verildiyi dövrü ehtiva edir.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.