Decisions

06.09.10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci

maddələrinin şərh edilməsinə dair

06 sentyabr 2010-cu il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Rövşən İsmayılov və İsa Nəcəfovdan ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Şahin Yusifovun, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Vəli Abdullayevin,

ekspert BDU-nun cinayət hüququ kafedrasının müdiri Firudin Səməndərovun,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin müraciətləri əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakimlər F.Babayev və R.Qvaladzenin məruzələrini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 avqust 2009-cu il tarixli hökmü ilə Mərdan İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona 2 il sınaq müddəti təyin edilmişdir.

Xətai rayon məhkəməsinin hökmü qanuni qüvvəyə minənədək – 8 sentyabr 2009-cu ildə, M.İbrahimov CM-in 132-ci maddəsində nəzərdə tutulan qəsdən döymə cinayət əməlini törətmiş və bu əmələ görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 yanvar 2010-cu il tarixli hökmü ilə ona 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə M.İbrahimov tərəfindən yeni cinayətin 25 avqust 2009-cu il tarixli hökmün qanuni qüvvəyə minməsinə qədər törədilməsini residivin müəyyən edilməsini istisna edən hal kimi qiymətləndirmiş və ona CM-in 132-ci maddəsi ilə cəza təyin edərkən cəzanı ağırlaşdıran hal kimi residivi nəzərə almaqdan imtina etmişdir.

Dövlət ittihamçısının protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyası 03 mart 2010-cu il tarixli qərarı ilə residivlə bağlı məsələdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, residivi müəyyən etmiş və onu cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq, CM-in 65-ci maddəsinə əsaslanmaqla M.İbrahimova CM-in 132-ci maddəsi ilə təyin edilmiş cəzanı 6 aya qədər ağırlaşdırmış və hökmlərin məcmusu qaydasında ona qəti olaraq 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək CM-in 18 və 83.1-ci maddələrinin şərh edilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, təcrübədə CM-in 18.1-ci maddəsinin «əvvəllər məhkum olunmuş şəxs» müddəası bir halda CM-in 83.1-ci maddəsində nəzərdə tutulduğu kimi əvvəlki ittiham hökmünün qanuni qüvvəyə minməsi, digər halda isə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq belə hökmün elan olunduğu tarixlə əlaqələndirilir.

Gəncə şəhəri Kəpəz rayon məhkəməsi də icraatında olan Namiq Cəfərovun CM-in 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair işlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edərək CM-in 18 və 83-cü maddələrinin şərh olunmasını xahiş etmişdir. 

Müraciətdə qeyd olunur ki, N.Cəfərov ona görə cinayət məsuliyyətinə cəlb edilmişdir ki, o əvvəllər Xanlar (Göygöl) rayon  məhkəməsinin 20 avqust 2007-ci il tarixli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə bir il islah işi cəzasına məhkum edilməsinə baxmayaraq, islah olunmamış, təkrarən 01 mart 2009-cu ildə qərəzli xuliqanlıq etmişdir.

İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, N.Cəfərov iş yerinin olmaması səbəbindən birinci hökmlə ona təyin edilmiş islah işləri cəzasını faktiki olaraq çəkməmiş, məhkəmə icraçıları qrupunun 8 avqust 2009-cu il tarixli qərarı ilə amnistiya aktına əsasən, o, cəzadan azad edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə müraciətində cəzadan azad olunmuş şəxslərin dairəsinə məhkəmə hökmu ilə təqsirli bilinərək cəza təyin edilmiş, lakin müəyyən səbəblərdən cəzanı ümumiyyətlə çəkməmiş, sonra isə amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslərin də daxil olub-olmamasına, habelə residivin yaranıb-yaranmamasına aydınlıq gətirilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin müraciətində qaldırılan məsələnin düzgün həlli üçün ilk növbədə məhkum olunmuş şəxsin cinayət və cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş statusuna aydınlıq gətirilməsini əhəmiyyətli hesab edir.

Subyektlərin hüquqi statusu hüquq sahəsinin başlıca xüsusiyyətidir. Cinayət və cinayət-prosessual hüququnda subyektlərdən biri kimi məhkum çıxış edir. Lakin bu hüquq sahələrinin hər birində məhkumun özünəməxsus hüquqi vəziyyəti vardır.

Cinayət hüququnda məhkum olunmuş şəxs dedikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan və cinayət qanunu ilə nəzərdə tutulan cəza təyin edilmiş şəxs başa düşülür.  

Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.

Qeyd etmək lazımdır ki, CM-in bir çox normalarında (56.1.3, 79.1, 79.4, 80.1, 80.2, 82.2, 83-cü maddələri) «məhkum olunmuş şəxs» ifadəsindən istifadə olunur və bu ifadələr eyni məna kəsb edir.

Cinayət-prosessual hüququnda isə məhkum dedikdə barəsində ittiham hökmü çıxarılmış şəxs başa düşülür.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 353.4.12, 358.1.1 və 383.1.1-ci maddələrində barəsində elan edilmiş (çıxarılmış), lakin qanuni qüvvəyə minməmiş ittiham hökmü olan şəxs də məhkum və ya məhkum edilmiş adlandırılır.

CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu maddədəki «məhkum olunmuş şəxs» müddəasının CPM-in normalarının müddəaları baxımından təfsir edilməsi məsələsinə gəldikdə ilk növbədə cinayət və cinayət–prosessual qanunvericiliyin təyinatının və vəzifələrinin müəyyən edilməsi mühüm rol oynayır.

Cinayət qanunvericiliyi qarşısında duran üç vəzifəni müəyyən edir. Bu, ilk növbədə, cinayət qanunvericiliyində göstərilən obyektləri cinayətkar qəsdlərdən qorumaq; sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək; cinayətlərin qarşısını almaqdır. Həmin vəzifələri həyata keçirmək üçün CM cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət–hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 2.1 və 2.2-ci maddələri).

Cinayət-prosessual qanunvericiliyi isə cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub–olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub–olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi).

CPM-in təyinatı cinayət hesab edilən hər bir hadisənin açılmasına, cinayət törətmiş şəxslərin ifşa və məhkum edilməsinə, təqsirsiz şəxslərin təqib və məhkum edilməsinin qarşısının alınmasına xidmət edir. Başqa sözlə, CPM cinayət hüququnun normalarının tətbiq edilməsi üçün prosessual vasitələri müəyyən edir.    

CPM-in normaları CM-in normalarına dəyişikliklər və ya düzəlişlər edə bilməz, onlar yalnız CM-in normalarının reallaşdırılmasına istiqamətlənməlidir. Buna görə, normalar arasında kolliziyalar müəyyən edildikdə, ilk növbədə CM-in müvafiq normalarının müddəaları aydınlaşdırılmalı, daha sonra isə CPM-ə müraciət edilməlidir.

Bu mənada şəxsin əməlinə cinayət-hüquqi qiymət verilərkən CM-in 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası ilk növbədə cinayət qanunvericiliyinin tələbləri baxımından təfsir olunmalıdır.

Göstərildiyi kimi, CM-də məhkum olunmuş şəxsin anlayışı Məcəllənin 83.1-ci maddəsində verilmişdir. Buna görə CM-in 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi  qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.

Yeni cinayət törədilərkən əvvəlki cinayətə görə mövcud olmuş məhkumluğun hökm çıxarılanadək ödənilməsinin cinayətlərin residivinə görə cəza təyinetmə qaydalarına təsirinin olub-olmamasına dair Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin müraciətində qaldırılan məsələ ilə əlaqədar bir daha məhkumluğun təbiətinə və residivin anlayışına aydınlığın gətirilməsinə zərurət yaranır.

Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür.

Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.

Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir.  

CM-in 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır.

Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

«Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Beləliklə, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, ona qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin olunmasını istisna etmir.

Amnistiya aktına əsasən şəxsin təyin olunmuş cəzanı çəkməkdən istənilən prosessual sənədlə azad edilməsinin məhkumluğu aradan qaldırıb-qaldırmaması ilə bağlı Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin müraciətində göstərilən məsələyə münasibətdə qeyd edilməlidir ki, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər (CM-in 81-ci maddəsi).

Amnistiya aktında cəzadan azad edilmiş şəxslərin məhkumluğunun götürülməsi də nəzərdə tutula bilər.

Məhkəmənin müraciətində qaldırılmış məsələ CM-in 83.2-ci maddəsinin şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında öz həllini tapmışdır. Həmin qərarda qeyd edilir ki, CM-in 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında göstərilən və amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin müraciətlərində qaldırılan məsələlərlə əlaqədar aşağıdakı nəticələrə gəlir:

- CM-in 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir;

- yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I :

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir.

2. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                     Fərhad Abdullayev