Decisions

02.04.10 S.Süleymanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 01/10/09-cu il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki  işlər  üzrə   məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına   uyğunluğunun   yoxlanılmasına dair

02  aprel  2010-cu il                                                                                                                         Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova (məruzəçi-hakim), R.Qvaladze, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi S.Süleymanovanın nümayəndələri X.Bağırovun, C.Cavadovun,

cavabverən orqanın nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı  R.Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Sevinc Fəxrəddin qızı Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını müzakirə edərək,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 iyul 2008-ci il tarixli qətnaməsi ilə S.Süleymanovanın A.Əyyubova qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, qeydiyyata alınma və mənzilə köçürülmə barədə iddiası təmin edilmişdir. 

İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, S.Süleymanova A.Əyyubovla 17 dekabr 2005-ci ildə rəsmi nikaha girərək ailə qurmuş, həmin gündən cehiz əşyalarını cavabdeh A.Əyyubovun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 20 saylı evin 41-ci mənzilinə gətirməklə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə 29 noyabr 2006-cı ildə  onların  Rasim  adında övladları anadan olmuşdur. Bundan sonra, cavabdeh S.Süleymanovanı körpə uşağı ilə atası evinə aparmış, bir müddətdən sonra onları evə buraxmamış və mənzildə yaşamağa imkan verməmişdir. 

İşin göstərilən hallarını müəyyən edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.5-ci maddəsinə əsaslanaraq S.Süleymanovanın mübahisəli mənzildə yaşamaq və istifadə hüquqlarının A.Əyyubovun mənzilinə  ailə üzvü kimi köçdüyü gündən yaranması qənaətinə gələrək və nikahlarının qüvvədə olduğunu, barışmaq imkanının tam tükənmədiyini, iddiaçının mənzilə köçüb yaşamasına cavabdehin etiraz etmədiyini nəzərə alaraq onun azyaşlı uşağı ilə mənzildən istifadə hüququnu tanımaqla, mənzilə köçürülməsini qət etmişdir.

Lakin cavabdehin apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MİÜMK) mübahisəli mənzilin 04 iyun 2003-cü il tarixdən A.Əyyubovun  xüsusi mülkiyyəti kimi  daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını, S.Süleymanova ilə A.Əyyubov  arasında nikahın isə 17 fevral 2005-ci ildə  bağlanmasını, bu zaman S.Süleymanovanın mübahisəli mənzildən istifadə hüququna dair onların arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın bağlanmadığını və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas gətirərək  24 noyabr 2008-ci il tarixli qətnaməsi ilə A.Əyyubovun apellyasiya şikayətini təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və S.Süleymanovanın iddiasını əsassız hesab edərək rədd etmişdir.    

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK belə mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (bundan sonra – Konstitusiya Məhkəməsi) Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında  Mülki Məcəllənin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasına verdiyi şərhi ilə əsaslandırmışdır.

Kassasiya şikayəti üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra – Ali Məhkəmənin MİÜMK) S.Süleymanovanın mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi olan A.Əyyubovla notariat qaydasında təsdiqlənən razılaşmanın tələb olunması barədə apellyasiya instansiyası məhkəməsinin mülahizəsini qanunun yanlış təfsiri kimi qiymətləndirərək, hazırkı mübahisə üzrə S.Süleymanovanın və onun azyaşlı oğlunun mənzilin mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmaqla onunla birgə yaşadıqlarından belə yazılı razılaşmaya ehtiyacın qalmaması qənaətinə gəlmişdir.

Məhkəmə kollegiyası, eyni zamanda, mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll olunmasını, mahiyyət etibarilə A.Əyyubovu bir valideyn kimi oğlu R.Əyyub-zadəni yetkinlik yaşına çatana qədər müvafiq mənzillə təmin etmək vəzifəsindən azad etməsi kimi qiymətləndirmiş, bunun isə ailə qanunvericiliyinə, valideynlər tərəfindən uşaqların mənəvi, fiziki, əqli tərbiyəsi ilə məşğul olmaq kimi hüquq və vəzifələrini tənzimləyən «Uşaq hüquqları haqqında» BMT-nin qəbul etdiyi Konvensiyanın müddəalarına zidd, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17 və 20-ci maddələrinin tələbinin pozulması kimi göstərmişdir.

Ali Məhkəmənin MİÜMK 27 fevral 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır.

İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin MİÜMK kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburi olması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 420-ci maddəsinin tələbinə riayət etmədən 08 may 2009-cu il tarixli qətnaməsi ilə S.Süleymanovanın iddiasını təmin etməmişdir.  

Ali Məhkəmənin MİÜMK-nın 01 oktyabr 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

S.Süleymanova Konstitusiya Məhkəməsinə şikayət verərək göstərmişdir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarını nəzərə almayaraq işin müəyyən olunmuş halları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsini düzgün şərh etməmiş və qüvvədə olan maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşlar.   Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 43 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulması qənaətinə gələn ərizəçi, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş edir. 

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın həmin müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur.

Hər kəsin mənzil hüququnun qanunvericiliyə uyğun təmin olunması məqsədilə «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ»nun mənzil və mülki qanunvericilikdə fərqli tənzimlənməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu, qanunun zamana görə qüvvəsinə əsaslanaraq, 27 iyul 2001-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, 01 sentyabr 2000-ci ildən yaranmış mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış mübahisələr isə (əvvəlki) Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 

Bundan sonra, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəlləyə 228.5-ci maddə  əlavə edilmişdir.  

Bu maddəyə görə «yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.

Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır».

Həmin maddənin «digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasının təfsiri ilə bağlı məhkəmə təcrübəsində yaranmış çətinliklər maddəyə şərh verilməsini zəruri etmişdir. Bu çətinliklərin aradan qaldırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərar qəbul etmişdir. Plenum həmin qərarda özünün bu xarakterli mübahisələr üzrə daha əvvəllər formalaşdırdığı hüquqi mövqelərinə də istinad etmişdir.

Plenum Mülki Məcəllənin 228.5-ci maddəsində «mülkiyyətçinin razılığı» müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

Mülki Məcəllənin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası ilə bağlı  Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 

Bununla bağlı, nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilən yuxarıda göstərilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.

Sözügedən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin təsir dairəsinə düşmür.  

 Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin II hissəsindən və 34-cü maddəsinin IV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

Lakin, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarda formalaşdırdığı hüquqi mövqeyə zidd olaraq apellyasiya instansiyası məhkəməsi və onun qətnaməsini dəyişiklik etmədən saxlamış kassasiya instansiyası məhkəməsi S.Süleymanovanın azyaşlı uşağı ilə mübahisəli mənzilə köçürülüb ondan istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə istinad etməkdə haqlı olmamışlar. 

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Eyni müddəa «Konstitusiya Məhkəməsi  haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - II  QD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV  hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir».

Buna baxmayaraq, hazırkı iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələri Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını təhrif edərək Konstitusiyanın və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən normalarının tələblərini aşkar şəkildə pozmuşlar.  

Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu kassasiya instansiyası məhkəməsinin iş üzrə maddi hüquq normalarının tətbiqi ilə bağlı iki fərqli mövqeyi əks etdirən qərar qəbul etməsini qeyd edərək, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün hüquqi müəyyənlik prinsipinə riayət olunmasının əhəmiyyətini bir daha vurğulayır.   

Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır (MPM-in 416, 417.1.4 və 418.1-ci maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK Bakı Apellyasiya Məhkəməsi MİÜMK-ın  qanunvericiliyin tələblərinə cavab verməyən 08 may 2009-cu il tarixli qətnaməsini dəyişiklik etmədən saxlamaqla Mülki Məcəllənin 228.5-ci maddəsinə, MPM-in 416, 417 və 418-ci maddələrinin müddəalarına uyğun olmayan, ərizəçinin Konstitusiyanın 43 və 60-cı maddələrində nəzərdə tutulan mənzil hüququnu və məhkəmə müdafiəsi təminatını pozan qərar qəbul etmişdir. 

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.Süleymanovanın A.Əyyubova qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, qeydiyyata alınma və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-ın 01 oktyabr 2009-cu il tarixli qərarı Konstitusiyanın 43 və 60-cı maddələrinə, Mülki Məcəllənin 228.5-ci maddəsinə, MPM-in 416, 417.1.4 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu   

QƏRARA ALDI:

1. S.Süleymanovanın A.Əyyubova qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, qeydiyyata alınma və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                        Fərhad Abdullayev