Decisions

26.02.99 AR Milli Məclisinə Seçkilər üzrə birmandatlı 11saylı üçüncü Xətai seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər üzrə birmandatlı 11 saylı üçüncü Xətai  seçki  dairəsində 1999-cu il fevralın 21-də  keçirilmiş

təkrar seçkilərin  nəticələrinin yoxlanılması və təsdiqi  haqqında

26 fevral  1999-cu il                                                                                            Bakı  şəhəri

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan ibarət  tərkibdə, 

məhkəmə katibi V.Zeynalovun, 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın katibi İ.Abbasovun, deputat seçilmək haqqında vəsiqə almış T.Hü­sey­no­vun iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 86 və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üsulunda Azərbaycan Resublikasının Milli Məclisinə  seçkilər  üzrə birmandatlı 11 saylı  Üçüncü Xətai seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin elan edilməsi  haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 fevral  1999-cu il tarixli 106/403 saylı qərarına əsasən təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi  haqqında konstitusiya işinə  baxdı. 

 Hakim B.Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı suby­ekt­in qanuni nümayəndəsi İ.Abbasovun çıxışını dinləyib, müzakirə edərək Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N  E T D İ:

 ""Azərbaycan Respubikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 74 və 81-ci maddələrinə əsasən 21 fevral 1999-cu il tarixdə birmandatlı 11 saylı Üçüncü Xətai seçki dairəsində təkrar seçkilər keçirilmişdir. Seçki ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən Konstitusiya Məhkəməsinə 11 saylı Üçüncü Xətai birmandatlı seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələri haqqında dairə seçki komissiyasının 21 fevral 1999-cu il tarixli protokolu, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai seçki dairəsində təkrar seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin  siyahısının elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 yanvar 1999-cu il tarixli, 104/396 saylı və Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 fevral 1999-cu il tarixli 106/403 saylı qərarları təqdim edilmişdir. Sənədlərdən məlum olur ki, seçki dairəsinin  44 seçki məntəqəsində seçici siyahılarına daxil edilmiş 48.026 seçicinin 29.695 nəfəri yaxud 61,8 faizi   səsvermədə iştirak etmişdir. Onların 16.282 nəfəri yaxud 55,6 faizi Azərbaycan Respublikasının Milli   Məclisi deputatlığına namizədlərdən Tofiq Həsən oğlu Hüseynovun lehinə səs vermişdir. Bu isə ""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi ilə müəyyənləşdirilmiş şərtlərə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinin  tələblərinə də riayət edilmişdir. 

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, ""Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan  Respublikası Qanununun 72, 75,  76,  78, 81,  83,  85-ci maddələrini rəhbər tutaraq  

Q Ə R A R A  A L D I:  

1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai  seçki dairəsində 21 fevral 1999-cu il tarixdə keçirilmiş təkrar seçkilərin nəticələri bütövlükdə təsdiq  edilsin.  

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı elan edildiyi gündən qüvvəyə  minir.

3. Qərar 3 gün müddətində ""Azərbaycan"" qəzetində dərc edilsin.  

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə bilməz.

 Sədrlik edən                                                                  Xanlar Hacıyev