Decisions

13.07.09 N.Manafovun şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 06/08/08-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

N.Manafovun  şikayəti  üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının 

Azərbaycan  Respublikasının Konstitusiyasına və qanunlarına 

uyğunluğunun  yoxlanılmasına  dair

13 iyul 2009-cu il                                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova (məruzəçi-hakim), F.Babayev, S.Həsənova, R.Qvaladze, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi  İ.İsmayılovun,

ərizəçi N.Manafov və onun nümayəndəsi Z.Əsgərovun,

cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı  R.Əkbərovun,

mütəxəssislər: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqşünası Y.Hümbətovun və Torpaq bazarının təşkili sektorunun baş mütəxəssisi A.Xıdırovun, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin aparıcı məsləhətçisi T.Bayramovun  iştirakı ilə,

N.Manafovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə  baxdı.

İş üzrə  hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, onun nümayəndəsinin, cavabverənin nümayəndəsinin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi Manafov Novruz Şəmil oğlu 19 avqust 2006-cı ildə «Baş Malax» adlanan ərazidən torpaq sahəsi almaq üçün Qax rayonu Qaşqaçay bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – DTXK) Qax rayon şöbəsindən ərizəçiyə satılması nəzərdə tutulan torpaq sahəsinin Qaşqaçay bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqı predmeti olması, satılmasının qanunamüvafiqliyi barədə rəy alınmışdır. Qaşqaçay bələdiyyəsinin 21 avqust 2006-cı il tarixli  08 saylı  şura iclasının protokolu ilə N.Manafovun ərizəsi nəzərə alınaraq ona  turizm məqsədilə istifadə üçün «Baş Malax» ərazisində 60 ha torpaq sahəsi satılması qərara alınmışdır. 20 sentyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında Qaşqaçay bələdiyyəsi 60 ha torpaq sahəsini 32.000 manat pula N.Manafova satmışdır. N.Manafovun adına DTXK tərəfindən Qaşqaçay kəndi ərazisində yerləşən 60 ha torpaq sahəsinə 24 noyabr 2006-cı il tarixli kadastr planı işlənmiş və həmin torpaq sahəsinin kadastr planı dövlət torpaq kadastr kitabında 55 nömrə ilə qeydiyyata alınmışdır.

05 dekabr 2008-ci il tarixdə DTXK Qax rayon şöbəsi Qaşqaçay bələdiyyəsinə və N.Manafova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaşqaçay kənd bələdiyyəsinin mülkiyyəti olan «Baş Malax» adlanan ərazidən 60 ha torpaq sahəsinin N.Manafova satılmasına dair həmin bələdiyyənin 21 avqust 2006-cı il  tarixli 08 saylı şura iclasının qərarının və bu qərar əsasında göstərilən sahənin N.Manafovun mülkiyyətinə verilməsinə dair 24 noyabr 2006-cı il tarixli kadastr planının qanunsuz əsaslarla verilməsi səbəbindən etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ərazi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsi olduğuna və qanunvericiliyə əsasən belə sahələr bələdiyyə mülkiyyətinə aid ümumi istifadə torpaqları olduğuna görə xüsusi mülkiyyətə verilə bilməz.  

Qax rayon məhkəməsinin 11 yanvar 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, mübahisələndirilən torpaq sahəsi Qaşqaçay kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olmaqla, əhalinin mal-qarasının istifadəsi üçün örüş sahəsi deyildir. Həmin torpaq sahəsi kənddən 18 km aralıda yerləşməklə, kol-kos basmış, yararsız bir sahədir, ondan heç vaxt heç bir məqsəd üçün istifadə olunmamışdır.

İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - MİÜMK) 08 aprel 2008-ci il tarixli qətnaməsi ilə iş üzrə Qax rayon  məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq, tərəflərin əvvəlki vəziyyəti bərpa edilməklə 60 ha torpaq sahəsinin Qaşqaçay bələdiyyəsinə qaytarılması, eyni zamanda N.Manafovun Kapital Bankın Qax rayon filialında Qaşqaçay bələdiyyəsinin hesabına ödədiyi 32 000 manat pulun ona qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Qax rayonu Qaşqaçay bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yer quruluşu sxemi və N.Manafova satılmış torpaq sahəsinin sxemi əsasında belə nəticəyə gəlmişdir ki, ərizəçiyə satılmış 60 ha torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir.

N.Manafovun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra MİÜMK)  06 avqust 2008-ci il tarixli qərarı ilə təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmə sədrinin 23 dekabr 2008-ci il tarixli məktubu ilə  N.Manafovun Ali Məhkəmənin MİÜMK-nın qərarından verdiyi əlavə  kassasiya şikayətinə cavab olaraq şikayətin Ali Məhkəmənin Plenumunun müzakirəsinə verilməsi üçün əsasların olmadığı bildirilmişdir.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) verdiyi şikayətdə cavabdeh olduğu iş üzrə yuxarı instansiya məhkəmələrinin aktları ilə hüquqlarının pozulduğunu göstərir və bununla bağlı Ali Məhkəmənin MİÜMK-nın 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı  Konstitusiyanın, mülki, mülki prosessual və torpaq qanunvericiliyinin məsələnin həllinə aid olan bir sıra normalarının təhlil olunmasını zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan   Respublikası  Mülki   Məcəlləsinin   (bundan sonra – MM)

6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (MM-in 6.2 və 6.3-cü maddələri).

MM-in 17-ci maddəsi müəyyən edir ki, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

Məcəlləyə müvafiq olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir  (MM-in 139-cu maddəsi).

MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM-in 146-cı maddəsi). 

MM-in 156.1-ci maddəsi nəzərdə tutur ki, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

Azərbaycan Respublikasında torpaq münasibətlərini tənzimləyən və torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına yönəlmiş əsas qanunvericilik aktlarından biri də Azərbaycan Respublikasının Torpaq Məcəlləsidir (bundan sonra – TM).

TM-in 41-ci maddəsinə görə dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə zəruri və etibarlı məlumatların məcmusudur. Həmin maddənin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrının məlumatları torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılması, torpaqların verilməsi və geri alınması, torpaqların normativ qiymətinin, onlara görə haqların müəyyən edilməsi, yerquruluşu işlərinin aparılması, özgəninkiləşdirilmə zonalarının müəyyən edilməsi, torpaqların istifadəsi ilə bağlı təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, eləcə də torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər müvafiq tədbirlərin həyata keçirilməsi zamanı mütləq tətbiq edilməlidir. Maddənin 3-cü bəndi isə müəyyən edir ki, dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir.

TM-in 47-ci maddəsinə əsasən  bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aid edilir.

TM-in 86-cı maddəsinin 2-ci bəndinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir.

 Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin ən mühüm konstitusiya mexanizmi Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin I hisssəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər. 

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Bu müddəalara uyğun olaraq  ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). 

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsini bələdiyyə tərəfindən ərizəçiyə satılmış torpaq sahəsinin bələdiyyənin ümumi istifadədə olan torpaq sahəsinə daxil olması ilə əsaslandırmış və bu zaman əsas sübut kimi bələdiyyənin mülkiyyətinə verilmiş yer quruluşu sxeminə və ərizəçiyə satılmış torpaq sahəsinin sxeminə istinad etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin.

Prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları təqdim edir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur  (MPM-in 64.1, 79.1, 97.1 və 88-ci maddələri).

İşin bütün məhkəmələr tərəfindən birmənalı şəkildə müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin bələdiyyə torpağını əvəzli əldə etməsi zamanı qabaqcadan səlahiyyətli orqanın – DTXK Qax rayon şöbəsinin müsbət rəyi alınmış və N.Manafovun adına torpaq sahəsinin kadastr planı verilmişdir.

Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianı təmin edərək işdə olan sənədlərə, iş üzrə dindirilmiş şahid ifadəsinə istinadən belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən torpaq sahəsi ümumi istifadədə olmamış, əhalinin mal-qarasının istifadəsi üçün örüş sahəsi deyildir.

Lakin Şəki Apellyasiya Məhkəməsinin MİÜMK ərizəçinin mülkiyyət hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyərək, yalnız iddiaçı tərəfindən tərtib olunmuş sənədlərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etməsini əsaslandırmamışdır. Halbuki Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Konstiusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə araşdırması ərizəçinin mülkiyyət hüququ və həmin hüququn toxunulmazlığı prinsipi ilə cəmiyyətin və dövlətin maraqları arasında ədalətli tarazlığın təmin olunması meyarlarına uyğun aparılmamışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir sıra qərarlarında belə meyarlarla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Məsələn, Broniovski Polşaya qarşı iş üzrə qərarında Məhkəmə qeyd etmişdir ki, istər mülkiyyətdən maneəsiz istifadəyə müdaxilə edərkən, istərsə də tədbir görməkdən imtina edilərkən cəmiyyətin ümumi maraqları tələbləri ilə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməlidir.

Bu tarazlığa nail olmaq məsələsi 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapmışdır. Konkret olaraq, dövlətin tətbiq etdiyi istənilən tədbirlərlə, o cümlədən  şəxsin mülkiyyətdən məhrum edilməsinə yönələn tədbirlərlə həmin tədbirlərin qarşısında duran məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud olmalıdır. Buna görə də, bu maddənin pozulduğunun iddia edildiyi hər bir işdə Məhkəmə dövlətin hərəkəti və ya hərəkətsizliyi vasitəsilə müvafiq şəxsin üzərinə qeyri-mütənasib və həddən artıq yükun düşüb-düşmədiyini müəyyən etməlidir.

1 saylı Protokolun 1-ci maddəsinə riayət edilib-edilmədiyini qiymətləndirərkən Məhkəmə sözügedən müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bu qiymət təkcə müvafiq kompensasiya şərtlərini deyil (əgər söhbət mülkiyyətin müsadirəsindən gedirsə), həm də tərəflərin davranışını, o cümlədən dövlətin tətbiq etdiyi vasitələri və onların necə tətbiq edilməsini özündə ehtiva edə bilər. Bu kontekstdə vurğulamaq lazımdır ki, qeyri-müəyyənlik (istər qanunverici, istərsə də inzibati və ya hakimiyyət orqanlarının praktiki fəaliyyətindəki qeyri-müəyyənlik ) dövlətin davranışının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan amildir.

Həqiqətən, söhbət ümumi maraqlara aid olan məsələdən gedirsə, dövlət hakimiyyəti orqanları vaxtında, məqsədəuyğun və ardıcıl şəkildə hərəkət etməlidirlər (Vasilesku Rumıniyaya qarşı iş, Sovtransavto Holdinq Ukraynaya qarşı iş).

Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin nəticə hissəsində mübahisələndirilən aktları qüvvədən salmadan, sadəcə iddianı təmin etmək barədə qənaətə gəlmiş və tərəflərin ilkin vəziyyətini bərpa etmişdir. Halbuki, DTXK Qax rayon şöbəsi iddia ərizəsində yerli özünüidarə orqanının qərarının və bu qərar əsasında verilmiş kadastr planının etibarsız hesab edilməsini xahiş etmişdir.

MPM-in 221.1-ci maddəsinə görə dövlət orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın və ya vəzifəli şəxsin aktının etibarsız hesab edilməsi haqqında qətnamənin nəticə hissəsində: həmin aktın adı, sıra sayı, qəbul olunma tarixi, aktın digər zəruri rekvizitləri və onu verən orqan barədə məlumatların; aktın tam və ya qismən etibarsız hesab edilməsi, habelə həmin aktın qəbul edildiyi andan etibarsız olması barədə göstərişin əks olunması barədə imperativ qayda əks olunmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 125-ci maddəsinin VII hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, 129-cu maddəsinin II hissəsinin, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3 və 221.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmışdır.

MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

Lakin Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsi tərəfindən işə konstitusiya prinsiplərinin və bir sıra qanunvericilik normalarının pozulması ilə baxıldığını nəzərə almayaraq, 06 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 08 aprel 2008-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamış, bununla da MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə ərizəçi N.Manafovun  Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Mülki işdən görünür ki, ərizəçinin Ali Məhkəməyə verdiyi kassasiya şikayətinin əsas dəlili məhz qanunvericilikdə əksini tapmış torpaq sahələrindən ümumi istifadə məfhumunun real məzmununun müəyyənləşdirilməsi ilə bağlı olmuşdur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi  Kraska İsveçrəyə qarşı iş üzrə qərarında Konvensiyanın mənası baxımından mübahisəli məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsini öz üzərinə düşdüyünü qeyd etməklə əks etdirdiyi hüquqi mövqeyinə görə 6-cı maddənin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı «məhkəmə» üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30). Gheorghe Rumıniyaya qarşı iş üzrə digər qərarında isə Məhkəmə ərizəçinin işin ədalətli araşdırma hüququnun pozulduğuna dair qənaətə gələrək mövqeyini həm də onunla əsaslandırmışdır ki, Ali Məhkəməyə şikayətində, ərizəçi tərəfindən irəli sürülmüş və həlledici əhəmiyyətinə görə konkret və aydın qiyməti tələb edən dəlil Ali Məhkəmə tərəfindən diqqətə alınmamışdır (§ 50).  

 Konstitusiya Məhkəməsinin Plenumunun artıq formalaşmış hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılma yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir (K.Bünyatovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 27 dekabr 2007-ci il tarixli qərarı).

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 06 avqust 2008-ci il tarixli qərarı Konstitusiyanın  60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, VII hissələrinə, 129-cu maddəsinin III hissəsinə və MPM-in 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərarın təsviri və əsaslandırıcı hissələrinə  uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.    

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X  hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA   ALDI:

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin  Qax rayon şöbəsinin Qax rayon Qaşqaçay bələdiyyəsinə və Manafov Novruz Şəmil oğluna qarşı torpaq sahəsinin satılmasına dair qərarın və kadastr planının etibarsız hesab edilməsi tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II, VII hissələrinə, 129-cu maddəsinin III hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3, 418.1-ci maddələrinə  uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu qərarın təsviri və əsaslandırıcı hissələrinə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc  olunduğu  gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                        Fərhad Abdullayev