Decisions

16.01.09 X.Xəlilovun şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli

qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və

qanunlarına uyğunluğunun yoxlanılmasına dair

16 yanvar 2009-cu il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi X.Xəlilovun və onun nümayəndəsi S.Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Xəlil Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Cavabverən tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi işin baxılma tarixi və yeri barədə qabaqcadan xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

İddiaçılar «Təbriz» İstehsalat Kommersiya Firmasının (bundan sonra - «Təbriz» İKF) həmtəsisçiləri Xəlil Xəlilov və Məmməd Məmmədov Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna, «Şahinlər» Məhdud Məsuliyyətli  Cəmiyyətinin (bundan sonra-«Şahinlər» MMC) təsisçisi Teymur Quliyevə, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsinə  qarşı «Şahinlər» MMC-nin  ləğv olunması, alqı-satqı müqavilələrinin ləğv edilməsi, ərazidən  çıxarma, «Təbriz» İKF-nin bərpası və əraziyə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər.

İddia tələbləri onunla əsaslandırılmışdır ki, «Təbriz» İKF  X. Xəlilov  və M. Məmmədov tərəfindən təsis olunmaqla fəaliyyətə başlamış, firma qanuna  uyğun qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri  İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən firmaya yığcam inzibati mehmanxana və ticarət kompleksi layihələşdirmək və inşa etmək üçün 0,49 ha torpaq sahəsi  ayrılmışdır. Layihə-smeta sənədlərinə uyğun olaraq həmin ərazidə bu məqsədləri həyata keçirmək üçün tikintiyə başlanmış, lakin müəyyən obyektiv və subyektiv səbəblər  üzündən tikinti başa çatdırılmamış və iş yarımçıq saxlanılmışdır.

«Təbriz» İKF-yə aid  olan bu sahədə uzun müddət heç bir iş görülməmiş, ancaq ərazi mütəmadi olaraq nəzarət və mühafizə  olunmuşdur.

2007-ci ildə məlum olmuşdur ki, onlara məxsus olan əmlak Şahin Quliyev adında  bir şəxs tərəfindən saxta sənədlər əsasında ələ keçirilmiş, sonuncunun  varisi R. Ağayarova isə həmin əmlakı  qanunsuz olaraq Teymur Quliyevə satmışdır.

Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 yanvar 2007-ci il tarixli qətnaməsi ilə  X. Xəlilov və M. Məmmədovun iddiaları təmin edilməmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra- Apellyasiya Məhkəməsinin MİÜMK)  07 iyun 2007-ci il  tarixli qətnaməsi ilə Nizami rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, M. Məmmədov ilə Ş. Quliyev arasında bağlanmış alqı-satqı müqaviləsinin, Rədifə Ağayarova ilə Teymur Quliyev arasında nizamnamə kapitalındakı payın alqı-satqısı və torpağın daimi-istifadə  hüququnun alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi, «Təbriz» İKF-nin  hüquqi  statusunun bərpa edilməsi, firmanın təsisçiləri  kimi X. Xəlilov və M. Məmmədovun qeydə alınmaları, firmanın qeydiyyatının bərpası,  torpaq sahəsinə və tikililərə istifadə hüququnun  bərpa edilməsi, R. Ağayarovanın  adına  verilmiş  vərəsəlik hüququ haqqında  şəhadətnamənin ləğv edilməsi  qət edilmiş, iddianın «Şahinlər» MMC-nin ləğv olunması barədəki hissəsi  rədd  edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MİÜMK) 11 oktyabr 2007-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MİÜMK) 08 fevral 2008-ci il tarixli qətnaməsi ilə Nizami rayon məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin MİÜMK-nın 18 iyun 2008-ci  il tarixli  qərarı ilə isə apellyasiya  instansiyası məhkəməsinin  qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

X.Xəlilov Konstitusiya Məhkəməsinə şikayət verərək Ali Məhkəmənin MİÜMK-nın yuxarıda göstərilən qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus əmlak digər şəxslər tərəfindən qanunsuz ələ keçirilmiş, bu hal məhkəmələr tərəfindən mübahisəsiz şəkildə müəyyən edilsə də, onun iddiası heç bir əsas gətirilmədən iddia müddətinin  ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Halbuki o, məhkəmə gedişində sübut etmişdir ki, xəbəri olmadan təsisçi olduğu firmanın sənədləri Şahin Quliyev tərəfindən qanunsuz ələ keçirilmiş, hüquqlarının pozulmasını bilən kimi dərhal məhkəməyə müraciət etmişdir.

Bundan başqa,  ərizəçi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsinin  məcburi olan göstərişlərinə əməl etmədən, işə  maraqlı şəxslərin hamısının iştirakını təmin etməyərək baxmış, onlara məhkəmə baxışının  vaxtı və yeri barədə məlumat verməmişdir.

X.Xəlilovun konstitusiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra - Konstitusiya Məhkəməsi) Plenumu aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən  hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərəbərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Ədalətli məhkəmə araşdırılması hüququnun mühüm elementlərindən biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur.

Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan MPM-də nəzərdə tutumuş qaydada və hallarda apellyasiya şikayəti verilə bilər. MPM-in 365-ci maddəsi ilə müəyyən edilmişdir ki, apellyasiya icraatına bu fəslin (41-ci fəsil) və bu Məcəllənin müddəaları  tətbiq olunur. Prosessual qanunvericiliyin həmin müddəalarına görə apellyasiya instansiyası məhkəməsində işlərə  bu məhkəmədə icraatı müəyyən edən MPM-in 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır.

Lakin, hazırkı iş üzrə məhkəmələr tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş,  bir sıra  maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktları qəbul edilmişdir.

Belə ki, işin materiallarından göründüyü kimi, mübahisəyə təkrar baxmış və iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini  qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - əvvəlki MM)  73 və 77-ci maddələrinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, X. Xəlilov qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür.

Konstitusiya Məhkəməsi bir çox  qərarlarında iddia müddəti ilə əlaqədar qeyd etmişdir ki, mülki hüquqda bu institut mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir.

Qanunverici konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddətini  şamil edir.

Əvvəlki  MM-in 73-cü maddəsinə əsasən hüququ pozulmuş  şəxsin iddiası  üzrə  onun  hüquqlarını  müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 78-ci maddəsində isə müəyyən edilmişdir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Sonuncu  amilin (müddəanın) müəyyən edilməsi isə işin faktiki hallarının araşdırılması ilə bağlıdır.

Konstitusiya Məhkəməsi E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında bu maddənin məzmunu ilə bağlı göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli  şəxsin öz hüquqlarının pozulduğunu  bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

L.Binnətovanın şikayəti üzrə 08 may  2008-ci il tarixli qərarında  Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə  iddia müddəti pozulmuş hüququn  müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv  hüququn  pozulması ilə ayrılmaz  surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması,  subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin  bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MİÜMK 08 iyul 2008-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, «Təbriz» İKF ilk dəfə 09 fevral 1992-ci il tarixdə 3 nəfər İran İslam Respublikasının vətəndaşı və Məmməd Məmmədov tərəfindən təsis olunmuşdur. İran İslam Respublikasının vətəndaşları firmanın təsis protokolunun tələblərini yerinə yetirməyərək təsisçilikdən çıxdıqdan sonra firma 25 fevral 1992-ci il tarixdə Məmməd Məmmədov və Xəlil Xəlilov tərəfindən yenidən təsis edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 1992-ci il tarixli, 4994 saylı sərəncamı ilə firmanın nizamnaməsi qeydiyyata alınmışdır. Firmanın nizamnaməsində təsisçilərin M.Məmmədov və X.Xəlilov olması, onların nizamnamə fondunda hər birinin payının 30.000 rubl olması göstərilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli, 751 saylı sərəncamı ilə inzibati mehmanxana və ticarət kompleksinin tikintisi üçün firmaya Nizami rayonu, Qara Qarayev prospekti 2561-ci məhəllədə torpaq sahəsi ayrılmışdır. Firma tərəfindən həmin ərazidə ictimai iaşə obyektləri tikilmiş və istifadə edilmişdir, digər binaların tikintisi üçün üç bünövrə qazılmış, ərazi daş hasara alınmışdır. Firmanın fəaliyyətinə M.Məmmədov nəzarət etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, X.Xəlilov firmanın həmtəsisçiliyindən çıxmamış, firmanın əmlakının və istifadəsinə  verilmiş torpaq sahəsinin üçüncü şəxslərə satılmasına razılıq verməmişdir. M.Məmmədov nizamnamədə düzəlişlər edərək, təsisçilərin adları və nizamnamə  fondundakı payları dəyişdirmədən və  X.Xəlilovun razılığı olmadan firmanın əmlakını Şahin Quliyevə satmışdır.

Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi X.Xəlilovun iddiasının əsaslı olduğunu təsdiq edərək, işin mübahisəsiz qaydada müəyyən edilmiş halları kimi alqı-satqı müqaviləsinin bağlanması üçün əsas sənəd olan firmanın nizamnaməsinə onun xəbəri olmadan qanunsuz düzəlişlər edilməsi, həmin düzəlişlərə əsasən onun əsassız olaraq təsisçilikdən çıxarılması və bununla da, faktiki olaraq, onun əmlakın satılmasından xəbərsiz olması barədə qənaətə gəlmişdir.

Məhkəmə həmin  halları müəyyən etməklə yanaşı, yalnız firmanın özgəninkiləşdirilməsindən xeyli müddət keçdiyini əsas götürərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianı təmin etməmişdir. Məhkəmə  qətnamədə X. Xəlilovun hüququnun pozulmasını bilən kimi məhkəməyə müraciət etməsi barədə dəlillərinə münasibət bildirmədən, onun məhkəməyə müraciət etməmişdən əvvəl öz hüququnun pozulmasını bildiyini və ya bilməli olduğunu ümumiyyətlə müzakirə etməmiş və beləliklə də tətbiq edilməli olan əvvəlki MM-in 78-ci maddəsini tətbiq etməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin T. Quliyevin mübahisəli əmlakı əvəzi ödənilməklə əldə etməsi, vicdanlı alıcı olması nəticəsi ilə əlaqədar isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsində, 29-cu maddəsinin  I, II və III hissələrində  mülkiyyət hüququnun  tanınması  və qorunması təsbit olunmuşdur.

Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası   Mülki Məcəlləsinin (bundan sonra – qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını  ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin  qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər.

Qüvvədə olan MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən  öz əmlakını geri tələb edə bilər. Həmin  Məcəllənin  X.Xəlilov tərəfindən mübahisələndirilən müqavilələr bağlandığı dövrdə qüvvədə olmuş 157.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, əmlak onu  özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq  o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin  özü  tərəfindən və ya  mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən  itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya  özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun.

Beləliklə, qanunun tələblərinə görə mülkiyyətçi əmlakı əldə edəndən geri tələb etmək üçün əmlakın özünün və ya  mülkiyyətçi tərəfindən əmlakın verildiyi  şəxsin sahibliyindən qeyd olunan səbəblər ucbatından çıxdığına dair sübutlar təqdim etməlidir.

Vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən  əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir.

Öz  növbəsində məhkəmə mübahisəyə qanunvericiliklə   müəyyən  olunmuş  qaydada baxılmasını təmin etməlidir.

İşin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı təmin etməməsini X.Xəlilovun «Təbriz» firmasının təsisçisi olmasına dair sübutları təqdim edə bilməməsi, Teymur Quliyevin isə vicdanlı alıcı olması ilə əsaslandırmışdır.

X.Xəlilov həmin qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, «Təbriz» firmasının əmlakı saxtalaşdırılmaqla, onun razılığı alınmadan satılmış, M.Məmmədov və Ş.Quliyev arasında bağlanmış alqı-satqı müqaviləsi sənədlərin saxtalaşdırılması yolu ilə təsdiq olunmuş, notariat işində firmanın nizamnaməsi və M.Məmmədovun səlahiyyətlərini təsdiq edən sənədlər mövcud olmamış,  «Təbriz» firması Ş.Quliyevin adına hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrində qeydə alınmamış, təsisçilərin dəyişməsi barədə qərar mövcud olmamış, firmanın nizamnaməsində Ş. Quliyevin adı təsisçi kimi qeyd edilməmiş, müəssisədəki payın alqı-satqı müqaviləsində Ş.Quliyevin müəssisənin əmlakını hansı qiymətə alması barədə qeyd olmamış, əmlak ona təhvil verilməmiş, bu barədə təhvil aktı imzalanmamış və onun vəfatından sonra həmin əmlaka miras açıla bilməzdi.

Apellyasiya şikayətində daha sonra qeyd edilmişdir ki, Ş.Quliyevin arvadı R.Ağayarova «Təbriz» firmasının miras qalmış əmlakını qanun üzrə vərəsəlik hüququ əsasında qəbul etməmiş, həmin əmlak Ş.Quliyevdən miras qalmış əmlakın kütləsinə daxil olmamış və R.Ağayarovaya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin əmlakın Ş.Quliyevə mənsub olmasını təsdiq edən sənədlər tələb edilməmişdir. «Təbriz» firmasının əmlakı R.Ağayarovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun həmin əmlak üzərində sərəncam vermək hüququ olmamışdır.

Təkrar işə baxmış apellyasiya instansiyası məhkəməsi X. Xəlilovun apellyasiya şikayətindəki dəlillərini öz qətnaməsində əks etdirsə də, həmin dəlillərə qiymət verməyərək, yalnız bağlanmış müqavilələrin mahiyyətini açıqlamaqla, T. Quliyevin vicdanlı  alıcı olması nəticəsinə gəlmişdir.

Halbuki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə,  işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə  apellyasiya instasiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan  istifadə edir.

MPM-in 392.2-ci maddəsinə görə isə apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

Yuxarıdakılara əsasən Konstitusiya Məhkəməsinin Plenumu  belə nəticəyə gəlir ki, işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə əvvəlki MM-in 78-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, Konstitusiyada  və mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi  hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Bunlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar işə baxılarkən Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, əvvəlki MM-in 73 və 78-ci maddələrinin, MPM-in 9.1, 9.3, 88, 372.1 və 392.2-ci maddələrinin tələblərinin pozulduğuna dəlalət edir.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının  düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual  hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu  düzgün qətnamə qəbul edilməməsi ilə  nəticələnsin və ya nəticələnə bilsin ( MPM-in 416, 418.1. və 418.3-cü maddələri).

Ali Məhkəmənin MİÜMK  X. Xəlilovun kassasiya şikayətinə baxarkən, onun iddia müddətinin düzgün tətbiq edilməməsinə, işə qanunvericiliyin tələblərinin pozulması ilə baxılmasına dair dəlillərinə lazımi qiymət verməmiş,  nəticədə MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə  öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi  təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli  bərpa edilməsi prinsipinin pozulmasına  gətirib çıxarmışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Gheorghe Rumıniyaya qarşı iş üzrə 15 mart 2007-ci il tarixli qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, Ali Məhkəməyə şikayətində, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili Ali Məhkəmə tərəfindən nəzərə alınmamışdır (§ 50).

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin MİÜMK-nın 18 iyun 2008-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A     A L D I :

1. M. Məmmədov və X. Xəlilovun Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin ləğvi, əraziyə köçürülmə tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarı  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə  bu qərara uyğun olaraq Azərbaycan Respublikası  mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                       Fərhad Abdullayev