Decisions

19.11.26. Konstitusiyanın 32 mad. I, II his., 71 mad. II his. baxımından AR MM-in 26-cı və AR AM-in 53.3-cü mad. AR Nazirlər Kabinetinin 12.05.2011 il, 79 nömrəli Qərarının müddəaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

19 noyabr 2026-cı il                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov (məruzəçi-hakim), İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ali  Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N    E T D İ:

 

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək  Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26-cı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 53.3-cü maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın (bundan sonra – Qaydalar) 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.  

Müraciətdən görünür ki, Ali Məhkəmənin icraatında olan işin hallarına əsasən 1975-ci il 25 may tarixli doğum aktı qeydinə görə iddiaçının adı Quliyev Anar Aydın oğlu olmuş, 2023-cü il 17 fevral tarixində öz istəyi ilə ad və soyadını Quluzadə Həsən Aydın oğlu kimi dəyişdirmiş, bununla əlaqədar ona 2023-cü il 3 mart tarixli akt əsasında şəhadətnamə verilmişdir. Bundan sonra, iddiaçı ad və soyadının əvvəlki ad və soyadına (“Quluzadə”dən “Quliyev”ə, “Həsən”dən “Anar”a) dəyişmək üçün Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu 2025-ci il 13 iyun tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, Qaydaların 6.3-cü bəndinin tələblərinə əsasən ərizəçinin istinad etdiyi halda adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir.

İddiaçı adının dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, ailəsinin ona qarşı yaratdığı sosial, mənəvi və psixoloji təzyiqlər nəticəsində adını və soyadını dəyişmək məcburiyyətində qalmış, həmin vaxt babasının adına keçməklə bağlı qərarı öz daxili iradəsi ilə yox, ətrafın təzyiqləri altında, qorxu və narahatlıq içində qəbul etmişdir. Özünü tanıtdığı adı dəyişdirmək məcburiyyətində qalması onun üçün sadəcə bir ad və soyad dəyişikliyi deyil, şəxsiyyətinin parçalanması, daxili kimliyinin pozulması və özünə olan psixoloji münasibətinin sarsılması olmuşdur.  Bu dəyişiklik onun həyatında ciddi sosial və hüquqi maneələr yaratmaqla yanaşı, psixoloji sağlamlığına da zərər vurur.

Bakı İnzibati Məhkəməsinin 2025-ci il 28 avqust tarixli qərarı ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il 14 yanvar tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan kassasiya şikayəti verilmişdir.  

Müraciətdə göstərilmişdir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi ilə bağlı müddəalar Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrində müəyyən olunmuş, həmin normalarda adın növbəti dəfə dəyişdirilməsi ilə bağlı xüsusi tənzimləmə və məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla belə, Qaydaların 6.3-cü bəndinə əsasən növbəti dəyişikliyin yalnız 6.24–6.28-ci bəndlərdəki 5 halda mümkün olması Konstitusiya və qanunlarla vətəndaşa verilmiş ad hüququnun həcminin əsassız olaraq və qeyri-mütənasib şəkildə məhdudlaşdırılması vəziyyətini yaradır. Şəxsin psixoloji sarsıntı, iradə qüsuru, ictimai-sosial həyatda qarşılaşdığı maneələr, dini və ya fəlsəfi baxışların dəyişməsi, ailə münasibətlərində baş vermiş dəyişikliklər, təhlükəsizliklə bağlı və s. kimi obyektiv və həyati əhəmiyyətli səbəblər nəzərdən qaçırılır.

Müraciət edən hesab edir ki, Qaydalarda iddiaçının üzləşdiyi xüsusi halları tənzimləyən mexanizmin olmaması qanunvericiliyin keyfiyyəti ilə bağlı məsələni ortaya çıxarmaqla, qeydiyyat orqanına fərdi hallar baxımından obyektiv araşdırma aparmaq imkanı vermir.

Qeyd edilənlərə əsasən Ali Məhkəmə insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə əlaqədar müraciətdə göstərilən normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 32-ci maddəsinin I və II hissələrinə əsasən hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Bu müddəalar şəxsi və ailə həyatına qanunla müəyyən edilmiş hallardan kənar müdaxilənin qadağan edilməsi ilə bağlı dövlətin neqativ öhdəliyini yaratmaqla yanaşı, bir sıra pozitiv öhdəliklərinin mövcudluğunu da şərtləndirir. Şəxsi həyatın müdafiəsi hüququnun yalnız məxfiliyin qorunması ilə məhdudlaşmadığı nəzərə alınaraq, şəxsiyyətin sərbəst inkişaf etdirilməsi ilə əlaqəli bir sıra qanuni mənafelər də bu hüquqla əhatə olunur. Şəxsin ayrılmaz, özgəninkiləşdirilməz və şəxsiyyəti ilə sıx bağlı olan ad hüququ ilə əlaqədar mənafeləri də məhz bu baxımdan şəxsi həyatla bağlı məsələ kimi qiymətləndirilir.  

Konstitusiya Məhkəməsinin Plenumu L.Ramazanovanın şikayəti üzrə qəbul edilmiş 2022-ci il 1 iyun tarixli Qərarında da adın şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri kimi şəxsi həyat sahəsinə daxil olduğunu qeyd edərək göstərmişdir ki, şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir.  Ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə deyil, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına xidmət edən vasitədir.

Odur ki, ad hüququ Konstitusiyanın mətnində birbaşa təsbit edilməsə də, fərdin şəxsiyyətinin, fərdi identikliyinin və özünüidentifikasiyasının tərkib hissəsi olduğundan şəxsin öz adını seçməsi, həmin addan istifadə etməsi və qanunla müəyyən edilmiş qaydada onu dəyişdirməsi Konstitusiyanın 32-ci maddəsi ilə qorunan şəxsi həyat hüququnun əhatə dairəsinə daxildir.

Şəxsi qeyri-əmlak hüquqlarından biri kimi ad hüququ ilə bağlı konkret normalar isə mülki və ailə qanunvericiliklərində öz əksini tapmışdır.

Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır (26.4 və 26.5-ci maddələr).

Ailə Məcəlləsinin 53.1 və 53.3-cü maddələrinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Həmin Məcəllənin 189-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır (Ailə Məcəlləsinin 190.1-ci maddəsi).

Göründüyü kimi, ad hüququ şəxsə ada malik olmaq, addan istifadə etmək, onun hüquqi müdafiəsini tələb etmək, eləcə də adı dəyişdirmək kimi müxtəlif səlahiyyətlər verir.

Adın dəyişdirilməsi hüququna məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, ad bir tərəfdən fərdin şəxsi kimliyinin tərkib hissəsi və özünüifadə vasitəsi, digər tərəfdən isə dövlət və digər şəxslər qarşısında hüquqi identifikasiyasını təmin edən vasitə olduğundan, bu ikili xarakter ad hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri konstitusion hüquqlar və dövlətin legitim maraqları arasında balansın təmin olunmasını zəruri edən məsələyə çevirir. Bu baxımdan ad və onun təzahürü kimi adın dəyişdirilməsi hüququ da mütləq olmamaqla, müəyyən məhdudiyyətlərə məruz qala bilər.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.3–3.5-ci maddələrinə görə Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməli, Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, adı seçmək və ya onu dəyişdirmək hüququ ilə bağlı qanunla müəyyən edilmiş məhdudiyyət yalnız o halda yolverilən hesab edilə bilər ki, bu məhdudiyyət legitim məqsədlərə nail olmaq üçün tətbiq edilsin, həmin hüququn mahiyyətinə toxunmayaraq məzmununun itirilməsinə gətirib çıxarmasın və mütənasiblik prinsipinin tələblərinə cavab vermiş olsun.

Yuxarıda göstərildiyi kimi,  Mülki Məcəllədə və Ailə Məcəlləsində əksini tapmış 18 yaşına çatmış vətəndaşların öz adını dəyişmək hüququnun həyata keçirilməsi qaydasının müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanına həvalə edilmişdir.

Müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikası Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) tərəfindən (Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən) qəbul olunmuş Qaydaların 6.5-ci bəndində adın dəyişdirilməsi ilə bağlı göstərilmişdir ki, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

Qaydaların 6.15–6.17-ci bəndlərində isə ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi tərəfindən toplanmış sənədlərin yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərilməsi, müvafiq polis idarəsi (şöbəsi) tərəfindən yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəy  tərtib olunaraq sənədlərin qeydiyyat şöbəsinə qaytarılması, qeydiyyat şöbəsi və ya konsulluq idarəsinin əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib etməli olduğu göstərilmişdir.

Şəxsin kimliyini gizlətməklə cinayət məsuliyyətindən və ya hüquqi öhdəliklərdən yayınmaq üçün adın dəyişdirilməsindən sui-istifadənin qarşısının alınmasına, bununla da ictimai maraqların qorunmasına yönəlmiş göstərilən müddəalar adın dəyişdirilməsi zamanı diqqətə alınmalı halları və müvafiq proseduru tənzimləyir.

Adın növbəti dəfə dəyişdirilməsi ilə bağlı isə Qaydaların 6.3-cü bəndində göstərilir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

Qeyd edilən Qaydaların 6.24-cü bəndi ər-arvaddan birinin soyadını dəyişdirməsinin digərinin soyadının dəyişilməsinə səbəb olmayacağını nəzərdə tutur, 6.25–6.28-ci bəndləri isə valideynlərin ad, soyad və (və ya) ata adındakı dəyişikliklərin onların övladlarının müvafiq vətəndaşlıq vəziyyəti akt qeydlərinə hüquqi təsirini müəyyən edir.

Lakin müraciətdə də qeyd edildiyi kimi, Qaydaların adın növbəti dəfə (təkrar) dəyişdirilməsi ilə bağlı normalarında yetkinlik yaşına çatmış şəxsin öz adını təkrar dəyişdirməsi barədə müraciətinə əsas verə biləcək fərdi hallarla (səbəblərlə) bağlı tənzimetmə nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, fərdi səbəblərlə (subyektiv hallarla) bağlı adın təkrar dəyişdirilməsinə dair müraciətlərin Qaydaların 6.3-cü bəndinin tətbiqi əsasında rədd edilməsinin Konstitusiyaya uyğunluğunun və əsaslılığının aydınlaşdırılması üçün müvafiq qanunvericilik normaları hüquqların qanunla məhdudlaşdırılması, belə məhdudiyyətin mütənasibliyi və hüququn mahiyyətini dəyişməməsi kimi yuxarıda qeyd edilən konstitusion tələblər baxımından qiymətləndirilməli  və həmin normaların konstitusiya hüquqi  mənası müəyyən edilməlidir.

Belə ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəalarının onların konstitusiya-hüquqi mənasına uyğun tətbiq olunması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız Konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. 

Nəzərə alınmalıdır ki, qanunverici Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərinə dair normalar təsbit  etməklə yanaşı, həmin normaların realizəsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Bununla belə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi bu kimi qaydalar verilmiş səlahiyyətlərin hüdudları daxilində olmalı və qanunla nəzərdə tutulmayan məhdudiyyətlərin müəyyən edilməsinə gətirib çıxarmamalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin məzmunu nəzərə alınmaqla Nazirlər Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Nazirlər Kabinetinin qərarları da həmin qanunun məqsədlərinə, hüquqi təyinatına uyğun olmalı və məzmununu dəyişməməlidir (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2014-cü il 28 mart tarixli Qərar).

Bu baxımdan qeyd edilməlidir ki, Mülki Məcəllə və Ailə Məcəlləsi  18 yaşına çatmış vətəndaşların öz adını dəyişmək hüququnu müəyyənləşdirsə də, həmin Məcəllələrdə belə dəyişikliyin növbəti dəfə həyata keçirilməsi ilə bağlı hər hansı qadağa və ya bu hüququn həyata keçirilməsinin konkret hallarla məhdudlaşdırılması ilə bağlı müddəa əksini tapmamış, müvafiq icra hakimiyyəti orqanına münasibətdə isə məhz həmin hüququn reallaşdırılması qaydalarının tənzimlənməsi səlahiyyəti tanınmışdır.

Bununla belə qeyd edilməsi zəruridir ki, adın dəyişdirilməsi ilə bağlı qanunla müəyyənləşdirilə biləcək məhdudiyyətlər müxtəlif, məsələn, ictimai maraqların qorunması, müəyyən adı daşıyan şəxslərin konkret nəsil ilə əlaqəsinin müəyyən edilməsinin təmin olunması, şəxslərin cinayət məsuliyyətindən yayınmasının qarşısının alınması və s. kimi legitim məqsədlər daşıya bilər. Adın təkrar dəyişdirilməsi ilə bağlı məhdudiyyətin isə şəxslərin qeydiyyatı və identifikasiyası sahəsində hüquqi sabitliyin təmin edilməsi kimi qanuni məqsədlərlə əsaslandırılması mümkündür.

Lakin legitim məqsədlərin mövcudluğu özü-özlüyündə tətbiq edilən məhdudiyyətin konstitusion baxımdan əsaslandırılmış hesab olunması üçün kifayət etməməklə mütənasiblik prinsipinin tələblərinin gözlənilməsi zərurətini aradan qaldırmır.

Mütənasiblik müvafiq məhdudiyyətin uyğunluq, zərurilik və proporsionallıq meyarlarına cavab verməli olmasını nəzərdə tutan prinsip kimi çıxış edir. Belə ki, uyğunluq seçilmiş vasitə ilə qanuni məqsədə nail olmağın mümkün olub-olmadığını, zərurilik həmin məqsədə daha az məhdudlaşdırıcı vasitələrlə nail olmağın mümkün olub-olmadığını, proporsionallıq isə qarşıya qoyulmuş məqsədlə müqayisədə qeyri-mütənasib dərəcədə məhdudiyyətlərə yol verilməməsini, fərdi və ictimai maraqlar arasında ədalətli balansın təmin olunmasını nəzərdə tutur. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli Qərarında da ifadə olunmuşdur.

Qanunun aliliyinin tərkib hissəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsinin yalnız qanuni məqsəd üçün zəruri və ağlabatan həddə olmasını tələb edən bu təməl prinsip məhdudlaşdırmanın tətbiqi zamanı dövlətin və ya cəmiyyətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmasını şərtləndirdiyindən, belə tarazlığın qorunmaması və ya şəxsin həddən artıq məhrumiyyətə məruz qalması mütənasibliyin pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2026-cı il 18 fevral tarixli Qərarı).

Göstərilənlər nəzərə alınmaqla qeyd edilməlidir ki, adın növbəti dəfə dəyişdirilməsi halında subyektiv səbəblərin qiymətləndirilməsinin mümkünlüyünün istisna edilməsi və yalnız dəyişikliyin sayına əsaslanmaqla belə müraciətlərin rədd edilməsi şəxsi həyatın mühüm aspektlərinin nəzərə alınmaması ilə nəticələnə bilər. Adın özünüfərdiləşdirmə və özünümüəyyənetmədəki rolunu nəzərə almadan, şəxsin irəli sürdüyü səbəblərin əsaslılığını və onun şəxsi həyatına, digər hüquq və maraqlarına mümkün təsirlərini qiymətləndirmədən yalnız qanunvericinin güddüyü məqsədə əsaslanma, məhdudlaşdırma nəticəsində əldə edilən hüquqi fayda ilə fərdin məruz qaldığı məhrumiyyətlər arasında ədalətli balansın qorunmasının zəruriliyini şərtləndirən mütənasiblik prinsipinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olar.

O da vurğulanmalıdır ki, hüququn mahiyyətinin dəyişməsi onun həyata keçirilməsinin əhəmiyyətli dərəcədə çətinləşdirilməsi, qeyri-mümkün hala gətirilməsi və ya faktiki olaraq aradan qaldırılması ilə səciyyələnir. Adın dəyişdirilməsi hüququ baxımından isə subyektiv səbəblərin və  şəxsi maraqların nəzərə alınmasına imkan verməyən məhdudiyyətin tətbiqi həmin hüququn həyata keçirilməsini mümkünsüz etməklə onun mahiyyətinin dəyişməsinə və formallığına gətirib çıxara bilər.

Bu baxımdan adın növbəti dəfə dəyişdirilməsi ilə bağlı sadalanan konstitusion tələb və prinsiplərə uyğun gələn konkret məhdudiyyətlərin tətbiqi qanunverici orqanın müstəsna səlahiyyətində olmaqla məhz qanunla müəyyənləşdirilə bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, adın subyektiv səbəblərdən irəli gələn növbəti dəfə dəyişdirilməsi ilə bağlı müraciətlərin baxılması və araşdırılmasından Qaydaların 6.3-cü bəndinin tətbiqi əsasında imtina edilməsi Konstitusiyanın 71 və 149-cu maddələrinin tələblərinə uyğun gəlməməklə yanaşı, şəxsi həyata hörmət hüququnun mahiyyətinə xələl gətirər və Konstitusiyanın 32-ci maddəsi ilə təmin edilən şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olar.

Qeyd edilən bənddə adın təkrar dəyişdirilməsinə imkan verən yalnız obyektiv halların nəzərdə tutulması isə onunla izah edilə bilər ki, həmin halların mövcudluğu və qanunvericiliklə müəyyən edilmiş digər şərtlərin ödənilməsi adın dəyişdirilməsi barədə müsbət qərarın qəbul edilməsi üçün özlüyündə yetərli əsas yaratmış olur. Belə ki, obyektiv əsasların mövcudluğu, şərtlərə uyğunluq müvafiq sənədlər əsasında müəyyən edilə bildiyindən, fərdi halların (subyektiv əsasların) ayrıca hüquqi qiymətləndirilməsinə ehtiyac yaranmır. Bununla belə, bu tənzimetmə adın təkrar dəyişdirilməsinə imkan verən əsasların yalnız həmin siyahı ilə məhdudlaşdırıldığı və fərdi səbəblərdən irəli gələn digər halların nəzərə alınmasının yolverilməz olduğu qənaətinə gəlməyə səbəb ola bilməz.

Qeyd edilməsi zəruridir ki, qanunvericilikdə bütün mürəkkəb həyati halların əvvəlcədən nəzərə alınması mümkün olmadığından, hüquqi tənzimetmənin natamamlığından irəli gələn qeyri-müəyyənlik hüququn təməl prinsipləri rəhbər tutulmaqla aradan qaldırıla bilər.

O da qeyd olunmalıdır ki, Qaydalara adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizənin  forma və məzmununu müəyyən edən 1 nömrəli Əlavədən göründüyü kimi, müvafiq ərizədə göstərilməli olan məlumatlardan biri də ad, ata adı və soyadın dəyişdirilməsinin səbəbidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş prosedur qaydalar da inzibati orqanın inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğunu, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilinməyəcəyini, inzibati icraat zamanı işin bütün hallarının araşdırılmasının həmin orqanın xidməti vəzifəsindən irəli gəldiyini müəyyən edir (24.1–24.3-cü maddələr).

Odur ki, inzibati orqanlar tərəfindən adın növbəti dəfə dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılması zamanı hər bir müraciətin fərdi hallar əsasında qiymətləndirilməsi, dəyişikliklə bağlı səbəblərin (fərdin şəxsi və ailə həyatına, sosial münasibətlərinə, psixoloji vəziyyətinə təsir və ya digər əsaslandırılmış səbəblər) araşdırılması, fərdin adını dəyişdirməsinə yönələn şəxsi mənafeyi ilə ictimai mənafelər arasında ədalətli tarazlığın təmin edilməsinin diqqətə alınması mühüm əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktların qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsi zəruridir. Hüquq normalarının birmənalı və aydın olmasını tələb edən bu prinsipin pozulması, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasını təşkil etməli olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Bu səbəbdən  Qaydaların 6.3-cü bəndinin məzmununun Konstitusiya və qanunların tələblərinə uyğunlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından məqsədəuyğun olardı.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 32-ci maddəsinin mahiyyətindən irəli gələrək, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlərin yalnız əvvəlki dəyişiklik faktının mövcudluğu səbəbilə rədd edilməsinə yol verilmir;

- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Qaydaların 6.3-cü bəndinin məzmununun Konstitusiyanın 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin V hissələrinin, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin tələblərinə uyğunlaşdırılması Nazirlər Kabinetinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini  rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1.  Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik faktının mövcudluğu səbəbilə rədd edilə bilməz.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3-cü bəndinin məzmununun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin V hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin tələblərinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

 

Sədr                                                                                              Fərhad Abdullayev