AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D
I
Y.Muxtarzadənin
şikayətinə dair
19 oktyabr
2026-cı il
Bakı
şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva,
Rauf Quliyev, Otari Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Y.Muxtarzadənin şikayətinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim O.Qvaladzenin məruzəsini,
ərizəçinin şikayətini, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis
mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N
E T D İ:
Y.Muxtarzadə F.Muxtarzadəyə qarşı
atalığın müəyyən edilməsi, yeni doğum haqqında şəhadətnamənin verilməsinin
müvafiq qeydiyyat şöbəsinə həvalə edilməsi, övladının doğum haqqında şəhadətnaməsinin
“ata adı” qeyd olunan qrafasında cavabdehin adının qeyd olunması və aliment tələbinə
dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddia onunla əsaslandırılmışdır ki,
Y.Muxtarzadə cavabdeh ilə 2006-cı ildən etibarən faktiki nikah münasibətlərinə
daxil olmuş, 2008-ci ildə onların Leyla adında qızı dünyaya gəlmiş, lakin həmin
vaxt iddiaçı digər şəxslə rəsmi nikahda olduğundan, övladının atası olaraq onun
rəsmi nikahda olduğu əri M.Məmmədov qeyd edilmiş və uşağa onun soyadı
verilmişdir. M.Məmmədovla rəsmi nikah münasibətlərində olsalar da, birgə
yaşamamış, 2011-ci il 12 sentyabr tarixli məhkəmə qətnaməsinə əsasən nikahları
pozulmuş, 2023-cü il 16 aprel tarixində isə M.Məmmədov vəfat etmişdir. Hazırda
qızının faktiki atasının cavabdeh olmasına baxmayaraq, uşağın atası kimi M.Məmmədov
tanınmaqdadır və qızının tərbiyə olunması, təhsil alması və digər məsələlərlə
bağlı cavabdeh tərəfindən hər hansı dəstək göstərilmir.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin
2024-cü il 19 mart tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 2024-cü il 24 iyun tarixli qətnaməsi ilə cavabdeh tərəfindən
verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin
olunmamışdır.
Apellyasiya instansiyası məhkəməsi
mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün
işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa
malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin
(bundan sonra – Ailə Məcəlləsi) 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1 və
46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə
qeydə dair mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış
şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan
sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Maddənin məzmunundan göründüyü kimi, hazırkı iş üzrə mübahisə uşağın valideyni
qismində yazılmış şəxs tərəfindən sağlığında açıla bilərdi. Həmçinin iddia
cavabdehin özü tərəfindən, habelə uşaq yetkinlik yaşına çatdıqdan sonra isə
onun tərəfindən verilə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi valideyn
olaraq iddiaçının, hazırkı halda cavabdehin L.Məmmədlinin atası olması faktının
müəyyən edilməsi barədə iddia irəli sürmə imkanını nəzərdə tutmamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 2024-cü
il 4 oktyabr tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti
təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsi də
apellyasiya instansiyası məhkəməsinin iddiaçının atalıq faktının müəyyən edilməsi
barədə iddia irəli sürmə imkanının ailə qanunvericiliyində nəzərdə tutulmaması,
onun atalığın müəyyən edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv
hüququnun olmaması barədə mövqeyi ilə razılaşmışdır.
Y.Muxtarzadə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və
qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi şikayətində göstərmişdir
ki, doğum haqqında şəhadətnamədə ata barədə qeyd haqqında mübahisə açılması məsələsinə
münasibətdə Ailə Məcəlləsinin 47.1-ci maddəsində öz əksini tapan “uşağın
valideyni qismində yazılmış şəxs” anlayışının məzmununun yalnız atanı ehtiva
etməsi ananın belə qeydi mübahisələndirmək hüququndan məhrum olmasına gətirib
çıxarır.
Konstitusiya Məhkəməsinin Plenumu
şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 17-ci maddəsinin I
hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək,
onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Konstitusiyanın
34-cü maddəsinin III və IV hissələri).
Ailə münasibətlərinin yaranmasının,
onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının
hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən Ailə Məcəlləsində
öz əksini tapmış uşaqların mənşəyinin müəyyən olunması ilə bağlı normalar
yuxarıda göstərilən konstitusion müddəaların realizəsi baxımından xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, valideynlərin hüquq və vəzifələrinin yaranmasının əsasında,
ilk növbədə, uşağın mənşəyinin hüquqi cəhətdən müəyyənləşdirilməsi dayanır.
O da qeyd edilməlidir ki, uşağın mənşəyinin
müəyyən edilməsi ilə bağlı məsələlər Konstitusiya ilə təminat verilən şəxsi
toxunulmazlıq hüququ ilə də əlaqəlidir. Konstitusiyanın 32-ci maddəsinin II
hissəsinə əsasən qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına
müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi
şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin
qarşısını almaqdan ibarətdir. Bu, ilk növbədə, dövlətin neqativ öhdəliyi kimi
ifadə olunsa da, burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna
edilmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Ramazanovanın şikayəti üzrə
2022-ci il 1 iyun tarixli Qərarı).
Bu baxımdan şəxsi və ailə həyatına
hörmət hüququ fərdin yalnız şəxsi həyatına aid məsələlərə müdaxilədən
qorunmasını əhatə etmir. Valideynlik münasibətlərinin müəyyən edilməsi, şəxsin
müəyyən uşağın valideyni kimi tanınması və valideyn-uşaq münasibətinin hüquqi
baxımdan rəsmiləşdirilməsi valideynin şəxsi və ailə həyatının mühüm aspektlərini
təşkil edir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı məsələyə
baxılması zamanı Əsas Qanunun 32-ci maddəsinin tələblərinin də nəzərə
alınmasını vacib hesab edir.
Uşağın atadan mənşəyinin müəyyən
edilməsi və qeyd olunması ilə bağlı qaydalar Ailə Məcəlləsinin 44–46-cı maddələri
ilə tənzimlənir. Həmin normaların təhlilinə əsasən atalığın müəyyən edilməsinin
aşağıdakı üç əsası fərqləndirilə bilər:
1. Atalıq
prezumpsiyası. Bu, nikah davam etdiyi dövrdə və ya nikahın pozulmasından etibarən
qanunvericiliklə müəyyən edilmiş müddət ərzində doğulan uşağın atasının ananın əri
olduğunu nəzərdə tutan prezumpsiyadır. Ailə Məcəlləsinin 44.2 və 46.1-ci maddələrinə
görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın
pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən
300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri
(keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeydlə təsdiq
olunur. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə
uşağın valideynləri kimi qeyd olunurlar.
Bu prezumpsiya nikahda olan anadan
doğulmuş uşağın atasının ər olduğu ehtimalına əsaslandığından, uşağın doğumunun
qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir
ki, o, digərinin razılığı ilə hərəkət edir (Ailə Məcəlləsinin 164.3-2-ci maddəsi).
2. Valideynlərin birgə ərizə
ilə müraciəti. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığının müəyyən edilməsini
nəzərdə tutan bu halda atalıq uşağın atasının və anasının müvafiq icra hakimiyyəti
orqanına birgə ərizə vermələri ilə müəyyən olunur (Ailə Məcəlləsinin 44.3-cü
maddəsi). Ana tərəfindən ərizə verilməsinin obyektiv səbəblərdən mümkün
olmaması, eləcə də birgə ərizə verməyin uşağın doğulmasından sonra
qeyri-mümkünlüyü və ya çətinliyi hallarında müvafiq ərizənin verilməsi qaydası
isə həmin Məcəllənin 44.4 və 44.5-ci maddələri ilə tənzimlənmişdir.
3. Atalığın məhkəmə
qaydasında müəyyən edilməsi. Qanunverici atalığın müəyyən edilməsinin bu
üsulunu yuxarıda qeyd olunan iki əsasdan heç birinin mövcud olmadığı hallar
üçün nəzərdə tutmuşdur. Belə ki, Ailə Məcəlləsinin 45.1-ci maddəsinə müvafiq
olaraq uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi
və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən
birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq
yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən
olunur.
Valideynlər öz aralarında nikahda
olmadıqda uşağın atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi
və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır (Ailə
Məcəlləsinin 46.2-ci maddəsi).
O da göstərilməlidir ki, aralarında
nikah olan və ya olmayan şəxslərdən doğulan uşaqların atalığının müəyyənləşdirilməsi
və bu barədə qeydlərin aparılması qaydasını nəzərdə tutan qanunverici həmin
qeydlərin mübahisələndirilməsinin mümkünlüyünü də istisna etməmişdir.
Ailə Məcəlləsinin 47.1-ci maddəsində
göstərilmişdir ki, bu Məcəllənin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq doğum
haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə
yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi
valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya
uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan
hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Ananın atalığa dair müvafiq qeydi
mübahisələndirmək hüququna malik subyekt kimi tanınıb-tanınmaması ilə bağlı təhlil
aparılmasından əvvəl Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab
edir ki, Ailə Məcəlləsinin ayrı-ayrı maddələri ilə (müvafiq olaraq 45 və 47-ci
maddələr) tənzimlənən atalığın məhkəmə qaydasında müəyyən olunması və doğum
haqqında şəhadətnamədə ata barədə qeydin məhkəmədə mübahisələndirilməsi halları
bir-birindən fərqləndirilməlidir. Belə ki, birinci halda məqsəd uşağın bioloji
atasının kimliyinin müəyyən edilməsi olduğu halda, ikinci halda iddia qeyddə
ata kimi göstərilmiş şəxsin uşağın bioloji atası olmadığının müəyyənləşdirilməsi
və atalığa dair qeydin həqiqəti əks etdirmədiyinin təsdiq olunmasına yönəlir.
Yuxarıda qeyd edilənlərdən
göründüyü kimi, uşağın valideyni qismində yazılmış şəxs valideynlər barədə qeyd
haqqında mübahisə açmaq hüququna malik subyektlər sırasındadır.
İlk növbədə “uşağın valideyni
qismində yazılmış şəxs” ifadəsindəki sözlərin hərfi (leksik) mənasından çıxış
etdikdə, bu ifadə ilə həm ananın, həm də atanın nəzərdə tutulduğunu qeyd etmək
mümkündür.
Subyektiv hüquqla bağlı
Konstitusiya Məhkəməsi tərəfindən ifadə edilmiş hüquqi mövqeyə əsasən
insanların müxtəlif maraqlarının təmin edilməsinə ictimai ehtiyacdan irəli gələrək
müəyyən davranış qaydaları dövlət tərəfindən məcburi hüquqi qüvvə verilməklə
qanunvericilik aktlarına daxil edilir. Nəticədə hər bir subyektiv hüquq müəyyən
bir marağın ödənilməsinə xidmət edir. Başqa sözlə, subyektiv hüquqlar da özündə
qanuni maraqları əks etdirir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq” anlayışının şərh
edilməsinə dair” 2025-ci il 23 may tarixli Qərardad).
Bu baxımdan uşağın anasının atalıq
barədə qeydi mübahisələndirmək üçün subyektiv hüququnun mövcudluğu, ilk növbədə,
onun bu məsələdə qanuni marağının olub-olmaması ilə şərtlənir.
Yuxarıda qeyd edildiyi kimi, uşağın
mənşəyinin müəyyən olunması uşaqlarla yanaşı valideynlərin də şəxsi və ailə həyatı
ilə birbaşa əlaqəli məsələdir. Atalıq barədə qeydin aparılması nəticəsində
konkret şəxsə verilmiş atalıq hüquqi statusu yalnız həmin kişiyə və uşağa
münasibətdə nəticələr doğurmur, bu, ananın da ailə münasibətlərinin hüquqi çərçivəsini
müəyyən etməklə şəxsi həyatına bilavasitə təsir göstərə bilir. Nəzərə
alınmalıdır ki, uşağın mənşəyinin müəyyən edilməsi əsasında valideynlərlə
uşaqlar arasında yaranan hüquq münasibətləri əmlak və qeyri-əmlak xarakterli
olmaqla iki qrupa bölünür. Qeyri-əmlak xarakterli münasibətlərə uşaqları tərbiyə
etmək, təhsil almasını təmin etmək, onların tərbiyəsinə, sağlamlığına, psixi,
fiziki, mənəvi inkişafına görə məsuliyyət daşımaq və s. ilə əlaqədar yaranan
hüquq və vəzifələr, əmlak xarakterli münasibətlərin tərkibinə isə aliment, vərəsəlik
və digərləri ilə bağlı məsələlər aid edilə bilər. Uşağın bioloji mənşəyinin müəyyən
edilməsi ananın öz valideynlik hüquq və vəzifələrini məhz hansı şəxslə birgə və
qarşılıqlı şəkildə həyata keçirəcəyinə təsir göstərdiyindən, bununla da onun şəxsi
həyatına dair məsələlərə toxunduğundan, ananın atalıq barədə qeydin həqiqəti əks
etdirməsinə hüquqi marağı mövcuddur.
Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən
atalığın məhkəmə qaydasında müəyyən edilməsini tələb etmək hüququna malik
subyektlər arasında uşağın qəyyumu (himayəçisi), yetkinlik yaşına çatdıqda
uşağın özü ilə yanaşı, valideynlərdən biri kimi ananın da göstərilməsi ona dəlalət
edir ki, qanunverici uşağın bioloji atasının müəyyən edilməsi və qeydə
alınmasına münasibətdə ananın uşağın marağından müstəqil marağının mövcudluğunu
tanımışdır.
Bu baxımdan ananın atalığa dair
qeydin reallığa uyğunluğunun təmin edilməsinə, yəni onun şəxsi həyatında hüquqi
nəticələr doğuran faktların həqiqi vəziyyətə uyğun şəkildə rəsmiləşdirilməsinə
dair marağı mövcuddur.
O da nəzərə alınmalıdır ki, uşağın
aralarında nikah bağlanmış şəxslərdən olması halında doğum haqqında qeydiyyatın
ananın ərizəsi olmadan yalnız atanın müraciəti əsasında aparılması da istisna
edilmir.
Odur ki, qanunvericilikdə anaya
atalıq barədə qeydi mübahisələndirmək hüququnun verilməsi Konstitusiyanın 60-cı
maddəsi ilə təmin olunan hüquq və azadlıqların inzibati və məhkəmə qaydasında
müdafiəsi baxımından mühüm təminatdır. Belə ki, hüquq və azadlıqların məhkəmə
müdafiəsi hüququ, ilk növbədə, şəxsin pozulmuş hüquq və azadlıqlarının, habelə
qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək və
bununla əlaqədar məhkəmə icraatının başlanılmasını tələb etmək imkanını ehtiva
edir. Bu baxımdan, anaya münasibətdə tanınan bu subyektiv hüquq onun şəxsi həyatına
hörmət edilməsini tələb etmək hüququna təsir göstərən və ya həmin hüquqa
müdaxilə təşkil edən məsələlərin mübahisələndirilməsinə və pozulmuş hüququn bərpasının
tələb edilməsinə real və səmərəli hüquqi vasitə yaradır.
Oxşar məsələ ilə bağlı Türkiyə
Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi Qərarda qeyd edilmişdir ki,
“... şəxsi və ailə həyatına hörmət edilməsini tələb etmək hüququ şəxsin şəxsi və
ailə həyatını öz anlayışına uyğun olaraq təşkil etməsini və yaşamasını nəzərdə
tutur. Bu baxımdan, ər ilə uşaq arasında bioloji reallığa uyğun olmayan soybağı
münasibətinin mövcud olması yalnız ər və uşaq üçün deyil, həmçinin uşağın anası
üçün də onun şəxsi həyatına təsir göstərə biləcək nəticələr doğura bilər. Başqa
sözlə, atalıq prezumpsiyasının doğurduğu nəticələrin uşağı dünyaya gətirmiş
qadının şəxsi həyatı ilə heç bir əlaqəsinin olmadığını söyləmək mümkün
deyildir.
Beləliklə, uşaq ilə onun bioloji
atası olmayan ər arasında yaranmış soybağı münasibətinin aradan qaldırılmasında
uşağın anasının, şəxsi həyatına hörmət edilməsini tələb etmək hüququ baxımından
marağı mövcuddur” (2023-cü il 26 iyul tarixli Qərar).
Türkiyə Respublikası Mülki Məcəlləsinin
286-cı maddəsinin 1-ci hissəsinin ananın iddiaçı qismində çıxış edərək uşağın
bioloji atasının ər olmadığını irəli sürməsinə və atalıq prezumpsiyasının təkzib
edilməsi məqsədilə məhkəməyə müraciət etməsinə imkan vermədiyini, bununla da
ananın şəxsi həyata hörmət edilməsini tələb etmək hüququ baxımından səmərəli
hüquqi müdafiə vasitəsindən istifadə hüququnu pozduğunu əsas gətirən Türkiyə
Respublikasının Konstitusiya Məhkəməsi həmin normanı Konstitusiyaya zidd hesab
etmişdir.
Qeyd olunanlara əsasən Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Ailə Məcəlləsinin 47.1-ci maddəsində öz əksini
tapan “valideyn qismində yazılmış şəxs” ifadəsi valideyn qismində yazılmış həm
ananı, həm də atanı ehtiva etməklə, ananın atalığa dair qeydi mübahisələndirmək
üzrə subyektiv hüququnun mövcudluğunu nəzərdə tutur.
Göstərilənlərlə yanaşı qeyd
olunmalıdır ki, ananın atalıq barədə qeydin mübahisələndirilməsinə dair
subyektiv hüququnun tanınması, bu hüququn həyata keçirilməsi ilə bağlı mübahisələrə
baxılarkən uşağın üstün mənafelərinin nəzərə alınması prinsipinin rəhbər
tutulmasının zəruriliyini aradan qaldırmır. “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikası Qanununun 55.2 və 55.3-cü maddələrinə görə uşağa aid hər hansı məsələ
ilə bağlı icraat onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli
yanaşmadan istifadə etməklə həyata keçirilir. Uşaqlar barəsində icraatın
onların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməsinə dövlət təminat
verir.
Uşağın üstün mənafeyi konkret halda
uşağın hüquq və mənafeləri baxımından hansı qərarın daha məqsədəuyğun və əlverişli
olduğunun müəyyənləşdirilməsini tələb edən, uşağa münasibətdə hər hansı, eləcə
də uşağın mənşəyinə və valideyn-uşaq münasibətlərinə təsir göstərə biləcək qərarların
qəbulu zamanı əsas götürülməli olan mühüm hüquqi prinsipdir.
Lakin o da nəzərə alınmalıdır ki,
uşağın üstün mənafeyi prinsipi qanunvericiliklə valideynə tanınmış subyektiv
hüququ inkar etmir, sadəcə onun həyata keçirilməsinin konkret halda uşağın
hüquq və mənafeləri ilə uzlaşdırılmasının zəruriliyini nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin Plenumu
onu da göstərməyi vacib hesab edir ki, qanunvericilikdə atalığın mübahisələndirilməsi
hüququnun həyata keçirilməsi ilə bağlı legitim məqsədlərə xidmət edən və həmin
məqsədlərə mütənasib müəyyən məhdudiyyətlər nəzərdə tutula bilər. Lakin bu cür
məhdudiyyətlər qanunda birbaşa və kifayət qədər aydın şəkildə müəyyən edilməlidir.
Bu baxımdan, qanunvericinin açıq şəkildə belə bir məhdudiyyət nəzərdə tutmadığı
halda, normanın məzmununun məhdudlaşdırıcı təfsiri vasitəsilə hüququn əhatə
dairəsinin daraldılması hüquqi müəyyənlik prinsipinin və hüquqların məhdudlaşdırılmasına
dair Konstitusiyanın 71-ci maddəsinin tələbləri ilə uzlaşmamaqla yanaşı, şəxslərin
Konstitusiya ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun da pozulması ilə nəticələnərdi.
O da nəzərə alınmalıdır ki,
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları Konstitusiya və
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan
sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) ilə müəyyən edilmişdir.
Konstitusiyanın 130-cu maddəsinin V
hissəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və
icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə
aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1–7-ci bəndlərində
göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün
Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi
məqsədi ilə şikayət verə bilər.
Əsas Qanunda təsbit edilmiş bu məsələlərlə
əlaqədar konstitusiya nəzarətinin həyata keçirilməsinin müəyyən xüsusiyyətləri
vardır.
Belə ki, “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 34.2-ci maddəsinə görə Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə
tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına
barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ
hüquqi akta əsaslandığı hallarda yol verilir.
Konstitusiya Məhkəməsinin Plenumu
hazırkı iş üzrə konstitusiya icraatının gedişində ərizəçinin şikayətini və ona əlavə
edilmiş sənədləri ətraflı təhlil edib mübahisələndirilən məhkəmə aktının
Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslanmasını
müəyyən etməmişdir.
Konstitusiyanın 130-cu maddəsinin V
hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
34, 37.0.2, 49, 52, 62, 68 və 69.2-ci maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R
A A L D I:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən
hallar nəzərə alınsın.
2. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində
göstərilən əsaslara görə Y.Muxtarzadənin şikayəti üzrə konstitusiya işinin
icraatına xitam verilsin.
3. Qərardadın
surəti 7 gün müddətində ərizəçiyə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr
Fərhad
Abdullayev