AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R D A D I
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 262 və 264-cü maddələrinin
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi
və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üzrə Cəbrayıl
Rayon Məhkəməsinin müraciətinə dair
13 oktyabr 2026-cı il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev (məruzəçi-hakim), Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Cəbrayıl Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 262 və 264-cü maddələrinin
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi və “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası
Qanununun 2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş
üzrə hakim R.Rzayevin məruzəsini, maraqlı subyekt Cəbrayıl Rayon Məhkəməsinin
müraciətini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi,
Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi,
hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin və həmin kafedranın dosenti, hüquq üzrə
fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə
N E T D İ:
Cəbrayıl Rayon Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək sahibkarlıq fəaliyyəti ilə əlaqədar
inzibati xətalar haqqında işlərə baxmaq hüququ olan vəzifəli şəxslərin səlahiyyətlərinin
hədlərinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
(bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 262 və 264-cü maddələrinin, eləcə də
“yoxlama”, “yoxlama obyekti”, “yoxlayıcı orqan”, “məcburi tələblər” anlayışları
və “yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın əldə edilməsi əsasları
baxımından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun) 1-ci maddəsinin
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Qanun) 2-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsini xahiş etmişdir.
Müraciətdən görünür
ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (bundan sonra – Suların İstifadəsinə və
Mühafizəsinə Dövlət Nəzarəti Xidməti) Regional Bölməsinin rəhbəri tərəfindən
imzalanmış sərəncama əsasən, su qanunvericiliyinin tələblərinə riayət olunması
haqqında araşdırma aparmaq məqsədilə Xidmətin əməkdaşları tərəfindən hüquqi şəxslərin
və fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxslərin obyektlərində
yoxlama tədbiri kimi müayinə aparılmış və su qanunvericiliyinin tələblərinin
pozulması halları aşkar edilərək, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin
262.2.3 və 264.0.3-cü maddələri üzrə inzibati xətaların törədilməsinə dair
protokol tərtib edilərək baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir.
Müraciət edən qeyd
edir ki, İnzibati Xətalar Məcəlləsinin 262–266-cı maddələrində nəzərdə tutulmuş
inzibati xətalar “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik
qaydaları əleyhinə olan inzibati xətalar” kateqoriyasına aiddir. “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda isə
sahibkarlıq sahəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik
qaydalarına riayət edilməsinin yoxlanılması nəzərdə tutulmamışdır.
Müraciətdə o da göstərilmişdir
ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Qanuna əsasən yoxlayıcı orqanlar tərəfindən
sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün
növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, təftişlər, nəzarətlər
və digər bu cür tədbirlərə bu Qanun şamil edilməlidir.
“Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Qanunun 3-cü maddəsində müəyyən edilmişdir ki, bu Qanun və onun
əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə,
o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan
yoxlamaların hüquqi nəticəsi yoxdur.
Cəbrayıl Rayon Məhkəməsi
göstərilən qanunvericilik normaları baxımından hesab edir ki, Suların İstifadəsinə
və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Qanunla müəyyən
edilmiş məcburi tələblərə riayət edilmədən həyata keçirilmiş yoxlama nəticəsində
tərtib olunmuş inzibati xəta haqqında protokollar hüquqi nəticəyə səbəb ola
bilməz.
Göstərilənlərə əsasən
müraciət edən inzibati xətalar qanunvericiliyi ilə sahibkarlıq sahəsində
qanunvericiliyin tətbiqinin sərhədlərinin müəyyən edilməsi, qanunun eyni
qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən su
qanunvericiliyinin tələblərinə riayət olunması haqqında araşdırma aparmaq üçün
hüquqi şəxslərin və ya fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata
keçirdiyi yerlərə getməklə, habelə getmədən baxış, müayinə və ya monitorinqin
aparılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 262 və 264-cü maddələrində
nəzərdə tutulmuş xətalar aşkar edildiyi halda müvafiq tədbirlərin görülməsi
üçün sahibkarlıq haqqında qanunvericiliklə müəyyən edilmiş yoxlamanın
aparılması qaydalarına əməl edilməli olub-olmamasının aydınlaşdırılması
baxımından qeyd olunan normaların şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə qaldırılmış məsələlərlə əlaqədar aşağıdakıları qeyd edir.
Azad sahibkarlıq
hüququ Azərbaycan Respublikası Konstitusiyasında (bundan sonra – Konstitusiya) əsas
insan hüquq və azadlıqları sırasında yer almaqla, hər kəsin öz imkanlarından,
qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları
ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər
iqtisadi fəaliyyət növü ilə məşğul ola bilməsini nəzərdə tutur. Dövlət
sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və
sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir (59-cu maddə).
Bu norma iqtisadi fəaliyyət
azadlığı prinsipini bəyan etməklə, hər bir fərdin sahibkarlıq sahəsində fəaliyyətini
onun şəxsi azadlığının təzahürü kimi qəbul edir.
Qeyd olunmalıdır ki,
dövlətin azad sahibkarlıq hüququna təminat verməsi bu hüququn normativ əsaslarının
bəyan edilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyətinin sərbəst və maneəsiz şəkildə
həyata keçirilməsi üçün əlverişli mühitin yaradılması, dövlət orqanlarının
qanunsuz təsirlərdən çəkinməsi, eləcə də sahibkarların hüquqlarının effektiv məhkəmə
müdafiəsi ilə təmin olunmasını da ehtiva edir.
Belə ki, dövlət
orqanlarının sahibkarlıq fəaliyyətinə qanunla nəzərdə tutulmayan və ya
qeyri-mütənasib təsirləri iqtisadi fəaliyyət azadlığı, qanunçuluq,
hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik prinsiplərinin pozulmasına səbəb
olmaqla bazar iqtisadiyyatının normal fəaliyyətinə mənfi təsir göstərə,
iqtisadi təşəbbüsün və inkişafın zəifləməsinə gətirib çıxara bilər.
Bu baxımdan iqtisadi
təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün zəruri mühitin təmin edilməsi
məqsədilə qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən qanunvericilikdə nəzərdə
tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının
sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Həmin Qanunda o da təsbit
edilmişdir ki, sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata
keçirilməsinə maneələr yaratmamalı və yalnız qanunla səlahiyyət verilmiş orqan
və qurumlar tərəfindən həyata keçirilməlidir (13-cü maddə).
Həmçinin
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Qanun sahibkarların hüquqlarının müdafiəsinə
yönəlmiş xüsusi qanun olmaqla Azərbaycan Respublikasında sahibkarlıq sahəsində
aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılma qaydalarını,
yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini,
sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.
Həmin Qanunun 1.1.1-ci
maddəsində sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların
sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrinin
qiymətləndirilməsi üzrə tədbirlər məcmusu kimi müəyyən edilmişdir. Yoxlama əldə
olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.
Sahibkarlıq fəaliyyətinə
dair məcburi tələblər dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
zamanı əməl edilməli olan, qanunla və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş icrası məcburi olan qaydalar nəzərdə tutulur. Həmin məcburi tələblərə
lisenziya və icazə ilə bağlı tələblər, əmək münasibətlərinin rəsmiləşdirilməsinə
dair tələblər, sanitariya və epidemioloji tələblər, fitosanitar və baytarlıq təhlükəsizliyinin
təmin edilməsinə dair tələblər, ətraf mühitin mühafizəsinə dair tələblər və s.
aid edilə bilər.
Qanunun 2.1-ci maddəsinə
görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən
araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər,
xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
Həmçinin Qanunun
3-cü maddəsi yoxlamanın qanuniliyinin hüquqi şərtlərini təsbit etməklə bəyan
edir ki, yoxlamalar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələbləri nəzərə
alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu
Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin
pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə
alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların
gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən
edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər
normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq
edilə bilməz.
Beləliklə,
sahibkarlıq sahəsində qanunvericiliklə nəzərdə tutulmuş konkret hallar istisna
olmaqla, yoxlama tədbirləri həyata keçirilərkən qanunla müəyyən edilmiş
prosedur qaydalara, o cümlədən yoxlamaların vahid məlumat reyestrində
qeydiyyata alınma ilə bağlı tələblərə əməl olunmalıdır.
Müraciətdə
qaldırılmış məsələ məhz Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti
Xidməti tərəfindən su qanunvericiliyinin tələblərinə riayət edilməsinin
yoxlanılması ilə bağlı tədbirlər həyata keçirilərkən sahibkarlıq sahəsində
qanunvericiliyin göstərişlərinə əməl edilməli olub-olmaması ilə bağlıdır.
Bununla əlaqədar
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Əsas Qanunun 39-cu maddəsində hər
kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit edilmiş, heç kəsin ətraf mühitə,
təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya
zərər vura bilməməsi, dövlətin isə ekoloji tarazlığın saxlanılmasına təminat
verməsi nəzərdə tutulmuşdur.
Konstitusiya
ilə bəyan edilmiş bu hüququn, eləcə də dövlətin ətraf mühitin təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı öhdəliyinin realizəsi məqsədilə müxtəlif tənzimetmə
qaydaları qəbul edilmiş, habelə bu qaydalara riayət olunmasına nəzarəti həyata
keçirən qurumlar təsis edilmişdir.
“Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Ətraf
mühitin mühafizəsi haqqında” Qanun) 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə
əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra
hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Qanunun tələblərinə uyğun olaraq həyata keçirirlər.
Azərbaycan
Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə
və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında” Əsasnamənin (bundan sonra –
Əsasnamə) 1.1, 2.1.3, 2.1.4, 3.1.2 və 3.1.3-cü yarımbəndlərinə müvafiq
olaraq Xidmət su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına,
sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi
sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri
nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən
istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə
riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin
monitorinqini həyata keçirən, Agentliyin strukturuna daxil olan qurumdur.
Həmin Əsasnamənin
3.1.31-ci yarımbəndində qanunda nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama
aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı
ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin
həyata keçirilməsi Qaydaları”nın 3 və 4-1-ci hissələrinə görə su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş
hallarda və qaydada həyata keçirir.
Qeyd olunan
normaların məzmunundan göründüyü kimi, qanunverici su obyektlərinin istifadəsi
və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini sahibkarlıq sahəsində
yoxlamalar haqqında qanunvericiliyin müəyyən etdiyi xüsusi hüquqi rejimə tabe
tutmuş və belə nəzarətin həmin qanunvericiliklə müəyyən edilmiş prinsiplər, şərtlər
və prosedurlar çərçivəsində həyata keçirilməli olduğunu təsbit etmişdir.
Başqa sözlə, sahəvi
qanunvericilik nəzarətin məzmununu və maddi hüquqi əsaslarını müəyyən etsə də,
bu nəzarət sahibkarlıq fəaliyyətinə dövlət nəzarətinin ümumi prinsipləri və
xüsusi prosedur qaydalarına uyğun həyata keçirilməlidir.
Bununla yanaşı qeyd
edilməlidir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinin
2-ci hissəsinin 2.1-ci bəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və
fiziki şəxslərin obyektlərinə daxil olarkən yoxlamanın həyata keçirilməsi
haqqında qərarın surətinin və yoxlamanın sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın ətraf
mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanları tərəfindən təqdim edilməsi nəzərdə tutulmuşdur.
Sadalanan normalar
baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti mühüm ekoloji və ictimai əhəmiyyət
daşısa da, bu nəzarət sahibkarlıq subyektlərinə münasibətdə həyata keçirildiyi
halda müvafiq qaydalara riayət edilməsi qanunvericiliyin birbaşa tələbidir.
Belə hüquqi yanaşma
onunla izah olunur ki, ətraf mühitin mühafizəsinə dair, eləcə də su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində nəzarət tədbirləri sahibkarlıq subyektinin fəaliyyət
göstərdiyi əraziyə daxil olmaqla həyata keçirildikdə (araşdırma aparılması, məlumatların
toplanılması, sənədlərin tələb və təftiş edilməsi, nümunələrin götürülməsi,
müşahidə edilməsi, baxış keçirilməsi, texnoloji proseslərin təftiş edilməsi və
s.), dövlət orqanı artıq sahibkarın fəaliyyət sahəsinə daxil olur ki, bu da
onların hüquq və qanuni mənafelərinə təsir göstərməsi ilə nəticələnə bilər.
Beləliklə, ətraf
mühitin mühafizəsinə, o cümlədən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət
tədbirlərinin həyata keçirilməsinin xüsusi prosedurlara tabe edilməsində
qanunvericinin məqsədi bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini məhdudlaşdırmaq
deyil, sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət nəzarətini vahid hüquqi çərçivəyə
salmaq, bununla da ətraf mühitin, insanların sağlamlığının mühafizəsi sahəsində
dövlət nəzarəti ilə sahibkarın hüquq və qanuni mənafelərinin qorunması arasında
ədalətli balansın təmin edilməsinə nail olmaqdır.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Suların İstifadəsinə və Mühafizəsinə
Dövlət Nəzarəti Xidməti tərəfindən su qanunvericiliyinin tələblərinə riayət
olunması haqqında araşdırma aparmaq məqsədilə hüquqi şəxslərin və ya fiziki şəxslərin
(fərdi sahibkarların) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə gəlməklə
aparılan tədbirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun mənası baxımından
yoxlama hesab edilir.
Lakin o da nəzərə
alınmalıdır ki, yoxlayıcı subyektlər tərəfindən, o cümlədən su obyektlərinin
istifadəsi və mühafizəsi üzərində nəzarət və monitorinq tədbirləri nəticəsində
sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslərin (fərdi
sahibkarların) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə daxil olmadan
aşkar edilmiş hüquqazidd əməllərə dair işlər üzrə icraat “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Qanunun tənzimləmə sferasına aid deyildir.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd edir ki, belə inzibati xətalara dair işlərə baxarkən məhkəmələr
iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən qanununvericiliyin məcburi
göstərişlərinə riayət edilməsi məsələsini tam, obyektiv və hərtərəfli
araşdıraraq məsələyə hüquqi qiymət verməlidirlər.
Müraciətdə qeyd
olunmuş sahibkarlıq sahəsində su qanunvericiliyinin tələblərinə əməl edilməsinin
yoxlanılmasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmaması ilə əlaqədar
məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi
vacib hesab edir.
Azərbaycan
Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə
2015-ci il 20 oktyabr tarixli “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Qanun qəbul edilmişdir. Həmin
Qanunun 1-ci maddəsi ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində
aparılan yoxlamaların 2027-ci il yanvarın 1-dək dayandırılması təsbit
edilmişdir.
Qanunun 2.1-ci maddəsində
isə sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövr ərzində sahibkarlara
münasibətdə həyata keçirilə bilən yoxlamaların dairəsi müəyyən edilmiş və həmin
Siyahıda yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan
yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb
fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, enerji, su, kanalizasiya və
qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq
subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin
oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar
paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin
razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı və s.
yoxlamaların, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə
və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamaların aparıla biləcəyi müəyyən
edilmişdir.
Bununla yanaşı, Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə
təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və
sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”na (bundan
sonra – Siyahı) görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər,
dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olmayan hüquqi şəxslər barəsində siyahıda göstərilən yoxlamaların
(sanitar-gigiyenik, fitosanitar və s. tələb və qaydalara riayət olunması ilə
bağlı) aparıla bilindiyi müəyyən edilmişdir.
Siyahının 2-ci hissəsində
qeyd olunmuşdur ki, Bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin
insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi
maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna
qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır.
Bununla əlaqədar
göstərilməlidir ki, ətraf mühitin qorunmasının hər bir şəxsin borcu olması
Konstitusiyanın 78-ci maddəsi ilə konstitusion vəzifələrdən biri kimi müəyyən
edilmişdir. Sağlam ətraf mühitdə yaşamaq hüququ isə şəxslərin ətraf
mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə
və ya zərər vura bilməməsini ehtiva edən əsas hüquqlardandır.
Nəzərə alınmalıdır
ki, su qanunvericiliyinin tələblərinə əməl olunmasının yoxlanılması yalnız su
ehtiyatlarının mühafizəsinə deyil, eyni zamanda insanların həyat və
sağlamlığının, sanitariya-epidemioloji salamatlığın, ətraf mühitin və bununla əlaqədar
ictimai maraqların qorunmasına xidmət edir.
Su ehtiyatlarının
çirkləndirilməsi və ya onlardan düzgün istifadə edilməməsi əhalinin içməli su
ilə təminatına, sanitariya-epidemioloji vəziyyətə, ətraf mühitə və nəticə
etibarı ilə insanların həyat və sağlamlığına təhlükə yarada bilər. Həmçinin su
obyektlərinin qanunsuz istifadəsi kənd təsərrüfatı, sənaye və digər iqtisadi
sahələrə zərər vurmaqla, dövlətin iqtisadi maraqlarına birbaşa təsir göstərə
bilər.
Bu baxımdan
insanların həyat və sağlamlığının qorunması, sağlam ətraf mühitdə yaşamaq
hüququnun təmin edilməsi və su ehtiyatlarının mühafizəsi məqsədilə su
qanunvericiliyinin tələblərinin pozulması insanların həyat və sağlamlığı, dövlətin
iqtisadi maraqları və ətraf mühit üçün mühüm təhlükə yaratdığı təxirəsalınmaz
hallarda belə tədbirlərin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən
həyata keçirilməsi Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş Siyahının
2-ci hissəsinə əsasən mümkündür.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin
müraciətində qaldırılan hüquqi məsələlərin hazırkı vəziyyətdə mövcud
qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadın təsviri-əsaslandırıcı
hissəsində ifadə edilmiş hüquqi mövqelərə uyğun həll edilməsi mümkün
olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca Qərar
qəbul edilməsinə zərurət yoxdur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69.2-ci maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q
Ə R A R A A L D I:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilənlərə əsasən Cəbrayıl Rayon Məhkəməsinin müraciəti üzrə
ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin
icraatına xitam verilsin.
3. Qərardadın surəti
7 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin.
4. Qərardad “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr
Fərhad Abdullayev