AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R D A D I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
140, 181, 182, 314 və 650-ci
maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Bakı Apellyasiya
Məhkəməsinin müraciətinə dair
25 sentyabr 2026-cı il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev,
Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 181, 182, 314 və 650-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim
O.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi,
Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq
kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifov və həmin
kafedranın müəllimi, hüquq elmləri doktoru, dosent A.Qədirovun rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N
E T D İ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 181, 182, 314 və 650-ci maddələrinin
əlaqəli
şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdə rəsmi
reyestrdə qeydiyyata alınmış daşınar əşyalara münasibətdə vicdanlı əldəetmə məsələlərinin
Mülki Məcəllənin 182 və ya 140-cı maddəsi (və əlaqəli digər maddələri, xüsusilə
148 və 149-cu maddələri) əsasında həll edilməli olması, daşınmaz əmlakın dövlət
reyestrinə etimad prinsipi ilə bağlı normaların analogiya qaydasında rəsmi
reyestrdə qeydiyyata alınmış daşınar əşyalarla bağlı tətbiqinin mümkünlüyü ilə əlaqədar
təcrübədə qeyri-müəyyənliyin olduğu bildirilmişdir.
Müraciətedən qeyd
etmişdir ki, bu kateqoriya işlər üzrə məhkəmə təcrübəsində vahid yanaşma
formalaşmamışdır.
Belə ki, bəzi hüquq
tətbiqedənlərin mövqeyinə əsasən dövlət tərəfindən aparılan rəsmi qeydiyyat
sisteminə etimad (bu prinsip Mülki Məcəllənin 140 və 314-cü maddələrində əks
olunmuşdur) hüquqi müəyyənlik prinsipinin tərkib hissəsi olmaqla vicdanlı əldə
edən şəxslərin müdafiəsini təmin etməlidir. Əgər şəxs dövlət orqanı tərəfindən
aparılan rəsmi qeydiyyatda özgəninkiləşdirəni mülkiyyətçi qismində görmüş və həmin
məlumata əsaslanaraq əmlakı əldə etmişdirsə, onun vicdanlılığı hüquqi müdafiə
ilə təmin olunmalıdır.
Həmin yanaşmaya görə
rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalar üzərində hüquqların əldə
edilməsi zamanı dövlət tərəfindən aparılan qeydiyyata etimad mülki dövriyyənin
sabitliyinin və hüquqi müəyyənliyin mühüm təminatlarından biridir.
Digər yanaşmaya görə
daşınar əşyaların dövlət qeydiyyatına alınması onların hüquqi təbiətini dəyişdirmir,
həmin əşyalar daşınar əşya olaraq qalır və onlara münasibətdə Mülki Məcəllənin 181
və 182-ci maddələrindəki qaydalar tətbiq edilməlidir.
Bakı Apellyasiya Məhkəməsi
qeyd olunan hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması üçün Mülki Məcəllənin
müvafiq maddələrinin qarşılıqlı əlaqədə şərh olunmasının zəruriliyi
qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə qaldırılan məsələyə münasibətdə ilk növbədə qeyd edir ki,
hüquqi dövlətin əsas elementlərindən biri mülkiyyət hüququnun etibarlı müdafiəsinin
təmin edilməsidir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I
hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən
müdafiə olunur.
Konstitusiyanın
29-cu maddəsinin II hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət
hüququ qanunla qorunur.
Konstitusiya Məhkəməsinin
əvvəlki qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən mülkiyyət hüququ
yalnız iqtisadi dəyərə malik əmlak üzərində hakimiyyət deyil, həm də fərdin
azadlığının, iqtisadi təhlükəsizliyinin və şəxsi inkişafının əsas təminatlarından
biridir, mülkiyyət hüququna müdaxilə yalnız qanunda açıq şəkildə nəzərdə
tutulduğu hallarda və mütənasiblik prinsipinə riayət edilməklə həyata keçirilə
bilər.
Belə ki,
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə, habelə “Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə
müvafiq olaraq əsas insan hüquq və azadlıqları yalnız qanunla məhdudlaşdırıla
bilər, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər qanuni məqsədə
yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Eyni zamanda
Konstitusiya ilə qorunan digər mühüm hüquqi dəyər hüquqi müəyyənlik
prinsipidir. Bu prinsip tələb edir ki, ictimai münasibətlərin iştirakçıları
qüvvədə olan tənzimetmənin hüquqi nəticələrini qabaqcadan görə, davranışlarını
buna uyğun nizamlaya və dövlət tərəfindən yaradılmış hüquqi mexanizmlərə etimad
göstərə bilsinlər. Bununla belə, nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik
prinsipi nöqteyi-nəzərindən də mülkiyyət hüququ yalnız qanunla aşkar şəkildə nəzərdə
tutulmuş istisna hallarda məhdudlaşdırıla bilər. Belə hallardan biri mülki
qanunvericiliyin əhəmiyyətli prinsiplərindən olan mülki münasibətlərdə
vicdanlılığın qorunması prinsipi ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, müraciətdə qaldırılmış məsələ mülki hüquqda əşyaların
daşınar və daşınmaz əşya olaraq fərqləndirilməsi, bu fərqləndirmədən irəli gələrək
əşyaların hüquqi rejiminin, o cümlədən əşyaya mülkiyyət hüququnun əldə edilməsi,
həyata keçirilməsi və ona xitam verilməsinin qanunvericilikdə fərqli qaydada tənzimlənməsi
ilə bağlı olduğundan, Mülki Məcəllənin aidiyyəti normaları nəzərdən keçirilməlidir.
Mülki Məcəllənin
daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən 178.1-ci maddəsinə
görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun
verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə
keçir.
Bundan fərqli
olaraq, Mülki Məcəllənin daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını
müəyyən edən 181.1-ci maddəsinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə
verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
Əşyanın verilməsi isə bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi,
əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, mülkiyyətçinin üçüncü şəxsdən
sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi (Mülki Məcəllənin 181.2-ci
maddəsi). Mülki Məcəllənin 181.4-cü maddəsinə müvafiq olaraq, mülkiyyətçisi
olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə,
bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında
əldə edilə bilər.
Yuxarıdakı normaların
məzmunundan görünür ki, daşınar əşya üzərində mülkiyyət hüququnun əldə olunması
üçün hüquqi əsas (alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya əmlakın
özgəninkiləşdirilməsinə dair digər əqd) mövcud olmaqla yanaşı, daşınar əşya üzərində
sahibliyin verilməsi də mütləqdir.
Artıq qeyd olunduğu
kimi, daşınmaz əmlak üzərində hüquqların yaranması, bir qayda olaraq (vərəsəlik
və s. hallar istisna olmaqla) dövlət reyestrində aparılmış qeydiyyatla əlaqələndirilmişdir
ki, bu baxımdan daşınmaz əmlakın dövlət reyestri hüquqyaradıcı funksiyaya
malikdir.
Mülki Məcəllənin
139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu
hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət
qeydiyyatına alınmalıdır.
“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı üzərində hüquqların
reyestrdə qeydiyyata alınmadığı, o cümlədən daşınmaz əmlakın birləşməsi,
ayrılması və bölünməsi nəticəsində yeni yaranmış əmlaka dair hüquqların ilk dəfə
əmələ gəlməsinin dövlət tərəfindən tanınmasıdır; daşınmaz əmlak üzərində
hüquqların təkrar qeydiyyatı isə reyestrdə qeydiyyata alınmış daşınmaz əmlaka
dair hüquqların özgəninkiləşdirilməsi və ya yüklü edilməsi nəticəsində yaranan
hüquqların dövlət tərəfindən tanınmasıdır (1.0.2-2 və 1.0.2-3-cü maddələr).
Bundan fərqli
olaraq, bəzi daşınar əşyaların qeydiyyatı müvafiq hüquqi əsas üzrə artıq
yaranmış olan hüquqların dövlət uçotuna alınmasına və bir sıra digər məqsədlərə
xidmət edir.
Belə ki, Mülki Məcəlləyə,
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik
aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın
rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 1.2-ci bəndinə əsasən, reyestrlərin tərtib
edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi
(istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi,
məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi
barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən
və ya silinməsindən ibarətdir.
Nəqliyyat vasitələrinin
dövlət qeydiyyatının digər mühüm məqsədləri “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 27-ci maddəsinin I hissəsinə görə, dövlət
qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının
qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin
istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik
aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat
vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin,
yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş
şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata
keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili
daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin
cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata
keçirilir.
Göründüyü kimi, qanunverici daşınar əşyaların,
o cümlədən nəqliyyat vasitələrinin qeydiyyatını artıq mövcud olan hüquq barədə
məlumatların qeydiyyatı, uçota alınması kimi nəzərdə tutmuşdur. Bu baxımdan,
daşınar əmlakın rəsmi reyestrləri hüquqtəsdiqedici funksiya yerinə yetirir.
Müraciətdə reyestrin
məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə onun həqiqiliyi və tamamlığı
prezumpsiyasının qüvvədə olmasını təsbit edən Mülki Məcəllənin 140-cı maddəsinin
qeydiyyata alınan daşınar əşyalara münasibətdə hüquqi qüvvəsi ilə bağlı
qaldırılmış məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
bu norma Mülki Məcəllənin “Əmlak və əşya hüququ” bölməsində yer almaqla əşya
hüquqlarının rəsmi reyestrindəki məlumatların düzgün hesab edildiyinə dair
prezumpsiyanı bəyan edir.
Lakin nəzərə
alınmalıdır ki, reyestr məlumatlarının düzgün hesab edilməsi ilə bağlı
prezumpsiya və vicdanlı əldə edən şəxslərin hüquqlarının müdafiəsi ayrı-ayrı
hüquqi institutlar olmaqla fərqli tənzimetməni ehtiva edirlər. Reyestrdəki məlumatların
düzgünlüyü prezumpsiyası həmin məlumatların ilkin olaraq etibarlı hesab
olunmasını təmin edir. Vicdanlı əldə edənin hüquqlarının müdafiəsi isə müəyyən
hallarda əşyanın əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququnun itirilməsi ilə nəticələnən
hüquqi mexanizmdir.
Bu səbəbdən Mülki Məcəllənin
140-cı maddəsinin mövcudluğu özlüyündə qeydiyyata alınan daşınar əşyalara
münasibətdə daşınmaz əşyalar üçün müəyyən edilmiş vicdanlı əldəetmə rejiminin tətbiqinə
əsas vermir.
Belə ki, qanunverici
əşyanın daşınmaz və daşınar olmasından asılı olaraq vicdanlı üçüncü şəxslərin
hüquqlarının müdafiəsinin fərqli tənzimetmə qaydalarını müəyyən etmişdir. Mülki
Məcəllənin 148.2-ci maddəsində daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq
mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin
bu hüquqlarının müdafiə edildiyi barədə qanunvericinin iradə ifadəsi açıqca
bildirilmişdir. Bunun davamı olaraq həmin Məcəllənin 149-cu maddəsində təsbit
olunmuşdur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər
düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində
daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın
çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu zaman
vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları
saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsində həmçinin vicdanlı əldə etməni
istisna edən konkret iki hal nəzərdə tutulmuşdur (reyestrdəki qeydə dair
etirazın reyestrə daxil edilməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq
olmasını bilməsi).
Qanunvericilikdə daşınar
əşyalara münasibətdə aidiyyəti tənzimetmə fərqli qaydada müəyyən edilmişdir.
Mülki Məcəllənin 182-ci maddəsi ilə daşınar əşyalarda vicdanlı əldə etmə
institutunun ümumi əsasları müəyyən edilməklə yanaşı onun tətbiq edilmədiyi
hallar da birbaşa nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 182.2-ci maddəsində rəsmi
reyestrdə qeydiyyata alınan daşınar əşyalar ayrıca istisna hal kimi nəzərdə
tutulmamışdır. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrinə əsaslanan
vicdanlı üçüncü şəxslərin hüquqlarının müdafiəsini nəzərdə tutan 148.2 və
149.2-ci maddələrin rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyalara şamil
olunmasına dair də hər hansı ümumi müddəa mövcud deyildir. Bu hal qanunda
boşluğun mövcudluğunu deyil, qanunvericinin daşınar və daşınmaz əşyaların
hüquqi rejimlərini fərqli şəkildə tənzimləməsini göstərir. Bu fərqin əsasını,
digər hallarla yanaşı, daşınmaz əmlakın dövlət reyestrinin hüquqyaradıcı funksiyası
təşkil edir.
Bununla belə,
daşınar əşyaların reyestrlərindəki qeydlər əldə etmənin vicdanlı
olub-olmamasının müəyyən edilməsi üçün heç bir əhəmiyyəti olmayan, yalnız
formal xarakter daşıyan məlumat kimi qəbul edilməməlidir. Mülki mübahisənin
konkret hallarından asılı olaraq belə qeyd vicdanlı əldə etmənin lehinə tutarlı
sübut qismində çıxış edə bilər. Eyni zamanda məhkəmə tərəfindən mübahisə ilə
bağlı hüquqi nəticəyə gəlmək üçün bu sübut bütün digər sübutlarla əlaqəli şəkildə
hərtərəfli araşdırılmalıdır.
Müraciətdə həmçinin Mülki
Məcəllənin 314-cü maddəsinə istinad edilmişdir ki, həmin maddəyə əsasən ipoteka
və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada
keçir və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi
reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas
götürülməklə düzgün hesab edilir.
Normanın sistemli təhlili
göstərir ki, qanunverici burada vicdanlı əldəetmə institutunu deyil, ipoteka
münasibətlərinin sabitliyini təmin etməyə yönəlmiş xüsusi hüquqi mexanizm müəyyən
etmişdir. Maddənin məqsədi ipoteka ilə təmin olunmuş tələbin dövriyyəsi zamanı
hüquqi müəyyənliyi təmin etməkdən ibarətdir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Mülki Məcəllənin 314-cü maddəsində nəzərdə tutulmuş
prezumpsiya daşınar əmlakın rəsmi reyestrindəki məlumatların müəyyən hüquqi
münasibətlər baxımından düzgün hesab edilməsini nəzərdə tutsa da, həmin norma
vicdanlı əldə edən şəxsin mülkiyyət hüququ qazanmasını tənzimləmir, daşınar əşyalara
münasibətdə rəsmi reyestrdəki məlumatın düzgünlüyünə etimad edən vicdanlı əldə edənlərin hüquqlarının müdafiəsi məsələləri məhz
Mülki Məcəllənin 182-ci maddəsi ilə əhatə olunur. Buna görə də Mülki Məcəllənin
314-cü maddəsi hazırkı müraciətdə qaldırılmış məsələnin həlli üçün müstəqil
hüquqi əsas kimi çıxış edə bilməz.
Müraciətdə istinad
olunan Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə
alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında
göstərişlər müvafiq surətdə tətbiq edilir.
Müraciətdə bu
normanın daşınmaz əmlaka münasibətdə mövcud olan etimad prinsipinin qeydiyyata
alınan daşınar əşyalara da tətbiq olunması üçün hüquqi əsas yaratdığı barədə
fikir irəli sürülmüşdür.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, Mülki Məcəllənin sistemli quruluşu baxımından 650-ci maddə
öhdəlik hüququ institutuna aid normadır və daşınar əşyaların alğı-satqısı ilə
bağlı məsələləri tənzimləyir. Bu maddə əşya hüquqlarının, o cümlədən mülkiyyət
hüququnun əldə edilməsi qaydasını nəzərdə tutmur.
Öhdəlik hüququ
konkret şəxslər arasında yaranan nisbi hüquqları, əşya hüququ isə şəxsin əşya
üzərində birbaşa hakimiyyətini ifadə edən və qeyri-müəyyən şəxslər dairəsinə
qarşı müdafiə olunan mütləq hüquqları tənzimləyir. Bu baxımdan, istənilən
hüquqi institutun və konkret olaraq vicdanlı əldə etmə institutunun aid olduğu
sahə tənzimlədiyi münasibətin hüquqi mahiyyətindən asılıdır.
Vicdanlı əldə etmə institutu
alğı-satqı müqaviləsinin bağlanması ilə deyil, əşya üzərində mülkiyyət
hüququnun əldə edilməsi ilə bağlı olduğundan, məhz əşya hüququ sahəsinə aiddir.
Bu səbəbdən Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik hüququna aid olmaqla onun
vicdanlı əldə etmə institutunun tənzimləyici norması kimi qəbul edilməsi mümkün
deyil.
Yuxarıdakılardan
göründüyü kimi, qanunverici daşınmaz əmlaka dair dövlət reyestrinin məlumatlarına
güvənən vicdanlı əldə edənlərin hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi
qaydalar müəyyən etmiş, eyni zamanda daşınar əşyalara mülkiyyət hüququnun əldə
edilməsi zamanı vicdanlı əldə etmənin istisna edildiyi halları ayrıca və
konkret şəkildə tənzimləmişdir. Bu baxımdan, daşınmaz əmlakın dövlət reyestrinə
etimad əsasında vicdanlı əldə edənlərin müdafiəsini nəzərdə tutan xüsusi
qaydaların daşınar əşyalara analogiya əsasında tətbiq edilməsi üçün
qanunvericilikdə nəzərdə tutulmuş zəruri əsaslar mövcud deyildir.
Belə ki, “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun
13.3-cü maddəsinə görə mülki hüquq münasibətləri
mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə
və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər
bu onların mahiyyətinə zidd deyildirsə, oxşar
münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Eyni məzmunda
norma həmçinin Mülki Məcəllədə öz əksini tapmışdır (11.1-ci maddə). Həmin Məcəllənin
11.4-cü maddəsi isə xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəalarının
(istisna normaların) analogiya üzrə tətbiqini qadağan edir.
Göstərilənlərə əsasən,
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin
müraciətində qaldırılan hüquqi məsələnin Mülki Məcəllənin
müvafiq normalarına uyğun həll edilməsi mümkün olduğundan hazırkı vəziyyətdə
müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca qərarının qəbul edilməsinə
ehtiyac yoxdur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69.2-ci
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Bakı Apellyasiya
Məhkəməsinin müraciəti üzrə əlavə qərar qəbul edilməsinə ehtiyac olmadığından
konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
Sədr
Fərhad Abdullayev