AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Azərbaycan
Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin
I və II hissələrinin tələbləri baxımından Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair
16 iyun 2026-cı il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev (məruzəçi-hakim),
Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və
Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin
I və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı
Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Sumqayıt
Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri,
hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın doktorantı
H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.1
və 337.1-ci maddələrinin həmin Məcəllənin 740.2-ci maddəsi (hazırda 739.2-ci
maddəsi) ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
görünür ki, mülki işə baxan Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında
mübahisəli hüquq münasibəti yaranan zaman Mülki Məcəllənin qüvvədə olan
740.2-ci maddəsində (hazırda 739.2-ci maddəsində) nəzərdə tutulmuş predmetinin
məbləği üç min manatdan çox olan borc müqaviləsinin yazılı formada bağlanılmalı
olması tələbinə riayət edilməsinin müqavilənin etibarlılıq şərti, yoxsa
sübutetmə şərti olaraq çıxış etməsinin aydınlaşdırılması və bununla da mülki
dövriyyənin, Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra –
Konstitusiya) ilə nəzərdə tutulmuş fundamental
hüquqlardan olan mülkiyyət hüququnun müdafiəsinin təmin edilməsi məqsədilə Mülki Məcəllənin
müvafiq maddələrinin şərh edilməsinin zəruri olduğu qənaətinə
gəlmişdir.
Belə
ki, Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanunu ilə Mülki Məcəllənin
740-cı maddəsinin mətninə verilmiş yeni redaksiyaya əsasən (hazırda qüvvədə
olan 739.2-ci maddə) borc müqaviləsi predmetinin məbləği üç min manatdan
çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri
hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (əvvəlki
redaksiyaya görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə
yazılı formadan da istifadə edilə bilər).
Müraciətdən
göründüyü kimi, bir qrup hüquq tətbiqedənlər hesab edirlər ki, mülki
qanunvericiliyin üç min manatdan yuxarı olan məbləğlərlə bağlı borc müqaviləsinin
yazılı formada bağlanılmalı olması tələbi həmin müqavilənin etibarlılıq şərti
deyil, sübutetmə şərti olaraq çıxış edir.
Digərlərinin
mövqeyi isə ondan ibarətdir ki, mülki qanunvericiliyin yazılı forma ilə bağlı tələbi
imperativ xarakter daşıdığından həmin tələbə əməl edilməməsi borc müqaviləsinin
etibarsızlığı ilə nəticələnir. Belə ki, bir sıra ölkələrin mülki
qanunvericiliyinə uyğun olaraq əqdin sadə yazılı
formasına riayət edilməməsi mübahisə zamanı əqdi və onun şərtlərini təsdiq etmək
üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin
yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Azərbaycan
Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə isə Mülki Məcəllədən oxşar
məzmunlu 333-cü maddənin (Əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri)
çıxarılması onu deməyə əsas verir ki, borc müqaviləsinin yazılı formada
bağlanılmalı olması tələbi həmin müqavilənin etibarlılıq şərti kimi çıxış edir.
Müraciətedənin
qənaətinə görə, hazırda qüvvədə olan mülki qanunvericilikdə borc müqaviləsinə
verilən anlayışda nəzərdə tutulmuş “öhdəsinə götürür” ifadəsi həmin müqavilənin
“konsensual” olmasından xəbər verir. Göstərilənlərə əsasən müqavilənin
bağlanması üçün pulun verilməsi tələb olunmur. Yazılı formada bağlanılmalı olan
borc müqaviləsi şifahi formada bağlandığı və borc məbləğinin borcalana
verildiyi hallarda borcun verilməsi faktı müqavilənin hansı formada
bağlanmasından asılı olmayaraq müstəqil hüquqi fakt kimi çıxış edərək
borcalandan borcun qaytarılmasını tələb etmək hüququnu yaradır.
Belə
ki, Mülki Məcəllənin 739.1-ci maddəsində qeyd olunan “aldıqlarını qaytarmağı
öhdəsinə götürür” müddəasındakı “aldıqlarını” ifadəsi borcun verilməsi faktının
hüquq yaradan müstəqil fakt olduğunu təsdiq edir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə
və 29-cu maddəsinin I və II hissələrinə əsasən Azərbaycan Respublikasında
mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət
hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ,
o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Göründüyü kimi, Konstitusiyada mülkiyyət
hüququ şəxsin əsas hüquqlarından biri kimi tanınır və dövlət tərəfindən müdafiəsinə
təminat verilir.
Konstitusion tənzimləmə şəxsin qanuni əsaslarla
əldə etdiyi əmlaka sərbəst sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam
vermək imkanını hüquqi təminat altına alır. Bu hüququn mahiyyəti yalnız əmlaka
faktiki sahibliklə məhdudlaşmır, eyni zamanda şəxsin pozulmuş əmlak
hüquqlarının bərpasını tələb etmək və həmin hüququ məhkəmə vasitəsilə müdafiə
etmək imkanını da əhatə edir.
Başqa sözlə, Konstitusiya hüquqi dövlət
prinsipindən irəli gələrək mülkiyyət hüququnun formal şəkildə tanınması ilə
kifayətlənmir, həmin hüququn effektiv müdafiəsini dövlət hakimiyyəti
orqanlarının, o cümlədən məhkəmələrin əsas vəzifələrindən biri kimi müəyyən
edir. Bu baxımdan şəxsin ona məxsus əmlakın qaytarılmasını və ya vurulmuş zərərin
əvəzinin ödənilməsini tələb etmək hüququ mülkiyyət hüququnun ayrılmaz elementi
hesab olunur.
Odur ki, mülki münasibətlərə tətbiq edilən
hüquqi normalar da, ilk növbədə şəxsin mülkiyyət hüququnun real və səmərəli
müdafiəsini təmin edən məzmunda şərh və tətbiq edilməlidir.
Mülki münasibətlərin tənzimlənməsində Konstitusiya
normalarına əsaslanan mülki qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq
mülki hüquq münasibətləri şəxslərin hüquqi bərabərliyi, iradə sərbəstliyi və əmlak
müstəqilliyi əsasında formalaşır və bu yanaşma Mülki Məcəllənin 1.1, 2.2 və
5.3-cü maddələrində təsbit edilmiş müddəalardan irəli gəlir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarında da qeyd olunmuşdur ki, hüquqi
dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin
qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə
azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən
ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi
və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və
tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
Mülki hüquq sahəsində qanunvericiliyin məqsədi
də məhz üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin
azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir ki, Mülki
Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələrində nəzərdə tutulmuş iradə sərbəstliyi
və müqavilə azadlığı prinsipləri də məhz bu məqsədə nail olunmasına xidmət
edir.
Burada diqqətə alınmalı olan əsas məsələ isə
odur ki, mülki dövriyyənin davamlılığının təmin edilməsinə yönələn müqavilə
yalnız qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla
etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə etibarlı əqd kimi arzu olunan
hüquqi nəticələrə səbəb ola bilər.
Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə uyğun olaraq əgər
qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı
razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd
etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin
məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət
edilmiş olur.
Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bu
Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki
Məcəllənin 329.2 və 337.1-ci maddələri).
Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,
hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd
etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə
tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə
qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən
alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə
olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.4 və 337.5-ci
maddələri).
Qeyd edilməlidir ki, əqdlərin etibarlılıq şərti kimi yazılı forma tələbinin
əsas məqsədi tərəflərin iradəsinin dəqiq müəyyən olunmasına, tərəflərin üzərinə
götürdükləri öhdəliklərin düşünülmüş şəkildə qəbul edilməsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə 2023-cü
il 3 mart tarixli Qərarında da göstərmişdir ki, bir qayda olaraq iqtisadi dəyəri
daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan
(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin,
dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin
(daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.)
etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial
qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına
daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən
müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz
bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq
üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti
kimi müəyyən etmişdir.
Müraciətdə qeyd edilmiş borc müqaviləsinin forması ilə bağlı tələbə gəlincə
isə göstərilməlidir ki, mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən
biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə
və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana)
verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə
pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində
borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi).
Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği
üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin
iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada
bağlanılmalı olduğu təsbit edilmişdir.
Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında
yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan
Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin
qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla
bilər.
Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər
arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və
bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi
müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi
və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır.
Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız
qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq
hüquqi nəticələrə səbəb ola bilər.
Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla
başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə
bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində
nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün
borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də
tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə
edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma
şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı
olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından
yolverilən hesab edilməlidir.
Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında
borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə
mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir.
Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə
zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət
edəcəkdir.
O da nəzərə alınmalıdır ki, borc müqaviləsinin etibarlılığının yazılı
forma tələbinə riayət olunması ilə şərtləndirmə halında faktiki olaraq verilmiş
borc müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma üzrə geri istənilə
bilinir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli
Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd
üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə
iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
Əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu
reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il
müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə
bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz
əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər
üçün keçərlidir.
Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş
verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin
əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün
olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ həmin əqdin icra
edildiyi gündən bir il ərzində irəli sürülə bilər.
Göründüyü kimi, borc müqaviləsi üzrə öhdəliyin icrası (borcun geri
qaytarılması) tələbi üzrə iddia müddəti
geri qaytarma ilə bağlı öhdəliyin icra edilməli olduğu gündən etibarən üç il təşkil
etdiyi halda (Mülki Məcəllənin 373, 377-ci maddələri), müqavilənin
etibarsızlığı səbəbindən əsassız varlanma tələbi üzrə iddia müddəti icra (pulun
qarşı tərəfə-əsassız varlanan şəxsə verildiyi) günündən etibarən bir il təşkil
edir.
Forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar
tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından)
bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri
qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi
andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb
olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən
yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır.
Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin
etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə
borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə
müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan
ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən araşdırılan hüquqi məsələlərə dair Azərbaycan Respublikası
Ali Məhkəməsinin yazılı mülahizəsində qeyd edildiyi kimi, təcrübədən görünür ki, bir çox işdə kreditor borca
pul verdiyini digər yazılı sübutlarla (WhatsApp yazışmaları və s.) və ya
cavabdehin etirafı ilə sübut edə bilir. Buna baxmayaraq, onlar arasındakı
faktiki borc razılaşması məhz yazılı formaya əməl edilmədiyi üçün etibarsız
sayıldıqda, keçərli müqavilə münasibəti hüquqən istisna olunur. Belə olan
halda, kreditorun iddiasına məcburən əsassız varlanma qaydaları çərçivəsində
qiymət verilir.
Mülahizədə,
həmçinin göstərilir ki, əksər hallarda əhəmiyyətsiz sayılan bu cür əqdlərin
icrası tərəflərin razılaşdıqları gün həyata keçirilməklə pul vəsaiti borcluya təqdim
edilir və tərəflər arasında ixtilaf yarandıqdan sonra məhkəməyə müraciət
edildiyi anda həmin gündən hesablanan bir illik müddət keçmiş olur. Hətta müddətin
əvvəli kreditorun öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən
götürüldükdə adətən həmin müddət ötür. Cavabdehlər iddia müddətinin tətbiqi
haqqında ərizə verdikdə isə məhkəmələr Mülki Məcəllənin 375-ci maddəsinə əsasən
pul tələblərini rədd etməli olurlar. Nəticə etibarilə, hüquq qaydasını (öhdəliklərini)
pozaraq aldığı pul vəsaitini qaytarmayan şəxs mükafatlandırılmış olur, tələbini
sübuta yetirmiş kreditor isə alacağından məhrum qalır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bir çox ölkələrin
qanunvericiliyində borc müqaviləsi üçün yazılı forma tələbi məhz sübutetmə şərti
olaraq qəbul edilmiş, tərəflərin məhkəmə mübahisəsi halında sübutetmə imkanları
yazılı sübutlarla məhdudlaşdırılmışdır.
Türkiyə Cümhuriyyətinin Borclar Qanunu da borc müqaviləsi üçün hər
hansı forma şərti nəzərdə tutmamış, məhkəmə təcrübəsində sübutetmənin
asanlaşdırılması baxımından yazılı sənədlərin olması uyğun görülmüşdür.
Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 716-cı maddəsinin birinci
hissəsində borc müqaviləsinin forma tələbinə istinad edilsə də, ikinci hissəsində
müvafiq yazılı sübutların mövcudluğu tələb olunan yazılı əqdə bərabərləşdirilir.
Bu yanaşmaların ortaq məntiqi ondan ibarətdir ki, borc müqaviləsi üzrə
əqdin forması sübutetmənin asanlığını, mötəbərliyini və hüquqi müəyyənliyi təmin
edən vasitədir, lakin bu onu heç bir halda real iqtisadi münasibətləri inkar edən
hüquqi mexanizmə çevirmir.
O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin
407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı,
notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi
andan bağlanmış sayılır. Bu maddənin “sadə yazılı müqavilə müvafiq qaydada
imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada
imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma
vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi
imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 12 avqust tarixli Qərarı).
Azərbaycan Respublikasının 2023-cü il 24
fevral tarixli Qanunu ilə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmiş
Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq əqd onun məzmununu dəyişilməz
formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki
vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab
edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən
hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab
edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq
müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
Göründüyü kimi, artıq qanunvericilikdə əqdin
tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə
imzalanması ilə (sadə yazılı forma) yanaşı, onun elektron və ya digər müasir
texniki vasitələrlə bağlanması imkanları
müəyyən edilmişdir.
Beləliklə, fiziki şəxslər
(tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc
müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı
formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi
daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə)
bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon
danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın
etirafı və s.) borca dair iddianın təsdiq
edilməsi üçün təqdim olunması tərəflərin
hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 13,
29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin
hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki Məcəllənin 739.2-ci maddəsində
nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin
329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün
müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunmalıdır;
- Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi
mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər)
arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin
tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı
istisna edilməməlidir;
- mülki dövriyyənin
sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə
mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə
və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
1. Azərbaycan Respublikası Konstitusiyasının
13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1
və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 739.2-ci
maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin
329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün
müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunsun.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi
mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər
(tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun
şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi
imkanı istisna edilməməlidir.
3. Mülki dövriyyənin sabitliyinin təmin
olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər)
arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin
icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar Azərbaycan Respublikasının rəsmi
dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev