Decisions

08.05.08 L.İ.Binnətovanın şikayəti üzrə AR Ali Məhkəməsi MİÜMK-nın 05/06/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

8 may 2008-ci il                                                                                  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

konstitusiya məhkəmə icraatında ərizəçi L.Binnətova və onun nümayəndəsi İ.Cavadovun,

cavabverənin nümayəndəsi - Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı R.Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Lamiyə İsrayıl qızı Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin nümayəndəsi İ.Cavadovun, cavabverənin nümayəndəsi R.Əkbərovun çıxışlarını dinləyib və işin materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D I:

Mülki işin materiallarından görünür ki, 20.04.1996-cı il tarixdə ərizəçi L.Binnətova və M.Abadov arasında rəsmi nikah bağlanmış,  03.09.1997-ci il tarixdə bu nikahdan onların bir övladı doğulmuş,  30.07.1998-ci il tarixdə (tərəflər birgə nikahda olduqları müddətdə) M.Abadov Bakı şəhəri, O.Kərimov küçəsi 71 saylı evi (bundan sonra – mübahisəli mənzil) əldə etmişdir. 10.02.1999-cu il tarixdə Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə L.Binnətovanın iddiası  qismən təmin olunmuş və onun övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi və qeydiyyata alınması qət edilmiş, birgə mülkiyyətdə olan həmin mənzilin ¾ hissəsinə mülkiyyət hüquqlarının tanınması tələbi tərəflər nikahda olduğu üçün təmin edilmədən saxlanılmışdır. 15.11.2001-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə L.Binnətova və M.Abadovun nikahları pozulmuşdur.

22.03.2006-cı il tarixdə L.Binnətova yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Nərimanov rayon məhkəməsinin 10.02.1999-cu il tarixli məhkəmə qətnaməsi qismən icra olunaraq mübahisəli mənzilə azyaşlı uşağı ilə birgə qeydiyyata alınması təmin edilsə də, mənzilə köçürülmə hissəsi icra olunmamışdır. Buna görə də, o, 10.02.1999-cu il tarixli məhkəmə qətnaməsi hazırkı mübahisənin tərəflərə aid hissələrinə toxunduğundan, iddianın bu hissədə təmin olunmamasının səbəbləri aradan qalxdığından (yəni aralarında bağlanmış nikah ləğv olunduğundan və cavabdehin günahı ucbatından mübahisəli mənzilə köçüb yaşaya bilmədiyindən) birgə nikah dövründə əldə olunmuş mübahisəli mənzilin bölünməsi, mənzildən payın naturada ayrılması və bu paya dair adına qeydiyyat vəsiqəsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Nərimanov rayon məhkəməsinin 08.06.2006-cı il tarixli qətnaməsi ilə L.Binnətovanın iddiası təmin edilərək tərəflərin hər birinin mübahisəli mənzilin ½ hissəsinə mülkiyyət hüquqları tanınmış və bu barədə tərəflərə paylarına uyğun müvafiq qeydiyyat vəsiqəsinin verilməsi qət edilmiş, M.Abadovun L.Binnətovaya qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 09.11.2006-cı il tarixli qətnaməsinə əsasən M.Abadovun apellyasiya şikayəti qismən təmin olunmuş, Nərimanov rayon məhkəməsinin 08.06.2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş və iddiaçı L.Binnətovanın tələbi rədd olunmuşdur. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 05.06.2007-ci il tarixli qərarı ilə L.Binnətovanın kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsi MİÜMK-nın 09.11.2006-cı il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmə  sədrinin 16.10.2007-ci il tarixli məktubu ilə L.Binnətovanın əlavə kassasiya qaydasında verilmiş şikayətinə cavab göndərilmişdir ki, onun şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 424.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılması üçün çıxarılmadan saxlanılmışdır.

Bundan sonra L.Binnətova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verərək göstərmişdir  ki, onun iddiasına baxmış apellyasiya və kassasiya instansiyası məhkəmələri MPM-in 233.3-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 375.2 maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 8.2 və 36.9-cu maddələrinin müddəalarını düzgün tətbiq etmədiyi üçün MPM-in 217.2 və 416-cı maddələrini, habelə onun Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 26, 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarını pozmuşlar. Buna görə ərizəçi Ali Məhkəmənin MİÜMK-nın 05.06.2007-ci il tarixli qərarının qüvvədən düşmüş hesab olunmasını xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

L.Binnətovanın cavabdeh M.Abadova qarşı birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzildən payın naturada ayrılması və ayrılan paya qeydiyyat vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi MPM-in 82.2 və 82.3-cü maddələrini rəhbər tutaraq Nərimanov rayon məhkəməsinin 10.02.1999-cu il tarixli qətnaməsini nəzərə almaqla mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə edilməsi və onların birgə mülkiyyətlərində olması faktının yenidən sübuta ehtiyacı olmaması qənaətinə gəlmişdir. Məhkəmə Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3 və 37.1-ci maddələrinin müddəalarına əsaslanaraq ər-arvadın ümumi əmlakını tərəflərin arasında bərabər paylara bölmüşdür.

Apellyasiya instansiyası məhkəməsi isə bu iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək və yeni qətnamə çıxarmaqla Ailə Məcəlləsinin 36.9-cu maddəsinin və MM-in 375.2-ci maddəsinin müddəalarını tətbiq edərək iddia tələblərini rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikah Nərimanov rayon məhkəməsinin 15.11.2001-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddiaçı L.Binnətova bundan sonra yalnız 2006-cı ilin mart ayında, yəni nikahın pozulmasından 5 il keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, halbuki Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

Göründüyü kimi mülki işin həllində apellyasiya instansiyası məhkəməsi iddia müddətlərinə dair qanunvericiliyin müddəalarını birinci instansiya məhkəməsindən fərqli olaraq tətbiq etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisənin düzgün həlli üçün hüququn məhkəmədə müdafiə olunmasının bəzi qaydaları, habelə iddia müddətlərinin tətbiqi məsələləri xüsusi əhəmiyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır.

Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir.

Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir.

Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).

İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə  tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.

Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı  qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu  göstərməmişdir.

 Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin  qanunvericilik təcrübəsində  (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.

İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.

Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.

Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir.

Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir.

Onu da nəzərə almaq vacibdir ki, apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına  uyğun olaraq tətbiq edilməlidir.

Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci  instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri).

Lakin nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında tərəflərin prosessual hüquqlarının həcmi, ocümlədən məhkəmənin malik olduğu səlahiyyətlərin dairəsi birinci, apellyasiya və kassasiya instansiyalarının təbiətlərinə uyğun olaraq fərqləndirilmişdir. 

Belə ki, yeni məhkəmə icraatının qaydalarını  müəyyən edən qüvvədə olan mülki prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını birinci instansiya məhkəmələrinin üzərinə qoyur (tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılması; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsi; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi  və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsi).

Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.

Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı  şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. 

Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4).

Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması və ya fakt haqqında məlumatın verilməsi ilə bağlı olan konkret məsələlərin həllinə yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin edilməsinin əvəzi kimi qəbul oluna bilməz.

Apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı qaydalarını dəyişdirmək, tərəfləri ədalətli məhkəmə araşdırılması hüququndan və ya məhkəmə müdafiə təminatlarından məhrum etmək, məhkəmələrin ədalət mühakiməsini həyata keçirmək təyinatını məhz qanun əsasında həyata keçirməsini şübhə altına qoymaq hüququ yoxdur.

Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının qaydaları üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar.  Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin hüquqlarının pozulması ilə nəticələnə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya  yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın.

Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə  birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

İddiaçı L.Binnətovanın cavabdeh M.Abadova qarşı birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzildən payın naturada ayrılması və ayrılan paya qeydiyyat vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair mülki işin materiallarından görünür ki, cavabdeh tərəf iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinə heç bir ərizə ilə müraciət etməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 36.9-cu və MM-in 375.2-ci maddələrinin müddəalarını tətbiq etməyə haqlı deyildi.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, habelə MPM-in 8, 9.1 və 9.3-cü maddələrinin tələblərini pozmuşdur.

Belə ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

MPM-in 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

MPM-in 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 416, 418.1 və 418.3-cü maddələri).

Ali Məhkəmənin MİÜMK L.Binnətovanın kassasiya şikayətinə baxarkən ərizəçinin iddia müddətinin düzgün tətbiq edilməməsinə dair dəlillərinə lazımi qiymət verməmiş, nəticədə MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqlarının səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MM-in 375.2-ci maddəsinə, MPM-in 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. İşə Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. İddiaçı L.Binnətovanın cavabdeh M.Abadova qarşı birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzildən payın naturada ayrılması və ayrılan paya qeydiyyat vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                          Fərhad Abdullayev