AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının
12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
27 dekabr 2007-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi K.Bunyatovun, onun nümayəndəsi A.Abdulqayevin,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyevin,
ekspert Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yer quruluşu və torpaq islahatı şöbəsinin müdir müavini R.Süleymanovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Kərəm Bunyat oğlu Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverən orqanın nümayəndəsinin, ekspertin və maraqlı şəxslərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
K.Bunyatov mülkiyyətində olan 400 m2 torpaq sahəsinin D.Vəlibəyovaya satılmasına dair Xudat bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli qərarının ləğv olunması tələbi ilə Xaçmaz rayon məhkəməsində iddia qaldırmışdır.
Ərizəçi iddiasını onunla əsaslandırmışdır ki, Xudat Şəhər İcraiyyə Komitəsinin 27 sentyabr 1991-ci il tarixli, 9 saylı qərarı ilə istifadəsinə ayrılmış mübahisəli torpaq sahəsi Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə ona verilmiş və bu qərara əsasən rayon torpaq şöbəsi tərəfindən ona mülkiyyət hüququ haqqında 20 oktyabr 2003-cü il tarixli şəhadətnamə təqdim olunmuşdur. Lakin ev tikməyə maddi imkanı olmadığı üçün torpaq sahəsini müvəqqəti istifadə etmək məqsədilə qonşuluqda yerləşən binanın sakini D.Vəlibəyovaya vermiş, sahəni boşaltmağı tələb etdikdə isə sonuncu həmin torpağı bələdiyyədən satın aldığını bildirmişdir.
Birinci instansiya məhkəməsinin 30 mart 2006-cı il tarixli qətnaməsilə K.Bunyatovun iddiası rədd olunmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 8 avqust 2006-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, şəhərin başqa yerindən bələdiyyənin ehtiyat fondundan K.Bunyatova 400 m2 torpaq sahəsinin ayrılması vəzifəsinin Xudat bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 12 yanvar 2007-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmə sədrinin 30 mart 2007-ci il tarixli məktubu ilə əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılması üçün əsasların olmadığı bildirilmişdir.
Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, K.Bunyatova 400 m2 torpaq sahəsinin ayrılmasına dair Xudat şəhər (məhkəmə aktlarında səhvən «Xaçmaz rayon» göstərilib) Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 27 sentyabr 1991-ci il tarixli qərarı olmuşdur. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı ilə K.Bunyatova 4 nəfər ailə üzvləri ilə birlikdə 0,04 ha torpaq sahəsi verilmiş və bu qərara əsasən ona mülkiyyət hüququnu təsdiq edən 20 oktyabr 2003-cü il tarixli şəhadətnamə verilmişdir. Lakin İcraiyyə Komitəsinin 27 sentyabr 1991-ci il tarixli qərarına əsasən fərdi ev tikmək üçün K.Bunyatova ayrılmış torpaq sahəsi Xudat şəhərinin 4-cü, D.Vəlibəyovaya satılmış torpaq sahəsi isə şəhərin 8-ci kvartalında yerləşib və sonuncu sahə bələdiyyənin şəhərdaxili ehtiyat fondu torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir.
Bununla belə, məhkəmələrin qənaətinə görə yerli icra hakimiyyətinin qərarı (məhkəmə aktlarında səhvən «sərəncam» yazılıb) ilə K.Bunyatova torpaq sahəsinin ayrılmasına və həmin sahəyə mülkiyyət hüququnun qeydə alınmasına baxmayaraq, sahənin ölçüləri yerində dəqiq müəyyən edilmədiyi üçün iddiaçının dövlət tərəfindən müdafiəsinə təminat verilən mülkiyyət hüququ pozulmuşdur. Buna görə də Apellyasiya Məhkəməsinin MİÜMK ona şəhərin başqa yerindən göstərilən ölçüdə torpaq sahəsinin ayrılmasını Xudat bələdiyyəsinə həvalə etmişdir.
Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) verdiyi şikayətini onunla əsaslandırmışdır ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş, lakin hazırlıq iclasından sonra birinci instansiya məhkəməsinin hakiminə etiraz etmişdir. Buna baxmayaraq, iş üzrə hər hansı məhkəmə iclası keçirilmədən iddianın rədd edilməsinə dair çıxarılmış qətnamənin surəti onun ünvanına göndərilmişdir.
Bu qətnamədən verdiyi apellyasiya şikayətində ərizəçi yuxarıda göstərilənlərlə yanaşı, həmçinin mübahisəli torpağın ona məxsus olmasının təsdiqi kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin 27 mart 2006-cı il tarixli məktubuna istinad edərək mülkiyyətində olan həyətyanı torpaq sahəsinin qanunsuz olaraq Xudat bələdiyyəsinin 10 noyabr 2005-ci il tarixli qərarı ilə D.Vəlibəyovaya satıldığını bildirmişdir.
K.Bunyatov konstitusiya şikayətində onu da qeyd etmişdir ki, Apellyasiya Məhkəməsi MİÜMK-nın 14 iyul 2006-cı il tarixdə keçirilmiş iclasında özü və vəkili Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin yuxarıda qeyd olunan məktubunu məhkəməyə təqdim etmiş və Komitənin nümayəndəsinin, eləcə də yerli torpaq şöbəsinin müdirinin şahid qismində məhkəməyə çağırılması barədə vəsatət qaldırmışlar. Vəsatət təmin olunaraq məhkəmənin növbəti iclası 8 avqust 2006-cı il tarixinə təyin olunmuşdur. Həmin tarixdə məhkəməyə gəlsələr də, katib bu gün məhkəmə iclasının keçirilməyəcəyini bildirmişdir. Buna baxmayaraq, iddiaçı tərəf sonradan 8 avqust 2006-cı il tarixdə çıxarılmış qətnamənin surətini almışdır. O, bütün bu pozuntuları kassasiya şikayətində göstərsə də, Ali Məhkəmənin kollegiyası işə onun iştirakı olmadan baxmış və 12 yanvar 2007-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Ərizəçi hesab edir ki, məhkəmələr prosessual pozuntulara yol verməklə yanaşı, qəbul etdikləri aktlarda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - TM) 55, 56 və 67-ci maddələrini işin müəyyən olunmuş hallarına düzgün tətbiq etməmiş, nəticədə onun Azərbaycan Respublikası Konstitusiyasında (bundan sonra – Konstitusiya) nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. K.Bunyatov konstitusiya şikayətində Ali Məhkəmənin MİÜMK-nın 12 yanvar 2007-ci il tarixli qərarının qüvvədən düşmüş hesab olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 125-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər.
Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) yuxarıda qeyd olunan prinsiplərə əsaslanan müddəalarına müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).
Lakin birinci instansiya məhkəməsi ərizəçinin iddiası əsasında mülki işə baxarkən, Konstitusiyada və mülki-prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmişdir. Məhkəmə mübahisəli sahənin Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarı üzrə verilmiş 20 oktyabr 2003-cü il tarixli şəhadətnamə əsasında mülkiyyət hüququ ilə K.Bunyatova məxsus olması barədə ərizəçinin dəlillərini müzakirə etmədən İcraiyyə Komitəsinin 27 sentyabr 1991-ci il tarixli qərarına istinadla iddianı rədd etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Qanunun 25-ci maddəsində müəyyən edilmiş Keçid müddəalarına əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 156-cı maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanunamüvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur.
MM-in 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu mənada bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin satılması ilə, yəni sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı qeyd olunmalıdır ki, mülkiyyət hüququna malik olmadan sərəncam hüququnun həyata keçirilməsi mülki qanunun qeyd olunan norması ilə ziddiyyət təşkil edir.
Lakin birinci instansiya məhkəməsi işə baxarkən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq üzərində Xudat bələdiyyəsinin mülkiyyət hüququnun olub-olmamasını və həmin sahənin K.Bunyatovun mülkiyyətində olmasına dair sonuncunun irəli sürdüyü dəlilləri araşdırmamışdır.
Bundan başqa, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən bələdiyyə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxarkən torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə müraciətdə göstərilənlərə, eləcə də ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir.
Birinci instansiya məhkəməsi tərəfindən D.Vəlibəyovaya torpaq sahəsinin ayrılması barədə Xudat bələdiyyəsinin qərarı qəbul edilərkən, yuxarıda adıçəkilən Əsasnamənin tələblərinə riayət olunub-olunmamasına əhəmiyyət verilməmişdir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Xaçmaz rayon məhkəməsi mübahisəni həll edərkən MPM-in tətbiq edilməli olan 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrini tətbiq etməməklə, ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur.
MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar kimi nəzərdə tutulmuşdur. Lakin işə baxmış Apellyasiya Məhkəməsinin MİÜMK mülki prosessual qanunvericiliyin göstərilən tələblərini pozaraq 8 avqust 2006-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Digər tərəfdən məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması baxımından həmin norma xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilməlidir ki, ərizəçi apellyasiya şikayətində bir neçə məsələni, o cümlədən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini, hakimə edilmiş etiraza baxılmamasını və digər dəlillərlə yanaşı, mübahisəli torpaq sahəsinin K.Bunyatovun mülkiyyətində olması və bələdiyyə tərəfindən qanunsuz satılmasına dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin 27 fevral 2006-cı il tarixli məktubunun mövcudluğunu qeyd etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu mülki işin ədalətli və qanunamüvafiq həlli üçün iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş bu dəlillərin mahiyyətinə toxunmayaraq, qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən ərizəçinin apellyasiya şikayətində irəli sürdüyü həmin məqamlara heç bir qiymət verilməmişdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlakın iddiaçıya aid olmadığını göstərməklə bərabər torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüququnun olmasını qəbul edib, lakin ona mənsub olan əmlakın yerinin dəqiq müəyyən edilməməsi nəticəsinə gəlmişdir.
MM-in yuxarıda qeyd olunan 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin məhz ona mənsub əmlakla (əşya ilə) hüquqi əlaqəsi kimi ifadə edilmişdir. Digər tərəfdən MPM-in 372.4-cü maddəsinə əsasən, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bundan başqa, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndində bələdiyyələrə məxsus olan torpaq sahələrinin alınması qaydaları müəyyən olunduğuna görə bu qaydalardan kənar əvəzsiz olaraq torpaqların verilməsi yolverilməzdir.
Lakin qanunvericiliyin bu tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququna malik olduğunu və onun pozulduğunu faktiki olaraq təsdiq etsə də, qanunla üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə bu hüquqa qanunsuz müdaxilə etməklə iddia tələblərindən kənara çıxmış, öz təşəbbüsü ilə şəhərin digər yerindən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya verilməsini qərara almış, rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla ərizəçinin tələblərini rədd etmişdir.
Mülkiyyətin müdafiəsi məsələsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Belvedere Alberghiera S.r.l İtaliyaya qarşı iş üzrə 30 may 2000-ci il tarixli qərarında bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin ilk və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə qanuni olmalıdır (§ 56).
Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hüquqi cəhətdən qənaətini əsaslandırmaq üçün TM-in 55 (Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları), 56 (Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları) və 67-ci (Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi) maddələrinin ümumi xarakterli müddəalarına istinad etmişdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Castrave Moldovaya qarşı iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir (§ 34).
Apellyasiya instansiyası məhkəməsi də hazırkı iş üzrə torpaq qanunvericiliyinin normalarına istinad edərkən onların işin müəyyən olunmuş hallarına tətbiqinə dair öz mövqeyini əsaslandırmamışdır.
MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.
Lakin Ali Məhkəmənin MİÜMK Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bununla da, MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə kassasiya məhkəməsi tərəfindən buraxılmış, qanunvericiliyin tələblərinə uyğun olmayan və ərizəçinin hüquq və azadlıqlarının səmərəli təminatına ziyan vuran daha bir prosessual pozuntunu xüsusi qeyd etməyi zəruri hesab edir.
Belə ki, K.Bunyatov kassasiya şikayətində digər məsələlərlə yanaşı, aşağı instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyini bildirərək, göstərmişdir ki, apellyasiya qaydasında keçirilmiş 8 avqust 2006-cı il tarixli iclasa gəlsə də, iclasın təxirə salındığını öyrənərək çıxıb getmiş, daha sonra isə həmin tarixdə çıxarılmış qətnaməni almış, eləcə də işin düzgün baxılması üçün həlledici əhəmiyyətə malik olan və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin yuxarıda qeyd olunan məktubu ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir.
Mülki işin materiallarından görünür ki, Ali Məhkəmə hakiminin 12 dekabr 2006-cı il tarixli məktubu ilə işdə iştirak edən tərəflərə həmin kassasiya şikayətinə 12 yanvar 2007-ci il tarixdə məhkəmə iclasında baxılacağı barədə məlumat verilmişdir. İşə əlavə edilmiş Ali Məhkəmənin hakiminə ünvanlanan 11 yanvar 2007-ci il tarixli (həmin gün Ali Məhkəmədə qeydiyyata alınmışdır) teleqrama görə isə K.Bunyatov səhhəti ilə əlaqədar qeyd olunan tarixdə məhkəmə iclasına gələ bilmədiyini göstərərək, işə baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
Lakin Ali Məhkəmə təyin olunmuş vaxtda şikayətə baxaraq qəbul etdiyi qərarda qeyd olunan teleqrama, ümumiyyətlə, toxunmamış, tərəflərə işin baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onların məhkəməyə gəlmədiyini göstərmiş və işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir.
Bu baxımdan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Roshka Rusiyaya qarşı iş üzrə 6 noyabr 2003-cü il tarixli qərarında ifadə olunmuş mövqeyi də əhəmiyyətlidir. Həmin qərarda Məhkəmə Konvensiyanın 6-cı maddəsinin müddəaları ilə bağlı digər məsələlərlə yanaşı, xatırlatmışdır ki, cinayət icraatına aid təqsirləndirilən şəxsin cinayət ittihamına həsr olunmuş iclasda iştirakı, prosesin ədalətliliyinin əsasını təşkil edir. Mülki mübahisə üzrə tərəflərin iştirakı, hər halda, eyni əhəmiyyət kəsb etmir. Konvensiyanın presedent hüququ tərəflərin vəkillə təmsil olunmasını nəzərdə tutaraq müəyyən edir ki, mülki icraatda şəxsən iştirak etmək hüququ eynilə təmin olunmur, lakin müəyyən növ işlər üzrə və ya mövcud olan müəyyən vəziyyətdən asılı olaraq ədalətli məhkəmə araşdırılması hüququ mülki icraatda da şəxsən iştirak etmək hüququnu ehtiva edə bilər (§ 1).
Konstitusiya Məhkəməsi Plenumunun bu məsələyə dair hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir. Kassasiya şikayətində işin qanunauyğun həll edilməsinə ciddi təsir edən bir neçə prosessual hüquq normalarının pozulmasının iddia edildiyini və bu məqamların yoxlanılmasının şikayətçinin özünün məhkəmə iclasında iştirakını tələb etdiyini nəzərə alaraq, teleqram vasitəsilə ilk dəfə etdiyi xahişə baxmayaraq işə onun iştirakı olmadan baxılması ədalətli hesab oluna bilməz.
Nəticə etibarilə Ali Məhkəmə tərəfindən iş üzrə çıxarılmış qərarda K.Bunyatovun yuxarıda qeyd olunan dəlillərinə hüquqi qiymət verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi George Rumıniyaya qarşı iş üzrə 15 mart 2007-ci il tarixli qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, Ali Məhkəməyə şikayətində, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili Ali Məhkəmə tərəfindən nəzərə alınmamışdır (§ 50).
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 12 yanvar 2007-ci il tarixli qərarı Konstitusiyanın 29, 60 və 127-ci maddələrinə, MPM-in 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. K.Bunyatovun Xudat bələdiyyəsinə qarşı 400 m2 torpaq sahəsinin D.Vəlibəyovaya satılması ilə bağlı 10 noyabr 2005-ci il tarixli qərarının ləğv edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29, 60 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Fərhad Abdullayev