Decisions

05.05.26. Azərbaycan Respublikası Konstitusiyasının 125 maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İXM-in 53.1.7 və 139 maddələrinin Azərbaycan Respublikası CPM-in 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

 

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

5 may 2026-cı il                                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi,  Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək məhkəmə qərarının preyudisiallığı prinsipi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 141.1.3, 142-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 125-ci maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Gəncə Şəhər Prokurorluğuna daxil olmuş müraciət əsasında araşdırma zamanı “Gəncə Memorial Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – MMC) C.İbrahimovun 01.11.2024-15.11.2024-cü il tarixlərində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən tibb qardaşı kimi əməyə cəlb edilməsi faktı müəyyən edilmiş və buna görə MMC-nin direktoru barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə- Daşkəsən Regional Şöbəsinə göndərilmişdir.  

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinin qərarı ilə MMC-nin vəzifəli şəxsi (direktoru) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilmiş, həmin qərardan verilən şikayət Gəncə Şəhər Məhkəməsinin qərarı ilə təmin edilməmiş və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmış və qərarda göstərilmişdir ki, hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən (direktor) tərəfindən işçinin müvafiq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmışdır.  

Həmçinin C.İbrahimovun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-də 01.11.2024-15.11.2024-cü il tarixlərində tibb qardaşı vəzifəsində işlərin görülməsinə cəlb edilməsi faktı üzrə MMC barəsində də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə MMC qeyd edilən maddə üzrə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

Qərardan verilən apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlarla C.İbrahimovun qərarda göstərilən müddətlərdə MMC-də işlərin görülməsinə cəlb edilməsi sübut edilməmişdir.

Sorğunun verilməsini zəruri edən hal kimi MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən məcburilik və preyudisiallıq xüsusiyyətlərini əmələ gətirən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisial qüvvəsinin nəzərə alınmaması, artıq araşdırılaraq qiymətləndirilmiş halların yenidən mübahisələndirilməsi və təkzib edilməsinin mümkünlüyü, bu baxımdan inzibati xəta haqqında işə baxan məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarında araşdırılaraq qiymətləndirilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi ilə bağlı qeyri-müəyyənliyin olduğu göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməli olduğu təsbit edilmişdir. Lakin həqiqətin müəyyən edilməsi prinsipi hüquqi müəyyənlik prinsipi ilə uzlaşdırılmalıdır.

Hüquqi müəyyənlik prinsipi hüquqi dövlətin əsas elementlərindən biri olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini və məcburiliyini nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hüquqi nəticələri yalnız konkret mübahisənin həlli ilə məhdudlaşmır, həm də həmin qərarlarda müəyyən edilmiş faktların müəyyən hədlər daxilində sonrakı icraatlar üçün hüquqi əhəmiyyət kəsb etməsini şərtləndirir.

Məhkəmə qərarının preyudisiallığı institutu hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktların sonrakı icraatlarda yenidən sübut edilməsindən azad olunmanı nəzərdə tutur.  

Hüquqi anlayış kimi preyudisiya (lat. praejudicium) hələ Roma hüququnda yaranmış və bir çox dövlətlərin hüquq sistemlərinin formalaşmasına təsir göstərmişdir. İctimai həyatda və hüquq sistemlərində baş verən dəyişikliklər preyudisiyanın mahiyyətinə təsir göstərsə də, onun əsas məqsədi iki istiqamətdə olmuşdur: məhkəmə orqanlarının fəaliyyətində ziddiyyətlərin qarşısını almaq; məhkəmə işlərinin operativ həllini təmin etmək.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hüquqi qüvvəsi və məcburiliyi hüquqi dövlət prinsipinin tərkib elementlərindəndir. Məhkəmə qərarının qanuni qüvvəyə minməsi həmin qərarın yalnız konkret mübahisəni həll etməsi ilə məhdudlaşmır, həm də müəyyən hüquqi nəticələrin yaranmasına səbəb olur. Bu nəticələrdən biri məhkəmə qərarının preyudisiallıq xüsusiyyətidir.

Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

İnzibati Xətalar Məcəlləsində bilavasitə preyudisiyanın anlayışı verilməsə də, qüvvədə olan məhkəmə aktlarının preyudisial əhəmiyyət kəsb etməsini nəzərdə tutan bəzi normalar təsbit olunmuşdur.

Həmin Məcəllənin 33.1.2 və 33.3-cü maddələrinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.

Təkrar törədilmiş inzibati xətaya görə daha ağır tənbeh təyin etmək üçün inzibati tənbeh tətbiq etmək barədə ilk qəti və qüvvəyə minmiş qərarın olması zəruridir. İkinci qərar qəbul edilərkən birinci işin halları yenidən nəzərdən keçirilmir və sübut olunmur.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu maddə ilə qanunverici eyni subyekt barəsində eyni fakt üzrə artıq hüquqi qiymət verilmiş məsələnin yenidən icraat predmetinə çevrilməsini istisna etməyi məqsəd qoymuşdur.

Eyni zamanda nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində istifadə olunan “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt” ifadəsi normanın tətbiq dairəsinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Həmin norma eyni fakt üzrə təkrar icraatın qarşısının alınmasına yönəlmiş olmaqla hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsiplərinin təmin edilməsinə xidmət edir. Normanın məzmunundan göründüyü kimi, burada həm faktın eyniliyi, həm də subyektin müəyyənliyi elementi nəzərdə tutulmuşdur. Beləliklə, normanın tətbiqi zamanı “eyni fakt” anlayışının hüquqi məzmunu və “barəsində icraat aparılan şəxs” meyarı qarşılıqlı əlaqədə qiymətləndirilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 139-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər üçün məcburidir və qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.

İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin əlaqəli təhlili onu göstərir ki, qanunverici eyni subyekt barəsində eyni fakt üzrə təkrar hüquqi qiymətləndirmənin qarşısının alınmasını və qanuni qüvvəyə minmiş qərarların sabitliyinin təmin edilməsini nəzərdə tutmuşdur.

Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərar).

Cinayət-Prosessual Məcəllənin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hallar hesab olunur.

Cinayət-Prosessual Məcəllənin 142-ci maddəsində isə preyudisiya ilə bağlı məsələlər daha ətraflı tənzimlənərək qeyd olunur ki, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.

Preyudisiya institutunun prosessual mexanizm kimi çıxış etməsi və onun Cinayət-Prosessual Məcəllədə daha aydın və sistemli şəkildə tənzimlənməsi nəzərə alınaraq müvafiq cinayət prosessual normalardan inzibati xəta haqqında iş üzrə icraatda analoji prosessual münasibətlərin tənzimlənməsi məqsədilə istifadə edilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.

Qeyd edilənlər nəzərə alınaraq Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən 2020-ci il 8 yanvar tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılması barədə nəticəyə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni yanaşma qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə məhkəmə qərarlarına da tətbiq edilməlidir.

Belə ki, preyudisiya institutu hüquqi müəyyənlik prinsipinin təminat mexanizmlərindən biri kimi çıxış etsə də, mütləq xarakter daşımır və onun tətbiqi müəyyən hüquqi şərtlərin mövcudluğundan asılıdır. Preyudisiallığın tətbiqi zamanı, ilk növbədə, əvvəlki məhkəmə qərarının qanuni qüvvəyə minmiş olması müəyyən edilməlidir. Qanuni qüvvəyə minmə məhkəmə qərarının formal sabitliyini və məcburiliyini təmin edir.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktların digər icraatlarda nəzərə alınması həmin qərarın preyudisial təsirinin mövcudluğunu göstərsə də, bu hal sonrakı icraat üzrə bütün hüquqi məsələlərin əvvəlcədən həll edilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan, sonrakı icraatda araşdırılan məsələlərin predmeti və həmin icraatın iştirakçıları nəzərə alınmaqla, əvvəlki məhkəmə qərarının preyudisial təsirinin hüdudları müəyyən edilməlidir.

Preyudisiallığın obyektiv həddi əvvəlki məhkəmə qərarında müəyyən edilmiş konkret faktın sonrakı icraat üzrə sübutetmə predmetinə aid olub-olmaması ilə müəyyən edilir. Preyudisiallığın subyektiv həddi isə həmin qərarın yalnız əvvəlki icraatda iştirak etmiş eyni şəxslərə münasibətdə məcburi hüquqi nəticə doğurması ilə xarakterizə olunur.

Eyni faktiki vəziyyətlə bağlı müxtəlif subyektlər barəsində aparılan icraatlarda yalnız “hadisənin eyni olması” arqumenti ilə əvvəlki məhkəmə aktının nəticələrinin digər subyektə bütövlükdə və şərhsiz şamil edilməsi düzgün hesab edilə bilməz. Çünki subyekt tərkibi və onların hüquqi statusu fərqli olduqda, əvvəlki aktla müəyyən edilmiş hallar yeni icraat üçün eyni hüquqi məna və eyni həcmdə bağlayıcılıq yaratmır.

Bu baxımdan, bir subyekt barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu digər subyekt barəsində iş üzrə sübutetmə predmetinə aid halların müstəqil şəkildə araşdırılmasını və sübutların yenidən qiymətləndirilməsini istisna etmir, hətta söhbət eyni hadisədən getsə belə. Əks yanaşma fərqli subyektlər barəsində müdafiə hüququnun məhdudlaşdırılmasına, təqsirsizlik prezumpsiyasının pozulmasına, eləcə də dolayı məsuliyyətin formalaşmasına gətirib çıxara bilər ki, bu da ədalət mühakiməsinin mahiyyəti ilə uzlaşmır.

Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş sübutetmə predmetinə aid hallar yalnız eyni subyektlərə münasibətdə preyudisial əhəmiyyət daşıyır, fərqli subyektlər barəsində isə məsuliyyət məsələsi müstəqil qaydada araşdırılmalı və qiymətləndirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Prokurorluğun sorğusunda qaldırılan məsələnin yaranması səbəbləri İnzibati Xətalar Məcəlləsinin hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən edən müddəalarının düzgün tətbiq edilməməsi ilə bağlıdır. Məsələnin düzgün hüquqi qiymətləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin kompleks şəkildə təhlil edilməsinə ehtiyac vardır.

İnzibati Xətalar Məcəlləsinin 99.4, 114, 134 və 137-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat müvafiq protokolun tərtib edilməsi, inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsi, yaxud bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardadın (qərarın) qəbul edilməsi ilə başlayır və müvafiq qərarın qüvvəyə minməsi ilə bitir.

İnzibati Xətalar Məcəlləsinin 40–44-cü maddələrində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsi və aidiyyət məsələləri müəyyən edilir.

Aidiyyət meyarlarının inzibati xətalar qanunvericiliyində dəqiq müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Əks təqdirdə inzibati xəta haqqında işə müvafiq icra hakimiyyəti orqanında və ya məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik şəxsin məhkəmə müdafiəsi hüququnun pozulmasına da səbəb ola bilər.

Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Bu təminatlardan biri də hər hansı bir məhkəmə işinə çevik şəkildə peşəkar hakim tərəfindən baxılması məqsədi ilə qanunvericiliklə dəqiq müəyyən edilən məhkəmə aidiyyətidir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 2012-ci il 4 oktyabr tarixli Qərarı).

Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində və həmin Məcəllənin 40.0.3-cü maddəsinə müvafiq olaraq qəbul edilmiş “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında  inzibati xətalar haqqında işlərə məhkəmələr və ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılması dəqiq müəyyən edilmişdir.

İnzibati Xətalar Məcəlləsinin bəzi maddələrində (157, 272.1, 333.1, 479-cu və bir sıra digər maddələr) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq hüququ həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanına verilsə də, bu hallarda da qanunverici tərəfindən məhkəmələr və ya müvafiq icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü dəqiq aparılıb. Belə hallarda İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir.

İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hər hansı inzibati xəta haqqında iş üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən qərar çıxarıldıqdan sonra həmin işə yenidən baxılması yalnız həmin Məcəllənin 17-ci fəslində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma proseduru çərçivəsində mümkündür. Yəni, bu prosedur istisna olmaqla, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hər hansı inzibati xəta haqqında işə həmin xətanın subyektinin hüquqi və (və ya) vəzifəli şəxs olduğuna görə iki dəfə (həm məhkəmə, həm də müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən) baxılması Məcəllədə nəzərdə tutulmayıb.

İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin bir çox maddəsinin sanksiya hissəsində subyekt kimi həm hüquqi, həm də vəzifəli şəxslər nəzərdə tutulub. Hüquqi şəxslərin inzibati məsuliyyətinin yaranması vəzifəli şəxslərin əməlləri ilə bağlı olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində bu məsuliyyətin əsası kimi həmin əməllərin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi göstərilmişdir.

Eyni zamanda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir (İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi).

İnzibati xəta haqqında iş üzrə icraatın səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən başlandığını nəzərə alaraq qanunverici hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olub-olmaması məsələsini ilkin qiymətləndirmə səlahiyyətini həmin orqanlara (vəzifəli şəxslərə) verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər, belə əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.

Bu tənzimləmə inzibati orqanlarla məhkəmələr arasında səlahiyyət bölgüsünün təmin edilməsinə və inzibati məsuliyyət məsələlərinin qanunla müəyyən edilmiş qaydada həll olunmasına yönəlmişdir.  Bununla qanunverici inzibati xəta ilə bağlı faktiki halların ilkin olaraq səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilməsini, lakin inzibati tənbehin tətbiqi ilə bağlı qərarın məhkəmə tərəfindən qəbul edilməsini təmin edən prosessual mexanizm müəyyən etmişdir.

Göründüyü kimi, qanunverici səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olub-olmaması məsələsini ilkin qiymətləndirdikdən sonra yalnız iki imkan verir:

1) hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərmək;

2) hüquqi şəxsin inzibati məsuliyyətinin əsasları olmadıqda, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək (İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi nəzərə alınaraq vəzifəli şəxslər barəsində).

Konstitusiyanın 71-ci maddəsinin X hissəsinə görə dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Hüququn aliliyi prinsipinə əsaslanan qanunçuluq prinsipi, digər məsələlərlə yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq, bu hüdudlar və müddətlər çərçivəsində hərəkət etmək vəzifəsini də nəzərdə tutur. Buna müvafiq olaraq, qanunla müəyyən edilmiş səlahiyyətverici əsas olmadan dövlət orqanı tərəfindən edilən hər hansı bir hərəkət qeyri-legitim sayılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 23 fevral tarixli Qərarı).

Səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, hüquqi şəxsin inzibati məsuliyyətinin əsasları vəzifəli şəxslərin əməlləri ilə bağlı olduğu üçün hüquqi şəxslə yanaşı vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibi müəyyən edildikdə, hər iki subyekt barədə inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilə bilər.

Oxşar prosedur İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsində də müəyyən edilib. Belə ki, Məcəllənin 127-3.2, 127-3.6 və 127-3.7-ci maddələrinə əsasən müvafiq inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində birbaşa inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndərilir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 11 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, qanunverici prokuror tərəfindən qəbul edilən inzibati xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərarda protokolda əks olunmalı olan eyni məlumatların göstərilməsini təsbit etməklə, bu sənədləri mahiyyət etibarı ilə eyni prosessual sənədlər olaraq tanımışdır. Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyindən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələri ilə bağlı yuxarıda qeyd olunanlar prokurora da şamil edilir. Yəni, eyni inzibati xəta hadisəsi ilə bağlı prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməməlidir.  

İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin əməllərində də inzibati xəta tərkibinin olmasına dair kifayət qədər əsaslar mövcud olduqda isə hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2023-cü il 12 yanvar tarixli Qərarında vurğulanmışdır ki, inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından məhkəmələr tərəfindən həll edilməlidir. Hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar.

Hüquqi şəxsin və vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı məsuliyyət məsələsi bir-biri ilə əlaqəli olsa da, həmin subyektlərin inzibati məsuliyyətə cəlb olunmasının hüquqi əsasları və prosessual qaydası fərqlidir (İnzibati Xətalar Məcəlləsinin 17 və 18-ci maddələri).

Vəzifəli şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə inzibati məsuliyyət daşıyır, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün təmsilçilik, qərar qəbul etmə və fəaliyyətə nəzarət səlahiyyətinə malik olan vəzifəli şəxsinin və ya bu vəzifəli şəxslərin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunur.

Hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı işin bütün halları, xüsusilə əməlin onun xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və qiymətləndirilməlidir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti də nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2023-cü il 12 yanvar tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, inzibati xətanın subyektləri fərqli, yəni  fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir.

Vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı hallar hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün də əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin subyektlər barəsində aparılan icraatların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır.

Oxşar münasibəti tənzimləyən Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaqın (fiziki şəxs barəsində cinayət işinə xitam verildiyi hallar istisna olmaqla) bir icraatda aparılmalı olduğu təsbit edilmişdir.

Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində nəzərdə tutulan yanaşma göstərir ki, hüquqi şəxslə onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən fiziki şəxs arasında mövcud olan hüquqi və faktiki əlaqə qanunverici tərəfindən nəzərə alınmış və buna görə həmin subyektlər barəsində aparılan icraatların ayrılıqda deyil, vahid icraat çərçivəsində həyata keçirilməsi üstün tutulmuşdur.

Bu yanaşma hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən şəxsin məsuliyyəti məsələsinin həllində faktiki halların eyni icraat çərçivəsində araşdırılmasının əhəmiyyətini göstərir. Bu baxımdan, analoji hüquqi münasibətlərin mövcud olduğu inzibati xətalar sahəsində də hüquqi şəxs və onun vəzifəli şəxsi arasında mövcud olan hüquqi və faktiki əlaqə nəzərə alınaraq, iş üzrə halların tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması üçün onların inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılması məqsədəmüvafiqdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiya Məhkəməsi Plenumunun  əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır;

- səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə, həmçinin eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri istisna edir;  

- İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər.

Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır.  

2. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri:

  - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini;

 - eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir.

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər.

Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                           Fərhad Abdullayev