Decisions

02.12.24 Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinin həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

                                             

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.1-ci maddəsinin həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

2 dekabr 2024-cü il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Fikrət Məmmədov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və  33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.1-ci maddəsinin həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) məhkəmə nəzarətinin həyata keçirilməsinə dair 442.1-ci maddəsinin həmin Məcəllənin 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, R.Sarıyev  polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması ilə bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğuna şikayət edərək bu  əməllərə yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Həmin prokurorluq tərəfindən R.Sarıyevin müraciəti Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”nın 238.4 və 346.14-cü bəndlərinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilmişdir.

Həmin Qaydaların 158.9–158.10-cu maddələrinə uyğun olaraq Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi apardığı araşdırma ilə əlaqədar izahatların alınması, məhkəmə-tibbi ekspertizanın keçirilməsi və araşdırmadan irəli gələn digər hərəkətləri icra edərək toplanmış materialların təqdim edilməsinə dair göstərişin verilməsini Bakı Şəhər Prokurorluğuna tapşırmışdır.

 Bakı şəhəri Nizami Rayon Prokurorluğu tapşırığa uyğun olaraq toplanılmış materialları Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinə göndərmiş və həmin idarə tərəfindən cinayət hadisəsi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

R.Sarıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət edərək qeyd edilən qərarın məhkəmə nəzarəti qaydasında ləğv edilməsini xahiş etmişdir.

Həmin məhkəmə cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq istintaq aidiyyətinin dəyişdirildiyi hallarda məhkəmə nəzarətinin ərazi aidiyyətinin müəyyən edilməsi, habelə Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsində göstərilən “ibtidai araşdırmanın aparıldığı yer” müddəasının həmin Məcəllənin 207-ci maddəsində göstərilən ayrı-ayrı istintaq hərəkətlərinin aparıldığı yeri, yaxud 207.5-ci maddəyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi yeri nəzərdə tutması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı olduğundan qeyd edilən məsələlərə aydınlıq gətirilməsi, qanunvericiliyin eyni qaydada tətbiq edilməsi və  hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

 Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini  zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I və IV hissələrində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilmiş, dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir. 

Konstitusiyanın 71-ci maddəsinin I və VII hissələrinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

Beynəlxalq müqavilələrdə də insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən müdafiə edilməsi ayrılmaz və toxunulmaz hüquq kimi müəyyən edilmişdir.

Belə ki, məhkəmə təminatı Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 8-ci maddəsində “hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir”, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”, “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində “hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq araşdırma hüququna malikdir” kimi müddəalarda təsbit edilmişdir.

Məhkəmə müdafiəsi hüququnun əlçatanlığının və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsinə xidmət edən məhkəmə aidiyyəti ilə bağlı  müddəalar Konstitusiyanın 62-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 62-ci maddəsi ilə bağlı qeyd etmişdir ki, göstərilən maddədəki “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 mart tarixli Qərar).

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsini və ya əsassız olaraq qanuni hakimin icraatından alınmasını qadağan edir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə aidiyyətininin vacibliyini qeyd edərək hesab etmişdir ki, bu institut şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.  

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşılmasını ciddi səhv kimi qiymətləndirir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının ləğv edilməsinə əsas kimi tanıyır (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel, Pşeniçnıy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar).

Cinayət mühakimə icraatının əsas prinsip və qaydalarını müəyyən edən  Cinayət-Prosessual Məcəllənin 29, 67.4 və 68.4-cü maddələrinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Eyniliklə, hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.

Beləliklə, məhkəmə aidiyyəti prinsipi (ərazi, predmet və ya şəxs üzrə) prosessual qənaət prinsipinə riayət edilməsinə, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, pozulmuş hüquqların bərpasına qısa müddətdə nail olunmasına xidmət edir, habelə məhkəmə müdafiəsi hüququnun əlçatanlığını və səmərəliliyini təmin edir.

Bu baxımdan məhkəmə aidiyyətini müəyyən edən normaların hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməsi mühüm əhəmiyyət kəsb edir.

Belə ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin ayrılmaz tərkib hissəsi olmaqla hüquqi münasibətlərə stabillik gətirir, həmin münasibətlərin iştirakçıları üçün aydın hüquqi əsaslar yaradır. Məhz həmin prinsip əsasında qurulan hüquq normaları, o cümlədən prosessual qaydalar hər-hansı hərəkətləri öncədən planlaşdırmağa və müəyyən etməyə imkan verir.

Oxşar mövqe Avropa Məhkəməsinin Sunday Times Birləşmiş Krallığa qarşı iş üzrə 1979-cu il 26 aprel tarixli Qərarında ifadə edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məhkəmə nəzarəti qaydasında icraatın ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarı).

Cinayət-Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun (bundan sonra – prokuror) hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir.

Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir (Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsi).

İbtidai araşdırmanın aparıldığı yer müddəasına Cinayət-Prosessual Məcəllənin 216.1-ci maddəsində aydınlıq gətirilərək göstərilmişdir ki, ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır.

Nəzərə alınmalıdır ki, bu norma eyni təhqiqat və ya istintaq orqanının tabeçiliyində olan və müxtəlif inzibati ərazi vahidlərində (rayon, şəhər və s.) fəaliyyət göstərən orqanlar arasında cinayət işlərinin bölüşdürülməsi məsələlərini tənzimləməklə ərazi aidiyyətini müəyyən edir. Aidiyyət məsələsi həll edilərkən, ibtidai araşdırmanın predmet aidiyyəti (hansı istintaq orqanına aid olduğu) dəqiqləşdirilməli, sonra isə həmin ibtidai araşdırmanın ərazi aidiyyəti (hansı inzibati ərazi vahidində aparılması) müəyyən edilməlidir.

Cinayətin törədildiyi yer dedikdə isə ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) obyektiv cəhətinin təzahür etdiyi yer başa düşülməlidir. Bu zaman cinayətin növündən asılı olaraq (uzanan, davam edən və s.) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə riayət edilməklə cinayətin törədildiyi yer müəyyən edilməlidir.

Qeyd edilməlidir ki, cinayət prosessual qanunvericiliyində ibtidai araşdırma yerinin dəqiq göstərilməsi və onun məhz cinayətin törədildiyi yerlə əlaqələndirilməsi cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması, prosessual qənaət və işlərə ağlabatan müddətdə baxılması prinsiplərindən irəli gəlir.  Bu qayda iş üzrə sübutların daha qısa müddətdə  toplanılması və yoxlanılmasının, işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinin təmin edilməsinə, bütövlükdə ibtidai araşdırma  prosesinin səmərəliliyinə xidmət edir.

O da nəzərə alınmalıdır ki, qanunverici Cinayət-Prosessual Məcəllənin 216.1-ci maddəsində ibtidai araşdırmanın aparılma yerini həmin Məcəllənin 215.2-ci maddəsində göstərilən hər hansı orqanın (prokurorluq və ya müvafiq icra hakimiyyəti orqanları) fəaliyyət yeri ilə şərtləndirməyərək  ibtidai araşdırmanın bilavasitə cinayətin törədildiyi yer üzrə aparılmasını müəyyən etmişdir.

Bununla da, Cinayət-Prosessual Məcəllənin 216.1-ci maddəsinin “ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır” müddəası ibtidai araşdırmanın ərazi üzrə aidiyyətini müəyyən etməklə həmin Məcəllənin 215.2-ci maddəsində sadalanan orqanlar tərəfindən ibtidai istintaq aparılarkən rəhbər tutulan məcburi göstəriş kimi nəzərdə tutulmuşdur.

İbtidai araşdırmanın aparıldığı yer Cinayət-Prosessual Məcəllənin 216.1-ci maddəsinə uyğun olaraq, cinayətin törədilmə yerinə görə müəyyən edildiyi üçün həmin Məcəllənin 215.7.1215.7.5-ci maddələrində göstərilən müstəsna hallarda Azərbaycan Respublikası Baş Prokurorunun əsaslandırılmış qərarı ilə cinayət işinin bir istintaq orqanından digər istintaq orqanına verilməsi ibtidai araşdırma yerinin dəyişməsi kimi qiymətləndirilə bilməz.

O da qeyd  olunmalıdır ki, həmin Məcəllənin 216.2-ci maddəsində cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorunun qərarı əsasında ibtidai araşdırmanın aparıldığı yerin aşağıdakı hallarda dəyişilməsi nəzərdə tutulmuşdur:

·cinayətin aşkar olunduğu yer üzrə;

·şübhəli və ya təqsirləndirilən şəxsin olduğu yer üzrə;

·şahidlərin əksəriyyətinin olduğu yer üzrə.

Ümumi qaydadan bu istisna Cinayət-Prosessual Məcəllənin 8.0.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.

Bu zaman Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsində nəzərdə tutulan ibtidai araşdırmanın aparıldığı yer müddəası cinayətin baş verdiyi yeri deyil, həmin Məcəllənin 216.2-ci maddəsindəki cinayətin aşkar olunduğu və ya şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yeri (inzibati ərazi vahidi), yəni ibtidai araşdırmanın təşkil olunduğu yeri (inzibati ərazi vahidini) ehtiva edir.

Əlavə olaraq qeyd edilməlidir ki, qanunverici məhkəmə nəzarətinin həyata keçirilməsinə dair ümumi müddəalar müəyyən edərkən məcburi aparılan istintaq hərəkətlərinin, prosessual məcburiyyət tədbirinin və ya ibtidai araşdırmanın aparıldığı yerlərin fərqli inzibati ərazi vahidləri üzrə aparılmasının mümkünlüyündən çıxış etmişdir.

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 dekabr tarixli Qanunu ilə həmin Məcəlləyə edilmiş dəyişikliklərin məqsədlərindən biri də məhkəmə nəzarətinin həyata keçirilməsi imkanlarının genişləndirilməsinə və xüsusi icraatın effektivliyinin yüksəldilməsinə yönəlmişdir.

Həmin Qanunla Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsinə dəyişiklik edilərək “və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi” sözləri “əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı” sözləri ilə əvəz edilmiş, bununla da qeyd olunan maddədə məhkəmə nəzarəti qaydasında vəsatət, təqdimat və şikayətlə prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya digər istintaq hərəkətlərinin məcburi aparıldığı yerlə yanaşı, alternativ olaraq ibtidai araşdırmanın aparıldığı yerin birinci instansiya məhkəməsinə də müraciət edilə biləcəyi müəyyən olunmuşdur.

Göstərilənlərə əsasən, Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsində nəzərdə tutulmuş ibtidai araşdırmanın aparıldığı yer müddəası cinayətin törədildiyi yeri ehtiva etməklə ayrı-ayrı istintaq hərəkətlərinin və ya əməliyyat axtarış tədbirinin həyata keçirildiyi yerlə eyniləşdirilməməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilən qərarın qanuniliyi üzərində məhkəmə nəzarətinin ərazi aidiyyətinə aydınlıq gətirilməsi üçün aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Cinayət-Prosessual Məcəllənin 38.1-ci maddəsində cinayətin izlərinin qorunmasının və götürülməsinin əhəmiyyəti baxımından hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat alındığı halda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müvafiq tədbirlər görülməsi müəyyən edilmişdir.

Qanunvericiliyin bu tələbinə əsasən, həmin Məcəllənin 207-ci maddəsində törədilmiş və ya hazırlanan cinayət haqqında daxil olmuş məlumatla bağlı (cinayət işinin dərhal başlanması, böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair şikayət üzrə təhqiqatçı tərəfindən cinayət işi başlamadan sadələşdirilmiş icraatın aparılması və s. istisna olmaqla) təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən zəruri hallarda müəyyən hərəkətlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Onların sırasına  ilkin yoxlama və Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlər aid edilmişdir.

Həmin məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək və xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək haqqında qərarlardan birini qəbul etməlidir (Cinayət-Prosessual Məcəllənin 207.5-ci madəsi).

Sadalanan maddələrdən göründüyü kimi, cinayət-prosessual qanunvericilik bəzi hallar istisna olmaqla cinayət işinin başlanmasını törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılmasının nəticəsi ilə şərtləndirmişdir.  Bu isə məntiqi olaraq məlumatların baxılması yerinin törədilmiş və ya hazırlanan cinayətin baş vermə yerini ehtiva etməsinə dəlalət edir.

 O da göstərilməlidir ki, Cinayət-Prosessual Məcəllənin 213.1 və 213.2-ci maddələrində törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatın digər istintaq orqanına göndərilməsi hallarından biri kimi barəsində məlumat verilən cinayətin araşdırılması onun səlahiyyətinə aid olmaması və cinayətin həmin orqanın fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildiyi müəyyən edilmişdir.

Qeyd edilən normaların əlaqəli təhlili əsasında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, göstərilən normalar yurisdiksiyası bütün ölkə ərazisinə şamil olunan ibtidai istintaq orqanlarına deyil, bir inzibati ərazi vahidini əhatə edən istintaq orqanlarına münasibətdə ərazi aidiyyəti məsələsini tənzimləyir.

Bu baxımdan məlumatlara yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşan ibtidai istintaq orqanının baxması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilən qərar üzərində məhkəmə nəzarətini cinayətin törədildiyi yer üzrə birinci instansiya məhkəməsi həyata keçirməlidir.

Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara yurisdiksiyası bütün ölkə ərazisinə şamil olunan ibtidai istintaq orqanı tərəfindən baxılması nəticəsində qəbul edilmiş qərardan verilmiş şikayətlərlə bağlı məhkəmə nəzarətinin ərazi aidiyyəti məsələsi isə qanunvericiliklə tənzimlənməmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən baxılması nəticəsində qəbul edilən qərar üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi qaydalarının qanunvericilik qaydasında müəyyənləşdirilməsinə zərurət vardır.

Qanunvericilikdə boşluq müvafiq normanın mövcud olmamasını nəzərdə tutmaqla, son nəticədə Əsas Qanunda təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün məhdudiyyət yarada bilər. Bu boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya məhkəmə icraatı vasitəsi ilə həll edilə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun E.Axundovun şikayətinə dair 2023-cü il 6 oktyabr tarixli Qərarında ifadə edilmişdir.

Bu baxımdan qanunverici Cinayət-Prosessual Məcəllədə müvafiq təkmilləşdirilməni həyata keçirənədək törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlara yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən baxılması nəticəsində qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar üzərində məhkəmə nəzarətinin həmin orqanın yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirməsi məqsədəmüvafiq hesab edilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu  aşağıdakı nəticələrə gəlir:

-  törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanının baxması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərar üzərində həyata keçirilən məhkəmə nəzarətinin ərazi aidiyyətinin Konstitusiyanın 62-ci maddəsinin tələbləri baxımından müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilən qərarın qanuniliyi üzərində məhkəmə nəzarəti həmin orqanın yerləşdiyi yer üzrə müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanının baxması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərar üzərində həyata keçirilən məhkəmə nəzarətinin ərazi aidiyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilən qərarın qanuniliyi üzərində məhkəmə nəzarəti həmin orqanın yerləşdiyi yer üzrə müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                            Fərhad Abdullayev