Decisions

08.06.07 Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MIÜMK-nın 22/12/05-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının

22 dekabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

8 iyun 2007-ci il                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Salmanova (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

ərizəçilər Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun, onların nümayəndələri Q.Süleymanovun,

cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun şikayəti ilə bağlı konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi Q.Süleymanovun, cavabverənin nümayəndəsi A.Kalbalıyevin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,

M Ü Ə Y Y Ə N  E T D İ:

Firudin Əsgərov Əsəd və İlqar Qəhrəmanovlara, Mansur Bayramova və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Mülkiyyətinin İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə (bundan sonra - İİN-in Departamenti) qarşı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi ev 23 ünvanında yerləşən 45 saylı «Təsərrüfat və idman malları» mağazasının alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin obyektə İİN-in Departamenti tərəfindən onun adına mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 mart 2005-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, F.Əsgərov ilə İ.Qəhrəmanov arasında mübahisəli obyektə dair əmlakın alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin sahə üzrə F.Əsgərova mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilməsi İİN-in Departamentinə tapşırılmış, iddiaçıdan 35.000 ABŞ dolları alınıb, İ.Qəhrəmanova ödənilməsi qət edilmişdir.

Əsəd və İlqar Qəhrəmanovlar (bundan sonra – ərizəçilər), həmçinin İİN-in Departamenti həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsi MİÜMK) 19 iyul 2005-ci il tarixli  qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmə MİÜMK) 22 dekabr 2005-ci il tarixli qərarı ilə ərizəçilərin kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Əlavə kassasiya şikayətinə cavab olaraq Ali Məhkəmə sədrinin 21 iyul 2006-cı il tarixli məktubu ilə şikayətin Ali Məhkəmənin Plenumunun müzakirəsinə göndərilməsi üçün əsasların müəyyən edilmədiyi bildirilmişdir.

Ərizəçilər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmə MİÜMK-nın qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra -Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə MİÜMK-nın qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) tətbiq edilməli olmayan bəzi normaları tətbiq edilmiş və həmin normalar düzgün şərh edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) və MM-in bir sıra normaları tətbiq edilməmiş və bununla da, ərizəçilərin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı, həmçinin İ. Qəhrəmanovun mülkiyyət hüququ pozulmuşdur.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, 1 aprel 2004-cü il tarixdə iddiaçı F.Əsgərovla Ə.Qəhrəmanov arasında mübahisəli əmlakın alğı-satqısına dair ikitərəfli iltizam-müqavilə imzalanmışdır. Həmin müqavilə vasitəçilik xidmətləri ilə məşğul olan «İstanbul-H» müəssisəsinin təsisçisi, iş üzrə 3-cü şəxs M.Bayramov və Ş.İbrahimovun iştirakı ilə tərtib edilmiş, tərəflərin, vasitəçilərin imzaları ilə və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Müqaviləyə əsasən əmlakın qiyməti 94.000 ABŞ dollarına razılaşdırılmış və ilkin olaraq 35.000 ABŞ dolları Əsəd Qəhrəmanov tərəfindən alınmışdır. Sonuncu sonradan daha 24.000 ABŞ dolları almış və müqaviləyə etdiyi ayrıca qeydlə bunu təsdiq etmişdir. Mübahisəli əmlak 2005-ci ildə İlqar Qəhrəmanovun adına özəlləşdirilmiş və səlahiyyətli dövlət orqanı tərəfindən ona 003185 saylı 03.02.2005-ci il tarixli şəhadətnamə verilmişdir.

Birinci instansiya məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, ikitərəfli iltizam müqaviləsini satıcı kimi Ə.Qəhrəmanov imza etsə də, verilən ilk 1.000 ABŞ dolları məbləğində pulu İ.Qəhrəmanov şəxsən almış, qalan pullar isə Əsəd Qəhrəmanova verilmişdir. Məhkəmə MM-in 335.2-ci maddəsini rəhbər tutaraq mübahisəli obyektin alğı-satqısına dair müqaviləni bağlanmış hesab etmişdir. Bu qənaət sonradan işə baxmış yuxarı instansiya məhkəmələri tərəfindən düzgün hesab edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəməsinin qətnaməsi ilə, sonuncu məhkəmə aktı isə Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu mübahisənin düzgün həlli məqsədilə mülki qanunvericiliyin bəzi müddəalarının təhlilini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüququnun hakimiyyətin bütün qolları tərəfindən səmərəli müdafiəsi vətəndaş cəmiyyətinin təməl prinsiplərindən birini təşkil edir. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elementləri ehtiva edir. Mülkiyyət hüququnun bütün qanunsuz qəsdlərdən qorunması demokratik dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Dövlət bu hüququn həyata keçirilməsini müxtəlif üsullarla, o cümlədən mülkiyyətin hüquqi rejimini, mülkiyyət hüququnun yaranmasının, bu hüquqdan istifadənin və ona xitam verilməsinin əsaslarını, cəmiyyətin maraqları naminə məhdudlaşdırılması hədlərini müəyyənləşdirən xüsusi qanunvericilik vasitəsilə tənzimləyir.

Azərbaycan Respublikasının mülki qanunvericiliyi Konstitusiyaya əsaslanır və MM-dən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir. MM-in məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir (MM-in 1-ci maddəsi).

MM-in əşya hüquqlarından bəhs edən beşinci fəslinin 146-cı maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

Mülkiyyət hüququnun əldə edilməsi əsaslarının ən geniş yayılmış forması buna səlahiyyətli tərəflər arasında həmin əmlakın müqəddəratını təyin edən və qanunvericiliyə uyğun olaraq bağlanılan və təsdiq edilən əqdlərdir. Qanunverici eyni zamanda daşınmaz əmlakın xüsusiyyətlərini və mülki dövriyyədəki yerini nəzərə alaraq onlara dair əqdlər üçün xüsusi və daha sərt qaydalar müəyyənləşdirmişdir.

Məhkəmə aktlarında istinad edilən MM-in həmin dövrdə qüvvədə olmuş 335.2-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qeyd olunan maddəyə əsasən bağlanmış hesab edilməsi yalnız qanunvericilikdə  belə  müqavilələrin bağlanması və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilməsi üçün müəyyənləşdirilmiş qaydaları və tələbləri ciddi nəzərə almaqla həyata keçirilə bilər. Əks halda bu, sözügedən əqdlərin qanunun tələblərindən yan keçməklə rəsmiləşdirilməsinə və nəticədə mülki dövriyyə iştirakçılarının hüquq və qanuni mənafelərinin pozulması riskinin artmasına gətirib çıxara bilər.

MM-in tərəflər arasında hüquq münasibətləri yaranarkən qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, əqdin etibarlı olması üçün bu Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (maddə 329.1); əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və bu cür əqd əhəmiyyətsiz sayılır (maddə 335.1); bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1); bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394); daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır, daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir (maddə 647.1 və 647.2).

Göründüyü kimi, qanunvericilik daşınmaz əmlakın alğı-satqısına dair əqdlərin bağlanması üçün ilk növbədə, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi kimi birmənalı göstərişlər nəzərdə tutmuşdur. Bu göstərişlər mülki qanunvericiliyin əsas vəzifələrindən olan mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə xidmət edir.

Mülki işin məhkəmələr tərəfindən müəyyənləşdirilmiş hallarından göründüyü kimi iş üzrə iddiaçı F.Əsgərovla ərizəçilərdən Ə.Qəhrəmanov arasında sonradan məhkəmələr tərəfindən alğı-satqı müqaviləsi kimi qəbul edilmiş iltizam-müqavilə imzalanarkən nə satıcı tərəf kimi onu imzalamış Ə.Qəhrəmanovun, nə də digər ərizəçi İ.Qəhrəmanovun buna səlahiyyəti olmamış, mübahisəli əmlak dövlət mülkiyyətində olmuşdur.

Qanunvericiliyin tələblərinə görə müqavilə bağlanan anda dövlət əmlakı olmuş mübahisəli obyekt fiziki şəxslər arasında alğı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Dövlətin öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verməsi hüquqla qadağan edilmir. Lakin bu, təşkilati, iqtisadi və hüquqi əsasları qanunvericiliklə müəyyən edilmiş dövlət əmlakının özəlləşdirilməsi üsulu ilə həyata keçirilməlidir. İ.Qəhrəmanovun mübahisəli əmlaka mülkiyyət hüququ, o cümlədən həmin əmlaka sərəncam vermək hüququ yalnız 2005-ci ildə səlahiyyətli orqan tərəfindən ona verilmiş 003185 saylı 03.02.2005-ci il tarixli şəhadətnamə əsasında yaranmışdır. Əşyaya daha sonradan yaranmış mülkiyyət hüququ isə öz-özlüyündə daha əvvəllər qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmış əqdlərin qanuniliyinə əsas vermir.

Qeyd etmək lazımdır ki, iş üzrə digər cavabdeh olan İİN-in Departamenti apellyasiya şikayətində məhz yuxarıda göstərilən əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsi mübahisəni MM-in 146, 178.1, 329.1, 335.1, 337.1, 394, 647.1 və 647.2-ci maddələrinin hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş redaksiyasının tələbləri baxımından həll etmək əvəzinə, tətbiq edilməli olan bu normaları tətbiq etməmişdir. Bu isə yanlış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu mülki işin baxılması zamanı yol verilmiş prosessual pozuntunu da xüsusi qeyd etməyi zəruri hesab edir.

Belə ki, ərizəçilərin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsas dəlili işə onların iştirakı təmin edilmədən baxılması ilə bağlı olmuşdur.

Mülki işin materiallarından göründüyü kimi, Binəqədi rayon məhkəməsinin qətnaməsi 11 mart 2005-ci il tarixdə çıxarılmışdır. Həmin qətnamədə cavabdeh Ə.Qəhrəmanovun məhkəmə iclasında iştirak etdiyi, irəli sürülmüş iddianı qəbul etmədiyi əks olunsa da, həmçinin qeyd olunur ki, «cavabdeh İ.N.Qəhrəmanova məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər».

İşin 23-24-cü səhifələrində olan çağırış vərəqələrinin kötüyündən görünür ki, cavabdehlər sonuncu dəfə məhkəmə iclasına 30 may 2005-ci il tarixinə dəvət olunmuşlar. Həmçinin məhkəmə baxışı iclasının protokolunun keçirilmə tarixi «30 may 2003-cü il» kimi göstərilmişdir. İşin 32-33-cü vərəqlərində olan və qətnamənin tərəflərə göndərilməsinə dair məhkəmə sədri tərəfindən imzlanmış 30 may 2005-ci il tarixli məktublarda da cavabdehlərə «30 may 2005-ci il tarixli qətnamə»nin göndərildiyi əksini tapmışdır. İşə əlavə edilmiş (səh.33) 11 mart 2005-ci il tarixli qətnamənin alınmasına dair cavabdehlərdən biri Ə.Qəhrəmanov tərəfindən imzalanmış vərəqə isə «08.04.05» tarixi qoyulmuşdur. Cavabdehlərin məhkəmə iclasında iştirak etməmələri F.Əsgərov tərəfindən apellyasiya şikayətlərinə verilmiş etirazda da təsdiqlənmişdir. Həmin etirazda qeyd edilmişdir ki, «…buna görə də məhkəmə qanunvericiliyin tələblərinə əsasən haqlı olaraq işə cavabdehlərin iştirakı olmadan baxmışdır».

Bütün bu ziddiyyətli məqamlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi 19 iyul 2005-ci il tarixli qətnaməsində apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlmişdir.

MPM-in 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin məcburi qaydada ləğv edilməsinə əsas olan halların dəqiq siyahısı təsbit olunmuşdur. Belə hallardan biri də işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmasıdır.

Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6 və 372.7-ci maddələrinin tələblərinə əməl etməyərək maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsini, öz növbəsində Ali Məhkəmənin MİÜMK isə MPM-in 416, 418.1-418.3-cü maddələrinin tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, ərizəçilərin Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə ehtiva edilən ədalətli məhkəmə baxışı hüquqlarını pozmuşlar.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 22 dekabr 2005-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməli, işə MPM-də nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1. Firudin Əsgərovun Əsəd və İlqar Qəhrəmanovlara qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.

İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi», qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədrlik edən                                                                  Sona Salmanova