Decisions

01.10.24. AR Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” AR Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair

 

 

1 oktyabr 2024-cü il                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya  kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun) 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə məhkəmə təcrübəsi öyrənilib ümumiləşdirilərkən hüquq tətbiqetmə təcrübəsində bəzi ziddiyyətlərin olduğu müəyyən edilmişdir.

Belə ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində könüllü surətdə təhvil vermə və ya cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə hərəkətləri yalnız narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarına münasibətdə tətbiq edildikdə şəxsin cinayət məsuliyyətindən azad edilməsinin şərti kimi öz əksini tapmış, tərkibində narkotik maddələr olan bitkilər ilə bağlı müvafiq hərəkətlərin edilməsinin isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə nəticələnməsi barədə müddəa nəzərdə tutulmamışdır.

Sorğuda qeyd edilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli   miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”) narkotik vasitələr, psixotrop maddələr və tərkibində narkotik maddələr olan bitkilər ayrı-ayrı siyahılarda formulə edilməklə bir-birindən fərqləndirilsə də, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda tərkibində narkotik maddələr olan bitkilər narkotik vasitələrə aid edilmişdir. Bu hal isə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına münasibətdə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin tətbiq edilməsinin mümkünlüyü məsələsində qeyri-müəyyənlik yaradır.

Həmçinin, hüquq tətbiqedənlər arasında Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilən cinayət məsuliyyətindən azad etməyə əsas verən halların yalnız Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayətə deyil, ümumiyyətlə həmin Məcəllənin 234–240-cı maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə tətbiq edilməsinin mümkünlüyü barədə fikir ayrılığı mövcuddur. Buna səbəb isə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilmiş “qanunsuz dövriyyə” ifadəsinin həmin Məcəllənin 26-cı fəslinin adı, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə müəyyən olunmuş qanunsuz dövriyyə anlayışı ilə müqayisə edilməsidir.

Sorğuverənin qənaətinə görə, hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə sorğuda göstərilmiş qanunvericilik normalarının əlaqəli şəkildə şərh olunmasına zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinin tələbləri baxımından Azərbaycan Respublikasının Milli Məclisi qanunların qəbul edilməsi yolu ilə cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ilə bağlı ümumi qaydalar müəyyənləşdirir.

O, müəyyən ictimai təhlükəli hərəkətlərə görə cavab tədbiri kimi hansı dövlət-məcburiyyət tədbirlərindən istifadə edilməsi ilə yanaşı, hansı hallarda onların tətbiqindən imtinanın mümkünlüyünü də müəyyən edə bilər. Bununla əlaqədar olaraq, qanunverici cinayət və cinayət-prosessual qanunvericiliklərində müəyyən kateqoriyadan olan şəxslər barəsində cinayət təqibindən imtina edilməsinə və onların cinayət işlərinə xitam verilməsinə imkan verən əsasları müəyyən etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı).

Cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 11-ci fəsli (72-75-ci maddələri) ilə yanaşı, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələri ilə də müəyyənləşdirilmişdir ki, belə qeydlərdən biri də Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuşdur.

Cinayət məsuliyyətindən azad etmə ilə bağlı münasibətləri tənzimləyən bəzi normaların Cinayət Məcəlləsinin Ümumi hissəsində deyil, məhz Xüsusi hissəsindəki maddələrin qeydlərində təsbit edilməsi ondan irəli gəlir ki, həmin məsuliyyətdən azad etmənin əsasları, şərtləri, müəyyən olunma məqsədi bir-birindən tamamilə fərqlənir. Onlar  hər hansı kateqoriyadan olan cinayət əməllərinə ümumilikdə şamil oluna bilmir və hər bir cinayət əməlinin xarakterinə uyğun olaraq həmin cinayət əməlini nəzərdə tutan normanın “Qeyd” hissəsində onun tərkib hissəsi kimi təsbit olunur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 7 iyul tarixli Qərarı).

Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.

İlk növbədə göstərilməlidir ki, normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 35.1-ci maddəsinə əsasən, normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.

Qeyd edilən normadan göründüyü kimi, hər hansı normativ hüquqi aktın, o cümlədən Cinayət Məcəlləsinin “Qeyd” hissələrində həmin qeydin digər bölməyə, fəslə, maddələrə və s. şamil olunması ilə bağlı birbaşa göstəriş nəzərdə tutulmadıqda, onlar, bir qayda olaraq məhz təsbit olunduğu struktur elementin (bölmə, fəsil, maddə və s.) ayrılmaz tərkib hissəsini təşkil etməklə həmin struktur elementinə aid olur.

Hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olan Cinayət Məcəlləsinin 26-cı fəslinin adı ilə bağlı qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində cinayət əməllərini müəyyən edən maddələrin bölmələr və fəsillər şəklində qruplaşdırılmasında və müvafiq əməllərin onların tərkibinə daxil edilməsində ən mühüm meyar həmin əməllərin cinsi obyektlərinin (mahiyyətcə eyni cinsli olan və ya məzmunca oxşar ictimai münasibətlər) və növ obyektlərinin (cinsi obyekt daxilində bir-biri ilə daha sıx əlaqəli və dar ictimai münasibətlər qrupu) eyniliyi və ya oxşarlığı ilə əlaqədardır. Bölmə və fəsillərin adı məhz cinayətlərin qəsd etdiyi ictimai münasibətlərin ümumiliyi ilə əlaqədar olduğundan, konkret əməlin Cinayət Məcəlləsinin eyni fəsli daxilində hansı maddə ilə tövsif edilməsində, cinayət məsuliyyətindən azad etmənin mümkünlüyü məsələsində həmin fəslin adı əsas meyar kimi çıxış etmir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 30.5-ci maddəsinə əsasən, normativ hüquqi aktın fəsli maddələri özündə birləşdirən struktur elementi olmaqla, mahiyyətini əks etdirən ada malik olmalıdır.

Cinayət Məcəlləsinin 26-cı fəsli “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər” adlandırılsa da, bu fəslə predmetini belə maddə və vasitələrin təşkil etmədiyi cinayətlər də daxil edilmişdir. Bunun da səbəbi məhz həmin fəsildə əksini tapmış cinayət əməllərinin eyni növlü ictimai münasibətlərə qəsd etməsi, yəni bu əməllərin növ obyektinin eyniliyi ilə əlaqədardır. Məsələn, həmin fəsildə nəzərdə tutulan cinayət əməllərindən biri də güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsidir (Cinayət Məcəlləsinin 240-cı maddəsi).

O da göstərilməlidir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə yanaşı, 240-cı maddəsində də “Qeyd” hissə nəzərdə tutularaq orada göstərilən hərəkətləri həyata keçirmiş şəxsin cinayət məsuliyyətindən azad olunması müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin eyni bir fəslinə aid iki fərqli maddədə cinayət məsuliyyətindən azad etmənin şərtlərini müəyyənləşdirən qeydlərin nəzərdə tutulması, o cümlədən hər iki qeyddə cinayət məsuliyyətindən azad etmənin şərtlərinin oxşar şəkildə müəyyənləşdirilməsi onu göstərir ki, qanunverici Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndini həmin Məcəllənin 26-cı fəslinə aid olan bütün cinayətlərə deyil, məhz 234-cü maddədə təsbit olunmuş cinayət əməllərinə münasibətdə tətbiq edilməli olduğunu nəzərdə tutmuşdur.  Əks yanaşma Cinayət Məcəlləsinin 240-cı maddəsinin “Qeyd” hissəsinə 2020-ci il 1 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə cinayət məsuliyyətindən azad etmə şərtlərini nəzərdə tutan əlavənin edilməsinin məqsəd və mahiyyətini əhəmiyyətsiz edərdi.

Konstitusiya Məhkəməsinin Plenumu onu da bildirir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində onun Cinayət Məcəlləsinin digər maddələrinə və ya fəslinə şamil edilməsi ilə bağlı birbaşa göstəriş olmadığı halda, ikinci bəndinin “bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir” məzmununda ifadə edilməsi qanunvericinin iradəsinin “Qeyd”in birinci bəndinin məhz həmin maddə üzrə cinayət məsuliyyətindən azad etməyə imkan verən hal kimi müəyyən edilməsi olduğunu göstərir.

Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin “Qeyd” hissəsinin birinci bəndinin hüquqi mahiyyəti və təyinatının təhlili də belə nəticəyə gəlməyə əsas verir ki, “Qeyd” hissənin birinci bəndinin Cinayət Məcəlləsinin 26-cı fəslinin digər normaları (235–240-cı maddələri ilə) heç bir funksional əlaqəsi yoxdur.

Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Cinayət Məcəlləsində onun vəzifələrinin bu şəkildə müəyyən və bəyan edilməsi bütünlükdə cinayət qanunvericiliyi normalarının, o cümlədən cinayət məsuliyyətindən azad edən normaların Cinayət Məcəlləsinin prinsiplərini əsas götürməklə, məhz bu vəzifələrin həyata keçirilməsinə xidmət edəcək formada təfsir və tətbiq olunmasını tələb edir.

Cinayət Məcəlləsinin “qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” adlı 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilmiş hərəkətlərin cinayət məsuliyyətindən azad etmənin şərtləri kimi nəzərdə tutulmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının yerinin aşkar edilməsinin, tapılaraq qanunsuz dövriyyədən çıxarılmasının, onlardan istifadə olunmaqla törədilən cinayətlərin açılmasının və ya qarşısının alınmasının, cinayətkarların müəyyən edilməsinin asanlaşdırılması və təmin edilməsi üçün belə cinayətləri törədən şəxsləri istintaq orqanları ilə əməkdaşlığa stimullaşdırmaqdır.

Həmin hərəkətlərin icra edildiyi halda şəxsin cinayət məsuliyyətindən azad edilməsinin səbəbi, bu hərəkətlərin icrası nəticəsində cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin və ya onun törətdiyi əməlin öz ictimai təhlükəliliyini itirməsi ilə deyil, şəxsin törətmiş olduğu əmələ tənqidi münasibətinin yaranması, cinayət təqibi orqanlarının aşkar etmə ehtimalı çox az və ya belə ehtimalın olmadığı halda narkotik vasitələrin aşkarlanıb qanunsuz dövriyyədən çıxarılmasına, bu vasitələrdən istifadə olunmaqla törədiləcək cinayətlərin qarşısının alınmasına mühüm töhfə verməsi ilə bağlıdır. Bu halda ictimai təhlükəsizliyə ciddi təhdid hesab edilən maddə və vasitələr dövriyyədən çıxarılmaqla onlardan istifadə nəticəsində yaranacaq mənfi halların qarşısı alınır ki, bununla da  ictimai qayda və təhlükəsizliyin təmin edilməsinə, əhalinin həyat və sağlamlığının qorunmasına nail olunur.

Beləliklə, qanunverici narkotik vasitələr və psixotrop maddələrlə bağlı konkret cinayətlərin yayılma intensivliyi, onların aşkar edilməsinin mürəkkəbliyi və latentlik səviyyəsi, bu və ya digər hərəkətin müvafiq cinayətlərin açılması və qarşısının alınmasında, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında əhəmiyyətli rolunun olması və digər amilləri nəzərə almaqla cinayət məsuliyyətindən azad etməyə əsas olan həmin şərtləri Cinayət Məcəlləsinin 26-cı fəslinə daxil olan yalnız iki,  234 və 240-cı maddələri ilə bağlı nəzərdə tutmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilmiş “qanunsuz dövriyyə” ifadəsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda “qanunsuz dövriyyə”yə verilmiş anlayışla eyniləşdirilməsi ilə bağlı mövqelərlə əlaqədar vurğulayır ki, qanunçuluq prinsipinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquq tətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması, belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir.

Nəzərə alınmalıdır ki, qanunçuluq prinsipinin tələblərinə uyğun olaraq hansı əməllərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlləri hesab edilərək kriminallaşdırılması, həmin əməllərin cinayət qanunvericiliyində bu və ya digər bölməyə, fəslə və s. aid edilməsi də digər qanunvericilik aktları ilə deyil, yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətlərin tənzimlənməsi və bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsidir. Qeyd olunan Qanunda istifadə olunan anlayışlar məhz həmin Qanunun tənzimləmə predmetinə uyğun olaraq və onun məqsədləri üçün müəyyən edilmişdir. Bu Qanunla müəyyən edilmiş bir sıra anlayışlar Cinayət Məcəlləsinin 26-cı fəsli baxımından blanket xarakter daşımaqla mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq,  həmin Qanun əməlin hansı hallarda narkotik vasitələr və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməli hesab edildiyini, cinayət qanunvericiliyinin strukturundakı yerini müəyyən edən normativ hüquqi akt kimi başa düşülə bilməz.

Sözügedən Qanunun 1.0.4-cü maddəsi ilə dövriyyə anlayışı kifayət qədər geniş şəkildə müəyyənləşdirilərək ona narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxal və ixracı da aid edilmiş, qanunsuz dövriyyə isə onlara münasibətdə “qanunvericiliklə müəyyən edilmiş qaydaları pozan hər hansı hərəkət” kimi müəyyən edilmişdir.

Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilən “qanunsuz dövriyyə” ifadəsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.5-ci maddəsində verilmiş anlayışla tamamilə eyniləşdirilməsi cinayət məsuliyyətinin mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin tələblərinə uyğun gəlməməklə bərabər, şəxsin nəinki Cinayət Məcəlləsinin 26-cı fəslinə daxil olan cinayətlərə görə, hətta bu fəslə daxil edilməyən başqa, məsələn, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığı ilə bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsində müəyyənləşdirilən cinayət əməlinə görə də məsuliyyətdən azad edilməsinə əsas verərdi.

Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad edən normanın bu şəkildə genişləndirici təfsir edilməsi həmin hüquq normasının məqsəd və təyinatına zidd olmaqla Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən vəzifələrinə uyğun gəlmir, habelə şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranması, fərdi hüquqların müdafiəsi ilə ictimai təhlükəsizliyin təmin edilməsi arasında ədalətli balansın pozulması ilə nəticələnə bilər.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndində cinayət məsuliyyətindən azad etmənin şərti kimi nəzərdə tutulmuş hərəkətlərin həmin Məcəllənin 26-cı fəslinə daxil olan digər cinayətləri törətmiş şəxslər tərəfindən də icra edilməsi mümkündür. Bu baxımdan, humanizm, ədalətlilik, cinayət məsuliyyətinin mütənasibliyi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin vəzifələrini nəzərə almaqla, gələcəkdə Cinayət Məcəlləsinin 26-cı fəslinə daxil olan müvafiq maddələrdə cinayət məsuliyyətindən azad etmə əsaslarını tənzimləyən qeyd hissələrinin əlavə edilməsi qanunvericinin diskresion səlahiyyətinə aiddir.

Tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 237-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234-cü maddəsinin “Qeyd” hissəsinin tətbiqinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Birləşmiş Millətlər Təşkilatının 1972-ci il tarixli protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasına (bundan sonra – “Narkotik vasitələr haqqında” Vahid Konvensiya) və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasına  qoşulmuşdur.

Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə ərazisi hüdudlarında öz mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair I Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə zəruri hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a” yarımbəndi).

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyanın 3-cü maddəsinin 6-cı bəndinə müvafiq olaraq, Tərəflər bu maddədə nəzərdə tutulmuş istənilən hüquqpozmalar barəsində hüquq mühafizə tədbirlərinin maksimal effektivliyinə nail olmaq məqsədilə və belə hüquqpozmaların törədilməsinə mane olmağın zəruriliyini nəzərə almaqla, həmin hüquqpozmalara görə şəxslərin cinayət təqibinə aid istənilən diskresion hüquq səlahiyyətlərinin öz milli qanunvericiliklərinə müvafiq olaraq istifadəsini təmin etməyə çalışırlar.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələr – BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitələr, psixotrop maddələr və tərkibində narkotik maddələr olan bitkilərin ayrı siyahılarda göstərilməsi isə həmin bitkilərin bioloji tərkibi baxımından digər narkotik vasitələrdən fərqləndirilməsi, narkotik vasitələrlə törədilən cinayətlərə görə məsuliyyətin differensiasiyalaşdırılmasına əsas olan miqdarların müəyyən edilməsi və s. zərurətlərdən irəli gəlir.

Beləliklə, tərkibində narkotik maddələr olan bitkilər də qanunvericiliklə narkotik vasitələr anlayışının tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayət əməli kimi müəyyən edilməklə məsuliyyət nəzərdə tutulmuşdur. Kultivasiya etmə əməli əkmə və ya yetişdirməni özündə ehtiva etməklə formal tərkibli cinayətdir və bu halda, həmin proses nəticəsində belə bitkilərin əldə olunub-olunmamasının cinayət əməlinin başa çatmış hesab olunması üçün heç bir əhəmiyyəti yoxdur.

Qanunvericilikdə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 237-ci maddəsinə münasibətdə şamil edilməsi ilə bağlı müddəanın olmaması tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasının bu vasitələrlə törədilən cinayətlərin ilkin mərhələsi olması, kultivasiyanın hələ narkotik vasitənin hazırlanıb dövriyyəyə buraxılmasını ehtiva etməməsi və ona görə də Məcəllənin 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilən hərəkətlərin bu halda normanın hüquqi məqsədi və təyinatı baxımından əhəmiyyətsizliyi ilə izah oluna bilər. 

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 6 iyul tarixli Qərarında da göstərmişdir ki, şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki Qərarlarında ifadə edilmiş hüquqi mövqelərdən də göründüyü kimi, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı törədilmiş əməllər yalnız Cinayət Məcəlləsinin 237-ci maddəsində deyil, həmçinin 234-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərini də əmələ gətirə bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhhəməsinin Plenumu hesab edir ki, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı törədilən əməllər (məsələn, daşıma, saxlama və s.) Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkiblərindən hər hansı birini əmələ gətirdiyi halda, belə bitkiləri könüllü surətdə təhvil verən və ya qanunvericiliklə müəyyən edilmiş digər şərtləri yerinə yetirən şəxs məhz həmin əmələ münasibətdə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və digər maddələrlə qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətindən azad etmənin əsasını təşkil edir;

- şəxsin əməli Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini də yaratdığı halda o, sonuncu cinayət əməlinə münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci bəndi ilə müəyyənləşdirilmiş əsaslarla cinayət məsuliyyətindən azad edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və digər maddələrlə qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətindən azad etmənin əsasını təşkil edir.

2. Şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini də yaratdığı halda o, sonuncu cinayət əməlinə münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci bəndi ilə müəyyənləşdirilmiş əsaslarla cinayət məsuliyyətindən azad edilir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                        Fərhad Abdullayev