AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 35 və
73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci
maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin
102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
15 aprel 2024-cü
il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran
Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü
maddələri baxımından Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə
hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli
Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin
(bundan sonra – Vergi Məcəlləsi) 102.1.4-cü maddəsinin və Azərbaycan
Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 175-ci maddəsinin
4-cü hissəsinin Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə münasibətdə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür ki, “Taghiyev Operating Company” Məhdud
Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Taghiyev
Operating Company” MMC) işçi qüvvəsinin
optimallaşdırılması və neft-qaz əməliyyatlarının iqtisadi səmərəliliyinin artırılması
məqsədi ilə “İşdən könüllü surətdə azad olunma proqramı 2023” adlı proqram
qəbul etmişdir. Proqrama əsasən hər hansı işçi öz arzusu ilə əmək müqaviləsinin
ləğv edilməsi (işdən çıxma) barədə ərizə ilə müraciət etdiyi təqdirdə, son
haqq-hesablarına əlavə olaraq, aldığı əmək haqqının on iki misli miqdarında
birdəfəlik kompensasiya almaq hüququ qazanır.
M.Həsənov həmin proqrama qoşulmuş və “Taghiyev
Operating Company” MMC-nin 6 fevral 2023-cü il tarixli əmrinə müvafiq olaraq onunla
bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin
68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən
xitam verilmişdir. Eyni zamanda ona 13 083,0 manat məbləğində 12 aylıq əmək
haqqı miqdarında vəsait ödənilmiş və həmin vəsaitdən Vergi Məcəlləsinin tələblərinə
uyğun olaraq 3 051,32 manat gəlir vergisi tutulmuşdur.
M.Həsənov
Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə və Vergi Məcəlləsinin
102.1.4-cü maddəsinə istinadən ona ödənilən vəsaitdən gəlir vergisinin
tutulmasını qanunsuz hesab edərək, “Taghiyev Operating Company” MMC-yə qarşı “müavinətin tam ödənilməsi” tələbi ilə məhkəməyə
müraciət etmişdir.
İşə baxan Bakı şəhəri
Nəsimi Rayon Məhkəməsi əmək müqaviləsinin
işçinin təşəbbüsü ilə ləğv edildiyi halda, işəgötürənin öz imkanları hesabına
işçiyə kompensasiya kimi ödədiyi vəsaitin Əmək Məcəlləsinin 175-ci maddəsinin
4-cü hissəsində nəzərdə tutulmuş işdənçıxma müavinəti və qanunvericiliyə
müvafiq olaraq vergi tutulmayan digər ödənclər kateqoriyasına aid olub-olmamasının
aydınlaşdırılması məqsədi ilə həmin maddənin Vergi Məcəlləsinin 2.4-1 və 102.1.4-cü
maddələrinə münasibətdə şərh edilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Əmək
insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə
biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi
dərk etməsi üçün önəmlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin I
və II hissələrinə müvafiq olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər
kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Əmək hüququ hər kəsin
bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini
reallaşdıraraq əmək münasibətlərinə daxil olmaq imkanıdır. Bu hüququn həyata
keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də
heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır.
Əmək
Məcəlləsinin əmək müqaviləsinin anlayışını müəyyən edən 3-cü maddəsinə əsasən,
əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan
əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks
etdirən yazılı müqavilədir.
Əmək
müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş
yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin
ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma,
əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin
ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin
bununla bağlı vəzifələri müəyyən edilir.
Qeyd
edilməlidir ki, əməyin azadlığı, eləcə də əmək müqaviləsi azadlığı təkcə əmək
münasibətlərinə daxil olmada iradə azadlığını deyil, həm də tərəflərin qarşılıqlı
razılığı, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tərəflərdən
birinin təşəbbüsü ilə ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.
Əmək
müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin
2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü,
əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi,
müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin
əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir.
Məlum
olduğu kimi, sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini
dövlətin hüquqi vəzifəsi kimi tanıyır. Bu prinsip ədalətli, iqtisadi və sosial
qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan
edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial
siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin
edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi
iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına
görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş
cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən
sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə
götürmüşdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin
144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr
və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin
VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun
yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarları).
Dövlətin
sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində
hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin
olunmasında ifadə olunur.
Nəzərə
alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin
təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun
subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində
işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri
(məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən
müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq
edilməsi və s.) mövcuddur.
Odur ki,
faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə
daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması
məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq
normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək
qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ,
əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma
prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin
Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin
edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr
yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).
Əmək
münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən
azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin
iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam
verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi
çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq
məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək
Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv
edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on
birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar
təsbit olunmuşdur.
Belə təminatlardan biri də əmək müqaviləsinin
ləğv edilməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə müavinətlərin, eləcə də
işdənçıxarma müavinətlərinin ödənilməsidir. İşdənçıxarma müavinətinin hansı
hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü
hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bu Məcəllənin
70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya
ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən
həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun
olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma
müavinəti ödənilir.
Həmçinin Əmək Məcəlləsinin 77-ci
maddəsində əmək müqaviləsinə başqa əsaslarla
(Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və
"ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin
ödənilməsi nəzərdə tutulmuşdur.
Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinin
müstəqil əsası kimi müəyyən edilmiş müəssisənin
ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işçinin
iradəsindən və təqsirindən asılı olmadığına görə, həmin əsasla əmək müqaviləsinə
xitam verilərkən işçiyə bir sıra təminatlar verilməklə yanaşı, ona işdənçıxarma
müavinətinin ödənilməsi də işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, bu
da işçinin işini
itirməsi və daimi
gəlirdən məhrum olması ilə əlaqədar yaranan mənfi
nəticələri yüngülləşdirmək, habelə
yeni iş axtardığı müddət ərzində ona maddi dəstək vermək məqsədi daşıyır.
Nəzərə
alınmalıdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsi
ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən
tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə
bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə
xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş
qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü
xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci
maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə
bilməz.
O
da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən
işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər
ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Müraciətdə qaldırılan məsələ də məhz
işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən
işəgötürən tərəfindən könüllü olaraq ödənilmiş kompensasiyanın Vergi
Məcəlləsinin 102.1.4-cü maddəsi üzrə gəlir vergisindən azad edilmiş ödənişlər kateqoriyasına
aid olub-olmaması ilə bağlıdır.
Bununla əlaqədar, ilk növbədə,
göstərilməlidir ki, Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla
müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında
ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan
və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri
ödəməyə məcbur edilə bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci
maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli
Qərarında qeyd olunmuşdur ki, vergiləri qanunvericiliklə müəyyən edilmiş
müvafiq vaxtda və miqdarda ödəmək hər bir şəxsin konstitusiya vəzifələrindən
biri olmaqla, dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil
olunur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin
ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi
ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni
mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək
sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
İşçinin əmək haqqından, ona ödənilən müavinətlərdən və digər
vəsaitdən aparılan tutulmalardan biri də qanunvericiliklə müəyyən edilmiş
müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələrdir.
Vergi sistemi, vergilərin müəyyən edilməsi, ödənilməsi və
yığılması qaydaları Vergi Məcəlləsi ilə müəyyən olunmuşdur. Vergi Məcəlləsinin
2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə
bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən
başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (Vergi
Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi
aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula
bilməz.
Əmək
münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi
Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən
müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri,
dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin,
habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların
ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə,
habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat
edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan
Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında
dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi
yardımlar gəlir vergisindən azad edilmişdir.
Göründüyü kimi, vergidən azad
olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən
ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.
Qeyd
edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən
azad edilən müavinətlərə, məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi
ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci
hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən
müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə
ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi
və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək
işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və
mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi
üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən
ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin
qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin
icrasına yönəlmişdir.
İşçinin
təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq
ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin
qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir.
Beləliklə, Vergi
Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad
edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”
(müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə)
və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə
xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid
edilmişdir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan
Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək,
əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən
işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən
olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin
102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
2.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev