AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair
13 fevral 2024-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
(məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyev və Vüqar Zeynalovun,
maraqlı subyektin
nümayəndələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahovun, sədr müavini Rövzət Qasımovun, katibləri Arifə Muxtarova və
Mikayıl Rəhimovun, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Bəxşeyiş Əsgərov, Nailə
Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami
Nadirxanlı, Qabil Orucov, Hüseyn Paşayev, Almas Qəhramanlı, Etibar Quliyev və İlkin
Şahbazovun,
ekspertlər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Sevda Süleymanova və
Fərid Əhmədovun, Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru Nəsib Şükürov və İnsan hüquqları və informasiya hüququ kafedrasının
professoru, hüquq elmləri doktoru Etibar Əliyevin iştirakı
ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq
olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş protokol
və ona əlavə edilmiş sənədlər üzrə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi
konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova
və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər S.Süleymanova
və N.Şükürovun rəylərini dinləyib, iş materiallarını öyrənərək Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq
maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli
Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və
203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki
komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək,
Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermənin nəticələrinə dair
2024-cü il 11 fevral tarixli protokolu tərtib etmişdir. Həmin protokol
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral
tarixli 10/36 saylı qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə
uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrini
təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim etmişdir.
Seçkilərin yekunlarına dair
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş
sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun
yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının
apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən,
Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan
seçki hüquqlarının müdafiəsi ilə bağlı məlumatları tələb etmişdir.
Azərbaycan Respublikası
Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, seçki
qutularında 4 967 795 (dörd milyon doqquz yüz altmış yeddi min yeddi yüz
doxsan beş) seçki bülleteni müəyyən edilmiş, bunlardan 9 828 (doqquz min səkkiz
yüz iyirmi səkkiz) səs etibarsız hesab edilmişdir.
Etibarlı hesab
edilmiş 4 957 967 (dörd milyon doqquz yüz əlli yeddi min doqquz yüz altmış
yeddi) səs prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:
Əliyev Fuad Ağasi oğlu – lehinə 26 517 (iyirmi
altı min beş yüz on yeddi) səs və ya 0.54 faiz;
Əliyev İlham Heydər oğlu – lehinə 4 567 458 (dörd milyon beş yüz altmış
yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz;
Həsənquliyev Qüdrət
Müzəffər oğlu – lehinə 85 411 (səksən beş
min dörd yüz on bir) səs və ya 1.72 faiz;
Musayev Elşad Nəbi oğlu – lehinə 32 885 (otuz iki min səkkiz yüz səksən
beş) səs və ya 0.66 faiz;
Mustafa Fazil Qəzənfər oğlu
– lehinə 98 421 (doxsan səkkiz min dörd yüz iyirmi bir)
səs və ya 1.99 faiz;
Nurullayev Razi Qulaməli
oğlu – lehinə 39 643 (otuz doqquz min altı yüz qırx üç) səs
və ya 0.80 faiz;
Oruc Zahid Məhərrəm oğlu– lehinə 107 632 (yüz yeddi min altı yüz otuz iki) səs
və ya 2.17 faiz.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə, protokollar seçki komissiyasının
həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki
Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında
komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu
ilə qəbul edilir.
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki
Komissiyasının 18 üzvündən 18-i tərəfindən imzalanmışdır.
Ekspert
S.Süleymanova bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə
dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli
protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və
203.3-cü maddələri baxımından düzgün tərtib edilmişdir və qanunvericiliyin tələblərinə
uyğundur.
Ekspert N.Şükürovun rəyinə
əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu
Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə
tam cavab verir.
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki
hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində səkkiz, Sumqayıt
Apellyasiya Məhkəməsində isə bir ərizəyə baxılmış və həmin ərizələr əsassız
olduğundan təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin məlumatına görə, məhkəmə aktlarından verilmiş üç kassasiya
şikayəti təmin olunmadan saxlanılmışdır.
Gəncə, Şirvan, Şəki
Apellyasiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki
hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildirmişlər.
Azərbaycan Respublikası
Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar
bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş
dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir.
Göstərilənləri nəzərə
alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2024-cü il fevralın
7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin
nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü
il 11 fevral tarixli protokolunu Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab
edir.
Bununla əlaqədar olaraq Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan
Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan
Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından
çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının
Prezidentliyinə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu
səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Qeyd olunduğu kimi,
etibarlı hesab edilmiş seçici səslərindən
4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli
səkkiz) səs və ya 92.12 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.
Beləliklə,
Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin
203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə
namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş
elan edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının
102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. 2024-cü il fevralın
7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə
dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral
tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan
Respublikasının Prezidenti seçilmiş elan edilsin.
3. Qərar elan olunduğu
andan qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev