Decisions

04.11.23 Azərbaycan Respublikası CPM-nin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

 

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinin və 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

4 noyabr 2023-cü il                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq)  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin müvafiq normalarının tələblərinə görə,  cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbs və vəzifədən kənarlaşdırma prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün müstəntiqin vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Ev dustaqlığı qətimkan tədbirinə münasibətdə də eyni prosessual tələb nəzərdə tutulmuşdur.

Eyni zamanda, cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılması müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən uzadıla bilər.

Sorğuverənin qənaətinə görə, göstərilən məsələlərlə bağlı müstəntiqin vəsatəti olmadan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən məhkəməyə təqdimat verilməsinin məhdudlaşdırılması prokurorun prosessual rəhbər funksiyaları ilə uzlaşmır.

Belə ki, qanunla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət işi üzrə mümkün olan bütün qərarları qəbul etməklə cinayət işinin taleyini həll etmək səlahiyyəti verilmişdir. Həmçinin, məhkəmə tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi barədə qərarın müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qəbul edilməsi göstərilsə də, Cinayət-Prosessual Məcəlləsinin 151.2,  157.7,  172.2 və 290.5-ci maddələri ilə prokuror tərəfindən müstəntiqin vəsatəti olmadan da təqdimat verilməsi müəyyən edilmişdir.

Göstərilənlərə əsasən, Prokurorluq prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün müstəntiqin vəsatəti olmadan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqdimat verilməsinin mümkün olub-olmaması məsələsinə aydınlıq gətirilməsi və bununla da vahid təcrübənin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Hüququn aliliyi prinsipindən irəli gələn qanunçuluq prinsipi, digər məsələlərlə yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş hədlərdə hərəkət etməsini ehtiva edir. Müvafiq səlahiyyətverici əsaslar olmadan dövlət orqanı tərəfindən edilən hər hansı bir hərəkət qanuni sayıla bilməz.

Cinayət-prosessual qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipinin rolu xüsusilə qeyd olunmaldır.

Belə ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur (Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsi).

Qanunçuluq prinsipindən irəli gələn tələblərin yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 23 fevral tarixli Qərarı).

Oxşar tələb “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.4-cü maddəsində normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinin yol verilməzliyi kimi ifadə olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli üçün, ilk növbədə, Konstitusiyanın, Cinayət-Prosessual Məcəlləsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq haqqında” Qanun) prokurorun, habelə müstəntiqin hüquqi statusunu, səlahiyyətlərinin məzmununu və hədlərini nizamlayan və bir-biri ilə sistemli əlaqədə olan bəzi müddəalarının təhlilini vacib hesab edir.

“Prokurorluq haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq, prokurorluq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər qanunlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Konstitusiyanın 133-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

“Prokurorluq haqqında” Qanunun 4 və 17-ci maddələrində prokurorluğun fəaliyyət istiqamətləri sırasında cinayət işini başlamaq və ibtidai istintaq aparmaq, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik etmək və qanunlara riayət edilməsini təmin etmək; həmçinin təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət etmək göstərilmişdir.

Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun səlahiyyətləri Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir (“Prokurorluq haqqında” Qanunun 19-cu maddəsi).

Cinayət-Prosessual Məcəlləsinin 7.0.23-cü maddəsinə əsasən prokuror  öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir.

Qanunverici həmin Məcəllənin 84.1-ci maddəsində cinayət təqibini həyata keçirərkən prokurorun cinayət işinin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq yalnız qanunun tələblərini və daxili inamını rəhbər tutmasını təsbit etmiş və Məcəllənin 84.2.2-ci maddəsində prokuror tərəfindən yerinə yetirilməli olan vəzifələr sırasında cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək göstərilmişdir.

Prokurorluq haqqında qanunvericilikdə prokurorun prosessual rəhbərlik institutu ibtidai araşdırma (cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraat)  zamanı cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayətlərin tezliklə açılmasını, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması zamanı qanunların düzgün tətbiq edilməsini təmin edən prosessual fəaliyyət kimi ifadə olunmuşdur.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edilərkən həyata keçirilə biləcək hüquqlar Cinayət-Prosessual Məcəlləsinin 84.5.1-84.5.22-ci maddələrində əks olunmuşdur.

Həmin hüquqlar sırasından prokurorun qanunun tələblərinin pozulması ilə istintaq edilən cinayət işini təhqiqatçının və ya müstəntiqin icraatından götürərək digər təhqiqatçının və ya müstәntiqin icraatına verməsi, habelə istintaqı aid olan orqanın bir istintaq qurumundan digərinə verməsi; hadisənin araşdırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi və ya digər prosessual hərəkətlərin aparılması barədə təhqiqatçıya və ya müstəntiqə yazılı göstərişlər verməsi; təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması məsələsinə baxılması üçün, habelə Cinayət-Prosessual Məcəlləsinin 177, 443 və 444-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etməsi; təhqiqatçı və ya müstəntiq tərəfindən tutulma, məcburi gətirilmə və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılmasının qanuniliyinə nəzarət etməsi, habelə prosessual hərəkətlərin aparılmasını təhqiqat orqanına tapşırması kimi hüquqlar göstərilməlidir.

Qeyd etmək lazımdır ki, ibtidai istintaq mərhələsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müəyyən edilmiş prosessual qaydaya uyğun qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı bilavasitə müstəntiqə aid edilən hərəkətləri icra etmir, yalnız səlahiyyətli prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının müstəntiqlərinə nəzarət qaydasında yazılı göstərişlər verir, habelə qanunvericlikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəməyə təqdimat verir və ya təqdimatın verilməsi ilə bağlı yuxarı prokurora müraciət edir.

Oxşar yanaşma Avropa Şurası Nazirlər Komitəsinin məşvərətçi təsisatı kimi fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının Prokurorların cinayət işinin istintaqında rolu haqqında 10 (2016) saylı 20 noyabr 2015-ci il tarixli Rəyində ifadə olunmuşdur. Həmin sənəddə cinayət işlərinin istintaqında prokurorların roluna toxunularkən istintaqın birbaşa prokurorlar tərəfindən aparılmadığı hallarda, onların istintaqın üzərində nəzarətedici funksiyalara malik olduğu qeyd edilmişdir.

Cinayət prosesinin əsas iştirakçılarından biri olan müstəntiqə gəldikdə isə Cinayət-Prosessual Məcəlləsinin 7.0.24-cü maddəsi ilə o, öz səlahiyyətləri daxilində həmin Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxs kimi müəyyən edilmişdir.     

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanının 3-cü hissəsində Cinayət-Prosessual Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq digər cinayət işlərinin ibtidai istintaqının Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, İqtisadiyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri və Dövlət Gömrük Komitəsi tərəfindən aparıldığı təsbit edilmişdir.

Müstəntiqlə prokurorun qarşılıqlı fəaliyyətinə aydınlıq gətirilərək qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 85.1-ci maddəsi ilə cinayət təqibini həyata keçirən müstəntiqdən zəruri prosessual qərarların qəbul edilməsi, istintaq və ya digər prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanması tələb olunur.

Prokurorun göstərişlərinin icra edilməsi həmin Məcəllənin 85.2.7-ci maddəsi ilə müstəntiqin vəzifəsi kimi müəyyən edilmişdir.

Lakin qanunvericiliyin qeyd edilən normaları müstəntiqin prosessual müstəqilliyini məhdudlaşdıran müddəalar kimi qiymətləndirilə bilməz.

Cinayət-Prosessual Məcəlləsinin 209-cu maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə,  öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında, həmin Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında, Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət işi üzrə icraatın dayandırılması barədə, cinayət işi üzrə icraatın təzələnməsi barədə, həmin Məcəllənin 39-41 və 46.5-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarır (Cinayət-Prosessual Məcəlləsinin 210.1, 211.2. 223.2, 277.1, 279.1 və 280.1-ci maddələri).

Qanunvericiliyin tələbinə görə sadalanan qərarların surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

O da nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 85.2.5-ci maddəsində zərurət olduqda həmin Məcəllənin 154-157, 160, 163-172-ci maddələrinin tələblərinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsinin təmin edilməsi məhz müstəntiqin vəzifəsi kimi müəyyən edilmişdir.

Beləliklə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin müddəalarının icrası və tətbiqinə görə məsuliyyət həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun üzərinə qoyulsa da, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqin istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borclu olması müəyyən edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin 84.3 və 85.3-cü maddələri). 

 Qətimkan tədbirlərinin  anlayışı, tətbiqi əsasları, qaydası və müddətləri Cinayət-Prosessual Məcəlləsinin XVII fəslinin 154-175-ci maddələrində öz əksini tapmışdır. Həmin Məcəllənin qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydasını tənzimləyən 156.2-ci maddəsinə uyğun olaraq, həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı həmin Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Girov həmin Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş qaydada yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində qeyd edilən qətimkan tədbirlərinin məhz müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında seçilməsinə dair tələbi cinayət işi üzrə ibtidai istintaqı aparan və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən ittiham tərəfinin prosessual qanunvericiliyin normalarına riayət edilməklə vahid mövqeyinin formalaşmasının təmin edilməsi ilə bağlıdır.

Həmçinin, belə tələb həbs və ev dustaqlığı prosessual məcburiyyət tədbirlərinin şəxsin azadlıq hüququ kimi əsas konstitusiya hüququnu müvəqqəti məhdudlaşdırmaqla onun cəmiyyətdən təcrid olunmasına səbəb olmasından irəli gəlir.

Belə ki, Konstitusiyanın 28-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuşdur ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ İnsan hüquqları üzrə Ümumi Bəyannamənin 3-cü maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində, “İnsan  hüquqlarının və  əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsində də təsbit olunmuşdur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə görə, azadlığın məhdudlaşdırılması ilə bağlı məsələlərdə hüquqi müəyyənlik prinsipinin təmin olunması xüsusilə vacibdir. Bu səbəbdən Konvensiya ilə müəyyən olunmuş “qanunilik” standartına cavab vermək üçün milli və/və ya beynəlxalq hüquqda azadlığın məhdudlaşdırılmasının şərtləri açıq-aydın müəyyən edilməli və qanunvericilik normasının tətbiqi qabaqcadan gözlənilən olmalıdır.      

Konstitusiyanın və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların sadalanan maddələrinin tələblərinə müvafiq olaraq, Cinayət-Prosessual Məcəlləsinin 14.1-ci maddəsində hər kəsin azadlıq hüququnun yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilməsi göstərilmişdir.

Həmin Məcəllənin 10-36-cı maddələrində nəzərdə tutulmuş cinayət mühakimə icraatının əsas prinsipləri də insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsinə, hər bir cinayət təqibinin qanuniliyinin və əsaslılığının təmin edilməsinə yönəlmişdir.

Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə ibtidai istintaq növündə məhkəməyədək aparılan icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxs haqqında müvafiq qətimkan tədbirlərinin seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyə təqdimatla müraciəti müstəntiqin əsaslandırılmış vəsatəti ilə şərtləndirilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair”  2011-ci il 10 oktyabr tarixli Qərarında da göstərilmişdir ki, həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyi həm müstəntiqin vəsatətində, həm də prokurorun təqdimatında əsaslandırılmalı, əsaslandırma formal xarakter daşımamalı, real olaraq təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasının maddi və prosessual hüquqi əsasları göstərilməlidir.

Qeyd edilməlidir ki, müstəntiqin vəsatəti həbs və ev dustaqlığı qətimkan tədbirlərinin müddətinin uzadılması zamanı da tələb olunur.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 159.1, 159.3, 159.3-1 və 159.8-1-ci maddələrində şəxsin həbsdə saxlanılma müddətinin uzadılması zəruri hesab edildiyi təqdirdə müstəntiq tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verilməsi göstərilmişdir.

Beləliklə, cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarının əlaqəli təhlili əsasında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, qanunverici cinayət işi üzrə ibtidai istintaqın qanuni və vaxtında aparılması vəzifəsini bilavasitə müstəntiqin üzərinə qoymuşdur. Cinayət işi müstəntiqin icraatında olduğu zaman ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror  müvafiq qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə yalnız müstəntiqin əsaslandırılmış  vəsatəti olduğu təqdirdə müraciət edə bilər.

Müstəntiqin oxşar vəzifələri bir sıra dövlətlərin, o cümlədən  Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və digər dövlətlərin cinayət-prosessual qanunvericiliklərində də müəyyən olunmuşdur.

Cinayət-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən müstəntiqin vəsatəti olmadan, yalnız prokurorun təqdimatına əsasən məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin mümkünlüyü ilə bağlı sorğuverənin dəlilinə gəldikdə  qeyd edilməlidir ki, ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.

Girov qətimkan tədbiri məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Girov qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə girov qətimkan tədbirinin seçilməsini mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir (Cinayət-Prosessual Məcəlləsinin 163.2, 163.4 və 164.2-ci maddələri).

Cinayət-Prosessual Məcəlləsinin 151.2, 163.9 və 164.10-cu maddələrinə uyğun olaraq barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və müvafiq olaraq bu Məcəllənin 155.1.1-155.1.3-cü və ya 164.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir.

Həmin əsaslara aşağıdakılar aiddir:

- cinayət prosesini həyata keçirən orqandan gizlənmək;

- cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;

- cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq (Cinayət-Prosessual Məcəlləsinin 155.1.1-155.1.3-cü maddələri).

Cinayət-Prosessual Məcəlləsinin 164.8-ci maddəsində nəzərdə tutulmuş halda isə girovun dövlət nəfinə keçirilməsi ilə eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə girovu həbslə əvəz edir (Cinayət-Prosessual Məcəlləsinin 164.10-cu maddəsi).

Belə hallara təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, onun icazəsi olmadan başqa yerə getdiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı hallar aid edilmişdir.

Sadalanan prosessual qaydalardan göründüyü kimi, təqsirləndirilən şəxs barəsində ilkin olaraq qətimkan tədbiri qanunvericiliklə müəyyən edilmiş müvafiq prosessual qaydaya uyğun olaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında artıq seçilmiş olduğundan, sonradan həmin qətimkan tədbirinin şərtləri pozulduğuna görə həbs qətimkan tədbiri  müstəntiqin vəsatəti olmadan, yalnız prokurorun təqdimatı əsasında tətbiq edilir.

Sorğuverən mövqeyini, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə istinadən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimatın göndərilməsi zamanı müstəntiqin vəsatətinin tələb edilməməsi ilə əsaslandırmışdır.

Həmin maddəyə görə yalnız kifayət qədər əsaslar olduğu halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror şübhəli və ya təqsirləndirilən şəxsə 3 gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməyi əsaslandırılmış qərarı ilə qadağan edə bilər. Eyni vaxtda prokuror məhkəməyə onlar barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi üçün təqdimat göndərir.

Qeyd edilməlidir ki, qanunverici həmin qətimkan tədbirinin hüquqi təbiətini nəzərə alaraq şübhəli və ya təqsirləndirilən şəxsin yerinə yetirdiyi işin, icra etdiyi vəzifələrin xarakteri labüd etdiyi təqdirdə prokurora özünün əsaslandırılmış qərarı ilə vəzifə səlahiyyətlərinin icra edilməsinin qadağan edilməsi və eyni vaxtda məhkəməyə təqdimatla müraciət edilməsi imkanını tanımışdır.

Sorğuda qətimkan tədbirinin müstəntiqin vəsatəti olmadan, yalnız ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə seçilməsinin mümkünlüyü Cinayət-Prosessual Məcəlləsinin 290.5.2 və 290.5.3-cü maddələrinin tələbləri baxımından da əsaslandırılmışdır.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin prokuror tərəfindən ittiham aktına baxılmasını tənzimləyən 290-cı maddəsində zərurət olduqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müstəntiq tərəfindən qətimkan tədbirlərinin seçilmədiyi halda belə tədbirlərdən birini seçmək və ya təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə müraciət etmək hüququnun olduğu təsbit edilmişdir.

Həmin Məcəllənin 290.1-ci maddəsinə uyğun olaraq, ittiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 290.5.3-cü maddəsi ilə  prokurorun təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda, cinayət işinin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməsinin təmin olunması məqsədi ilə həmin qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək hüququ müəyyən olunmuşdur.

Beləliklə, ittiham aktını imzaladıqdan sonra müstəntiq tərəfindən onun həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi ilə artıq cinayət işi ibtidai istintaqı bilavasitə həyata keçirən müstəntiqin icraatından çıxmış hesab olunur. Məhz bundan sonra prokuror həbs qətimkan tədbirinin seçilməsi və ya cinayət işinin vaxtında məhkəməyə göndərilməsinin təmin olunması üçün seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə müstəntiqin vəsatəti olmadan, birbaşa təqdimatla məhkəməyə və ya yuxarı prokurora müraciət etmək səlahiyyətinə malikdir.

O da vurğulanmalıdır ki, yuxarıda da göstərildiyi kimi, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq  kifayət qədər səbəblər və əsaslar olduqda prokurorun cinayət işini başlamaq və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək  ibtidai istintaqı aparmaq səlahiyyəti tanınmışdır.

Cinayət-Prosessual Məcəlləsinin 215.2-ci maddəsinə əsasən cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

Həmin Məcəllənin 215.3-cü maddəsində ibtidai istintaqın prokurorluq tərəfindən aparıldığı cinayətlərə dair işlər nəzərdə tutulmuşdur. Müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq da hərbi prokurorluq tərəfindən aparılır). Həmin Məcəllənin 215.3 və 215.4-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa, digər cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır (Məcəllənin 215.4 və 215.5-ci maddələri).

Qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işini başlamış prokurorun müstəntiqin səlahiyyətlərindən istifadə etməsi, onun öz növbəsində, Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsində cinayət təqibini həyata keçirərkən müstəntiqin üzərinə qoyulan istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməsini  ehtiva edir.  Odur ki, bu halda qətimkan tədbirləri məhz ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında seçilir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 28-ci maddəsinin I və II hissələrinə və 71-ci maddəsinin X hissəsinə uyğun olaraq və Cinayət-Prosessual Məcəlləsinin 85.2.1 və 85.2.5-ci maddələrinin mənasına görə, müstəntiqin icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin Məcəllənin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin tələblərinə müvafiq olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həyata keçirilir.

Təqsirləndirilən şəxs barəsində göstərilən qətimkan tədbirlərinin müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında seçilməsinə dair qanunvericinin tələbi cinayət işi üzrə ittiham tərəfinin vahid mövqeyinin formalaşmasının təmin edilməsinə xidmət edir;

-  cinayət işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin işin ibtidai istintaqını aparan prokuror Cinayət-Prosessual Məcəlləsinin 156, 159 və 163-cü  maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.        Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinə və 71-ci maddəsinin X hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.2.1 və 85.2.5-ci maddələrinin mənasına görə, müstəntiqin icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin Məcəllənin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin tələblərinə müvafiq olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həyata keçirilir.

2.        Cinayət işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin işin ibtidai istintaqını aparan prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156, 159 və 163-cü maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə müraciət edə bilər.

3.        Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.        Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                           Fərhad Abdullayev



 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinin və 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 04 noyabr 2023-cü il  tarixli Qərarından hakim İ.Nəcəfovun 

Xüsusi rəyi 

 

15 noyabr  2023-cü il                                                                         Bakı şəhəri 

 

Konstitusiya Məhkəməsi Plenumunun Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.

Məhkəmənin qərarının təsviri və nəticəvi hissəsi ilə qismən razıyam. Qərar üzrə öz xüsusi rəyimi ədalət mühakiməsi nöqteyi-nəzərindən bildirməyi vacib hesab edirəm.

Azərbaycan Respublikasının Prokurorluğunun sorğusunda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2-ci maddəsinə əsasən həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini pozduğuna görə prokuror həmin şəxsin tutulması barədə qərar çıxarmaqla yanaşı, onun həbsə alınmasına dair məhkəməyə təqdimat göndərir.

Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 290.5-ci maddəsinə əsasən ittiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir:

1. müstəntiq tərəfindən seçilmiş qətimkan tədbirini ləğv etmək və ya dəyişdirmək;

2. zərurət olduqda müstəntiq tərəfindən qətimkan tədbirlərinin seçilmədiyi halda belə tədbirlərdən birini seçmək və ya təqsirləndirilən şəxs haqqında həbs, qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə müraciət etmək;

3. təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda, bu Məcəllənin 292.1- 1-ci maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin müddətinin uzadılması barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək.

Beləliklə, hüquq tətbiq etmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün müstəntiqin vəsatəti olmadan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən məhkəməyə təqdimat verilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün həmin maddələrin şərh edilməsi zərurəti yaranmışdır.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.2-ci maddəsinin müddəasına əsasən normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onun qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Sorğuda qeyd olunmuş normaların şərhi üçün ilk növbədə, CPM-nin 7.0.23-cü maddəsindəki prokuror - öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən... şəxsdir müddəası izah olunmalıdır. Bu müddəada “prokuror prosessual rəhbərdir” hissəsinin izahı xüsusi əhəmiyyət kəsb edir. Çünki o, ibtidai araşdırmada mühüm rol oynayır. Digərlərindən fərqli olaraq, onun hüquq və vəzifələri daha geniş və çoxşaxəlidir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ibtidai araşdırma prosesində zərurət olduqda təhqiqatçıya, müstəntiqə göstərişlər vermək, ibtidai araşdırmanın gedişi ilə bağlı məlumatlar tələb etmək, işin materiallarını və sənədləri yoxlamaq, ibtidai araşdırmanın aparılması vəziyyəti ilə yerində tanış olmaq, ibtidai araşdırmanı aparan şəxslərin qanunsuz və əsassız qərarlarını ləğv etmək və s. hüquqlarına malikdir. Prokurorun eyni zamanda  Məcəllənin 172, 443, 447-ci maddələrində nəzərdə tutulan hallarda təqdimatla məhkəməyə müraciət etmək və ya təqdimatla yuxarı prokurora müraciət etmək səlahiyyəti vardır. (CMP-in 84.5-ci mad.).

Prosessual rəhbərliyi həyata keçirən prokurorun CPM-in 84.5-ci maddəsində təsbit edilən hüquqları məsuliyyətlə yüklənən hüquqlardır. Yəni məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının tətbiqi və icrası üçün ona verilmiş hüquqları həyata keçirərkən qəbul etdiyi qərarlara və bütün prosessual hərəkətlərə görə məsuliyyət daşıyır. (CPM 84.2-ci mad.).

Prokuror cinayət işi üzrə məhkəməyədək icraat zamanı zəruri hallarda təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı CPM-in 84.5.7-ci maddəsinə əsasən müstəntiqə göstəriş verdikdə, o həmin göstərişi CPM-in 85.2.7-ci maddəsinə əsasən icra etməyə borcludur. Əgər müstəntiq prokurorun bu göstərişi ilə razı olmasa belə, o, yenə də göstərişi icra etməlidir və eyni zamanda öz əsaslandırılmış etirazını yuxarı prokurora bildirə bilər. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır. (CPM 85.5-ci mad.).

Müstəntiqin prokurorun göstərişini icra etməsini təsdiq edən prosessual hərəkəti isə müstəntiqin qətimkan tədbiri barədə əsaslandırılmış vəsatətidir. (CPM-in 156.2-ci mad.).

         Goründüyü kimi, CPM-in 84.5.7-ci, 85.2.7-ci və 85.5-ci maddələri bir-biri ilə funksional əlaqədədir. Yəni prokurorun 84.5.7-ci maddədə göstərilən hüququnun həyata keçirməsi ilə, müstəntiqin 85.2.7-ci maddədə qeyd edilən vəzifəsinin mütləq icrası üçün hüquqi fakt yaranır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən qətimkan tədbiri seçmək bir halda müstəntiqin vəzifəsi (CPM-in 85.2.5, 85.2.7-ci mad.), digər halda isə hüququdur. (CPM-in 85.4.12-ci mad.).

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq, təhqiqatçı və məhkəmə qətimkan tədbirlərinin tətbiqi üçün, cinayət təqibi üzrə toplanmış materiallarda şübhəli və ya təqsirləndirilən şəxsin hərəkətlərində kifayət qədər qanunda göstərilən əsaslar olduqda, onun barəsində qətimkan tədbiri seçir. (CPM-in 155-ci mad.).

Qətimkan tədbirinin seçilməsinin əsas məqsədi şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etməkdir. (CPM-in 154-cü mad.).

Digər tərəfdən, sorğuda şərh olunması xahiş edilən CPM-in normaları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ibtidai araşdırmanın müxtəlif mərhələlərindəki təqsirləndirilən şəxslə bağlı qətimkan tədbirinin seçilməsi və dəyişdirilməsi ilə bağlı hüquqlarını özündə əks etdirir.

Ev dustaqlığının və girovun şərtlərinə nəzarət edən prokurordur. Müstəntiq bu prosesdən kənardadır. Ona görə də təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin daha ağır qətimkan tədbiri ilə əvəz edilməsində vəsadət tələb olunmur. Çünki qətimkan tədbirinin seçilməsi üçün zəruri olan hüquqi əsaslar prokurorun ilkin təqdimatı və məhkəmənin qərarında öz əksini və təsdiqini tapmışdır.

Məhkəməyədək ibtidai araşdırma müxtəlif prosessual mərhələlərdən ibarətdir. Hər mərhələnin öz məqsədi və bu məqsədlərə xidmət edən prosessual şəxslər var. Onların isə prosessual hərəkətlərlə bağlı hüquq və vəzifələri var. Qanunverici bir mərhələdə olan hüquqları başqa mərhələyə aid etməmişdir. 

Prokurorun CPM-in “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması”na dair 16-cı fəslinin 151.2-ci maddəsindəki, eləcə də həmin Məcəllənin 38-ci fəslinin 290.5-ci maddəsindəki hüquqlarının eyniliyini əsas götürüb, onların CPM-in 156.2-ci maddəsi ilə ziddiyyət təşkil etməsini iddia etmək düzgün deyildir.

Cinayət prosessual qanunvericiliyin müddəalarının tətbiqi prosesində “elmlərin açarı olan məntiqin” sillogizmlərlə əqli nəticə çıxartmaq qaydası bu halda tətbiq oluna bilməz.

 

 

Hakim                                                                              İsa Nəcəfov