AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I
A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
8 iyun 2006-cı il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi A.Səlimzadənin nümayəndələri N.Allahverdiyev, T.Qasımov və İ.Ocaqverdiyevin,
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin,
mütəxəssislər, Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının müəllimi M.Tahirov və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şöbəsinin baş məsləhətçisi V. Həsənovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında ərizəçi A.Səlimzadənin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndələri T.Qasımov, N.Allahverdiyev və İ.Ocaqverdiyevin, cavabverənin nümayəndəsi A.Kalbalıyevin, mütəxəssislər M.Tahirov və V. Həsənovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Bakı şəhəri Nardaran qəsəbəsi ərazisindəki 1218 «A» saylı bağ sahəsi 5 aprel 2002-ci il tarixli, 30819 saylı icarə müqaviləsinə əsasən 10 il müddətinə A.Səlimzadənin icarəsinə verilmiş, 1214 saylı bağ sahəsi isə 1978-ci ildən M.İbrahimbəyovun istifadəsində olmaqla, bağ evi onun xüsusi mülkiyyətindədir. Həmin bağ sahələri qonşu sahələr olmaqla Xəzər dənizinə tərəf baxdıqda, M.İbrahimbəyovun bağ sahəsinin sol yan hasarı eyni zamanda A.Səlimzadənin sağ yan hasarıdır.
Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin (bundan sonra - BTİ və İB) 19 may 2004-cü il tarixli, 977 saylı məktubu ilə M.İbrahimbəyova onun bağının şimal-şərq hissəsindən şimala doğru 6,2 metr uzunluğunda, 5,5 metr enində il boyu baxış meydançasının tikilməsinə icazə verilmişdir.
Bundan sonra həmin Birlik tərəfindən 1 iyun 2004-cü il tarixli, 1026 saylı və 18 iyun 2004-cü il tarixli, 1113 saylı məktublarla M.İbrahimbəyova əlavə olaraq onun bağ sahəsinin şimal-şərq hissəsindən şimala doğru 14,0 metr uzunluğunda, 5,5 metr enində il boyu baxış meydançasının tikilməsinə icazə verilmişdir.
A.Səlimzadə Birlik tərəfindən verilmiş məktubları qanunsuz hesab edərək, M.İbrahimbəyov tərəfindən başlanmış tikintinin onun bağ sahəsinin dənizə tərəf olan hasarına bitişik olaraq yerləşdiyini, onun dəniz sahilinə gediş-gəlişini məhdudlaşdırmaqla bərabər, dəniz kənarında rahat istirahət etmək hüququna maneçilik törətdiyini göstərməklə yuxarıda adı çəkilən məktubların qanunsuz hesab edilməsi və başlanmış tikintinin qadağan edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir.
Sabunçu rayon məhkəməsinin 2 iyul 2004-cü il tarixli qətnaməsi ilə A.Səlimzadənin iddiası rədd edilmişdir.
Qətnamə onunla əsaslandırılmışdır ki, M.İbrahimbəyova il boyu baxış meydançasının tikilməsinə icazə qanuni əsaslarla verilmiş, bu məqsədlə ona ayrılmış sahənin A.Səlimzadənin icarəsində olan sahəyə heç bir aidiyyəti yoxdur və həmin sahədə tikilinin inşa edilməsi sonuncunun sahiblik hüququnu pozmur.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - MİÜMK) 10 avqust 2004-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ləğv edilərək, A.Səlimzadənin iddiası təmin edilmiş, BTİ və İB-in 19 may, 1 iyun və 18 iyun 2004-cü il tarixli məktubları qanunsuz hesab olunmuş, M.İbrahimbəyov tərəfindən tikinti işlərinin davam etdirilməsi qadağan edilmiş və inşa etdiyi tikintinin onun hesabına sökülməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, M.İbrahimbəyova baxış meydançasının tikilməsinə buna səlahiyyəti olmayan orqan tərəfindən icazə verilmiş, M.İbrahimbəyov tərəfindən aparılmış tikinti işləri ona məxsus bağ sahəsinin hüdudlarından kənarda, A.Səlimzadənin bağ sahəsinin dənizə tərəf olan hasarına bitişik olaraq aparılmış, nəticədə sonuncunun dəniz sahilinə gediş-gəlişi məhdudlaşdırılmaqla bərabər, rahat istirahət etmək hüququna da maneçilik törətmişdir.
Kassasiya instansiyası məhkəməsi 29 sentyabr 2004-cü il tarixli qərarla apellyasiya instansiyası məhkəməsi tərəfindən işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 367.2-ci maddəsində müəyyən olunmuş müddəti pozmaqla baxıldığına, bununla da M.İbrahimbəyovun məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırdığına görə həmin məhkəmənin yuxarıda göstərilən qətnaməsini ləğv edərək, işi yeni məhkəmə baxışına göndərmişdir.
Apellyasiya instansiyası məhkəməsinin 19 noyabr 2004-cü il tarixli qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2 mart 2005-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmə sədrinin 24 iyun 2005-ci il tarixli məktubu ilə işin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxışına çıxarılmasına dair A.Səlimzadənin əlavə kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır.
Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində A.Səlimzadə göstərmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri mübahisəni həll edərkən, onun bağ sahəsinin qarşısında tikinti aparılmasına icazənin buna səlahiyyəti olmayan BTİ və İB tərəfindən verildiyini, qanunvericiliyin tələblərinə görə isə həmin sahənin yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilməsini nəzərə almayaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin, Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərini pozmuşlar. Göstərilən məktublara əsasən M.İbrahimbəyov onun bağ sahəsinin hasarına bitişik olaraq tikinti işləri aparmış, dənizə çıxan qapını bağlamış, bununla da dənizdən sərbəst istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Ərizəçinin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin qanunsuz və əsassız qətnaməsini qüvvədə saxlamış kassasiya instansiyası məhkəməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
A.Səlimzadənin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur.
Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.
Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq MPM-in 9.1-ci maddəsində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (MPM-in 9.3-cü maddəsi).
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 88-ci maddəsi).
Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur.
Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan MPM-də nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya şikayəti verilə bilər.
Bu zaman apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir.
MPM-in 365-ci maddəsi ilə müəyyən edilmişdir ki, apellyasiya icraatında bu fəslin (41-ci fəsil) və bu Məcəllənin müddəaları tətbiq olunur. Prosessual qanunvericiliyin həmin müddəalarına görə apellyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən MPM-in 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır.
A.Səlimzadə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını şübhə altına alaraq apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəli tikilinin M.İbrahimbəyovun bağ sahəsinin qarşısında yerləşdiyinə, onun hüdudlarından kənara çıxmadığına və hər hansı digər şəxsin bağ sahəsinin qarşısını tutmadığına dair nəticəsi işdə olan və apellyasiya şikayətinə qoşulmuş əlavə sübutlarla təkzib olunur. Belə ki, mübahisəli tikili onun (A.Səlimzadənin) dənizə tərəf olan hasarına bitişik olaraq yerləşir, dəniz sahəsinə çıxış qapısını bağlayır, bununla da onun dənizdən maneəsiz və rahat istifadə etməsinə əngəllər yaradır. Bununla əlaqədar olaraq, A.Səlimzadə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu dəlilləri A.Səlimzadənin nümayəndəsi apellyasiya instansiyası məhkəməsində işə baxıldığı zaman çıxışında da irəli sürmüşdür.
MPM-in 9.1, 9.3, 88 və 372.1-ci maddələrinin müddəalarının birgə təhlilindən ortaya çıxan nəticə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işlərə baxılarkən işdə olan sübutlara bütöv bir məcmu halında yanaşılmalı, onların məcmusuna qiymət verilməlidir. Təkrar işə baxmış apellyasiya instansiyası məhkəməsi isə bunun əksinə olaraq A.Səlimzadənin apellyasiya şikayətində göstərdiyi dəlillərinin müzakirəsinə cəhd belə göstərməmiş, həmin Məcəllənin 392.1.5-ci maddəsinin tələblərinə zidd olaraq gəldiyi nəticəni qətnamədə motivləşdirməmişdir.
MPM-in 392.2-ci maddəsinə görə apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Apellyasiya məhkəməsi bu iş üzrə qətnamədə apellyasiya şikayətinin təmin edilməməsi üçün əsas olmuş bir dəlil belə göstərməmişdir.
A.Səlimzadə apellyasiya şikayətində, onun nümayəndəsi isə apellyasiya instansiyası məhkəməsindəki çıxışlarında həmçinin göstərmişdir ki, tikinti işlərinin aparılması ilə əlaqədar onun hüququnun pozulmasına BTİ və İB tərəfindən səlahiyyətinə aid olmayan məsələyə dair sərəncamverici xarakter daşıyan məktubların verilməsi olmuşdur.
A.Səlimzadə şikayətin həmin dəlilini aşağıda göstərildiyi kimi əsaslandırmışdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla, özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. İstifadəyə və icarəyə verilən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri hasara alınma yolu və ya digər üsullarla bağlanıla bilməz və dənizin sahilinə gediş-gəliş məhdudlaşdırıla bilməz.
«Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbacan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təqdimatı əsasında həyata keçirir.
Lakin BTİ və İB qeyd etilmiş normativ-hüquqi aktlarının tələblərini pozaraq, onun səlahiyyətinə aid olmayan məsələyə dair sərəncamverici xarakter daşıyan qanunazidd məktublar vermiş, bunun əsasında isə Xəzər dənizinin sahilboyu 10 metrlik zolağının altında olan torpaq sahəsində aparılmış əsaslı tikinti inşası onun hüquqlarının pozulmasına gətirib çıxartmışdır.
Birinci dəfə işə baxmış apellyasiya instansiyası məhkəməsi məhz A.Səlimzadənin apellyasiya şikayətində göstərilən maddi hüquq normalarına əsaslanaraq BTİ və İB tərəfindən verilmiş məktubları qanunsuz hesab etmişdir.
Təkrar işə baxmış apellyasiya instansiyası məhkəməsi də həmin normalara istinad etmiş, lakin MPM-in 392.1.5 və 392.2-ci maddələrinin tələblərinə zidd olaraq nəticədə heç bir dəlil göstərmədən, A.Səlimzadənin apellyasiya şikayətini təmin etmədən saxlamışdır.
Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisəli iş üzrə Azərbaycan Respublikası Konstitusiyasında və mülki-prosessual qanunvericiliyində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan və təqdim olunmuş əlavə sübutları hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni motivləşdirməmişdir. Bunlar isə apellyasiya instansiyası məhkəməsində təkrar işə baxılarkən Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, MPM-nin 9.1, 9.3, 88, 372.1, 392.1.5 və 392.2-ci maddələrinin tələblərinin pozulduğuna dəlalət edir.
Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
Xüsusi ilə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun iclasında çıxış etmiş BTİ və İB-nin nümayəndəsi göstərmişdir ki, Birlik hər hansı ölçüdə bağ sahəsi ayrılmasına qərar vermək hüququna malik deyil.
Mülki-prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 416, 418.1 və 418.3-cü maddələri).
A.Səlimzadənin iddiası üzrə mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə lazımi diqqət yetirməmiş, nəticədə MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən 2 mart 2005-ci il tarixli qərarı qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçi A.Səlimzadənin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarı ilə bağlı həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Kassasiya instansiyası məhkəməsinin qərarında «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərində istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli, 1122 saylı sərəncamında Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaq sahələrinin hüquqi müqəddəratına dair məsələnin həll edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı, Sumqayıt və digər sahilboyu rayonların İcra Hakimiyyəti Başçılarına həvalə edildiyi qeyd olunaraq, A.Səlimzadənin fiziki şəxs kimi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələ ilə əlaqədar iddia qaldırmaq hüququnun olmadığı göstərilmişdir.
Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin II hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Lakin şəxs o halda adı çəkilən orqanların, təşkilatların və vəzifəli şəxslərin hərəkət (hərəkətsizlik) və qərarlarından məhkəməyə şikayət edə bilər ki, həmin qərarlar və ya hərəkətlər (hərəkətsizlik) nəticəsində onun hüquq və azadlığı pozulmuş olsun, hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın və ya üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun, yaxud o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin (MPM-nin 297.1-ci maddəsi).
A.Səlimzadə BTİ və İB tərəfindən sərəncamverici xarakter daşıyan məktubların verilməsinin onun hüququnun pozulmasına səbəb olduğunu göstərməklə, Konstitusiyanın və prosessual qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2 mart 2005-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, MPM-in 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. İşə Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65 - 67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. A.Səlimzadənin M.İbrahimbəyova və Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə qarşı tikintinin qadağan edilməsi və həmin tikinti işlərinə icazə verilməsi barədə məktubların qanunsuz hesab edilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar elan olunduğu andan qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədrlik edən Fərhad Abdullayev