Decisions

14.04.23 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

14 aprel 2023-cü il                                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və İcbari Sığorta Bürosunun mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcbari sığortalar haqqında” Qanun) 56-cı maddəsinin həmin Qanunun 3.1.2, 4.1, 10.2, 13.1, 13.2, 50.1, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Müraciətdən görünür ki, T.Nəsibova idarə etdiyi nəqliyyat vasitəsi ilə S.Hüseynlinin idarə etdiyi avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərbənin təsirindən S.Hüseynlinin avtomobili parklanma vəziyyətində olan digər avtomobilə  toxunmuşdur. T.Nəsibova yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır.

Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən T.Nəsibova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir.

T.Nəsibovanın icbari sığorta müqaviləsi üzrə sığorta şirkətinə müraciəti əsasında hadisə ilə bağlı sığorta aktı tərtib edilmiş, S.Hüseynliyə dəymiş ziyanın məbləğinin 4 090 manat olduğu qeyd edilsə də, ona 2 312,83 manat ödənilməsi qərara alınmışdır. Dəymiş ziyanın sığorta şirkəti tərəfindən tam şəkildə ödənilməməsi hadisə nəticəsində ikinci avtomobilə də zərər vurulması, sığorta şirkətinin onun da zərərini ödəyəcəyi və qanunvericiliklə müəyyən edilmiş zərərin qarşılanma limitinin olması ilə əsaslandırılmışdır.

S.Hüseynli zərərin qarşılanma həddinin olması və zərərin məbləği ilə razılaşmamış, özü mütəxəssislərə müraciət etmiş, nəticədə onun avtomobilinə 5 770 manat məbləğində zərər vurulduğu müəyyən olunmuşdur. Həmin məbləğin 2 312 manat hissəsi “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Xalq Sığorta” ASC) tərəfindən ödənilsə də, qalan 3 458 manat zərər sığorta şirkəti və təqsirkar tərəfindən ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Xalq Sığorta” ASC-dən vurulmuş maddi ziyana görə 2 227,17  manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

“Xalq Sığorta” ASC qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5 000 manat məbləğində müəyyən edilmişdir. Sığorta şirkəti olaraq onlar tərəfindən mütənasib qaydada iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 2 312,83 manat, hadisə nəticəsində digər zərərçəkmiş avtomobilin sahibinə isə 2 687,17 manat ödənilmişdir ki, bu ödənişlərin cəmi qanunla bir sığorta hadisəsi üçün sığorta  məbləği kimi müəyyən olunmuş 5 000 manat təşkil edir. Sığortaçı olaraq onların məsuliyyətinin həddi qanunla konkret olaraq 5 000 manat müəyyənləşdirilmiş və yalnız həmin məbləğ həddində məsuliyyət daşıyırlar.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən işə baxılarkən icbari sığorta münasibətləri zamanı sığorta hadisəsinə səbəb olan bir yol-nəqliyyat hadisəsi nəticəsində birdən artıq üçüncü şəxslərin əmlakına zərər vurulduğu halda, həmin üçüncü şəxslərə sığorta ödənişinin hansı məbləğdə ödənilməsinə dair fərqli yanaşmaların olduğu müəyyən edilmişdir.

Mövcud yanaşmalardan birinə görə, icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində hansı sayda şəxsin əmlakına zərər vurulmasından asılı olmayaraq, sığorta məbləğinin son həddi olan 5 000 manat vəsait vurulmuş zərərə mütənasib olaraq zərərçəkənlər arasında bölüşdürülməlidir.

Digər yanaşmaya görə isə icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi zamanı birdən artıq şəxsin əmlakına zərər vurulması halında, bu, hər bir zərərçəkənə münasibətdə ayrı sığorta hadisəsi hesab edilməli və sığorta məbləğinin son həddi kimi müəyyən edilmiş 5 000 manat hər bir zərərçəkənə münasibətdə tətbiq olunmalıdır.

Müraciətdə qeyd olunan qanunvericilik normalarının tətbiqi ilə bağlı məhkəmələr tərəfindən fərqli təcrübənin formalaşdırılmasının qarşısının alınması və mövcud qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət olunması qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

İcbari sığorta qanunvericilik əsasında həyata keçirilməklə, cəmiyyətin mənafelərinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta maraqlarının məcburi qaydada sığorta edilməsidir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan  Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)  922.1-ci maddəsində qeyd edilmişdir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən, sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

Eyni zamanda “İcbari sığortalar haqqında" Qanunun 13.1 və 13.2-ci maddələrində qeyd edilmişdir ki, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

Həmin Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Beləliklə, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər.

“İcbari sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə uyğun olaraq, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.

Həmin Qanunun 58.3-cü maddəsinə müvafiq olaraq, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunla müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 40.4-cü bəndində qeyd olunmuşdur ki, eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.

Mülki Məcəllənin 926-cı maddəsində qeyd olunur ki, sığorta ödənişi sığorta hadisəsi  baş verdikdə icbari sığorta qanunlarına və ya  sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 10-cu maddəsinə əsasən, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

Həmin Qanunun 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi  5 000 manat məbləğində müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki,  bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının bir sığorta hadisəsinin nəticəsi kimi qiymətləndirilməsi üçün baş vermiş yol-nəqliyyat hadisəsinin faktiki halları araşdırılmalı və müvafiq nəticəyə gəlinməlidir.

Məzmunu açıqlanan normalardan göründüyü kimi, bir yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxslərə zərər vurulması ilə hər bir üçüncü şəxsə münasibətdə ayrı-ayrılıqda sığorta hadisəsi baş vermiş hesab edilmir və bu hal bir sığorta hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxsə zərərin vurulması kimi çıxış edir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik aktlarını təhlil edərək belə qənaətə gəlir ki, mövcud qanunvericiliyə görə icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulayır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-  “İcbari sığortalar haqqında" Qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir;

- “İcbari sığortalar haqqında” Qanunun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir;

- sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.

2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

4.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                               Fərhad Abdullayev