Decisions

12.10.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair

 

 

12 oktyabr 2022-ci il                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi İ.Abdullayevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri M.Mustafayev və V.Babayevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu       

  

MÜƏYYƏN  ETDİ: 

 

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin subyektiv cəhətinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, məhkəmənin icraatında olan cinayət işinin materiallarına görə, E.Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarına əsasən E.Hüseynovun əməli Cinayət Məcəlləsinin  221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışdığına görə Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsi mövqeyini tərəflər arasında mübahisənin səbəbsiz və ya hər hansı bəhanə ilə deyil, əsaslı səbəbdən yaranması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi birbaşa qəsdlə vuraraq ona bədən xəsarəti yetirsə də, onun ictimai qaydanı pozmaq niyyətinin olmaması, hadisənin baş verdiyi məkanın ictimai yer hesab edilməməsi ilə əsaslandırmışdır.

Birinci instansiya məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən apellyasiya protesti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndi tətbiq olunmaqla həmin cəzadan azad edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin cinayət məsuliyyətindən azad etmə ilə bağlı normanın tətbiqində səhvə yol verildiyi üçün protesti qismən təmin etməklə, həmin səhvi aradan qaldırmışdır.

Apellyasiya instansiyası məhkəməsinin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı ilə protest təmin edilərək hökm ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur.

Müraciətdən görünür ki, Ali Məhkəmənin Cinayət Kollegiyası qeyd olunan nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında şəxsi münaqişə zəminində, intiqam hissi ilə və ya zərərçəkmişin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş vermədiyi halda, məhkəmə təqsirləndirilən şəxsin əməlini şəxsi münaqişə zəminində baş vermiş sağlamlığa yüngül zərər vurma olaraq qiymətləndirmişdir. Hadisənin baş verdiyi yerin şəxsi ev, mənzil olmamaqla kafe olması (faktiki fəaliyyət göstərməsə belə), yolun  kənarında, insanların gediş-gəlişinin olduğu yer olmaqla ictimai yer hesab olunması, həmçinin hadisə zamanı içəridə və kafedən kənarda başqa şəxslərin olması, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsi, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmaması, cinayətin məhz cüzi səbəbdən baş verməsi nəzərə alınmamışdır.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən hazırkı iş üzrə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilən zaman xuliqanlıq cinayəti ilə bağlı formalaşmış təcrübə nəzərdən keçirildikdə, belə əməllərin tövsifinə dair fərqli yanaşmalar olduğu müəyyən edilmişdir.

Göstərilənlərə əsasən, müraciətedən vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 221-ci maddəsində təsbit edilmiş xuliqanlıq cinayətinin subyektiv cəhətinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir.

Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).

Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir.

Şərh edilməsi xahiş olunan cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir.

 Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya  özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur.

 Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.

Müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud  zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun.

Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun.

Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun.

Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

Həmçinin Azərbaycan  Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.  Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar).

Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.  İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər  cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsi mümkün olduğundan, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca qərarının qəbul edilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

  3. Qərardadın surəti 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

  4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 

 

 

Sədr                                                                                             Fərhad Abdullayev