Decisions

23.06.11 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair QƏRARDAD

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının

 

Q Ə R A R D A D I

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair

 

23 iyun 2011-ci il                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər C.Qaracayev (sədrlik edən), İ.Nəcəfov və S.Həsənovadan (məruzəçi-hakim) ibarət tərkibdə,

F.Əhmədovun katibliyi ilə

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq

 

MÜƏYYƏN ETDİ:

 

Bakı şəhəri Yasamal rayon məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin I, II, V və IX hissələrinin müddəaları baxımından Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) 15.2-ci maddəsinin barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsinin mümkünlüyünün şərh edilməsini xahiş edir.

Müraciət onunla əsaslandırılmışdır ki, MPM-də və «İcra haqqında» Azərbaycan Respublikası Qanununda (bundan sonra «İcra haqqında» Qanun) MPM-in 261.0.5-ci maddəsində nəzərdə tutulan qaydada tərəflərin bağladığı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilib işin icraatına xitam verilərkən, sonradan barışıq sazişinin şərtləri yerinə yetirilmədiyi halda bu növ məhkəmə qərardadı üzrə icra vərəqəsinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin qənaətinə görə bu hal qanunvericilikdə qeyri-müəyyənlik və vətəndaşların əmlak və şəxsi-siyasi hüquqlarının pozulması ehtimalını yaradır.

Müraciətə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, M.Əliyev mülkiyyətində olan 2 otaqlı mənzilinin Y.Əliyevə bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Y.Əliyevə verilmiş çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır.

Məhkəmə iclasında M.Əliyev və cavabdeh Y.Əliyev mübahisəli mənzilin ½ hissəsinin Y.Əliyev tərəfindən iddiaçının kiçik oğlu A.Əliyevə bağışlanacağı razılığına gəlmiş və hər ikisi tərəfindən imzalanmış barışıq sazişi məhkəməyə təqdim edildiyindən Yasamal rayon məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir.

Bundan sonra barışıq sazişində nəzərdə tutulan şərt cavabdeh Y.Əliyev tərəfindən yerinə yetirilmədiyindən M.Əliyev həmin qərardadın icra edilməsi üçün icra vərəqəsinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli qərardadı ilə M.Əliyevin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan verilən şikayətə əsasən Yasamal rayon məhkəməsinin göstərilən qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2011-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iddiaçı M.Əliyevin Yasamal rayon məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli qərardadının məcburi icra edilməsi barədə icra vərəqəsinin verilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır.

M.Əliyevin ərizəsinə yenidən baxan Yasamal rayon məhkəməsi MPM-in 15.2-ci maddəsinin müddəaları baxımından barışıq razılaşması üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən, Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, məhkəmənin müraciəti aşağıdakılara əsasən icraata qəbul edilə bilməz.

Belə ki, məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi).

«İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.

Göstərilənlərilə yanaşı, qeyd olunmalıdır ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyünü, ölkə ərazisində birbaşa qüvvəsini elan etməklə və bunların təmin olunmasını Azərbaycan dövlətinin ali məqsədi olduğunu bəyan edən Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir ki, məhz dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və bu müdafiənin məhkəmədə həyata keçirilməsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsi və 71-ci maddəsinin VII hissəsi).

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş əsas konstitusiya müddəaları sırasında hüquq və azadlıqların məhkəmə təminatı hüququnun xüsusi əhəmiyyət kəsb etməsi və həmin hüququn təmin edilməməsinin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olması xüsusilə vurğulanmışdır.

Konstitusiya Məhkəməsinin Palatası müraciətdə göstərilən məsələnin həll edilməsi ilə bağlı qeyd edir ki, mövcud prosessual qanunverilikdə mübahisəli hüquq münasibətlərini, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını tənzimləyən hüquq normasının olmaması hüququn analogiyasından və qanunun analogiyasından istifadə edilməsinə imkan yaradır.

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Qanununun III fəslində konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı halda hüququn analogiyasının və qanunun analogiyasının tətbiqinin mümkünlüyü və istifadə olunması qaydası nəzərdə tutulmuşdur.

Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati Prosessual Məcəllə) 117-ci maddəsində icra sənədlərindən bəhs edilir. Həmin Məcəllənin 117.1.3-cü maddəsində icranın məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında həyata keçirilməsi təsbit edilmişdir.

Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən müvafiq prosessual qanunvericilikdə normanın mövcud olmamasına görə iddianın (ərizənin) rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mülki prosessual qanunvericilikdə müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə və hüquqi nəticələrinə görə digər prosessual qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə boşluğun tamamlanması məqsədilə hüququn analogiyasının və qanunun analogiyasının tətbiqi üçün əsas verir.

Bu baxımdan qeyd olunmalıdır ki, Mülki Prosessal Məcəllənin 13.4-cü maddəsində göstərilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (qanunun analogiyası). Həmin Məcəllənin 13.5.-ci maddəsinə görə belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür (hüququn analogiyası).

Eyni zamanda qeyd olunmalıdır ki, tərəflər arasında olan məhkəmə çəkişməsinin barışıq yolu ilə həll edilməsi proseduru beynəlxalq hüquqi aktlarda da nəzərdə tutulmuşdur. Belə ki, «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 39-cu maddəsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Nizamnaməsinin 62-ci maddəsinə müvafiq olaraq məhkəmə, məhkəmə prosesinin istənilən mərhələsində Konvensiya və ona dair protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında məsələnin dostcasına həllini təmin etmək məqsədilə maraqlı tərəflərə (nəzərdə tutulan prosedurun məxfi olması şərtilə) öz xidmətlərini təqdim edə bilər. Əgər məhkəmənin tərəflərə təqdim etdiyi dostcasına həll etmə mümkündürsə məhkəmə faktların və əldə olunmuş razılığın qısaca əks olunduğu qərarla işə xitam verərək, onu baxılacaq işlərin siyahısından çıxarır. Bununla da, məhkəmənin işi bitməyərək o, yekun qərarda müəyyən edilmiş şərtlərin yerinə yetirlməsinə nəzarət edilməsi üçün onu Nazirlər Komitəsinə göndərir (Konvensiyanın 46-cı maddəsi).

Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin müraciətində göstərilən məsələ Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin müddəaları baxımından hüququn analogiyası qaydasında həll edilə bilər.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37.0.2, 52.1, 52.2 və 68-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası

 

QƏRARA ALDI:

 

1.    Bakı şəhəri Yasamal rayon məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair müraciətinin mövcud olan vəziyyətdə Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilsin.

2.    Qərardadın surəti 7 gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilsin.

3.    Qərardad «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

  

Sədrlik edən                                                Ceyhun Qaracayev