Decisions

06.05.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

6 may 2022-ci il                                                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini E.Əsgərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü F.Həsənovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi göstərilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, icraçı, təşkilatçı, təhrikçi və köməkçi cinayətin iştirakçıları hesab olunurlar.

Cinayət Məcəlləsinin 33-cü maddəsinə görə, cinayətin iştirakçılarının məsuliyyəti, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

Cinayət Məcəlləsinin 33.3-cü maddəsində isə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi göstərilmişdir.

Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi halları Cinayət Məcəlləsinin 34-cü maddəsi ilə tənzimlənir.

Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin törədilməsində birgə icraçı olmadıqda, yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (tam və ya bir hissəsinin) icrasında iştirak etmədikdə, bir icraçı tərəfindən törədilən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunub-olunmaması və bütün iştirakçıların əməllərinin müvafiq tövsifedici əlamət üzrə tövsif edilib-edilməməsinə dair təcrübədə müxtəlif cinayətlər üzrə fərqli mövqelər mövcuddur.

Bu səbəbdən sorğuverən vahid təcrübənin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin şərh olunmasının zəruriliyi qənaətinə gəlmişdir. 

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə cinayətdə iştirakçılığın anlayışı, növləri və formalarına, iştirakçıların məsuliyyətinə dair cinayət qanununun normalarının nəzərdən keçirilməsini vacib hesab edir.

Cinayət Məcəlləsinin 1.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində, 28-ci maddəsinin I və II hissələrində, 60-cı maddəsinin I hissəsində, 63-cü maddəsində, 67-ci maddəsində, 71-ci maddəsinin I və II hissələrində, 127-ci maddəsinin VII və IX hissələrində hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılması, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi, hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olması və s. nəzərdə tutulmuşdur.

Qeyd olunan prinsiplərin təmin edilməsi və şəxsin törətdiyi cinayətə görə məsuliyyətinin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malikdir.

Belə ki, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).

Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur.

Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır.

Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır.  

İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir.

Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri).  

Həmçinin qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz.

Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli  bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur.

İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir:

- cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər;

- cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır.

Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal);

- bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz.  Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir.

 Həmçinin qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər.

Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır.

Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur.

İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır.

İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir.

Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı).

Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur.

Sadalanan maddələrin məzmunu cinayətin qabaqcadan razılaşmadan iki və ya daha çox icraçı tərəfindən icra edilməsinin yalnız bir qrup şəxs tərəfindən törədilmiş cinayətin əlaməti kimi təsbit edilməsini söyləməyə imkan verir. Qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin mövcudluğu üçün isə cinayətin törədilməsində iki və daha çox icraçının olması ilə bağlı qanunvericinin göstərişi yoxdur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələnin həlli üçün əhəmiyyətli məqam cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əməlin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir.

Qeyd olunmalıdır ki, cinayətin digər iştirakçıları - təşkilatçı, təhrikçi və ya köməkçi cinayətin törədilməsində birgə icraçı olmadıqda, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında (tam və ya qismən) iştirak etmədikdə, bir icraçı tərəfindən törədilən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilib-edilməməsi və iştirakçıların əməllərinin  Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilməsi məsələsinə dair hüquq nəzəriyyəsində vahid yanaşma yoxdur.

Mövcud yanaşmalardan birinə görə, iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup” formasında mümkünlüyü yalnız birgə icraçıların iştirakı ilə əlaqələndirilir və  iştirakçılığın bu formasının zəruri əlaməti kimi onların hərəkətlərinin “məkan və zaman ümumiliyi” əlaməti zəruri hesab edilir. Yəni, cinayət əməlinin tövsifedici əlaməti kimi “qabaqcadan əlbir olan bir qrup”  dedikdə, cinayətin iki və daha çox şəxs tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilməsi nəzərdə tutulur.

Digər mövqeyə görə, cinayət hüquq normasında tövsifedici əlamət kimi göstərilmiş qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı hər hansı formada iştirakçılığı deyil, məhz qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakını nəzərdə tutur. Məsələn, əməl o halda Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilə bilər ki, özgənin əmlakını gizli olaraq talamada dəstə üzvlərindən ən azı iki nəfər iştirak etmiş olsun. Cinayətin obyektiv cəhətinin bir nəfər tərəfindən icra edildiyi, digər iştirakçıların isə başqa funksiyaları yerinə yetirdiyi halda, cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə deyil, Məcəllənin 177.1-ci maddəsinə müvafiq olaraq tövsif edilməlidir.

Daha bir yanaşmaya əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı həm birgə icraçılığı, həm də rolların bölgüsünə əsaslanan iştirakçılığı ehtiva edir. Yəni, iştirakçılığın   qabaqcadan əlbir olan bir qrup şəxs forması birgə icraçıların hərəkətləri ilə yanaşı, birgə icraçı sayılmayan digər iştirakçıların hərəkətləri ilə də baş verir.

Cinayət Məcəlləsinin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir.

Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar.

Bu səbəbdən Məcəllənin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır.

Həmçinin Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. 

Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz;

- Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

2.    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.

3.    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                         Fərhad Abdullayev