Decisions

05.05.22 “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

 “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun  71, 81 və 82-ci maddələrinə dair

 

 

5 may 2022-ci il                                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında  “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun  71, 81 və 82-ci maddələrinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının, mütəxəssislər Azərbaycan Respublikası Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Azərbaycan Banklar Assosiasiyasının mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının  Konstitusiya  Məhkəməsinə (bundan sonra – Konstitusiya  Məhkəməsi) sorğu ilə müraciət edərək   “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun)  71, 81 və 82-ci maddələrinin əlaqəli şəkildə şərh  edilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin olunduğu banklar tərəfindən sığorta hadisəsinin baş verdiyi tarixə qədər verilən kreditlərin təminatı olan girov predmetlərinin, eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)  qarşısında da yüklü edilməsi halları mövcuddur. Belə kreditlər üzrə borclu tərəfindən ləğv prosesində olan bank qarşısındakı öhdəliklər tam yerinə yetirildiyi halda, “Banklar haqqında" Qanunun 82-ci maddəsinə əsasən Mərkəzi Banka ödənişlər növbəlik qaydasında həyata keçirildiyinə görə, ləğv prosesində olan bankın Mərkəzi Banka olan öhdəliyinin növbədənkənar icra edilə bilməməsi həmin kreditin təminatı olan girovun Mərkəzi Bank qarşısındakı yüklülükdən azad olunmasını mümkünsüz edir.

Belə olan halda, borclu ləğv prosesində olan bank qarşısındakı kredit öhdəliyini yerinə yetirməkdə maraqlı olmur. Göstərilən hallar bankların ləğv prosesinin yekunlaşdırılmasının ləngiməsinə, o cümlədən borcluların və kreditorların haqlı narazılığına səbəb olur.

“Banklar haqqında” Qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlərin realizasiya qaydası tənzimlənir. Həmin maddəyə əsasən, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəliliklə ödənilir.

Sorğuverən hesab edir ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsinin tələbləri həddində, lakin təminatın satışından deyil, borclu tərəfindən ləğv prosesində olan bank qarşısındakı öhdəliyin icrası məqsədi ilə ödənilmiş məbləğin qanunvericiliklə, o cümlədən “Banklar haqqında” Qanunun 71-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərinə əsaslanaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilərək öhdəliyə xitam verildiyi təqdirdə, həmin öhdəliyin təminatı məqsədi ilə girov qoyulmuş əmlakın həm ləğv prosesində olan bank, həm də Mərkəzi Bank tərəfindən yüklülükdən azad edilməsi və Mərkəzi Bankın ləğv prosesində olan bank qarşısında tələblərinin həmin Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlik qaydasında ödənilməsi məsələsinin həlli baxımından müvafiq normaların əlaqəli şəkildə şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli və  Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsi baxımından bank qarşısında öhdəliyini könüllü şəkildə icra etmiş fiziki və hüquqi şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı).

Bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Qanunla müəyyən edilmişdir.

Həmin Qanunun 61-ci maddəsində bankın ləğvi əsaslarından biri olaraq müflis elan edilməsi halında iflas proseduruna başlanılmasının əsasları müəyyən edilmişdir. Bu əsaslar bankın maliyyə (kapital) çatışmazlığının olması, habelə maliyyə öhdəliklərini icra edə bilməməsi ilə bağlıdır.

“Banklar haqqında” Qanunun 68-ci maddəsinə görə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.

Ölkədə fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul edilmiş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, bank və maliyyə sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə sığorta hadisəsi (bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması və s.) baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 3-cü maddəsində Əmanətlərin Sığortalanması Fondunun yaradılması nəzərdə tutulmuşdur.  Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 9 fevral tarixli Fərman qəbul edilmiş və həmin ilin avqust ayından Əmanətlərin Sığortalanması Fondu fəaliyyətə başlamışdır.

Qeyd edilməlidir ki, Əmanətlərin Sığortalanması Fondu sığorta fəaliyyəti ilə yanaşı, “Banklar haqqında" Qanunun 71-ci maddəsinə uyğun olaraq ləğvedici funksiyasını da həyata keçirir.

Sorğuda qaldırılan məsələ Əmanətlərin Sığortalanması Fondunun müflis elan olunmuş bankların ləğvedicisi olaraq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Bununla bağlı göstərilməlidir ki,  “Banklar haqqında” Qanunun 81-ci maddəsinə əsasən,  aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır:

- qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir;

-  bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.

- Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.

 Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.  Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.

Bununla yanaşı “Banklar haqqında" Qanunun 81.4-cü maddəsinə müvafiq olaraq, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.

Göstərilən maddənin təhlilindən belə qənaətə gəlmək olar ki, burada nəzərdə tutulmuş tənzimetmə borclunun öz öhdəliyini könüllü şəkildə icra etdiyi halları deyil, məhz əsas öhdəlik icra edilmədiyindən tutmanın ipoteka predmetinə məcburi qaydada yönəldilməsi hallarını ehtiva edir.

“Banklar haqqında” Qanunun 82-ci maddəsinə görə, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:

- fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;

- iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;

- iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;

- bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;

- müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;

-  bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər;

- təminatsız kreditorların tələbləri.

Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun) 33.1-ci maddəsinə əsasən,  pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir.  Yenidənmaliyyələşdirmə kreditləri dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır.

Yenidənmaliyyələşdirmə kreditləri pul siyasətinin həyata keçirilməsi alətlərindən biridir və iqtisadiyyatda maliyyə vasitəçiliyi rolunu oynayan banklar vasitəsilə iqtisadi dövriyyədə pul təklifinin artırılmasını təmin edir.

Yəni, Mərkəzi Bank müvafiq hallarda fiziki və hüquqi şəxslərə kreditin verilməsi prosesində dolayısı ilə iştirak etmiş olur. Nəticədə məqsədi kredit təşkilatından kredit əldə etmək olan fiziki və hüquqi şəxslərin əmlakı həm kredit təşkilatı, həm də Mərkəzi Bank qarşısında yüklü edilə bilir. Bu isə son nəticədə şəxslərin aldıqları kreditləri müflis elan edilmiş kredit təşkilatının ləğvedicisinə ödədikdən sonra da həmin əmlakın yüklülükdə qalmasına, Mərkəzi Bank qarşısında kommersiya bankının kreditinə görə girov ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsində çətinliklərə səbəb olur.

Qeyd edilməlidir ki, yenidənmaliyyəşdirmə kreditlərinin təminat əsasında verilməsi Mərkəzi Bankın fəaliyyətini tənzimləyən qanunda müəyyən olunsa da, təminat qismində çıxış edən aktivlərin hüquqi rejimi, tərəflərin təminata dair müqavilələrdən irəli gələn hüquq və vəzifələri mülki qanunvericiliklə tənzimlənir.

İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası, girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 10.1-ci maddəsi).

Qeyd olunmalıdır ki, girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur.

Mülki Məcəllənin 271.2-ci maddəsinə əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Eyni zamanda eyni bir əşyanın ipoteka ilə bir neçə dəfə yüklü edilməsi də mümkündür. İpoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir.

Mülki Məcəllənin 295, 319-cu və “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddələrinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın griov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Məcəllənin 270-ci maddəsinə görə, girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

Mülki qanunvericiliyin prinsiplərini təsbit edən Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.

Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi qanunla ipoteka saxlayanın üzərində təsbit olunmuş hüquqdur və bu hüquq hüquq sahibinin iradə ifadəsi əsasında reallaşdırıla bilər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir. Əsas öhdəlik borclu tərəfindən icra edilirsə, əşya üzərində mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuş girova (ipotekaya) da xitam verilməlidir.

Hazırkı vəziyyətdə də kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş borcluların həmin kreditin alınması üçün kreditorun xeyrinə girov qoyulmuş əmlak üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı əsaslı gözləntiləri var.

Bu gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə bankların ləğvedicisi tərəfindən “Banklar haqqında” Qanunun 71-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin daha effektiv və səmərəli şəkildə icrasına imkanlar yaratmaq məqsədi ilə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ləğvetmə prosesində olan bank qarşısındakı öhdəlik tam şəkildə icra edildikdən sonra Mərkəzi Bank tərəfindən girov (ipoteka) hüququndan istifadə olunmamalı, həm Mərkəzi Bank, həm də ləğv prosesində olan bankın xeyrinə girovla (ipoteka ilə) yüklü edilmiş əmlak yüklülükdən azad edilməlidir. Bu halda Mərkəzi Bank təminatsız kreditor kimi “Banklar haqqında” Qanunun 82.1.8-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə uyğun olaraq ləğv prosesində olan bankın aktivlərinin bölüşdürülməsindən vəsait əldə edə bilər.

“Banklar haqqında” Qanunun 87-ci maddəsinə görə, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Mərkəzi Bank Azərbaycan Respublikasının mərkəzi bankıdır.

Konstitusiyanın 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Odur ki, dövlətin müstəsna mülkiyyətində olmaqla Mərkəzi Bankın da hazırkı münasibətlərdə kreditor kimi kifayət qədər əsaslı gözləntiləri vardır ki, bu da dövlətə məxsus vəsait hesabına yenidənmaliyyələşdirmə məqsədi ilə kredit təşkilatlarına verilmiş kreditin mümkün qədər tez müddət ərzində geri qaytarılması ilə bağlıdır. Bu isə öz növbəsində dövlətin iqtisadi funksiyalarının effektiv şəkildə icrasına, ölkənin maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş olar.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mərkəzi Bankın kreditor tələbləri təminatsız kreditorlar sırasında ödənildiyi halda əlverişsiz vəziyyətin yaranmaması baxımından Mərkəzi Bankın tələblərinin ödənilməsi məsələsinin Əmanətlərin Sığortalanması Fondu ilə qarşılıqlı əlaqədə həll edilməsi hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin effektiv həyata keçirilməsinə şərait yaratmış olar. 

“Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə görə, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

Mərkəzi Bankın fəaliyyətinin məqsədi  qiymətlərin sabitliyinin təmin edilməsindən, banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsindən, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir (“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 4-cü maddəsi).

Mərkəzi Bank öz məqsədlərinə həmin Qanunun 5-ci maddəsində əks olunmuş funksiyalarını həyata keçirməklə nail olur:

- dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

- nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

- manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

- “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

- sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

- qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.

Dövlət orqanlarının fəaliyyəti zamanı əsas vəzifələrindən biri hər kəsin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ləğv prosesində olan kommersiya bankına kredit borcunu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödəmiş şəxslərin qanuni mənafelərinin müdafiəsinin qısa müddətdə təmin edilməsi, əmlakları üzərində yüklülüyün aradan qaldırılması ilə bağlı gözləntilərinin reallaşdırılması məqsədilə Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bank tərəfindən  əlaqəli şəkildə zəruri tədbirlər həyata keçirilməlidir.

Bu yanaşma, həmçinin “İpoteka haqqında” Qanunun 48-ci maddəsindən irəli gəlir. Belə ki, qeyd olunan maddəyə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:

- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

- əsas öhdəliyə xitam verildikdə;

- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

- ipoteka predmeti məhv olduqda;

- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Mərkəzi Bankın ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.

Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bank tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilməlidir;

- fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Qanunun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Mərkəzi Bankın funksionallığına xələl gətirməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1.  Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.

Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilsin.

2.  Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası Mərkəzi Bankının funksionallığına xələl gətirməməlidir.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.  Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                       Fərhad Abdullayev