AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə
R A R I
Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin
şərh edilməsinə dair
12 yanvar 2022-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev
(məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c”
bəndinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri
Suraxanı Rayon Məhkəməsinin hakimi S.Miriyevanın və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin
mülahizələrini, ekspert Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının
müdiri, hüquq üzrə elmlər doktoru, professor A.Qasımovun rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək
Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 62-ci
maddəsinin 1-ci hissəsinin “c” bəndinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 63-cü maddəsi baxımından şərh
edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, İ.Hüseynov “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə
(bundan sonra – “BakuBus” MMC) qarşı işə bərpa, ödənilməmiş əmək
haqqı, mükafat, son haqq-hesab, istifadə edilməmiş məzuniyyət pulu, maddi və mənəvi
ziyan tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə
müraciət etmişdir.
Məhkəmə araşdırması gedişində müəyyən
edilmişdir ki, “BakuBus” MMC-nin sürücüsü olmuş İ.Hüseynov 4 noyabr 2016-cı il
tarixində idarə etdiyi avtobusla xidməti vəzifəsini icra edən zaman piyadanın
ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Həmin fakt üzrə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış,
14 yanvar 2017-ci il tarixində İ.Hüseynov təqsirləndirilən şəxs qismində cəlb
edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri
seçilmişdir. İş üzrə ibtidai istintaq orqanının səlahiyyətli şəxsinin 12 dekabr
2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatına bəraətverici əsaslarla
xitam verilmişdir.
Cinayət işinin istintaqı gedişində cavabdeh “BakuBus”
MMC Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edərək,
cinayət tərkibi olan ictimai-təhlükəli əməl törətməsi ilə bağlı barəsində
istintaq getməsinə əsaslanaraq, 1 mart 2017-ci il tarixli əmrlə İ.Hüseynovu işdən
kənarlaşdırmışdır.
Müraciətdə qeyd olunur ki, Əmək Məcəlləsinin
62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi
bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən
inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə
işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin
mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin
etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.
Həmin maddədən görünür ki, işçinin məhz iş
vaxtı ərzində inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər
törətməsi onun işdən kənarlaşdırılmasının əsaslarından biri kimi çıxış edir. Eyni zamanda, bu əməllərin törədilməsinin
müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənməli olduğu ifadə edilmişdir.
Lakin qanunvericinin “müvafiq səlahiyyətli orqanın qərarı” dedikdə məhz
hansı orqanı və qərarı nəzərdə tutması göstərilməmişdir. Bu isə işçinin
yuxarıda qeyd edilmiş əsasla işdən kənarlaşdırılmasının qanuni olub-olmamasının
məhkəmə tərəfindən müəyyən edilməsində qeyri-müəyyənlik yaradır.
Müraciətedənin qənaətinə görə, həmin maddədə “müvafiq səlahiyyətli
orqan” dedikdə, ibtidai araşdırma orqanı nəzərdə tutulursa, bu zaman “müvafiq səlahiyyətli orqanın qərarı” dedikdə, şəxsin
şübhəli şəxs qismində tanınmasının və ya təqsirləndirilən şəxs qismində cəlb
etmə haqqında qərarın yaxud ittiham aktının tərtib edilməsinin nəzərdə
tutulduğu müəyyən edilməlidir.
Lakin “müvafiq səlahiyyətli orqan” dedikdə, məhkəmə
nəzərdə tutulursa, bu halda “müvafiq səlahiyyətli orqanın qərarı” şəxsin təqsirli
bilinməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü ifadə edir.
Müraciətedən həmçinin qeyd edir ki, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəlləsi) 154.2-ci maddəsinə uyğun olaraq, zərurət olarsa ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmə tərəfindən
şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində
qətimkan tədbiri seçilə bilər. Prosessual qanunvericilikdə iş üzrə ibtidai
istintaqın aparıldığı dövrdə şübhəli və
ya təqsirləndirilən şəxsin vəzifədən kənarlaşdırılması barədə ayrıca qətimkan
tədbiri nəzərdə tutulduğu halda, heç bir məcburiyyət olmadan işəgötürənin
ibtidai istintaq dövründə işçini işdən kənarlaşdırmasının qanuniliyi sual
doğurur.
Göstərilənləri nəzərə alaraq, müraciətedən şəxslərin
əmək hüquqlarının müdafiəsinin, hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin təmin
edilməsi məqsədi ilə Əmək Məcəlləsinin
62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar
aşağıdakıları qeyd edir.
Əmək hüququ insanların digər konstitusiya
hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri
olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin
əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək
müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Əksər hüquqlara münasibətdə olduğu kimi, əmək hüququ da mütləq və məhdudlaşdırılmaya
məruz qala bilməyən hüquq kimi qəbul edilə bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər
şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması
kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması
digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir.
Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması
yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin
Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan
Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və
azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan
hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan
Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan
qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
İnsan hüquqlarının məhdudlaşdırılmasının
qanuniliyinə, mütənasibliyinə və ədalətliliyinə nəzarəti isə məhkəmələr həyata
keçirirlər. Qanunverici hüququn məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını
müəyyən etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb
edən dəyərlərinin mühafizə edilməsi və hər bir şəxsin hüquq və azadlıqlarının təmin
edilməsi arasında yarana biləcək kolliziyaları həll etmiş olur.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında
qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair
normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət
edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn
aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun
hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca
vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın
olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə,
hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik
verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi
hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ
hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə
qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər
("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları
haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh
edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə
dair” 2 aprel 2012-ci il tarixli Qərarlar).
Konstitusiya Məhkəməsinin Plenumu Klark Qordon Morrisin şikayəti üzrə
2017-ci il 26 may tarixli Qərarında qanunun aydın olması tələbi ilə bağlı qeyd
etmişdir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin
vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə
uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı
(qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə
tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi
qaçılmazdır.
Bu baxımdan, hüquqi normaların bəzən
qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi
vasitəsi ilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun
şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı).
Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi
aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq
olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin
bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarı).
Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin
tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi
akt Əmək Məcəlləsidir. Bu Məcəllə müvafiq hüquq normaları ilə əmək münasibətlərində
işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla
bağlı müvafiq təminatların minimum səviyyəsini və s. müəyyən edir.
Qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 62-ci
maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə
iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları
və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən
mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi
qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi
ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.
Maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə
nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi
müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək
funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində
məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı
məqsədlərə nail olmaq üçün vermişdir:
-
mülkiyyətçinin və
işçilərin mənafeyini qorumaq;
-
baş verə biləcək əməyin
mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq;
-
əmək intizamını təmin
etmək.
Göründüyü kimi, işçinin işdən kənar edilməsi
intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək
funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək
əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır.
Qanunverici Əmək Məcəlləsinin 62-ci maddəsinin
1-ci hissəsinin “c” bəndi ilə işçinin işdən kənar edilməsi üçün aşağıdakı şərtləri
də müəyyən etmişdir:
- işçi inzibati xətaları
və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri iş vaxtı ərzində törətməli;
- işçi inzibati xətaları və ya cinayət tərkibi
olan ictimai-təhlükəli əməlləri bilavasitə iş yerində törətməli;
- işçinin inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri törətməsi
müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməlidir.
Müraciətdən göründüyü kimi, qeyd olunan
normanın tətbiqi zamanı mübahisə doğuran məqamlar işçinin işdən kənarlaşdırılması
üçün inzibati xətaları və ya cinayət
tərkibi olan ictimai-təhlükəli əməlləri
törətməsinin hansı orqanın qərarı ilə təsdiq edilməli olması, habelə bu
orqan ibtidai araşdırma orqanı olduğu təqdirdə həmin orqanın məhz hansı qərarının
olması ilə bağlıdır.
Bununla bağlı, ilk növbədə, qeyd olunmalıdır
ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik
prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir
şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu
barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin
hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Təqsirsizlik prezumpsiyası həmçinin Cinayət-Prosessual
Məcəlləsinin 21-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən,
cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə
nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə
minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı
şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi)
8-ci maddəsinə müvafiq olaraq, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə
tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta
haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
Beləliklə, sadalanan normaların məzmunundan
aydın olur ki, şəxsin cinayət əməlinin və ya inzibati xətanın törədilməsində təqsirli
olub-olmaması məsələsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü (qərarı) və ya səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarı ilə təsdiq olunmalıdır.
Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, Əmək Məcəlləsinin 62-ci
maddəsinin 1-ci hissəsinin “c” bəndində işçinin işdən kənar edilməsi kimi müvəqqəti
xarakterli preventiv tədbirin tətbiqinin şəxsin təqsirliliyinə dair qanuni qüvvəyə
minmiş məhkəmə qərarı (həmçinin inzibati xətalara dair işlər üzrə səlahiyyətli
dövlət orqanının (vəzifəli şəxsin) qərarı) ilə şərtləndirilməsi qanunverici tərəfindən həmin maddədə nəzərdə
tutulmuş məqsədlərlə uyğunsuzluq təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, işçinin işdən kənar edilməsi müvəqqəti xarakterli tədbir
olmaqla tətbiqində qanunvericinin məqsədi qısa müddətə baş verə biləcək əməyin
mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq, əmək intizamını təmin etmək
və bununla da mülkiyyətçinin və işçilərin mənafeyini qorumaqdan ibarətdir.
Odur ki, qanunvericinin göstərilən məqsədlərindən
çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin işdən müvəqqəti
kənarlaşdırılması onun barəsində məhkəmənin və ya səlahiyyətli dövlət orqanının
(vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə minənədək və yaxud cinayət təqibinə və
ya inzibati xəta haqqında iş üzrə
icraata xitam verilənədək, yəni işçinin işdən müvəqqəti kənarlaşdırılmasına səbəb
olmuş cinayət əməli və ya inzibati xəta üzrə məsələnin qəti şəkildə həll edilməsinədək
tətbiq edilə bilər. Müvəqqəti xarakterli tədbirin işin tam həllindən, yəni məhkəmənin
və ya səlahiyyətli dövlət orqanının (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə
minməsindən sonra şəxs barəsində tətbiqi isə lüzumsuz xarakter daşıyır.
O da qeyd
edilməlidir ki, şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı (və ya
inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qüvvəyə minmiş qərarı) bir sıra hallarda əmək müqaviləsinin xitamını şərtləndirir
(məsələn, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi,
İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsi və s.).
Nəzərə alınmalıdır ki, cinayət-prosessual
qanunvericiliyində cinayət mühakimə icraatının əsas məqsədlərinə nail olmaq
üçün müəyyən qətimkan tədbirlərinin tətbiqi
nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 154.2-ci maddəsində
sadalanan qətimkan tədbirləri preventiv xarakter daşıyırlar və məqsədləri bir
çox hallarda tətbiq olunduqları şəxslərin gələcəkdəki real və ehtimal olunan
qanunazidd fəaliyyətinin qarşısını almaqdan ibarətdir.
Cinayət-Prosessual Məcəlləsinin 154.2.10-cu
maddəsində vəzifədən kənarlaşdırma növündə qətimkan tədbiri müəyyən edilmişdir.
Həmçinin Məcəllənin 154.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin
154.2.1—154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri əsas qətimkan
tədbirləridir və biri digəri ilə birlikdə seçilə bilməz. Vəzifədən kənarlaşdırma
həm əsas qətimkan tədbiri qismində, həm də digər qətimkan tədbirlərindən birinə
əlavə kimi seçilə bilər.
Cinayət-Prosessual Məcəlləsinin 156.2-ci maddəsinə
əsasən, həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı,
habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına
əsasən seçilə bilər.
Cinayət-Prosessual Məcəlləsinin 172.1 və 172.2-ci
maddələrinə əsasən, vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və
ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə
yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan
qoyulmasından ibarətdir. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən
kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar
olduqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror göstərilən
şəxsə 3 (üç) gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi, yerinə
yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməyi əsaslandırılmış qərarı
ilə qadağan edə bilər. Eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror məhkəməyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən
kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat göndərir.
Həmçinin həmin Məcəllənin 172.3-cü maddəsində
qeyd olunur ki, vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi
barədə məhkəmə qərarının surəti dərhal icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən
şəxsin iş yerinin müdiriyyətinə göndərilir və o, qərarın surətini aldığı andan
şübhəli və ya təqsirləndirilən şəxsin qadağan edilmiş işlə məşğul olmasına,
yaxud fəaliyyətini həyata keçirməsinə imkan verməyə haqlı deyil.
Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin
normaları əsasında şəxs barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçildiyi
halda bununla bağlı qəbul edilmiş qərarın icrası işəgötürənin vəzifəsi kimi
çıxış edir. Bundan fərqli olaraq, Əmək Məcəlləsinin 62-ci maddəsi üzrə işçinin
işdən kənarlaşdırılması işəgötürənin hüququnu təşkil edir. Cinayət-prosessual
qanunvericiliyində vəzifədən kənarlaşdırma qətimkan tədbirinin tətbiqi üçün
ilkin şərt kimi şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınması
faktı çıxış etdiyinə görə, məntiqi zərurət olaraq işəgötürənin öz təşəbbüsü ilə
işçini cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi əsası ilə işdən
kənarlaşdırması üçün cinayət prosesini həyata keçirən orqanın şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən
şəxs qismində cəlb etmə haqqında qərarının olması zəruridir.
Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndində
şəxsin inzibati xətalar törətməsini təsdiqləyən müvafiq səlahiyyətli orqanın qərarı
dedikdə, İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq qəbul
edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt
(protokol, qərardad və ya qərar) başa düşülür.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndində
müvafiq səlahiyyətli orqanın qərarı dedikdə, cinayət mühakimə icraatı üzrə şəxsin
şübhəli şəxs qismində tanınması və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi
haqqında qərar, inzibati xətalara dair işlər üzrə icraatda isə inzibati xəta
haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt nəzərdə tutulur.
Nəzəriyyədə bir çox hallarda Əmək Məcəlləsinin
62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndində şəxsin cinayət tərkibi olan
ictimai-təhlükəli əməllər törətməsini təsdiqləyən müvafiq səlahiyyətli orqanın
qərarı, məhz Cinayət-Prosessual Məcəlləsinin 154.2-ci maddəsində nəzərdə
tutulmuş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin seçilməsi ilə əlaqələndirilir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, şübhəli və ya təqsirləndirilən
şəxs barəsində məhz hansı qətimkan tədbirinin
tətbiqi məsələsi cinayət-prosessual qanunvericiliyində müəyyən olunmuş
hallar nəzərə alınmaqla ibtidai araşdırma orqanının və ya məhkəmənin mülahizəsinə
əsasən həll edilir. Odur ki, ibtidai araşdırma orqanı və ya məhkəmə vəzifədən kənarlaşdırma
deyil, hər hansı digər qətimkan tədbirinin seçilməsini məqsədəmüvafiq hesab
etdiyi təqdirdə, iş yerində mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, əməyin
mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq, əmək intizamını təmin etmək
zərurəti yarana bilər. Bu halda sağlam və təhlükəsiz əmək şəraitinin təmin
olunmasına məsul olan işəgötürən özünün əsaslandırılmış qərarı ilə işçini əmək funksiyalarının icrasından
müvəqqəti olaraq kənarlaşdırmaqda haqlıdır. Bu Əmək Məcəlləsinin şərh edilən
maddəsinin hərfi mənasından da irəli gəlir. Belə ki, həmin maddədə işçinin işdən
kənarlaşdırılması işəgötürənin vəzifəsi kimi deyil, məhz hüququ kimi göstərilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin
62-ci maddəsinin 2-ci hissəsinə əsaslanmaqla vurğulayır ki, işçinin işdən kənar
edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin
izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin
bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter
daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin
dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə
kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət
üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat
və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə
tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının
zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını
ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti
həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb
etməkdə haqlıdır.
İşçinin işdən kənar edilməsi müvəqqəti
xarakter daşıdığından bu qərar yalnız ibtidai araşdırma və məhkəmə baxışı müddətində,
habelə inzibati xəta haqqında iş üzrə icraatın gedişində qüvvədə olur. Araşdırma
bitib şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam
verildikdən və ya təyin olunmuş cəza icraya yönəldikdən, habelə inzibati xəta
haqqında iş üzrə yekun akt qəbul edildikdən sonra işçinin işdən kənarlaşdırılması
barədə işəgötürənin qərarı qüvvəsini itirir.
Həmçinin Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci hissəsinə görə, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin
ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və
digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa
edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Nəzərə alınmalıdır ki, cinayət-prosessual qanunvericiliyində
müəyyən edilmiş bəraətverici əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş,
habelə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və s. şəxslərin
müvafiq orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi
hüququ nəzərdə tutulmuşdur.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın
ödənilməsi haqqında” Azərbarbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilməli
olan ziyana həm də şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa
gəlirlər aid edilmişdir. Həmin Qanunun 6-cı maddəsində göstərilmişdir ki, bu
Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi
dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun
olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək
əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını
təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət
tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini
aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər:
a) Cinayət-Prosessual Məcəlləsinin 90 və
91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən
şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı
olduqda;
b) İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq
inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul
edildikdə.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
1. Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən
mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi
qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi
ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli
əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış
qərarı ilə işdən kənar edə bilər:
b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın
başlanması barədə müvafiq akt qəbul edildikdə.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr
Fərhad
Abdullayev