Decisions

23.07.21 Balakən Rayon Məhkəməsinin müraciətinə dair (Qərardad)


 

Azərbaycan Respublikası adından

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ

 

Q Ə R A R D A D I

 

 

Balakən Rayon Məhkəməsinin müraciətinə dair

 

 

23 iyul 2021-ci                                                                  Bakı şəhəri

 

   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Humay Əfəndiyeva (sədrlik edən və məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze və  İsa Nəcəfovdan ibarət tərkibdə,

F.Əhmədovun katibliyi ilə,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin müraciətinə baxaraq,            

  

MÜƏYYƏN  ETDİ: 

 

   Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, məhkəmənin icraatında T.Həsənovun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır.

Müraciətedən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və göndərmə əməllərinə görə cinayət məsuliyyətinin əsas dispozitiv şərti kimi satış məqsədinin təsbit olunmasının niyyətə görə cinayət məsuliyyətinin müəyyən edilməsi halını yaradıb-yaratmaması;

Cinayət Məcəlləsinin 234.2-ci maddəsində məqsədə (niyyət) görə cinayət məsuliyyətinin müəyyən olunmasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 47-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 10-cu maddəsinə və həmin Məcəllənin 1, 3, 27-29-cu maddələrinə uyğun olub-olmaması;

satış məqsədinin hansı kriteriyalar əsasında müəyyən olunması və ilkin olaraq satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edildikdən sonra, bu məqsədin satış məqsədi olmayan məqsədə dəyişilməsi halında narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasının Cinayət Məcəlləsinin 234.1-ci və ya 234.2-ci maddəsilə məsuliyyət yaratması və digər məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir.

Müraciətedən qeyd edir ki, cinayətin məqsədi cinayətin subyektiv cəhətinin elementlərindən biridir. Cinayətin məqsədi daxili psixi prosesin nəticəsi olaraq yaranır, ətrafa təsir etmir və ona görə də bu məqsədin (niyyətin) həyata keçirilməsinə yönəlmiş konkret hərəkətlər olmadan özlüyündə cinayət qanunu ilə qorunan ictimai münasibətlər və ictimai maraqlar üçün təhlükə yaratmır. Həmçinin konkret əməl törədilmədən hər hansı məqsədin (niyyətin) həyata keçirilməsinə yönəlmiş və ya ona şərait yaradan qəsdin aşkar olunması da konkret cinayət cəzasının predmeti ola bilməz. Belə ki, bu halda cinayət hüquq mühafizəsinin altında olan obyektlərə hər hansı ziyan dəymir və ya belə ziyanın yetirilməsi üçün real təhlükə yaranmır, ona görə də belə məqsədin (niyyətin) ictimai təhlükəliliyindən söhbət gedə bilməz.

Eyni zamanda müraciətdə göstərilir ki, Cinayət Məcəlləsində niyyətə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Məcəllədə üç halda - başa çatmış cinayətə, ağır və xüsusilə ağır cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bu hallarda da konkret hərəkət və ya hərəkətsizlik cinayət məsuliyyətinin və cəzanın predmetini təşkil edir (Cinayət Məcəlləsinin 27, 28 və 29-cu maddələri).

 Bu baxımdan müraciətedənin qənaətinə görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyətinin əsası olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsinin vacib dispozitiv şərti kimi satış məqsədinin nəzərdə tutulması ilə faktiki bu məqsədin ifadə olunduğu niyyətə görə cinayət məsuliyyəti müəyyən edilmişdir ki, bu da Konstitusiyanın 47-ci maddəsi, Konvensiyasının 10-cu maddəsi və bir sıra beynəlxalq müqavilələr ilə  ziddiyyət təşkil edir. Belə ki, həmin hüquq normalarında hər bir şəxsin fikrini ifadə etmək, o cümlədən öz fikrini formalaşdırmaq, fikir və əqidəsini açıqlamamaq və öz fikrində qalmaq azadlığı tanınır.

Konstitusiya Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

 Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar  tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Qərarlarda hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır.         

Lakin nəzərə alınmalıdır ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta dəyişikliklərin və əlavələrin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya mühakiməsi orqanıdır.

Bundan əlavə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verilən məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiklik etmir və edə bilməz.

   Müraciətdə qaldırılan məsələ ilə bağlı göstərilməlidir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, “satış məqsədi” maddənin dispozisiyasında dəqiq göstərilməklə, həmin cinayət əməlinin tərkibinin əlaməti kimi təzahür edir.

Qeyd edilməlidir ki,  cinayət qanunvericiliyidə  subyektiv cəhətin müstəqil əlaməti olan məqsəd  üç aspektdə çıxış edir:

-       cəzanı ağırlaşdıran hal;

-       cinayət tərkibinin zəruri əlaməti;

-       cinayət tərkibinin fakultativ əlaməti.

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadıqda cəza təyin edilərkən məqsəd cəzanı ağırlaşdıran hal kimi məhkəmə tərəfindən nəzərə alına bilər. Belə ki, Məcəllənin  61.1.6-cı maddəsinə əsasən,  cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cinayəti ağırlaşdıran haldır.

Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Cinayət tərkibinin zəruri əlaməti kimi məqsəd maddənin dispozisiyasında nəzərdə tutulduğu təqdirdə çıxış edir. Cinayət Məcəlləsinin  214-3-cü maddəsi ilə nəzərdə tutulan terrorçuluq məqsədi ilə təlim keçmə əməli buna misal ola bilər.

Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Cinayətin fakultativ əlaməti kimi məqsəd tövsifedici tərkibin dispozisiyasında yer alır və bu halda cinayətin törədilməsinə görə daha ağır sanksiya nəzərdə tutulur. Məsələn, hədə-qorxu ilə tələb etmənin xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi (Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.  Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar).

Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Bu baxımdan, “satış məqsədi” Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətini təşkil etdiyindən belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –  Cinayət-Prosessual Məcəlləsi) 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.  İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər  cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxsin hərəkətlərində satış məqsədinin olmaması qənaətinə gəldikdə, ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi və ya bəraət hökmünü çıxarmaqda haqlıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 6 yanvar tarixli Qərarında Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na münasibətdə şərh edilməsi ilə bağlı qeyd etmişdir, həmin siyahılar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar və külli miqdarlarına dair məsələləri tənzimləyir və yalnız Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə münasibətdə tətbiq edilir. 

Bununla belə, həmin siyahının tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan cinayətin dispozisiyasında “miqdar” ilə bağlı müddəalar əks edilməlidir.

Qanunverici Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında şəxsi istehlak miqdarını məqsədli şəkildə müəyyən etməməklə törədilən cinayətin ictimai təhlükəliliyinin şəxsi istehlak miqdarının həcmi ilə birbaşa və dolayı yolla əlaqəli olmaması mövqeyindən çıxış etmişdir.

Qeyd edilməlidir ki, qanunverici cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndi). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir (Konstitusiyanın 25-ci maddəsi və 149-cu maddəsinin I və III hissələri).

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin Cinayət və Cinayət-Prosessual Məcəllələrində nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına zərurət yoxdur.       

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 33, 60, 62.1 və 68.1-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası 

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Balakən Rayon Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilsin.

2. Qərardadın surəti 7 gün müddətində Balakən Rayon Məhkəməsinə  göndərilsin.

3. Qərardad   “Azərbaycan   Respublikası    Konstitusiya     Məhkəməsinin Məlumatı”nda dərc edilsin. 

 

 

Sədrlik edən                                                    Humay Əfəndiyeva